Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 2018 10:19

“Mehdilər, Həzilər, ..., Mübarizlər tarix yazacaq!”

...Axı Mehdi müharibələr üçün doğulmamışdı. Onu Allah incə ruhlu,  şair təbiətli  bir insan olaraq yaratmışdı. Rənglərin sirli dünyasının seyrindən doymazdı. İncə musiqi duyumu ilə yaşıdlarından çox fərqlənirdi. Tar ifa etməyi bacarırdı, beş xarici dil bilirdi. Bu onun xüsusi istedadı idi. Müharibə başlayanda 23 yaşlı gənc idi Mehdi. Onun gerçəkləşəsi arzularını saymaqla bitirmək olmur... Aqillər deyib ki, müharibənin ilk qurbanı həqiqətdir.
Bu düşüncələrlə əfsanəvi kəşfiyyatçı Mixaylonun ailə üzvü  Hənifə həkimin evinə doğru irəliləyirəm. Qapının zənginə özü çıxır. 
- Hənifə Əliqulu oğlu Əlizadə.
- Mehdi Aslan oğlu Əzizbəyov.
Onlar özlərini belə təqdim etdilər... Hər ikisi şan-şöhrəti ilə  Azərbaycanın hərb tarixinə qızıl səhifələr yazmış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin bacıları Bikəxanım və Hüriyyət xanımın övladıdır. Hənifə Əlizadə və Mehdi Əzizbəyov ixtisasca həkimdirlər.
- Biriniz babanız Hənifənin, digəriniz isə dayınız Mehdinin adını daşıyırsınız. Yəqin, bu adlar ananızın seçimidir, - deyə onlarla söhbətə körpü yaratmaq istəyirəm. 
- Hər ikimiz yaşadığımız bir ömür boyu nəsil-nəcabətimizə, soykökümüzə dərindən bağlanaraq daşıdığımız adın şərəfini qoruduq, - deyə Hənifə həkim təmkinini pozmadan bildirdi.
...Diqqətimi divardan asılmış rəsmlər çəkdi. Onlar mahir rəssam fırçası ilə ərsəyə gələn qiymətli rəsm əsərləridir. Mehdinin qəhrəmanlığına həsr olunmuş çoxlu sayda kitablar, tarixlərdən boylanan fotoşəkillər  stolun üzərinə səliqə ilə düzülüb. Bir də xüsusi çərçivədə divardan asılmış bir yazı diqqətimi çəkir: "Bu bir parça kağızımı möhkəm saxla. Bir zaman işlədiyin muzey onu sənin nəvə-nəticələrindən baha qiymətə alar. Çünki bu günün heçi olan mən gələcəyin klassik sənətkarı olmaq arzusundayam. Mehdi,1938".
Fikirləşirəm, amansız müharibə istedadlı bir gəncin nə qədər gülümsəyən arzularını yarımçıq qoydu...
Hənifə həkimin böyük qardaşı  Xalq artisti Aqşin Əlizadənin vaxtilə dayısı haqqında yazdığı xatirələrinin əlyazması da qarşımızdadır. O yazır ki, "dayım Mehdi Leninqradda oxuyanda mən körpə uşaq olmuşam. Ancaq məktublarında mənə də hər dəfə salam söyləyirdi və kiçik bir şəklinin də arxasını yazıb mənim adıma xatirə olaraq göndərmişdi. 60 ildir ki, o şəkli mən cib dəftərimin arasında daim yanımda gəzdirirəm. Azərbaycanın və Şərqin, ümumilikdə dünya azadlıq hərəkatının tarixində IX əsrdə yaşayıb mübarizə aparmış yenilməz qəhrəman Babəkin müstəsna yeri var. Mən xalqımın o qəhrəman oğlu haqqında bəstələdiyim baletimi elə onun kimi igid olan dayım Mehdi Hüseynzadəyə ithaf etmişəm."
Hənifə həkim söhbətə başlamazdan öncə qəhrəmanın ailə üzvləri adından  Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin respublikamızda geniş qeyd olunması ilə bağlı imzalanan sərəncama görə ölkə Prezidentinə və eyni zamanda sərəncamdan irəli gələn orduda silsilə tədbirlərin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə etdi.  
