Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Yanvar 2019 10:03

Bu həsrətin son nəfəsi - Qələbə!..

Ön xətdə, döyüş növbətçiliyi aparan əsgərlərin döyüş ruhunu görürsən, qələbə əzmini görürsən, mənəvi-psixoloji hazırlığını görürsən, bir daha əmin olursan ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir; əsgərlərin əhatəsində ruhun da əsgərləşir...
Qışdı, təbiətin payızı xatırladan görkəmində qəribə bənzərsizlik duyulur; nə könül açır, nə könül küsdürür. Nə payız kimi payızdı, nə qış kimi qış. Təqvimdə qışdı, hərdən əsən, hərdən kəsən yel payız yelidi. Ağacların saralmış yarpaqlarının titrəyişində payızın hökmü görünür. Payız görkəmli qışdan sonra gələcək yaz həsrətlilərinin ürəyindən keçənlər düşüncələrimdə sultanlıq edir. Bu həsrəti 2016-cı ilin yazında yaşanılmış ovqat bitirəcək! "Görəsən, təbiət 2016-cı ilin yazının intizarında olanların murazının nə olduğunu bilirmi?", - cavabını gözləmədiyim bu sorğunun cazibəsində səngərlərə - "Böyük Qələbənin əsgəriyik!" deyənlərlə səmimi kəlmələşməyə gedirik. "Görəsən təbiətin payızını da, qışını da yaz ovqatıyla yaşadacaq Azərbaycan əsgərindən eşidəcəklərim könül qübarımı necə kürüyəcək?", - sorğusu da cavabsız qalır; mayor Niyazi Dadaşovun qətiyyətlə, inamla dediklərini bu sorğuya cavab bilirəm:
- Azərbaycan əsgəri yüksək döyüş qabiliyyətinə malikdir. Yüksək döyüş qabiliyyətini yüksək mənəvi-psixoloji hazırlığı tamamlayan əsgərlərimiz Ali Baş Komandanın istənilən döyüş əmrini, döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Əsgərlərimiz bir amalla xidmət edirlər: torpaqlarımızı işğaldan azad etməli!
- Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmriylə təbiətin payızını da, qışını da yaz ovqatıyla yaşatmağa qadirdir. Səngərlərə bu inamla gedirəm, - deyirəm.
- Bu inam bizim də inamımızdı, bu inam xalqın inamıdı, - mayor Niyazi Dadaşovun səsində sezilən qüruru bir azdan əsgərlərin əhatəsində yaşayacağıq; bir azdan səngərlərə çatacağıq...
Döyüş növbətçiliyindən qayıdan əsgərlərlə görüşməyə, kəlmələşməyə tələsirik; ürəyim məni səngərlərə çəkməkdədi. Yolun sağında-solunda gördüklərimin görkəmində, səksəkəsiz, mənzilinə qorxu-hürküsüz tələsənlərin yerişində istəyinin qollarına kiriş olan həsrətin rəngini görmək çətin deyil - müharibə rəngli həsrətdi. Bu həsrət düşüncələrimin can ortağına dönməkdədi. Əsgərlərlə həm də həsrətdən danışacağıq...
- Həsrət ürəyə yükdü. Həsrətlilərin gecəsi də gecədi, gündüzü də gecə kimidi. Günlər ay qədər uzun görünür. Həsrət elə gəlir ki, zaman ləngiyir. Ləngiyən zamandan gileylənir. Bu giley təsəllidi, - deyirəm. Mayor fikrimi tamamlayır və bu, düşüncələrimin qırışığını açır:
- Həm də Azərbaycan əsgərinin vətənsevərliyinə güvənən, ümidə bükülü təsəllidi.
Səngərdəyik. Vətəndən, torpaqdan, qələbədən, Böyük Qələbədən, yurd sevgisindən, həsrətdən, ... danışırıq...
Kəlbəcər işğal olunanda qılınclılı Kamran kişi müvəqqəti məskunlaşma kimi Kəlbəcərə bir mənzil yaxın olsun deyə Murovdağın ətəyinə - Toğana kəndinə yön tutmuşdu. Hər gün dan söküləndən şər qarışana kimi Kəlbəcərə sarı boylanırdı. Bir işin qulpundan yapışanda da, əli işə yatmayanda da Qılınclını xatırlayırdı. Yurd həsrəti ruhunu titrədirdi, göy üzünə pıçıldayırdı: "Ürəyim dərdli-dərdli yurduma sarı boylanır...". Bunu deyirəm əsgərlərə. Əsgərlərin qaşları çatılır, yumruqları düyünlənir. "Kamran dayıların həsrətini bitirəcəyik!", - deyirlər...
