Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 2018 09:42

Səngər müvəqqəti dayanacaqdı Böyük Qələbənin yolları üstə!..

İllər keçir. Mahiyyəti dövlətçiliklə bağlı olan tarixi hadisələr heç zaman unudulmur. Azərbaycan Ordusunun və Bakının azad edilməsinin 100 illiyinə həsr olunan paradlar belə tarixi hadisələrdəndir. Bu paradlar dövlətçilik paradlarıydı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dedikləri möhtəşəm bir tarixi hadisənin də gerçəkləşəcəyinə inamın təsdiqidir: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək."
Bu paradlar Azərbaycan Ordusuna inamın, güvəncin paradlarıydı - Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir!..
Bu paradlar əminliyin paradlarıydı - torpaqlarımız işğaldan azad ediləcək!..
Paradlar belə izlənildi, belə yaşadılar, belə yaşadılacaq...
Bu inamın, əminliyin işığında ezamiyyətə gedirəm...
Yaz ovqatlı payızdı.
Ala-toranda göy üzündən hərdən qaralmasını, hərdən bozarmasını sezmək çətin deyil; yarpaqları saralan, saralmaqda olan ağacların görkəmi könül küsdürür. Yarpaqları saralan ağaclara, əsən yellərin təsirindən düşən yarpaqlara baxanların könlündən yaz keçir. Təkcə təbiətin yazı deyil bu dönməz istək, həm də 2016-cı ilin yazının istəyidi - Qələbə istəyidi, Böyük Qələbənin istəyidi...
Xatırlayıram ki, 2016-cı ilin aprelində ezamiyyətdəydim. Lələtəpəyə aparan yolun yaxınlığında qələbəliyiydi. Yaşlı bir ağbirçək ciddi-cəhdlə Cocuq Mərcanlıya getmək istəyirdi. Ağbirçəyin qədərsiz sevincini sevincimə göyqurşağı bilmişdim: "Elə bil bu yaz təzədən doğulmuşam, ay oğul. Təzədən doğulmuşam!.."
Yollar haradan bilsin ki, bu gecənin səhərinə yaman tələsirdim; dan yeri söküləndən bəri yollar yoruruq...
Vəzifə borcumu yerinə yetirəcəm. Bunu həm də digər həmkarlarım kimi, jurnalistin əsgərə vəfa borcu kimi yerinə yetirəcəm; hər dəfə ezamiyyətdə olanda yüyrək dilli əsgərlərdən eşitdiyim kəlmələrə cavabdı vəfa borcu - bizi unutmayın. Onsuz da unutmadığım əsgərlərlə görüşə tələsirəm...
Yellərin budaq-budaq gəzişi də, budaqlarda yarpaqların ürkəcək titrəyişi də könlümə yatmır; dan yeri söküləli kürlük edən könlüm nə istəyir - bilmirəm. Bəlkə səngərsiz günlərin kürlüyüdü? Bəlkə məni haraylayan dağlara güzar istəyidi? Bəlkə dünən yazdığım şeirin ovqatıdı? - son ezamiyyətdə səngərdən qarşı tərəfdə ot basmış cığır görmüşdüm, ürəyim qanamışdı:
At çiynindən ot kürkünü
gedən cığır, gələn cığır...

O cığırlara əsgərlərimizlə yanaşı baxmışdım. Onda əsgərlərimizin baxış-söhbətləri inamımın güvəncinə, güvəncimin inamına dönmüşdü; əsgərlərdən biri "Yaxınlarda o cığırlar ayağımıza döşənəcək" demişdi. Həmin əsgərin ruh qardaşlarıyla kəlmələşəcəyim anlara tələsirəm. Yolun sağında "göylərə baş çəkən" (Səməd Vurğun) dağın ətəyindən başlayan yol bizi səngərlərə aparacaq. Hələ ki, anlar uzanır...
Baş leytenant Mahir Rzayev deyir ki, bir vaxtlar, müharibə başlayana kimi bu yol el cığırı olub. Düşmənin irili-xırdalı həmlələrinin qarşısını almaq üçün camaat bu cığırla səngər edəcəyi, səngərləndiyi yerə gedib-gəlib. Ordu yaradılandan sonra Müdafiə Nazirliyi buranın da təlimata müvafiq qurulmasını təmin edib, döyüş növbətçiliyi aparan əsgərlərə yüksək şərait yaradıb. Həm də harada!..
 Gediş-gəliş cığırı yola döndərib.  Bəstə təpəliyə səngər düşəli bu cığır yol olub...
Səngər yolu ifadəsi dördümüzü də incəliklə üşündürür, düşündürür. Araya qəribə başaçılmaz sükut çökür. "Müharibə el-elatın otlaq yerini əlindən alıb...", - deyirəm, "Səngərə döyüş növbətçiliyi apardığı mövqeyə Azərbaycan əsgərinin Böyük Qələbə yolunda müvəqqəti dayanacağı deyə bilərikmi?", - soruşuram. Könül qubarı kimi səslənən  sual baş leytenantın düşüncələrini tərpədir: "Əlbəttə, qəzetinizdə bir məqalə dərc edilmişdi: "Səngərləri sərhədlərə köçürəcəyik". Sərhədlərimiz daxilində bütün səngərləri əsgərlərimizin qələbə yolunda müvəqqəti dayanacaq bilirik". "Müvəqqəti dayanacaq" "döyüşə hazırıq" kimi səslənir. Əminəm ki, səngərlərdə bu səslənişin təsdiqini də görəcəyik. Axşamdan bəri kürlük edən könlüm baxış-baxış tellənəcək, misra-misra dillənəcək, duyğularım çiçək-çiçək güllənəcək. Baş leytenantın kəlmələrini qələbə ruhu bilirəm. "Müvəqqəti dayanacaq" ifadəsi əsgərlərimizlə söhbətin başlanğıcı olacaq. Qələbə ruhuyla xidmət edənlərimizə bu ifadəni deyincə düyülən yumruqlar görəcəm; bu anları görməyə tələsirəm...
Əsgərə boy verməyən səngərin qənşərində döyüş növbətçiliyindən qayıdan, istirahət edən əsgərlərimizin əhatəsindəyəm. Səmimi söhbətə vasitə kimi "Özünüz də bilirsiniz ki, bu səngərlərdə müvəqqətisiniz. Böyük Qələbəyə aparacaq yola buradan qoşulacaqsınız. Baş leytenant da biz düşünən kimi düşünür. Bizə görə səngərlər qələbə yolunuzda müvəqqəti dayanacaqdı. Siz necə düşünürsünüz?", -  soruşuram. Düşündürücü ifadənin yaratdığı sükutu baş leytenant  Mahir Rzayev qətiyyətlə çilikləyir:
- Elə bu amalla xidmət edirik. Ali Baş Komandanımızın döyüş əmriylə sizin də, baş leytenantın da  dediklərini gerçəkləşdirəcəyik!, - deyir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rəşad Əliyevə baxır:
- Elə deyilmi?
Çavuş Rəşad Əliyev belə bir sualı gözləyirmiş kimi:
- Əlbəttə, cənab baş leytenant. Hər birimiz Ali Baş Komandanın döyüş əmrinə hazırıq!
Əsgərin əminliyində bu hərbi hissənin timsalında ordumuzun şəxsi heyətinin döyüş hazırlığının səviyyəsini görürəm. Neçə ay əvvəl səngərdə əsgərlərdən biri "Biz torpaqlarımızı işğaldan azad edəcəyik, bizdən sonra əsgərlərimiz dövlət sərhədlərimizdə xidmət edəcəklər", - demişdi. Bu ruh həmin qələbə ruhunun eynidi.  
O ruh da, bu ruh da deyir ki, Böyük Qələbə ərəfəsindəyik.
Dağlar görünür, yollar-yamaclar görünür. Dağların, yolların, yamacların sinəsindən keçən yollar görünür. Yolların bəzilərinin səngərlərdə qırıldığı da aydınlığıyla seçilir; müharibə qırıb bu yolu. Səngərdən o yana ot cücərtmiş yolların qırışığının açılacağı günə az qalıb. Günün birində şimşək çaxacaq, yağış yağacaq, selləmə olacaq, sel-su o yollardan daş-kəsəyi qabaqlayıb aparacaq. Yağışdan sonra təbiət gözəlləşir - gözəlləşən təbiət Cıdır düzündə Azərbaycan əsgərinin gəlişinə qoşa qollar açacaq. Bu düşüncələrdəykən baş leytenant Bünyad Əliyev deyir ki, yüksək döyüş hazırlığına malik olan ordumuzun qüdrəti təlimdən-təlimə daha da yüksəlir. O qüdrət 2016-cı ilin aprelində tarix yazan qüdrətdi. O qüdrət Azərbaycan əsgərini Böyük Qələbəyə aparan qüdrətdi. Əsgərə bu güvənci də şəxsi heyətin mənəvi-psixoloji hazırlığının tərkib hissəsi bilirəm. Bu güvəncdə Azərbaycan əsgərinin hərbi anda, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətin işığını görürəm. Bu işıq qüdrət işığıdı - qüdrətli işıqdı. O işıq Böyük Qələbəyə aparacaq yolun "boyuna biçilib" elə bil. Gözdolusu əsgərlərə baxıram. Hər birinin baxışında Mübarizlik, Samidlik, Raqufluq, ... görürəm və "baş leytenantın dediyi qüdrət sizin qüdrətinizdi, Azərbaycan əsgəri. Siz Ali Baş Komandanın inamının əsgərisiniz. Siz qələbənin əsgərisiniz. Özünüz də inanın ki,
 
sevgin dərdin qolunu
bağlar ayağın altda.
İşğal günün birində
ağlar ayağın altda...
 
