Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2018 09:42

“Ataların yolu oğulların yoludur”

Rubrikamızın qonağı Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri və "Şöhrət" ordenli  Sabir Rüstəmxanlıdır.

- Sabir müəllim, sizcə ordu ilə cəmiyyət münasibətlərinin tənzimlənməsində başlıca amillər hansılardır?
- Ordu-xalq və xalq-ordu birliyinin daha da möhkəmlənməsi hər zaman Azərbaycan cəmiyyətində son dərəcə ciddi və aktual məsələlər sırasında dayanıb. Çünki Azərbaycan cəmiyyətinin ən ciddi problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllini Ali Baş Komandanın qətiyyətli mövqeyi, bu mövqeyə əsasən ordu həll edəcək. Ordusuz dövlət yoxdur, ordusuz ərazi bütövlüyümüzü müdafiə edə bilmərik.
Ordu quruculuğu dövlət üçün prioritet məsələlərdən biridir. Ordu quruculuğu prosesində hamı iştirak etməlidir. Orduda ziyalılarla, yazıçılarla, şairlərlə, elm, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin keçirilməsi indikindən qat-qat artıq olmalıdır. Orduda xidmət edən hər bir gənc bizim övladımızdır. Orta və ali məktəbi bitirən yüzlərlə gənc  Vətənə övladlıq borcunu ödəmək üçün ordu sıralarına çağırılır, düşmənlə üzbəüz mövqelərdə Vətənimizin keşiyini çəkir. Onlar Vətəni, torpağı qorumaq üçün Hərbi and içirlər. Belə olan halda ordu-ziyalı əlaqələri daha sıx və daha möhkəm qurulmalıdır. Orduda xidmət edən hər bir gəncin  böyük yol keçmiş, təcrübəli və dünya tarixini bilən insanlarla ünsiyyəti, səmimi söhbəti onlara güc və yüksək əhval-ruhiyyə verir. Hərbi hissələrimizdə belə görüşlərin mütəmadi  keçirilməsi çox vacibdir.
Əsgərin vətənpərvərlik  duyğularının "itilənməsi" üçün ordu-ziyalı əlaqələri hər bir dönəm üçün vacibdir. Hesab edirəm ki, bu sahədə işlərimiz daha yaxşı qurulmalı, alimlərimiz, ziyalılarımız ordunun içində daha çox olmalıdırlar. Onlar hərbçilərimizlə Azərbaycanın dövlətçilik tarixindən danışmalı, dünyada gedən proseslərin siyasi izahını verməli, Azərbaycanın mövqeyi haqqında ciddi ictimai-siyasi məzmunlu söhbətlər aparmalıdırlar. Eyni zamanda şəxsi heyətə dünya ölkələrinin ordu sistemi, silahlanması, Azərbaycan Ordusunun dünya orduları sırasında yeri, hərb tariximiz, əcdadlarımızın döyüş ruhu, xalqımızın milli-mənəvi dəyərləri haqqında  geniş, ətraflı informasiyalar çatdırmalıdırlar. Doğrudur, bu haqda zabitlər onlarla söhbətlər aparırlar. Mənə belə gəlir ki, belə söhbətlərin forma baxımından zənginləşməsi əhəmiyyətli olar.
- 2016-cı ilin oktyabrında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun respublikamızın bir qrup tanınmış şair və yazıçıları, ziyalıları ilə görüşü oldu. Bu görüş barədə təəssüratlarınız...
 - Müdafiə naziri ilə dəyirmi masa arxasında çox səmimi və yaddaqalan görüşümüz oldu. Həmin görüş ordu ilə əlaqələrimizi daha da möhkəmləndirdi. Cəbhə bölgəsinə, aprel döyüşlərindən sonra yenidən bərpa olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərlər təşkil olundu. Yaradıcı insanların daima orduyla təmasda olması təkcə xeyirxahlıq missiyası deyil, həm də vətəndaşlıq borcudur. Belə səfərlərin daha genişmiqyaslı olmasını arzulayıram.