Ezamiyyətlərin birində laçınlı olub Laçını görməyən bir əsgərlə kəlmələşirdik. "Atam kəlməbaşı Laçın deyirdi. Yurdunun həsrətini çəkirdi, ata-anam. Doğma ocağından, isti bucağından iraq düşənlərin nələr çəkdiyini mən də bilirəm. Mən də, əsgər yoldaşlarım da dediyiniz o intizara, o həsrətə son qoyacaq əsgərlərin sırasında olmaq istəyirik...", - demişdi. Səsində qəhər çırpınmışdı. Araya üzücü sükut çökmüşdü. Komandirin əli əsgərin çiyninə enmişdi. Baxışları laçınlı əsgərin üzündən üzülməyən əsgərlərdən biri qətiyyətlə demişdi:
- Kəlbəcəri də, Ağdamı da, ..., sənin  Laçınını da işğaldan  azad edənlərin sırasında biz də olacağıq. Sənin kəndin də Cocuq Mərcanlı kimi yenidən qurulacaq. Həsrətlilərin həsrətinin sonuna az qalıb.
Komandirləri qətiyyətlə demişdi:
- Bir döyüş qədər vaxt qalıb!
O anlarda "Bir döyüş qədər!" harayı göyləri yerə ələmək qüdrətindəydi...
Əsgərlərə bu duyğusal mükalimələşməni də xatırladıram. Baş leytenant Amid Şahbazov əsgərlərə baxır. Bu xatırlatma zabitin də, əsgərlərin də düşüncələrini tərpədir. Nəsə demək istəyirəm. Əsgər sözünə həmişə açıq ürəyim yenə əsgər sözüylə, əsgər qətiyyətiylə, əsgər inamıyla  silkələnsin deyə fikrimdən daşınıram.
Əsgərlər danışır. Vətən deyirlər, torpaq, dövlət, dövlətçilik deyirlər, Hərbi and, hərbi xidmət, qələbə, Böyük Qələbə deyirlər. Mənə elə gəlir ki, Şuşada, Qala qapısının astanasındayıq. Bir azdan şəhər ermənisizləşdiriləcək, Cıdır düzündə diz çöküb torpağa üz sürtəcəyik, "Həsrət uzun çəksə də gəldik, yaralarına məlhəm olacaq qələbəylə gəldik, Cıdır düzümüz. Azərbaycan əsgərinin qüdrətidir bu!", - deyəcəyik. Əsgərlər bu inamla danışırlar...
Əsgər Mahir Əlirzayev deyir ki, bu həsrəti Ali Baş Komandanın döyüş əmriylə bitirəcəyik. Laçınlılar Laçına, kəlbəcərlilər Kəlbəcərə, şuşalılar Şuşaya,... qayıdacaqlar.
- Onda xalq həmin günü yaz ovqatıyla yaşayacaq, siz yaşadacaqsınız, - deyirəm və bayaqdan bəri baxışları qarşı tərəfdən üzülməyən əsgər Yusif Səlimovun kəlmələrinə sarı dönürəm:
- Dediyiniz həsrət bizdən böyükdü.
Mayor Niyazi Dadaşovun dediyi kəlmələr əsgərləri qürurlandırır: - Azərbaycan Ordusu onu bu yaşında sona çatdıracaq.
Əsgərlər bir daha əmin olurlar ki, mayorun timsalında hərbi hissənin, hərbi hissənin timsalında Müdafiə Nazirliyinin rəhbərliyi onlara - orduya güvənir. İnanır ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Ali Baş Komandan İlham Əliyevin qürurla dediyi bir kəlamı xatırladıram: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Əsgərlərin baxışlarında çırpınan qürur səngərin həndəvərlərində qərarlaşa bilmir. Bu qürur şəhidlərimizin son nəfəsdə dediyi, qəlpənin, güllənin amansızlığından deyə bilmədiyi "Təki Vətən yaşasın!" kəlmələrinin qürurudu. İrimiqyaslı təlimlərdə püxtələşən döyüş qüdrətinin qürurudu. 2016-cı ilin aprelinin qürurudu. Günnüt əməliyyatının qürurudu. Böyük Qələbəyə aparacaq döyüş ruhunun, mənəvi-psixoloji hazırlığın qürurudu. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradın təntənəsinin qürurudu, dünyanı heyrətləndirən möhtəşəmliyin qürurudu. Bu qüruru əsgərlərin əhatəsində yaşamaq necə xoşdu!..
Bu qürurun zəmanətiylə söz sözü çəkir.
Son illərdə həyata keçirilən irimiqyaslı islahatları xatırlayırıq, yeni hərbi hissələrin inşa olunmasını, əsaslı təmir edilməsini, Ali Baş Komandanın, Müdafiə nazirinin ön xətdə zabit və əsgərlərlə görüşlərini xatırlayırıq.