Hənifə həkimin dediklərindən: "Əslən azərbaycanlı Şahin Senariya adlı tarixçi, həm də ədəbiyyatşünas alim var. 20 ildən çoxdur ki, Fransada yaşayır.  O,  İkinci Dünya müharibəsinə dair, xüsusilə də partizanlar haqqında bir neçə kitabın müəllifidir. Fransada nəşriyyatlardan biri ona sifariş verib ki, Mehdi Hüseynzadə haqqında  kitab yazmalısan. Və eyni zamanda film çəkilməlidir. O evimizə gəldi və dedi ki, bu yüksək səviyyəli bir sifarişdir. Dayımla bağlı çox maraqlı məlumatlar topladı. Mehdinin şəkillərinin surətini  və rəsmlərinin video görüntüsünü onlara təqdim etdik. Azərbaycanlı qəhrəman haqqında Fransa kimi bir dövlətdə kitabın və filmin araya-ərsəyə gəlməsi, mən deyərdim ki, tarixi bir hadisədir. Qoy fransız xalqı bilsin ki, Azərbaycanın hər zaman qəhrəman, igid oğulları olub. Xalqımızın Cavanşir, Babək, Mehdi, Mübariz kimi qəhrəman oğulları bu gün də var. Mehdi Hüseynzadənin qəhrəmanlığı barədə italyanlar, yuqoslavlar çox yazıblar. Onlar bu gün də Mehdinin  İtaliya və Yuqoslaviya müqavimət hərəkatında faşistlərə qarşı göstərdiyi igidliklərdən danışırlar. Slovenlər də, italyanlar da Mehdini öz qəhrəmanları hesab edirlər. Mehdi üç xalqın qəhrəman oğludur. Triyestdə bir bina var. Hazırda orada milli konservatoriya yerləşir. İtalyanlar indiyədək həmin binaya Mixaylo partladan ev deyirlər. Mehdi kimi Azərbaycanımızın yüzlərlə oğlu bizim xoşbəxt, işıqlı, firavan gələcəyimiz üçün canlarından keçdilər. Xalqımız illər keçsə də, belə qəhrəman, igid oğullarını heç zaman unutmur, xatirəsini əziz tutur."
O, hələ uşaq ikən şahidi olduğu anası Bikəxanımın qardaşının ölüm xəbərini eşitdikdən sonra yaşadığı ağrı-acıları kövrək hisslərlə yadına salıb danışdı: "Adətən evə qonaq gələndə biz uşaqlar otağımıza çəkilərdik. Kiçik olsam da, dayım barədə gedən söhbətləri eşidirdim. Dayımın komandiri olmuş Cavad Həkimli, ona  "Cavad dayı" deyərdik, bizə gəlib Mehdi haqqında danışanda anam da, xalam da göz yaşlarını saxlaya bilməyib hönkürtü ilə ağlayırdılar. Mən bütün bunların şahidiyəm. Bir məqamı diqqətinizə çatdırım: Anam heç vaxt "Uzaq sahillərdə" filminə sonacan baxmadı. O, görmək istəmirdi ki, qardaşı necə həlak olub və onu faşistlər necə öldürüb. Onun ölüm səhnəsinin kino olduğunu bilsə də, görmək istəmirdi. Anam 1989-cu ildə dünyasını dəyişdikdən sonra mən o filmə sonacan baxmışam. Sizə onu da deyim ki, "Uzaq sahillərdə" filmi əvvəlcə teatr quruluşunda səhnələşdirilib. İlk dəfə Azərbaycan Dövlət Dram Teatrında tamaşa gedən zaman biz lojada əyləşib tamaşaya baxırdıq. Mehdi obrazında  böyük sənətkarımız Möhsün Sənani çıxış edirdi. Heç vaxt yadımdan çıxmaz. O zaman da anam Aqşinin və mənim əlimdən tutub teatrdan çıxardı. Anam bizim də dayımızın ölüm səhnəsini görməyimizi heç vaxt istəmirdi. Onun gözündə dayımız ölməmişdi, sağ idi..."