Alimlərimizdən və ziyalılarımızdan ibarət mühazirəçilər qrupu yaradılmasını da zəruri bilirəm. Onlar hərbi hissələrimizdə bu mövzularda çıxışlar etsinlər. Cəmiyyətin, millətin bütövlük, həmrəylik ruhu naminə belə bir rabitənin olması vacibdir.
- Ruhən orduya çox bağlısınız...
- Ordu ilə həmişə təmasım, sıx əlaqələrim  olub. Mən Qarabağ müharibəsi illərində də, atəşkəsdən sonrakı dönəmlərdə də döyüş bölgəsində yerləşən hərbi hissələrimizdə əsgər və zabitlərimizlə görüşmüşəm, söhbətləşmişəm, kitablarımı təqdim etmişəm.
Bu gün də tez-tez hərbi hissələrimizdə oluram. Bu gün ordumuzun təchizatı, ərzaq təminatı çox yüksəkdir.
- Əsrləri dolaşan Cavad xanın qəhrəmanlığı xalqımızın sərkərdəlik tarixinin şanlı səhifəsidir...
- Xalqımız çox Cavad xanlar yetirib. Hələ də yetirir. Bu gün Azərbaycan Ordusunda xidmət edən o oğullar Cavanşirin, Babəkin, Şah İsmayıl Xətainin, Cavad xanın, Həzinin, Mehdinin və başqa tarixi sərkərdələrimizin, qəhrəmanlarımızın  nəslindəndir. Mən Cavad xan haqqında çəkilən filmin senarisin məhz o inamla yazdım.
- Radio və televiziyada hərbi vətənpərvərlik verilişləri sizi qane edirmi?
- Ordu cəmiyyətin görən gözü, vuran əli və sıyrılmış qılıncıdır. Ordu  həyatımızın elə mühüm bir parçasıdır ki, ona həssaslıqla yanaşılmalı və cəmiyyətin ürəyi orduyla həmahəng döyünməlidir. Bu gün televiziyalarda hərbi verilişlərimizin sayını daha da artırmalıyıq. Qoy, əsgərlərimiz hərbi vətənpərvərlik verilişlərini daha çox izləsinlər. Həmin verilişlərə tanınmış şair və yazıçılarımızı dəvət etsinlər. Hərbçilərimiz asudə vaxtlarında həmin verilişləri izləsinlər.
- Ordumuz yeni yarandığı vaxtlarda döyüşçülərlə görüşlərinizi necə xatırlayırsınız?
- Adama boy verməyən qarlı günlərdə ön xətdə yerləşən hərbi hissələrdən birinə getmişdim. O zaman qəribə bir hadisənin şahidi olmuşdum. Şəxsi heyət sıraya düzülmüşdü. Gördüm ki, Sovet ordusunda qulluq etdiyindən komandirdə hələ Azərbaycan dilində şəxsi heyətə müraciət etmək və əmr vermək vərdişləri yaranmayıb. Onlara dedim ki, bizim dilimiz əsgər dilidi, ordu, döyüş dilidi. Görürsünüz, bizim sözlər tək hecalıdır. Məsələn, vur, qalx, dur, otur, dayan, düzlən, farağat. Bu hadisə döyüşən əsgər və zabitlərimizdə xoş ovqat yaratmışdı.
- Müharibə ədəbiyyatı hər bir xalqın şanlı hərb tarixindən yaranır.
- Hər zaman yazılarımda qeyd etmişəm ki, dünya tarixi müharibələrin və padşahların tarixidir. Herodot dünya tarixşünaslığının, tarix elminin atası sayılır. Herodotun  əsərləri başdan-başa yunan-fars müharibəsinə həsr olunub. Dahi Nizami Gəncəvinin "İsgəndərnamə" əsəri dövrünün ən güclü sərkərdəsi olan Makedoniyalı İsgəndərə həsr olunub. Lev Tolstoyun "Hərb və sülh" romanında 1812-ci ilin rus-fransız müharibəsindən bəhs olunur. Heminqueyin əsərlərində əsgər həyatı geniş əks olunur. Görkəmli yazıçımız Məmməd Səid Ordubadinin əsərlərində  müharibə səhnələri və ötən əsrin əvvəllərində  ermənilərin müsəlman əhalisinə qarşı törətdiyi qırğınlar  yer alıb. Azərbaycan ədəbiyyatında  İkinci Dünya müharibəsindən bəhs edən çoxlu sayda qiymətli əsərlərimiz var. Bu əsərlər onu göstərir ki, müharibələrdən sonra böyük əsərlər yaranır.
