Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2018 08:56

Partizan Mixaylo

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir. Hərb Tarixi Muzeyində də bu münasibətlə yubiley tədbiri keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və təşkilatlarından nümayəndələr, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yaxınları, "Art Accent" studiyasının və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
Ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə açaraq bildirdi ki, hərb tariximizin qəhrəmanlıq səhifələrində yer tutan mərd Vətən oğullarımızdan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir.  "Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmiş, Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda - indiki Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar, 1941-ci ilin avqustunda Mehdi Qızıl Orduya çağırılmış və 1942-ci ildə Tbilisi hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanmışdır. Minomyot taqımının komandiri kimi Stalinqrad döyüşündə iştirak etmiş, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşmüşdür. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak etmiş və alman dilini öyrənmişdir. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşuldu...".
Muzey rəisi qeyd etdi ki, diversiya əməliyyatlarının hazırlanmasında və həyata keçirilməsində, mürəkkəb kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsində, mülki əhalinin qorunmasında, düşmənin hərbi və canlı qüvvəsinin məhv edilməsində xüsusi xidmətləri olan M.Hüseynzadə həm silahdaşlarının, həm də yerli əhalinin sevimlisinə çevrilir, onu ələ keçirməyə çalışan Almaniya ordusu Mixaylo ləqəbi ilə tanınan qəhrəman partizanın başına böyük məbləğdə mükafat təyin edir... "1944-cü il noyabrın 16-da Vitovli kəndi yaxınlığında gedən döyüşlərdə həlak olan Mixaylonun şanlı döyüş yolu müharibənin bitməsinə bir neçə ay qalmış yarımçıq qalıb. 1957-ci ildə M.Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1958-ci ildə ölməz qəhrəmana həsr olunmuş "Uzaq sahillərdə" filmi lentə alınıb, 1973-cü ildə isə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səyi nəticəsində qəhrəmana Bakıda abidə ucaldılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə 2007-ci ildə Sloveniyanın Nova Qoritsa rayonunun Şempas qəsəbəsində M.Hüseynzadənin büstünün açılışı olub".
Qəhrəman haqqında geniş məlumat verən ehtiyatda olan polkovnik vurğuladı ki, Mehdi Hüseynzadə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Sovet İttifaqı Qəhrəmanının adını daşıyan bacısı oğlu Mehdi Əzizbəyov bildirdi ki, mən dayımı görməmişəm. "Anam və xalam onunla bağlı xatirələrini daim bizimlə bölüşərdilər. Qeyri-adi istedada, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik qəhrəman əsrlər keçsə belə xatirələrdə qarabuğdayı, tünd saçlı, enlikürək, hündürboylu, qorxubilməz, Vətənini, torpağını canından çox sevən bir gənc olaraq xatirələrdə yaşayacaq. Qəhrəmanlar ölmür, onlar ürəklərdə əbədilik qazanır, xatirələrdə daim yaşayırlar. Mən dayımla daim qürur duymuşam. Tanrı onu qəhrəman kimi yaratmışdı...".
Ruqiyyə Əliyeva, Nizami Abbas, Məhəmməd Həkimov və başqaları çıxışlarında Mehdi Hüseynzadənin qəhrəmanlığından, dövlətimizin onun xatirəsinə ehtiramından söz açdılar.
Sonra Mehdi Hüseynzadəyə həsr olunan sənədli film nümayiş olundu.
Sonda "Art Accent" studiyasının azyaşlı uşaqlarının çəkdikləri Qarabağ müharibəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət "Əsgərə məktub" adlı sərginin açılışı oldu. Nümayiş olunan rəsm əsərləri müəlliflər tərəfindən zabit və əsgərlərə hədiyyə olundu.  

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"