Həmin günə Qələbə deyəcəyik, həmin gün Böyük Qələbə kimi tarixləşəcək!..
- Aprel döyüşlərində təzəlikcə tərxis olunmuşdum. Döyüşlərə getmək istədim, icazə vermədilər. Qələbə qazandıq. Məni yenidən hərbi xidmətə bu qələbənin ruhu, bir də baş leytenant Mahir Rzayev dediyi o qətiyyət gətirdi, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rəşad Əliyev belə deyir.
- Vətənin çağırışı kimi.
- Bəli, məhz Vətənin çağırışı kimi.
- İşğalda qalan torpaqlarımız haraylayır sizi, bizi - hamımızı.
- O haray çağırışdı.
- O haray, çağırış döyüş deməkdi. Ali Baş Komandanın əmriylə döyüşəcəyik, yaxın vaxtlarda Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın harayına yetəcəyik.
Rəşad Əliyevin əminliyini bayaqdan bəri dinləyə-dinləyə düşünən, düşünə-düşünə dinləyən baş leytenant Mahir Rzayevin dedikləri tamamlayır:
- Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgəri də, zabiti də bu inamla xidmət edir.
Baş leytenantın inamını inamımız, qürurunu qürurumuz bilirik...
Bayaqdan bəri meh əsdiyinə məhəl qoymamışıq. Ucalıqlardan əsən meh töyşüməsə də "ayaq saxlayır". Bu həlim mehi söhbətimizə təbiətin xeyir-duası bilirəm. Ötən il Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına postda əsgərlərdən birinin dediklərini xatırlayıram:
- Əsgər döyüş növbətçiliyində nə yağışı hiss edir, nə qarı, nə yeli. Yağış, qar, yel qələbədən sonra mülki həyat üçündü. Yağacaq yağışı da, qarı da, əsəcək yeli də işğaldan azad edəcəyimiz torpaqlarda könül xoşluğu biləcəyik.
Xatırladığımı xatırladıram. Söhbət hamısını duyğulandırıb, hamı nəsə demək istəyir.
Əsgərlərdən biri deyir ki, uşaqlığımda yağış da, qar da, yel də könlümə yatırdı. Əsgər o kəlmələri təkcə özünün deyil, hamımızın adından deyib. Qələbəyə kimi qara, yağışa, istiyə-bürküyə məhəl qoymayacağıq.
Hər iki əsgərin dünya duyumundan qürurlandığını bildirən baş leytenantın dediklərini ordumuzda zabit-əsgər münasibətinə timsal bilməkdə nə qədər haqlıyam!..
Payız öz hökmünü göstərir; səngərə gəlincə ayaqlarımız altında saralmış yarpaqlar xışıldayır. Bu xışıltıda bir doğmalıq duyuruq; kövrəklik gətirən doğmalıqdı. Bu kövrəkliyin ömrü döyüş növbətçiliyi aparan əsgərlərin yanına çatan kimiymiş...
Qarşı tərəfi gözdən qoymayan əsgərlərin baxışlarından sezdiyim sevgiyə - Vətən sevgisini necə bağrına basmayasan?..
...Bir qədər aralıda daşlar üstə daşlar görürəm. "Bu, həm də rəmzdi", - düşünürəm; biri digərinə dayaq daşların bu düzümü səngərin ətrafında səngərdi. Daş üstə daş düzən əsgərlər ayrılıqda fərddi, vəhdətdə - güc. Komandirin güvəndiyi gücə qüdrət deyərdim. Deyirəm də. Komandirin də, əsgərlərin də baxışlarında incə bir təbəssüm sezilir. Bu gözəl təbəssümü "Haqlısınız" qənaətinə yozuram...
...Yadıma "Kitabi-Dədə Qorqud" dastanlarında Bayburanın oğluna - Beyrəyə xitabı düşür: "Görər gözlərimin aydını oğul!". Bu biçim bənzərsiz müraciət eşidənlərin əzbərindədi. Bayburalara Vətən deyərdim, bu əsgərlərin timsalında hər əsgərə - Bamsı Beyrək. Vətənin gözlərinin aydını - işığı, ziyası, nuru əsgərdi. Əsgər də Vətəni gözlərinin aydını bilir...
...Səngərlərə gəlincə, dağları, dağların belinə dolanan cığırları, ot basmış cığırları-yolları anmışdım. İndi vüqarında dağların vüqarının eynini gördüyüm əsgərlərin əhatəsində əmin oluram ki, yaxın vaxtlarda ot basmış cığırlar-yollar Azərbaycan əsgərinin ayağına döşənəcək.
Sağollaşma ərəfəsində əsgərlərimizə deyirəm ki, 
 
Rəngi avazıyıb Cıdır düzünün,
Şuşa yol gözləyir qulağı səsdə.
Səngər müvəqqəti dayanacaqdı
Böyük Qələbənin yolları üstə!..
 
Bu misralar Vətənin misralarıdı!..
 
 Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
fotolar C.CƏFƏROVUNDUR