Çin Xalq Respublikası son 20 ildə iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini özünə cəlb etməkdədir. Aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində davamlı inkişafa nail olunub. Dərin keçmişə və çoxəsrlik tarixə malik olan Çində bütün sahələrdə özünəməxsus adət-ənənələr formalaşıb. Çin xalqı tarixdə çox çətinliklə üzləşib və sərt sınaqlardan keçib. Demək olar ki, sürətli inkişafın əsas səbəblərindən biri də Çin hökumətinin tarixdə üzləşdiyi çətinliklərdən düzgün nəticə çıxarmasıdır. Hazırda Çin dövlətinin idarəçilik üsulu-idarəsinin və iqtisadi quruluşunun dünyada bənzəri yoxdur. Çinlilər bunu spesifik xüsusiyyətləri olan idarəçilik forması adlandırır. Çinin xarici siyasətinin əsasını başqa ölkələrin daxili işinə qarışmamaq və iqtisadi əlaqələri ikitərəfli qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmək təşkil edir. Belə xarici siyasət fəlsəfəsi dünyada təhlükəsizliyin təminində mövcud olan problemlərin fonunda ən doğru olanıdır.
Çin iqtisadiyyatı inkişaf etdikcə beynəlxalq aləmdə onun rolu artır və dünya dövlətləri, xüsusilə də inkişaf etməkdə olan ölkələr onunla əməkdaşlığa can atır. Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb.
2013-cü ildə Çin tərəfindən "Bir kəmər, bir yol" layihəsi irəli sürüldü ki, bu da tarixi İpək yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələr ilə əməkdaşlıq sahələrini artırmağa xidmət edirdi. Təşəbbüsün həyata keçirilməsi üçün Pekin şəhərində "Bir kəmər, bir yol" beynəlxalq elmi tədqiqat mərkəzi yaradıldı. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan bir şəxs kimi deyə bilərəm ki, irəli sürülən "Bir kəmər, bir yol" layihəsi Çin iqtisadiyyatının əsasını təşkil edir. Bu layihəyə altı istiqamət daxildir. Birinci istiqamət Çin, Monqolustan, Rusiya və Skandinaviya ölkələri, ikinci istiqamət Çin, Qazaxıstan, Rusiya, Belarus və Mərkəzi Avropa ölkələri, üçüncü istiqamət Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələri, dördüncü istiqamət Çin, Pakistanın Karaçidəniz limanı, beşinci istiqamət Çin, Myanma və Hindistan, altıncı istiqamət Çin, Tailand, Malayziya, Sinqapur və dəniz yolu ilə Afrika və Latın Amerikası ölkələri. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. Çin hökuməti "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
Azərbaycan xalqı üçün tarixi bir dövrdə, ölkəmizdə "Cümhuriyyət İli" qeyd edildiyi bir vaxtda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekinə rəsmi səfər etməsi də hər iki dövlətin əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu onu göstərir ki, 26 il əvvəl iki ölkə arasında qurulan diplomatik əlaqələr müasir dövrdə də inkişaf edib, ötən müddətdə müxtəlif sahələrdə əməkdaşlığımız genişlənib, qarşılıqlı siyasi etimad xeyli güclənib.
V.Fenxe "Bir kəmər, bir yol" layihəsi çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını, Azərbaycanın bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib. Çinin Milli Müdafiə naziri iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq bu istiqamətdə böyük potensialın olduğunu bildirib.
V.Fenxe ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəyişmədiyini, hər zaman olduğu kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib. Nəzərə alsaq ki, Çin BMT-nin təhlükəsizlik şurasının daimi üzvüdür, dünyanın inkişaf etmiş güclü dövlətlərindən biridir, belə olan halda onun bölgənin lider dövləti ilə əməkdaşlığa xüsusi önəm verməsi yaxın gələcəkdə Azərbaycan-Çin əlaqələrinin yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsinə əsaslı zəmin yaradır.
Çin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir. Azərbaycan da Çin Xalq Respublikasının "Vahid Çin" siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır. Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb. Bununla da Azərbaycan-Çin əlaqələrində hərbi sahədə yeni mərhələ başlanıb. İndi hər iki tərəfin qarşısında bundan səmərəli faydalanma və ordularımız arasında mövcud olan əlaqələri genişləndirmək durur.
Bu gün iki dövlət arasında hərbi təhsil sahəsində əlaqələr yüksək səviyyədədir.
Hərbi təhsil sahəsində əldə olunan razılaşmaya əsasən, Azərbaycan Ordusunun nümayəndələri "Yüksək strateji komandanlıq" kursunda rus dilli qrupunun tərkibində təhsil alır. Kursda iştirak və orada yaradılan yüksək şərait Çinin tarixi, mədəniyyəti və əldə etdiyi uğurlar ilə tanış olmağa imkan verir. Digər şəhərlərə, elmi tədqiqat mərkəzlərinə, hərbi sənaye komplekslərinə, hərbi komandanlıqlara, hissələrə və hərbi tədris müəssisələrinə, eləcə də muzeylərə, tarixi yerlərə təşkil olunan gəzinti və tanışlıq xarakterli ekskursiyalar Çin haqqında geniş təsəvvürün yaranmasına xidmət edir.
Çin əldə etdiyi uğurları əməkdaşlıq etdiyi ölkələr ilə bölüşməyə daima hazırdır. Beynəlxalq institutda təhsil aldığım müddətdə aparılan araşdırmalar və keçirilən beynəlxalq simpozium zamanı Azərbaycana verilən önəm, onun bölgənin təhlükəsizliyində və inkişafında oynadığı rol xüsusi olaraq vurğulanır. Bunlar ölkəmizin müstəqillik əldə etdiyi vaxtdan keçən müddətdə aparılan uğurlu siyasətin nəticəsində qazanılıb.
Əgər Çin iqtisadi inkişafı ilə dünyanın diqqətini özünə cəlb edə bilirsə və Azərbaycanla əməkdaşlığa önəm verirsə, o zaman Azərbaycanın əldə etdiyi uğurlara görə biz bu dövlətin qurucusu ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezidentimiz İlham Əliyevə borcluyuq.
Yaşar KƏRİMOV, Silahlı Qüvvələrin Hərbi Akademiyası