Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Yanvar 2019 09:52

Yaşıl yarpaq və yaxud ölümsüzlük düsturu

Mahiyyəti vətənpərvərlik olan tədbirlər düşüncələr üçündü. - Vətən naminə nələrsə xatırladılır, xatırladılanlar düşüncələri durulaşdırır...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında 23 iyun 2018-ci il tarixli sərəncamı böyük məsuliyyətlə yerinə yetirilir. Ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani olan tədbir - "Mən öz Xəzərimə vurğunam, ey dost" - mahiyyəti etibarilə ehtiram tədbiridi.
"Həmişə 26 yaşlı Mixaylo kimi xatırlanacaq qəhrəmanın ömrü ölümsüzlük düsturudu", - düşünürəm. Təlim və Tədris Mərkəzində Mixaylonun - Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 26 illik ömür yolunu, 4 illik döyüş yolunu əks etdirən stend-kompozisiyanı bu möhtəşəm tədbirin remarkası bilirəm.
Unudulmayan, unudulmayacaq Mehdi Hüseynzadənin - Mixaylonun uşaqlıq, yeniyetməlik, tələbəlik illərini, Stalinqradın müdafiəsi döyüşlərində iştirakını, partizan olaraq Sloveniyanın alman-faşist işğalçılarından azad edilməsi naminə döyüşlərdə göstərdiyi qəhrəmanlıqları əks etdirən stend-kompozisiya  müstəqil, bitkin əsər qüdrətindədi, düşüncələri titrədən bir bədii sualın - "Mixaylo kim olub, kimdir?" sualına məntiqi cavab təsirindədi. Stend-kompozisiya belə dərk edilir. Rejissura ona görə mükəmməldir ki, bu sərgi-kompozisiya tədbirin tərkib hissəsi kimi təqdim olunur.
Müharibədən - alman-faşist işğalçıları üzərində qələbədən sonra Stalin rejiminin sərtliyini sındırmaq, qəhrəmana halalı olan adın verilməsinə nail olmaq nəinki çətiniydi, bəlkə də mümkünsüzüydü. Böyük tarixi şəxsiyyət Heydər Əliyev mümkünsüzlüyü mümkünləşdirməyə nail oldu. - Əsirlikdən qaçan, partizan olaraq vuruşan, yüksək kəşfiyyatçılıq məharətiylə almanlara müqayisəyəgəlməz  ağır zərbələr vuran Mixayloya - Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Bu ad Sloveniya qəhrəmanının qəhrəmanlığının dövlət səviyyəsində etirafı, etirafın rəsmən təsdiqi idi. Stend-kompozisiyada bu fakt da öz əksini tapıb...
Məzmununa, mahiyyətinə görə stend-kompozisiya Müdafiə nazirinin, Mədəniyyət nazirinin, Təhsil nazirinin diqqətini çəkir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu məzmunlu stend-kompozisiyanı ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında mühüm vasitələrdən biri kimi dəyərləndirir...
Teatrlaşdırılmış yubiley tədbiri bir azdan başlayacaq...
Bir azdan Mixaylonun - Mehdi Hüseynzadənin ruhunun səsini eşidəcəyik: "Mən öz Xəzərimə vurğunam!". Bu, Vətən sevgisidi. Hamı bu sevgini ölümsüzlük düsturunun tərkib hissəsi, əsas arqumenti bilir. Bir də bu dönməz sevgiyə söykənən bir istəyin çırpıntıları tərpədəcək düşüncələrimizi: "...bir sarı yarpaq olaydım!..".
Mehdimizin bu şeirini çox oxumuşam, çox eşitmişəm. Bu gün qədərsiz  duyğusallıqla, qədərsiz həsədlə dinləyirəm; məzmun (poetika) bu gün düşüncələrimin nizamı zaman anlamında dünənli, zaman anlamında sabahlı tarixin qüruruna sığınır. Bu şeir nə deyir?
Ağacların saralmış yarpaqlarını budağından xırdaca-xırdaca əsən meh də üzür, gah arzulanmayan, gah arzulanan yerəcən aparır. Vətəni hansı səviyyədə sevməlisən ki, qürbətdən Vətənə qayıtmaq üçün saralmış yarpaq olmağı da arzulayasan. Təbiətin yaşıl yarpaqlarının saralması fəlsəfəsini şeirləşdirmək duyumun, onu düşüncələr sisteminə hopdurmaq duyğunun qüdrətidi. Yaşıl yarpaq - ömür, yaşılın saralması - qürbət ağrıları yozumları günahdımı? - yox, günah deyil, obrazlarla düşünməkdi, görüntünü obrazlaşdırmaqdı...
Teatrlaşdırılmış yubiley tədbirində mizanların hər biri eyni mətləbə xidmət edir: tanıdığımız, sevdiyimiz Mixaylonu yenidən tanıtmaq. Mixaylo obrazını yaradan aktyorun ifasında bu şeir vətənpərvərlik odası kimi dinlənilir. Dinləyə-dinləyə düşünürəm: Qürbət ağrılarıyla, sıxıntılarıyla saralmış yarpaqların budaqdan üzülməsi, yellərin onu hara gəldi aparması arasında məzmun, mahiyyət yaxınlığı, oxşarlığı varmış. Bu yaxınlığı, oxşarlığı Sloveniyada rəğbətlə, ehtiramla, Almaniyada qəzəblə, hiddətlə Mixaylo kimi tanınan Mehdi Hüseynzadə hələ 1944-cü ildə duymuşdu:

