Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2018 09:16

Müstəqilliyimiz əbədidir

Azərbaycanda milli azadlıq hərəkatı genişlənirdi. Sovetlər İttifaqının qadağalarına baxmayaraq bu hərəkat geniş vüsət almışdı. Ermənistanın Azərbaycandan ərazi iddiası milli-azadlıq hərəkatının daha da genişlənməsinə səbəb oldu. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.
Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter almışdı. Mitinqlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda anti-Azərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" şüarları səslənməyə başlandı. Bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra - noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış tonqalların ətrafında minlərlə adam qalırdı. Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü. İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar, meydanın mühasirə həlqəsi daraldılırdı. Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıdıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi...
Qüvvələri gələcək azadlıq mübarizəsi üçün qoruyub saxlamaq lazım gəlirdi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet ordusu "Meydan hərəkatı"nı yatırmağa nail oldu. Minlərlə azadlıqsevər insan həbs edilərək zindanlara salındı. Lakin xalqın mübarizə əzmini qırmaq mümkün deyildi. Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan - Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi...
Həmin o ağır məqamlarda ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "Sovet" və "Sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Ümummilli Liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"