Bu xatırlamalar Vətən sevgisindən rişələnən qürurdu.
Qəhrəmanlıqları, qəhrəmanları xatırlayırıq...
Yusifləri, Şirinləri, Vəzirləri, Etibarları, Mübarizləri, Samidləri, Raqufları, ..., Çingizləri xatırlayırıq. Bu xatırlamalar ehtiramdı....
Hələ səngərlərə gəlməmiş baş leytenant Famid Rəhimovun dedikləri yadıma düşür:
- Əsgərlərimizin döyüş hazırlığı yüksəkdir. Hər biri Ali Baş Komandanın döyüş əmrinin intizarındadı. Hamısı qələbənin əsgəri olmaq istəyir.
Ezamiyyətlərin birində tərxis ərəfəsində olan əsgərin dediklərini xatırladıram:
- Hərbi xidmətə gələndə anama demişdim ki, evimizə qalib əsgər kimi dönəcəm. Döyüşlərin mən tərxis olana kimi başlamasını arzulayıram...
Baş leytenantın əminliklə dedikləri fikrimi tamamlamışdı:
- Əsgərlər Hərbi and içiblər. Hər biri andına sədaqətlə xidmət edir. Dövlətçiliyimizi qoruyanların hər biri dediyiniz əsgərin amalıyla xidmət edir.
- Qələbə kəlməsində bir ahənrübalıq var, eşidəni özünə çəkir, həm də ruhun cana, canın ruha sədaqəti kimi çəkir, - demişdim. Bu mükalimələşməni xatırladıram. Baş leytenant Amid Şahbazov əsgərlərə baxır. Doğma baxışlardı, güvənli baxışlardı. Baxışlar deyir ki, aprel döyüşlərində bu əsgərlərimiz məktəbliydi. Əksəriyyəti döyüşlərə getmək istəyib. Təbii ki, buna ehtiyac yox idi. İndi hərbi xidmətdədirlər. Sələflərinin qazandığı qələbəni Böyük Qələbəylə tamamlamaq istəyiylə xidmət edirlər.  Bu, ruhun istəyiydi. Baş leytenantın baxışlarından bunları da duyuram.
"Bayaq kəlbəcərli Kamran kişini xatırladınız, onun həsrət çəkdiyini dediniz. Bu ağrı hamımızın yaşadığımız ağrılardı. Əsgərlər "Kamran dayıların həsrətini bitirəcəyik!", - dedilər. Bayaqkı mətləbin davamı kimi deyim ki, döyüş həsrətində olan əsgərlərimiz intizar çəkənlərin yurd həsrətinə son qoyacaqlar".
Baş leytenantın inamının zəmanətiylə qarşı tərəfə baxıram. Düşmənlərin sığındığı səngərlərin göyündə bir topa bulud görünür. Mənə elə gəlir ki, bulud topası sıxlaşmaqdadı. Bir azdan yağışa dönəcək, yaxın vaxtlarda Azərbaycan əsgərinin ayağına döşənəcək yollara, cığırlara yağacaq, yollara, cığırlara atılmış daş-kəsəyi süpürləyəcək. O yollar, cığırlar Azərbaycan əsgərinin qələbə yolunun  - Böyük Qələbənin başlanğıcı olacaq. Belə düşünürəm və düşündüklərimi əsgərlərə də deyirəm. Doğma baxışların əhatəsində eşitdiklərim ürəyimi dağa döndərir:
- Qəzetinizdə dərc olunmuş bir məqalə hamımızı duyğulandırdı: "Böyük Qələbənin yolları üstə səngər müvəqqəti dayanacaqdı". Biz bu səngərlərdə müvəqqəti dayanmışıq. Ali Baş Komandanın döyüş əmrinə kimi...
Bayaqdan bəri səngərlərin yan-yörəsini dolaşan yel buludsuz göy üzünün göylüyünə yayılıb. Göy üzündə bir əlçim də bulud görünmür. Xeyli aralıda tək tikili, tək tikilinin beş-üç addımlığında tək ağac çəkir diqqətimi. Təkdi, illər qürurunu əyə bilməyib. Əsgərlərin əhatəsində olduğu üçün əyə bilməyib...
Ürəyim məni səngərlərdə qırılan yolun o üzünə çəkir. Yaxın vaxtlarda səngərlərdə qırılan yollar Azərbaycan əsgərinin uğur yoluna, qələbə yoluna dönəcək. Əsgərlərə bir də baxıram. Ürəyim bir də tellənir. " Bu həsrətin son nəfəsi Qələbə olacaq, Vətən!", - deyirəm... Mənə elə gəlir ki, yellər səsimi uzaqlara aparacaq.


Rəşid HÜSEYNOV, əməkdar jurnalist
fotolar Namiq PƏNAHOVUNDUR