Kaş ki,
mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni.
Aşaraq o qarlı uca dağları,
Vətən torpağına salaydı məni...

Misraların bədii dəyəri, bədii "mən"in istəyinin mahiyyəti, mahiyyətin dönməzliyi heyrətdi, heyrət olduğu qədər də həsəddi. Bu həsədi, bu heyrəti yaşamağı bacarmaq da səadətdi....
Şair ola-ola şairəm deməyən, rəssam ola-ola rəssamam deməyən (əməliyyatda olduğuna görə Şultsa rəssamam demişdi) Mixaylo marığa yatan ölümlərin tünlüyündən bir işığa doğru gedirdi - öldürə-öldürə, dağıda-dağıda, partlada-partlada. Bu işıq qələbə idi, bu işıq haləyə dönüb Azərbaycana vurğunu olduğu Xəzərin sahillərinə, Novxanısına aparacaq yolu nurlandırırdı...
Kompozisiya ona görə təsirlidir ki, ssenari əsasında muğam parçalarında Mehdi Hüseynzadənin şeirləri oxunur. Və gözlənilmədən "Gözlə məni" səslənir. Həsrətlilərin insafsız həsrətinə məlhəm olmağa qüdrəti çatmasa da, duyğusallıqla səslənir.
İsa İsmayılzadənin "Böyüdülmüş şəkillər" poemasından bir misranı xatırlayıram: "...getdilər, getdilər Berlinə sarı...". Qarabağda döyüşlərdə həlak olanlar Azərbaycan Ordusunun Qarabağda qazanacağı qələbəyə doğru gedirdilər. Döyüşlərə gedəndə "Gözlə məni, qayıdacam..." deyənlər də olmuşdu. Gözləyənlər illərlə gözlədilər, son nəfəsəcən gözlədilər. İndi ruhları gözləməkdədi. Ağabala Abdullayevin ifasında "Gözlə məni" uzaq Adriatik sahillərində qəhrəmanlıq tarixi yazan Mixaylonun ruhu üçün səslənir, Mixaylonun ruhunun timsalında Böyük Vətən müharibəsində, Qarabağda və onun ətrafında gedən döyüşlərdə şəhid olanlarımızın ruhu üçün səslənir.
Teatrlaşdırılmış yubiley tədbirində hər mizan məzmunludu, müəyyən ideya yükünə malikdir:
Mehdi müharibəyə gedir. Şeirlərində "Mehribanım", - deyə müraciət etdiyi qız da onu yola salanların sırasındadı. Bir tərəfə çəkilib məlul-məlul baxır. Mehdinin anası, bacıları bu baxışlarda uçunan incə gileyi duyur: "...insafınız olsun...". Duyurlar və bir qədər uzaqlaşırlar. Bu vida tədbir iştirakçılarının ürəyini göynədir, Mehdinin əzizlərinin gözlərindən yaş dərdiyinə zərrəcə şübhə etmirəm.
Mehdi Hüseynzadə müharibəyə gedəndə 21 yaşı vardı. "Gözlə məni...", - demişdi. Özü qayıtmadı, ruhu qayıtdı;  uzaq sahillərdə qərar tuta bilməzdi. Ruhu "Gəlmişəm...", - deyir elə bil - duyulur, duyuruq. Bu tədbir həm də ruhun qayıdışına ehtiram tədbiridi.