Ədəbiyyatımızda Qarabağ müharibəsi ilə bağlı ən böyük əsər Böyük Qələbəmizi gözləyir. Torpaqlarımızın işğal altında olan vəziyyətində ədəbiyyat bu mövzuya hələ ki, ürəklə yanaşa bilmir. Çoxlu publisistik yazılarım var. Qarabağ müharibəsi mövzusuna həsr olunan "Rembo" adlı bir hekayə yazmışam. Ədəbiyyatımızda bu mövzuda yazılan çoxlu sayda  hekayə, povest və roman, poeziya nümunələrinə rast gəlinir. Məsələn, Fazil Güneyin "Qana qan" kitabı üç cildlik romandır. Aqil Abbasın "Dolu" əsərini misal göstərmək olar.  Günel Anarqızının Qarabağla bağlı hekayələri var.
- Bu il Azadlıq meydanında möhtəşəm paradlar keçirildi...
Ordumuz müəyyən tarixi mərhələləri keçərək, müasir prosesdə Cənubi Qafqazın peşəkar, hazırlıqlı bir ordusuna çevrilib. Ordumuzun  maddi-texniki təchizatı, döyüş və mənəvi-psixoloji hazırlıqları ildən-ilə güclənir. Mən hərbi paradlarımızda iştirak etmişəm. Xüsusilə, bu il ordumuzun və  Bakının işğalçılardan azad edilməsinin 100 illiyinə həsr olunan  paradları izlədikcə qürur duydum, hərbçilərimizlə fəxr etdim. O gəncləri görəndə sevincdən gözlərim yaşardı.
Xalqımız Böyük Qələbəni gözləyir... Aprel döyüşləri buna böyük zəmin yaratdı. Qısa müddətdə ordumuz öz gücünü düşmənə göstərdi. Göstərdi ki, Azərbaycan Ordusu torpaqlarını azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir. Aprel döyüşləri gedən zaman yüzlərlə, minlərlə gənc, Qarabağ müharibəsi iştirakçısı, veteranlar döyüşə getməyə hazır idi. Bu gün də xalqımız torpağının azadlığı uğrunda döyüşə, savaşa atılmağa hazırdır. Yaşımın bu çağında mən də hər zamankı kimi hərbçilərimizin yanında olmağa, onlarla döyüşə getməyə hazıram. Təki Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı təmin olunsun!        
- Nəhayət, Azərbaycan Ordusunun zabit və əsgərlərinə arzularınız...
- Əsgər torpağının azadlığı, Vətəninin bütövlüyü uğrunda döyüşdüyünü biləndə daha da güclü olur. Bu ruhu onlara aşılayan zabitlərimizdir. O zabitlərimiz ki, xalqımızın milli-mənəvi dəyərlərini  daima əsgərlərimizə təbliğ edirlər. Ata-babalarının keçdiyi şərəfli döyüş yollarını özlərinə örnək bilirlər. Ataların yolu oğulların yoludur. Zabit və əsgərlərimizə ən böyük arzum, məhz onların xidmət dövründə torpaqlarımızın düşməndən azad edilməsidir. Əsgərlərimiz tezliklə Şuşaya qədəm qoysunlar, Qarabağımızı düşməndən azad etsinlər, üçrəngli müqəddəs bayrağımızı tarixi torpaqlarımızda dalğalandırsınlar! 
- Maraqlı müsahibəyə görə çox sağ olun.


Müsahibəni apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"