Hənifə həkim söhbətində dayısının komandiri olmuş Cavad Həkimlinin söylədiklərini də xatırlatdı: "Cavad dayı deyərdi ki, Mehdinin göstərdiyi qəhrəmanlıqların yüzdə bir hissəsini biz bilirik. Əslində, o  elə böyük qəhrəmanlıqlar göstərib ki, heç zaman açıqlanmayacaq. Kəşfiyyatda və əks-kəşfiyyatda elə sirlər var ki, onlar 50 il də, 100 il də keçsə açıqlanmamalıdır. Kəşfiyyatçının taleyi belədir. Bəzən onların ən möhtəşəm igidlikləri də geniş kütlələrə bəlli olmur. Məgər biz Sovet İttifaqı Qəhrəmanı əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin bütün qəhrəmanlıqlarını bilirik? Əlbəttə, yox. Kəşfiyyatçılar şöhrət üçün deyil, nəticədən ötrü çalışanlardır. İndi mən o deyilənləri analiz edərək başa düşürəm ki, Mehdi Hüseynzadənin də göstərdiyi qəhrəmanlıqların bir hissəsi heç zaman açılmayacaq. İkinci Dünya müharibəsində Sovet ordusuna rəhbərlik etmiş, faşizm üzərində qələbənin qazanılmasında böyük xidmətləri olan marşal G.K.Jukov "Xatirələr və düşüncələr" adlı kitabında müharibə dövrünün bir çox naməlum sirlərini açıb adlar sadalayarkən "və sairə" yazmadan düşmən arxasında gizli fəaliyyət göstərmiş, mərkəzə qiymətli məlumatlar ötürmüş konkret olaraq 19 nəfərin adını qeyd edirdi. Onlardan biri də mənim dayım, millətin fəxri olan azərbaycanlı Mehdi Hüseynzadədir. Xüsusilə qeyd etməliyəm ki, Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində o zaman milli təhlükəsizlik orqanlarında çalışan ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri olub. Xalqımız qəhrəman oğlunun həqiqi adının özünə qaytarılmasına görə Ulu Öndərə minnətdardır. Qardaşım Aqşin 70-ci illərin sonlarında dövlət xəttiylə Anqolada olarkən keçmiş ittifaqın oradakı səfirliyində çalışan milli təhlükəsizlik  generalı ona yaxınlaşıb dayısı ilə bir dəstədə döyüşdüyünü deyir. "Sənin dayın əsl qəhrəmandır. Onun qəhrəmanlığını saymaqla qurtarmaq olmaz". Həmin general Mehdinin çox hazırlıqlı bir kəşfiyyatçı olmasından  danışıb. İki nəfər Sovet İttifaqı Qəhrəmanının Moskvadan bizim evə gəldiyini də yaxşı xatırlayıram."
Qəhrəmanın bacısı oğlu anasının deməsinə görə, Mehdinin ortaboylu, qarabuğdayı, sağlam bədən quruluşlu, həm də çox zarafatcıl bir gənc olduğunu söylədi: "O, vaxtilə "Nizami" metrosunun  yanında yerləşən, əvvəllər Razvezdnoy küçəsi 17 adlandırılan və 1920-ci illərdə yeni yaradılan milis idarəsinin həyəti deyilən birmərtəbəli kiçik evlərdən ibarət məhəllədə anadan olub. Babam Hənifə Hüseynzadə bu illərdə həmin milis idarəsinin ilk rəisi işləyib. Sonra babamgil hazırda Mehdinin barelyefi vurulan binaya köçüblər. Anamgilin ailəsi orada yaşayıb. Mehdi oradan məktəbə, instituta və cəbhəyə gedib... Dayımı böyük qardaşım Aqşin kiçik yaşlarında gördüyünə görə daha yaxşı xatırlayırdı. O danışırdı ki,  bir dayı kimi çox mehriban idi, onun əlindən tutub tez-tez bulvara apararmış. Cəbhədən anamıza məktub göndərəndə də  birinci  onu soruşarmış. Sonra digər ailə üzvlərindən hal-əhval tutarmış. Bacım Gülarə danışardı ki, müharibə təzə qurtarmışdı. O, bir gün küçədə oynayarkən hərbi geyimli bir kişinin onların qapılarına yaxınlaşdığını görür. Və ondan soruşur ki, sən Mehdi dayımsan? O da cavab verir ki, mən Mehdi deyiləm, onun dostu Cavadam. Cavad dayı anamgillə görüşüb söhbət etdikdən sonra evimizdən möhkəm ağlamaq səsi gəlirdi.  Anamgilin yaşadığı ünvana Voroşilovun imzası ilə Mehdinin itkin düşməsi barədə məktub gəlmişdi. Həmin sənəd digər sənədlərlə birlikdə Milli Azərbaycan Tarix Muzeyində saxlanılır. 
Mehdi Hüseynzadənin kiçik bacısı Hüriyyət xanımın oğlu Mehdi Əzizbəyovun dediklərindən:
"Bu gün nəslimizin iki nümayəndəsi dayımın adını daşıyır. Mən və Hənifənin oğlu. Anam danışardı ki, dayım uşaqlıqda çox dəcəl olub. Mehdi çox erkən yaşlarında həm atasını, həm də anasını itirib. O, atasının bacısı kərbəlayi Masənəm xanımın himayəsində böyüyüb. Mehdi o qədər dəcəl olub ki, Masənəm bibisi həmişə onun arxasınca gəzirmiş ki, birdən yıxılar, ömürlük zədə alar, çox qoruyurmuş onu. O qədər qorunmasına baxmayaraq iki dəfə yıxılır və qolunu sındırır. Belə uşaqlığı keçib Mehdinin...