Aktyorlar bu məqamları o qədər duyğusallıqla təqdim edirlər ki, özünü 77 il əvvəldə, müharibəyə gedənlərin sırasında hiss edirsən...
Mehdi - Mixaylo səs oxşarlığıymış.
1942-ci ildə  döyüşdə ağır yaralanan Mehdi əsir düşmüşdü. Az sonra 1943-cü ildə əsirlikdən qaçmışdı, Sloveniyada alman-faşist işğalçılarına qarşı mübarizə aparanların - partizanların sırasındaydı. Qısa müddətdə şücaətiylə, cəsarətiylə tanınmışdı. Orta məktəbdə alman əsilli müəllimindən alman dilini mükəmməl öyrənməsi onun almanların əhatəsində irimiqyaslı əməliyyatlar aparmasına, partlayışlar, dağıntılar törətməsinə vəsilə olmuşdu - Mehdi Hüseynzadə qəhrəman kimi tanınmışdı. Əvvəl partizanlar, sonra sloveniyalılar Mehdini sloveniyalı qəhrəman Mixaylo kimi sevdilər, Mehdini Mixaylo çağırdılar; azərbaycanlı Mixayloya sevgi, ehtiram Sloveniyalı Mixayloya sevginin, ehtiramın davamıydı; Mixayloların ömrü ölümsüzlük düsturdu...
Teatrlaşdırılmış yubiley tədbirində bir məqam da təqdim edilir. - Mixaylonun dəfni. Partizanların komandiri Mixaylo haqqında danışır. Hər kəlmədə qəhəri aşan qürur, sevgi, ehtiram. 74  il əvvəl deyilən kəlmələr Mixaylonun qəhrəmanlığını ifadə edə bilməsə də, bu qürura, bu sevgiyə, bu ehtirama bağır basıram. - Bu səmimi kəlmələrdə Mixaylonun timsalında Azərbaycana ehtiram görünür - Mixaylo öz ömrünü yaşamayıb, xalqının adını yaşatmaq üçün yaşayıb. Budur ölümsüzlük düsturu!
Tədbir tanıdığımız Mixaylonu yenidən tanıtma missiyasıdı. Möhtəşəm sevgiyə möhtəşəm ehtiramın tədbiridi. Hamını eyni duyğular birləşdirib. Baxışlar deyir ki,
Anım tədbiridi...
Anırıq... Burda
Hər şey nizamında,
yerli-yerində.
Yenidən,
yenidən tanıya bildik
Biz də Mixaylonu
günün birində.
...Təbiətin hökmüdü: yaşıl yarpaqlar saralır. Bəşəriliyin hökmüdü: ölümsüz ömürlər əbədiyyətin cığırdaşı olur. Belə ömürlərə ölümsüzlük düsturu deyirik; Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin - Mixaylonun ömrü ölümsüzlük düsturudu. "Mən öz Xəzərimə vurğunam,  ey dost" tədbirini bu ömrə ehtiram uvertürası bilirəm. Onu da bilirəm ki, bu uvertüra Azərbaycan Ordusunu Böyük Qələbəyə çağırır...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist