Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2018 09:11

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu:  Həmrəyliyimiz - birliyimizin və varlığımızın qarantıdır. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Suallar:

1. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
2. Dünya Azərbaycanlılarının vahid birliyinin bərqərar olunması.

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi və dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.
1989-cu ildə Azərbaycan Xalq Hərəkatının fəalları azərbaycanlıların yaşadığı tarixi ərazini ikiyə bölən keçmiş SSRİ və İran sərhəddinin Naxçıvanın Ordubad və Şərur rayonları arasındakı hissəsini sökdü. Beləliklə, son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar Araz çayını keçərək görüşdü.1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra  bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və 1992-ci ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ilə bağlı qərar qəbul edildi.
Xüsusi ilə qeyd etmək lazımdır ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsisçisi müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın xoşbəxt gələcəyinin banisi ulu öndər Heydər Əliyev olmuşdur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Həmrəylik günü birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Həmrəylik günü ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsində və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimizin isə azərbaycançılıq amalı ətrafında milli birlik, həmrəylik nümayiş etdirir və bütün bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər.
Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc sayır.

Dünya Azərbaycanlılarının vahid birliyinin bərqərar olunması

Xalqımız, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərində Vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.
Milli səviyyədə keçirilən bayram ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirmək məharətini bir daha nümayiş etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlılarının həmrəyliyi və birlik günü haqqında" qərarı yenicə müstəqilliyini elan etmiş Azərbaycanın çağdaş tarixində  fundamental sənədlərdən biridir.
Bütün məşhur siyasi xadimlər kimi, ulu öndər Heydər Əliyev də öz xalqının, ölkəsinin iqtisadiyyatı, maddi rifah halının yaxşılaşdırılması ilə bərabər, onun ümummədəni tərəqqisinin qayğısına qalmış, xalqımızın dünyada layiqli yer tutmasına və obyektiv səbəblərdən bütün dünyaya səpələnmiş soydaşlarımızın ümummilli məqsədlər ətrafında birləşməsinə çalışmışdır. 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı ümummilli lider Heydər Əliyev Azərbaycan diasporu qarşısındakı çıxışında qarşıda duran vəzifələrdən danışarkən demişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəlidə gedər, Azərbaycan diasporu da inkişaf edər. Bilirsiniz, xaricdə yaşayan azərbaycanlıların çoxu Azərbaycanda doğulmayıb. Məgər Amerikada yaşayan ermənilər Ermənistanda doğulub, məgər onlar Dağlıq Qarabağda doğulub? Amma ermənidirlər, ona görə də Ermənistan haqqında düşünürlər. Amerikada yaşayan azərbaycanlıların isə biri deyir mən İranda doğulmuşam, o biri deyir mən Turanda doğulmuşam. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin və mədəniyyətinin daşıyıcısısan".
1994-1995-ci illərdə Azərbaycanın ciddi təhlükələrlə üzləşdiyi zaman ümummilli lider Heydər Əliyevin çağırışı ilə yüz minlərlə həmvətənlimizin ölkə başçısının ətrafında toplaşması, ona dəstək verməsi milli birlik və həmrəyliyimizin tarixində ən parlaq səhifələrdən birinə çevrilmişdir.
Azərbaycan diasporunun təşkilatlanması prosesində ən mühüm, taleyüklü hadisə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdur. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev  dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini açıqlamışdır.
"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilmişdir.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan möhtərəm İlham Əliyev cənabları da bu xəttə sadiqliyini nümayiş etdirir.
Ümummilli Liderin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsi və güclü diasporumuzun yaradılması siyasətini bu gün Prezidentimiz İlham Əliyev davam etdirir. Soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir və cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs vermişdir.
2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən IX zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dərin məzmunlu çıxış etmiş, türkdilli dövlətlərin birliyini zəruri edən amilləri bir daha diqqətə çəkmişdir: "Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli dövlətlərdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər daha da güclənir".
Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir.
Diaspor quruculuğu sahəsində hələ çox işlər görülməlidir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü məsələlərinin həllində daha yaxından iştirak edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham  Əliyev Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayında qeyd etmişdir:
"Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Bu, bizim tarixi torpağımızdır. Bütün toponimlər, bütün şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağda, Ermənistanın özündə də. İrəvan xanlığı, Zəngəzur, Göyçə - bütün bunlar bizim tarixi torpaqlarımızdır. Torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Bir milyondan artıq qaçqın və köçkünümüz var. Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib, tələb edib ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılsın. Bunlara əməl edilmir".
Günü-gündən daha sürətlə inkişaf edən müstəqil Azərbaycan bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın ictimai və siyasi həyatında, eləcə də Azərbaycan Ordusunda böyük sürətlə aparılan quruculuq işləri bunu bir daha sübut etmiş oldu. Dünya aydın gördü ki, Azərbaycan xalqının hazırkı lideri öz xalqına arxalanaraq Qarabağ problemində heç bir güzəştə getməyəcək və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür.
Dünya azərbaycanlılarının vahid birliyinin bərqərar olması və tarixi əzəli torpaqlarımızın geri qaytarılması üçün hər bir Azərbaycan vətəndaşı kimi biz hərbi qulluqçularda öz hərbi xidmətimiz dövründə əllərimizdən gələnləri əsirgəməməli və xidmətimizdə bir-birimizə örnək olmaqla o tarixi anı yaşamağımızı tezləşdirməliyik.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi