İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və s. bu amillərin sırasındadır. Son vaxtlar sadalananların sırasına “ağ ölüm” adlandırdığımız narkomaniya da əlavə olunub. Narkomaniya insanları tədricən məhv edir, ölümə sürükləyir.
Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə, ümumbəşəri bəlaya çevrilib. Digər tərəfdən, narkotik maddələrin qanunsuz dövriyyəsi gəlir əldə etmək üçün başlıca vasitə olub.
Narkotik maddələr - tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə mənası yuxu, bihuşluq, "mania" - cəzb etmə, ağılsızlıq deməkdir. Narkotik maddələrdən ilk öncə tibbdə istifadə olunmağa başlanıb. Bu elə maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdirlər. Narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir. Narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar abstinent sindromuna (lomka) gətirib çıxardır. Lomka fiziki asılılıq sindromunun tərkib hissəsidir. Narkotiklərə alışmış orqanizmin abstinent sindrom zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə də əl ata bilər.
Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur.
Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV-/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut edir ki, İİV/-QİÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur.
Araşdırmalardan bəlli olur ki, narkotik maddələrdən istifadə edən insanlarda ilk əvvəl xoş hisslər yaranır və istifadəçilər bu aldadıcı təsirin, yəni, sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayır. Bu qənaət yanlışdır. Əgər hər şey narkotik istifadəçilərinin düşündüyü kimi olsaydı, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanları onlar olardılar.
Narkotikin aludəçiləriylə sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib. Əlbəttə, narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması faktdır.
Narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni gücdən düşməyə, həmçinin daxili orqanları - qara ciyəri, böyrəyi öz funksiyasını itirməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına səbəb olur. Nəhayət, QİÇS kimi təhlükəli bir xəstəlik qaçılmaz olur. Bu xəstəliyə yoluxanların əksəriyyəti narkotik maddə istifadəçiləridir. Bütün bunlarla yanaşı, narkotikin təsirindən həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır, onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar.
Əfsuslar olsun ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.
Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil.
Nikahdan öncə tibbi müayinə artıq bütün dünyada ən çox danışılan və mübahisələrə, müzakirələrə səbəb olan mövzudur. Mütəxəssislərin fikrincə, nikahdan öncə tibbi müayinə gələcəkdə ailə üçün hərtərəfli - həm fiziki, həm də psixoloji baxımdan möhkəm zəmindir.
Cəmiyyətdə bir problem digərini yaradır. Düşünülməmiş atılan hər bir addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür. Görəsən, ətrafımızdakı insanların bu zərərli vərdişin əsirinə çevrilməyində günahkar kimdir? Cəmiyyətmi? İnsan münasibətlərimi? İnsan özümü?
Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.
Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Bu gün narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyası və ölkə Prezidentinin 2007-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram", həmçinin Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" xüsusi təkan vermişdir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı"nın (2013-2018-ci illər) təsdiq edilməsi barədə Sərəncamını əldə rəhbər tutaraq illik fəaliyyət planı hazırlamış, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lə birlikdə bu fəaliyyət planının yerinə yetirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Hərbi hissə və bölmələrin komandirləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, müəssisə və təşkilatların rəhbərləri rayon komissiyalarının müvafiq strukturları birlikdə bu işi daim nəzarətdə saxlamış, kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmişlər. Bu vacib vəzifələrin yerinə yetirilməsini daim nəzarətdə saxlayan səlahiyyətli şəxslər ordu gəncləri arasında hüquq pozuntusu və narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları məqsədilə aidiyyəti təşkilatlarla birgə antinarkotik təbliğat, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərəri, narkomanlığın profilaktikası mövzusunda bir sıra tədbirlər həyata keçirmişlər.
Ordu gəncləri arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə rayonun idarə, müəssisə və təşkilatları ilə birgə "Bəşəriyyətin təhlükə mənbəyi narkomaniya", "Narkomaniya nədir", "Narkomanın aqibəti", "Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur", Narkomaniyaya yox deyək", "Gənclər sağlam həyat tərzi seçir", "Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir" mövzularında təlim-metodiki toplantılar, tərbiyəvi iş saatları, konfranslar, "dəyirmi masa"lar və seminarlar keçirilmişdir.
Ordu gənclərinin mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə hərbi hissələr, bölmələr və xüsusi təyinatlı təhsil müəssisələri arasında futbol, mini futbol, voleybol, boks, güləş, ağırlıq qaldırma, armlestinq (qol güləşi), kəndir dartma, şahmat, dama, estafet qaçışları, ərazidə səmti müəyyənetmə, intellektual yarışlar və breyn-rinq turnirləri keçirilmişdir.
Bu günlər gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin də mədəni-maarif müəssisələrinin üzərinə düşür.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi