Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 2018 09:44

“Aprel döyüşləri ədəbiyyatımızı da yeni ovqata köklədi”


Rubrikamızın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  şöbə müdiri, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Tehran Əlişanoğludur.

- Tehran müəllim, xalqımız, dövlətimiz üçün hər zaman çox əhəmiyyətli olan ordu-cəmiyyət əlaqələri haqqında fikirləriniz...
- Azərbaycan televiziyasından, mətbuatdan aldığım informasiyalar, izlədiyim verilişlər deməyə əsas verir ki, ordu-cəmiyyət əlaqələri bu gün lazımi səviyyədədir. Müşahidə etmək çətin deyil ki, cəmiyyətimiz ordumuzdan razıdır, Vətənin keşiyində duran əsgər və zabitlərimizə güvənir. 2016-cı ilin aprel döyüşlərindəki qələbəmiz  də göstərdi ki, bu inam əbəs deyil, ordumuzla qürur duya bilərik. Vətənin müdafiəsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın bircə əmri kifayətdir ki, ordumuz qarşısına qoyulmuş vəzifənin öhdəsindən bacarıqla gəlsin. Azərbaycan Ordusunun nizam-intizamlı, mənəvi cəhətdən sağlam və səbatlı olmasını, əsgərlərin döyüş hazırlıqlı, Vətənin müdafiəsinə daim hazır, mərd, vətənpərvər kimi yetişməsini biz valideynlər övladlarımızın əsgəri xidməti zamanı da bilavasitə görür, buna əmin oluruq. İndi ata-analar çox-çox illər əvvəldən fərqli olaraq övladlarını  orduya arxayınlıqla, ürək rahatlığı ilə göndərir, necə deyərlər, orduda əsl "kişilik məktəbi" keçəcəyinə şübhə etmirlər. 
- Bəs ordu-ziyalı əlaqələri haqqında nə deyə bilərsiniz?
- Məncə, bu məqamda ziyalıları ayrıca bir zümrə kimi xalqdan, cəmiyyətdən ayırmaq olmaz. Ordumuz bütövlükdə xalqa, cəmiyyətə, dövlətə məxsusdur, dövlətçiliyimizin atributlarından biridir. Amma razıyam ki, ziyalı bu həqiqəti cəmiyyətə çatdırmaqda daha fəal, nümunə olmalıdır. İşi ilə, fəaliyyəti ilə, dürüst əməlləri ilə. Sənət adamlarının, şairlərin, yazıçıların ayrı-ayrı ordu hissələrində olması, görüşlər keçirməsi, əsgərlər qarşısında çıxışlar etməsi təqdiredicidir. Bu, orduda xidmət edənlərə bilavasitə təsir və onların mənən zənginləşməsi baxımından alqışlanası tədbirlərdir. Amma məncə, bu işin bir tərəfidir, ziyalı-ordu əlaqələri daha geniş mənada başa düşülməlidir. Ziyalının cəmiyyətdə ordunun yeri və rolu haqqında fikir və təsəvvürləri ictimaiyyətə elə sirayət etməlidir ki, hər bir gənc artıq orduya qədəm qoyarkən, atdığı addımları şüurlu şəkildə dərk etsin, bununla qürur duysun, Vətənin müdafiəsinin hər bir vətəndaş üçün şərəf işi olduğunu əxz etsin. Eyni zamanda ziyalı bütövlükdə cəmiyyətdə ordunun pozitiv obrazını yaratmalı, obyektiv olaraq güclü ordunun alternativsizliyi ideyasını aşılamalıdır. Şəksiz ki, bu işdə xüsusən humanitar sahədə çalışanların öhdəsinə daha çox məsuliyyət düşür.
- Ötən əsrin 90-cı illərindəki ordumuzla bugünkü müasir ordumuzun fərqini necə görürsünüz?
- Ötən əsrin 90-cı illərində ordumuz hələ formalaşma dövrünü yaşayırdı. Həm də müharibə şəraitində, torpaqlarımızı işğal etmiş erməni qəsbkarları ilə üz-üzə. Ulu öndər Heydər Əliyevin qayıdışına, müstəqil respublikamızın xilasına qədər ordu formalaşmamışdı. Bu gün də davam edən Qarabağ müharibəsinin birinci dönəmində məğlubiyyətimizin səbəblərindən biri də elə budur. Hər şey nəticələrlə ölçülür. 1990-cı illərin əvvəllərinin müharibə lövhələrini əks etdirən bədii əsərlərdən, çoxsaylı şeirlərdən, hekayələrdən, Aqil Abbasın, Sabir Əhmədlinin povest və romanlarından da həmin dövrün məğlubiyyət acılarını duyur, görürük. Sirr deyil ki, müstəqillik illərində müntəzəm ordu quruculuğu ümummilli liderimiz Heydər Əliyev zamanından başlayır. İndi ordumuzun güclənməsi, müasir silahlarla təchiz olunması, getdikcə möhkəmlənməsi xəbərləri bizi daim sevindirir. Bugünkü ordumuzun qüdrətini, gücünü qeyd etdiyim kimi, aprel döyüşlərində bir daha gördük.
- Ordumuzun aprel qələbəsi və bu tarixi qələbənin əhəmiyyəti haqqında fikirlərinizi də öyrənmək "Azərbaycan Ordusu"nun oxucuları üçün maraqlıdır...
- 1994-cü il mayın 12-dən bəri sürən atəşkəsdən sonra, 2016-cı ilin aprelin əvvəllərində ordumuzun düşmən üzərində  parlaq qələbəsinin əhəmiyyəti misilsizdir. Aprel döyüşləri göstərdi ki, Qarabağ müharibəsinin taleyi, dövlətimizin səbrlə beynəlxalq aləmin istəyinə hörmətlə yanaşaraq sülh danışıqlarına getməsinə rəğmən, ilk növbədə bizdən, Ali Baş Komandanımızın bircə əmrindən asılıdır. Beynəlxalq aləm də, işğalçı Ermənistan da gördü ki, Azərbaycan əsgəri öz torpaqlarını azad etməyə günü bu gün hazır və qadirdir. Azərbaycan Ordusu aprel qələbəsi ilə xalqımızda, cəmiyyətimizdə elə bir coşqun əhval-ruhiyyə yaratdı ki, bunun nə qədər vacib olduğunu gördük. Bu coşqunluğu və xoş mənada çaşqınlığı ədəbi mühitdə də hiss etdik. Hətta bir qeydimdə yazırdım ki, bir günün içində bütöv bir dövrün ədəbiyyatı köhnəldi; ordumuzun aprel zəfərindən sonra bütövlükdə müstəqillik dövrü ədəbiyyatına yenidən, yeni gözlə baxmaq zərurəti yarandı. Aprel döyüşləri ədəbiyyatımızı da yeni ovqata köklədi...
- Müstəqilliyimizin qarantı, qürur mənbəyimiz olan 100 yaşlı ordumuz bu il möhtəşəm paradını keçirdi. Hərbi paradı izləyəndə necə, hansı hissləri keçirdiniz?
- Təbii ki, sevinc, riqqət, fəxarət duyğularını. Əlbəttə, bu mənzərələr ulu öndər Heydər Əliyevin illər öncə səsləndirdiyi "Müstəqilliyimiz əbədidir!" inamına birə-ikiqat güvənclər qatır. Və bir də arzu və düşüncələr: Qarabağ savaşında qələbədən sonra qoy bu silahlar yalnız və yalnız qüdrətimizin simvolu olaraq müstəqil Azərbaycanın keşiyində dursun!
- Dünya ədəbiyyatında ordu, müharibə mövzusu bütün dönəmlərdə aktuallığı ilə seçilib. O cümlədən Azərbaycan ədəbiyyatı tarixində də müharibə mövzusu ideoloji silaha çevrilib...
- Bilirsiniz, ədəbiyyat zaman sənətidir; öz dövrünün mənəvi və tarixi tələblərindən kənar ədəbiyyat olmur. Bəli, ədəbiyyatda müharibə mövzusu xalqın qəsbkarla, işğalçı ilə, düşmənlə üz-üzə gəldiyi dövrlərdə formalaşıb və həm də ideoloji yükü olub həmişə. Müharibə mövzusunda olan ədəbiyyat vətənpərvər, humanist, bəşəri olmaya bilməz. Müharibə mövzusunda əsərlərə klassik örnək kimi Lev Tolstoyun məşhur "Hərb və sülh" romanını göstərirlər. Rus xalqının qəhrəmanlıq tarixini, milli vətənpərvərlik duyğularını təcəssüm etdirməklə yanaşı, bu romanda ümumən müharibələrə qarşı bəşəri etiraz motivi yer alıb. Müharibə mövzusunda əsərlər dünya ədəbiyyatında xüsusən XX əsrdə, I və II Dünya müharibələrindən sonra çox yazılıb. Hər bir milli ədəbiyyatda yüzlərlə, hətta minlərlə romanlar, povestlər, hekayələr, saysız-hesabsız şeirlər yaranıb. O sıradan Azərbaycan ədəbiyyatında faşizmə qarşı mübarizə və humanizmin qələbəsini əks etdirən əsərlər meydana çıxıb. Əbülhəsənin "Müharibə", Mir Cəlalın "Yaşıdlar", Hüseyn Abbaszadənin "General", Həsən Seyidbəyli və İmran Qasımovun "Uzaq sahillərdə", Süleyman Vəliyevin "Mübahisəli şəhər", İsa Hüseynovun "Saz" və "Tütək səsi" roman və povestləri, yazıçılarımızın onlarla hekayələri buna misaldır.
- Görkəmli şairimiz Səməd Vurğunun da "Bilsin ana torpaq, eşitsin Vətən/, Müsəlləh əsgərəm mən də bu gündən" misraları bütün müharibə dövrünün ədəbi devizinə çevrilmişdi...
- Əlbəttə,  bu misralarla "silahlanan" Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Əhməd Cəmil və başqa şairlərimiz şeirləri ilə S.Vurğunun çağırışına səs verdilər. Təbii ki, II Dünya müharibəsində Azərbaycan Respublikası müstəqil hərbi hissələri ilə iştirak etmirdi, ayrıca ordusu yox idi. Amma Azərbaycan sərkərdələri və əsgərlərinin döyüş hünərləri, Azərbaycan xalqının vətənpərvər ruhu, müharibələrə qarşı barışmaz mövqeyi bədii əsərlərdə bariz ifadəsini tapdı. Sonrakı dövrlərdə yaranmış  Bəxtiyar Vahabzadənin "416", Rəsul Rzanın "1418" poemaları müharibə həqiqətlərini, əksərən azərbaycanlılardan ibarət 416-cı diviziyanın döyüş yolu və şücaətlərini əks etdirən bədii sənədlərdir. Belə misalların sayını çox artırmaq olar.
- Xalqımızın yenidən müstəqilliyini bərpa etdiyi ərəfədə mənfur qonşularımız tərəfindən süni Qarabağ konfliktinin yaradılması, ağır müharibə illəri, torpaqlarımızın işğalı çağdaş ədəbiyyatımızda öz əksini necə, yetərincə tapa bildimi?
- Mən tam əminliklə deyə bilərəm ki, 1990-cı illərin əvvəllərinin həmin faciəli hadisələri Azərbaycan ədəbiyyatında öz əksini geniş tapdı. Müstəqillik dövrü ədəbiyyatında  Qarabağ müharibəsi mövzusu yenidən aktuallıq kəsb etdi. Əvvəlcə, təbii ki, bu ədalətsiz müharibəyə qarşı etiraz motivləri, Vətənin müdafiəsinə çağırış ruhu Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Sabir Rüstəmxanlının, Cabir Novruzun, Qabilin, Zəlimxan Yaqubun, Nəriman Həsənzadənin, Fikrət Qocanın, Vaqif Bayatlı Odərin, Hüseyn Kürdoğlunun və digər şairlərimizin şeirlərində təcəssümünü tapdı. Müharibə acıları, qaçqınlıq problemi, erməni vəhşiliyi  Elçinin, Anarın, Əlabbasın, Eyvaz Zeynalovun, Elçin Mehrəliyevin, Ağarəhim Rəhimovun, Hüseynbala Mirələmovun, Şərif Ağayarın, Elçin Hüseynbəylinin, Xanəmirin, Azad Qaradərəlinin, Rasim Qaracanın və digər yazıçıların hekayə və povestlərində geniş təsvir olundu. Aqil Abbasın "Dolu" romanında, "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qarda açan qan çiçəyi" povestlərində, Sabir Əhmədlinin "Axirət sevdası", "Ömür urası" romanlarında müharibənin bilavasitə dəhşətli mənzərələrinin şahidi olduq. Azərbaycan xalqının barışmazlıq ruhu, mübarizəsi, vətənpərvər döyüşçülərin qəhrəmanlıq və hünərlərinə rəğmən, nizamlı ordunun olmaması, ölkəni bürümüş hakimiyyətsizlik, başıpozuqluq mühiti məğlubiyyətlərə aparan səbəblər kimi bu əsərlərdən aydın şəkildə görünür. Onu da qeyd edim ki, akademik İsa Həbibbəylinin ideyası və redaktorluğu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyini çap etdirmişik və burada ədəbiyyatda Qarabağ müharibəsinin inikası məsələsi geniş şəkildə şərhini tapıb.
- Aprel zəfəri ədəbiyyatımızda necə təcəssüm olunub?
- Aprel döyüşləri Qarabağ müharibəsinin davamı kimi yeni bir əhval-ruhiyyənin yaranmasında özünü göstərdi. Arzu Əsədin Ali Baş Komandan İlham Əliyevə yazdığı "Ölkəm əmin əllərdədir" şeiri "Ver, ver bizə zəfəri!" nidasıyla müzəffər ordumuzun qələbəsinə böyük inam yaradır. Şəmil Sadiqin "Odərlər", Yunus Oğuzun "Ovçu" romanları gənclərdə qəhrəmanlıq nümunəsi, vətənpərvərlik duyğuları oyadan örnək ədəbiyyatı sırasındandır. Yunus Oğuzun romanında aprel döyüşlərinin bilavasitə inikası yer alır. Romanda, həmçinin Ali Baş Komandanın surəti var. Bir çox belə nümunələr göstərir ki, ədəbiyyatımız müharibə mövzusunda ötən zamanların məğlubiyyət acılarını əks etdirən əsərlərdən qələbəyə inam aşılayan yeni mərhələyə adlayır. Bu motivi ədəbiyyata gətirən, sözsüz ki,  ordumuzun bugünkü reallıqlarıdır.
- Azərbaycanımızın şanlı hərb  tarixinə, sərkərdəlik tarixinə də diqqətinizi çəkmək istərdim...
- Doğrudur, bu istiqamətdə də son zamanlar yeni əsərlər yaranıb. Xalq şairi Nəriman Həsənzadənin "Nuru Paşa" poeması 100 il öncə türk sərkərdəsi Nuru paşanın rəhbərliyi altında, türk və azərbaycanlı əsgərləri birliyini ifadə edir, Qafqaz İslam ordusunun  Bakını erməni işğalından qurtaran tarixi səhifələrini təcəssüm və tərənnüm edir. Poema qüdrətli türk sərkərdəsinə mənəvi abidə ilə olmaqla yanaşı, Azərbaycan Ordusunun şanlı hərb tarixinə də ayna salır. Bu həmin ordudur ki, 100 il öncə Məhəmməd Hadinin, Əhməd Cavadın şeirlərində vəsf edilib. Azərbaycan ədəbiyyatında  görkəmli hərbçi və sərkərdələrin -  Səməd  bəy Mehmandarovun, Əlağa Şıxlinskinin, Cəmşid Naxçıvanskinin, Həzi Aslanovun, Mehdi Hüseynzadənin və başqa qəhrəmanların  obrazını yaradan bədii və publisist əsərlər olub, həmin xətt bu gün də davam etməkdədir. İnformasiyam daxilində, bu mövzuda publisistika sahəsində tədqiqatçı Şəmistan Nəzirlinin Azərbaycan generallarının bioqrafiyasını araşdıran, parlaq tarixi obrazlarını əks etdirən  əsərlərini məmnuniyyətlə qeyd edə bilərəm...
- Tehran müəllim, söhbətimizin sonunda ənənəvi sualımız: ordumuzun şəxsi heyətinə arzu və istəkləriniz...
- Tarixi, keşməkeşlərlə dolu, 100 illik  ordumuzun layiqli ənənələrini davam etdirən müasir möhtəşəm Azərbaycan Ordusunu alqışlayır, bütün zabit-əsgər heyətinə dərin sevgi və ehtiramımı bildirirəm. Azərbaycan cəmiyyətinin varlığı, sarsılmazlığı ordumuzun möhkəmliyinə, gücünə bağlıdır. Ordumuz bugünkü firavanlığımızın əsası, sabahkı qələbələrimizin rəhnidir. Zabit və əsgərlərimizə şəxsi həyatlarında bol sevinc və əmin-amanlıq, Vətənə xidmətdə iradə və əzm diləyirəm.
- Maraqlı müsahibəyə görə çox sağ olun.


Müsahibəni apardı:
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"