Müharbədən sonra ilk dəfə dayımın ölüm xəbərini də, ona məxsus əşyaları da onun komandiri  Cavad Həkimli gətirib. Mehdinin ölümünə heç kim inanmırmış. Ailə bu xəbərdən çox sarsılıb. Anamın ömrünün sonuna qədər üzü gülmədi. Dayımın döyüş yoldaşları Rza Orucov, Ənvər Məmmədov, tanınmış Xalq rəssamı Cabbar Quliyev bizə onun vətənpərvərliyindən, qəhrəmanlıqlarından, insanpərvərliyindən çox danışardılar."
Mehdi Əzizbəyov Sloveniyada olarkən dayısı barədə çoxlu maraqlı hadisələr eşitdiyindən danışdı: "Mehdi dəfn olunduqdan sonra  onun məzarı üzərinə çoxlu gül-çiçək dəstələri düzüb, əklillər qoyurdular. Bir həftə keçdikdən sonra faşistlər artıq Sloveniyanı tərk etməyə məcbur oldular. Çünki hitlerçilər Avropada da məğlub olduqlarını başa düşərək geri çəkilirdilər. Məzarın yanından keçən alman qoşun hissələrinin yüksək rütbəli zabiti maşından düşüb qəsəbənin bələdiyyə sədrindən "Bu kimin məzarıdır?", - deyə soruşur. Bələdiyyə sədri də cavab verir ki, məşhur Mixaylonun məzarıdır. Alman ordusunun zabiti bütün döyüşçüləri sıraya düzərək "Atəş" əmrini verir və onlar məzarın önündən baş əyərək keçib gedirlər. Alman zabiti bələdiyyə sədrinə tapşırır ki, Mixaylo çoxlu sayda hitlerçini məhv etməsinə baxmayaraq, o həqiqətən qorxubilməz bir qəhrəmandır. Onun məzarını qoruyun. 50-ci illərdə İtaliyada neft emalı zavodunu yenidən inşa etmək istəyirlər. Böyük bir ərazidə yerləşən zavodun necə sökülməsi barədə fikirləşirlər. Zavodun sökülməsinə və dağıdılmasına çoxlu sayda vəsait tələb olunurmuş. Sonradan italyanlar Mixaylo üsulu ilə partlayıcı qurğular vasitəsilə zavodu yerlə-yeksan edib yerində daha müasirini tikirlər."
Mehdi söhbətində anası Hüriyyət xanımın dayısı barədə danışdığı hadisəni maraqla nəql etdi: "Anam bir gün görür ki, Mehdi oturub stolun qarşısında nə isə oxuyur, sonra gözlərini bağlayıb ağ vərəqə iynə batırır. O soruşub ki, nə edirsən? Cavab verib ki, bu gözdən əlillərin, yəni, korların əlifbasıdır. Birdən lazım olar. Ona görə öyrənirəm. Belə nəticəyə gəlmək olar ki, həqiqətən də, o, gələcəyə hazırlıq görürdü. Mehdi istedadlı rəssam və gözəl şair idi.  Mən həmişə deyirəm ki, əgər o yaşasaydı, ya tanınmış rəssam, ya tanınmış şair,  ya da tanınmış yazıçı və ictimai xadim olardı. Deyirlər ki, onda gözəl natiqlik məharəti var imiş. Tanınmış rəssam Cabbar Quliyev danışardı ki, ona rəsm çəkməyi Mehdi öyrədib. Mehdigil üç dost olublar: Məmmədağa Tərlanov, Mürsəl Nəcəfov. Dayımın yolu yarıda qırılsa da, Məmmədağa və Mürsəl  məşhur sənətşünas, professor oldular."
Onu da xatırlatmaq yerinə düşərdi ki, Hənifə həkim  ermənilərin torpaqlarımıza qarşı apardıqları Qarabağ müharibəsinin ilk illərində 1993-cü ildə Beyləqan, Füzuli və Ağdam istiqamətlərində yerləşən  hospitallarda ağır yaralılara yardım göstərib və o, dayısının şanlı döyüş yolunu beləcə davam etdirib.
Sonda  Hənifə həkimin dedikləri sanki düşmənə bir mesaj idi... "Xalqımızın Mübariz kimi oğulları var. Azərbaycanda Mübarizin davamçıları minlərlədir. Belə Mehdi ürəkli qəhrəman oğullarımızın sayəsində biz Qarabağımızda, Şuşamızda qələbə paradları keçirəcəyik. Mehdilər, Həzilər, ..., Mübarizlər tarix yazacaq! Ali Baş Komandanın əmri olarsa, bu gün mən də  Azərbaycan Ordusunun peşəkar, vətənpərvər zabit və əsgərləri sırasında torpaqlarımızın azadlığı uğrunda döyüşlərə getməyə hazıram. Qələbə bizim olacaq!"

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"