Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2018 09:23

Konstitusiya - siyasi, hüquqi sənəd

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikası Konstitusiyasının 23-cü ili

Ümummilli lider Heydər ƏLİYEV:
Biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu, ilk, tamamilə sərbəst, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır.                        
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qanunçuluq ideya və dəyərlər kimi Konstitusiya ilə təsbit edildi. Dövlətin qüdrəti, beynəlxalq nüfuzu həm də onun milli iradəni nə dərəcədə ifadə etməsilə ölçülür. Demokratiya yeni dünya nizamına uyğun olaraq, bir dövlətin öz milli iradəsinə qarşı beynəlxalq güclərə etdiyi güzəştlər sistemi deyil, əksinə, milli sınaqlar sistemi və bu baxımdan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üçün yaratdığı sarsılmaz təminatdır.
Konstitusiya vətəndaşlıq sistemi olmaq etibarilə dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyir, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını əks etdirir. Məhz buna görə ən ali qanundur. Konstitusiya ona görə "Əsas Qanun" adlandırılır ki, o, ictimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizama salır, habelə cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısıdır. Dövlətin statusunu, fəaliyyət konsepsiyasını, nəzərdə tutulan prioritetlərini əks etdirir. Şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil, bəşəri qaydalarını müəyyən edir.
Hazırlanması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün - 12 noyabr hər il ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.
Konstitusiyamız azad düşüncə, bərabərlik, dini inanclara hörmətlə yanaşma, vətəndaşlığa ehtiram Konstitusiyasıdır.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra olduqca çətin şəraitdə, siyasi-hüquqi, sosial-iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkənin ali hüquqi qüvvəyə malik sənədini - Konstitusiyasını hazırlamaq, özü də müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsini tam əks etdirən bir formada qəbul etmək olduqca çətin idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xüsusi həssaslıq və güclü siyasi iradə tələb edən məsələni həll etdi.
1995-ci ildə Konstitusiyanı ümumxalq səsverməsinə hazırlamaq məqsədilə Komissiya yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak etdilər. Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli lider Heydər Əliyev Konstitusiyanı belə qiymət-ləndirirdi: "Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi - referendum yolu ilə ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi bəşəri niyyətlər də ifadə edilib ki, bu da onun demokratik dəyərlərini əks etdirir və hüquqilik dəyərlərinə, demokratiklik əlamətlərinə görə dünyanın bir çox inkişaf etmiş dövlətlərinin konstitusiyaları ilə müqayisədə daha təkmil, daha əhatəlidir.
Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyan ilk Konstitusiyamız 5 bölmədən, 12 fəsildən, 158 maddədən ibarətdir.
Konstitusiyamızda Silahlı Qüvvələr və digər hərbi birləşmələrlə bağlı prinsiplər də öz əksini tapıb. "Dövlətin əsasları" fəslinin 9-cu maddəsində deyilir:
1. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
2. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münasibətlərin həll üsulu kimi müharibəni rədd edir.
3. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Bu maddənin əsas mahiyyəti Azərbaycanın öz ordusunu yaratmaqla heç bir qəsbkarlıq niyyəti güdmədiyindən, yalnız öz torpaqlarını təcavüzlərdən qorumağı yeganə məqsəd hesab etməsindən ibarətdir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan üçün ordu quruculuğunu inkişaf etdirmək və hərbi potensialı artırmaq beynəlxalq hüquqla tanınan ərazilərinin işğaldan azad edilməsindən irəli gəlir.
Vətənimizin ərazi toxunulmazlığı və sərhədlərimizin qorunması da Konstitusiyamızda tam ifadə edilib. Qeyd olunub ki, Azərbaycanın sərhədləri heç bir müdaxilə yolu ilə dəyişdirilə bilməz və onun qorunması dövlətə məxsus olan silahlı birləşmələr tərəfindən təmin edilir.
"Vətəndaşların əsas vəzifələri" bölməsinin 76-cı maddəsində göstərilir: "Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər". Vətənimizin etibarlı müdafiəsi, dövlətin əsas dayaqlarından biri kimi orduya diqqət göstərilməsi də Konstitusiyada öz əksini tapıb. Deməli, torpaqlarımızın müdafiəsində dayanmaq və ölkəni xarici hərbi müdaxilələrdən qorumaq hər bir vətəndaşın konstitusion borcudur. Əgər vətəndaş qanunla müəyyən edilən yaş həddində hərbi xidmətə cəlb edilirsə, bu, onun Qanun qarşısında öhdəliyidir və hər bir vətəndaş bu vəzifəni mütləq yerinə yetirməlidir.
Demokratik dövlətlərdə hakimiyyət yalnız xalqın iradəsi əsasında formalaşa bilər. Xalqın iradəsi ilə qəbul edilmiş Konstitusiyamız xalqın Konstitusiyasıdır. Azərbaycan xalqını dövlət hakimiyyətinin yeganə mənbəyi hesab edən Konstitusiyamızda sərbəst və müstəqil öz müqəddəratını həll etmək, öz idarəetmə formasını müəyyən etmək xalqın suveren hüququ kimi təsbit olunur.
Konstitusiyamızın müddəalarından irəli gələrək dövlətin ali məqsədi sayılan insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən çoxşaxəli islahatlar həyata keçirilir.
Müstəqilliyimizin əsas dayaqlarından olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi də Azərbaycanın qüdrətli dövlət olaraq beynəlxalq aləmdə nüfuz sahibi kimi tanınmasına xidmət edir. Bu gün   ordumuzun sıralarında xidmət edən gənclər Konstitusiyamızdan irəli gələn tələbləri Vətənimizə layiqincə xidmət etməyin məsuliyyətini dərindən başa düşürlər. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ordunun şəxsi heyəti qarşısında qoyduğu əsas tələb də məhz Vətənə, dövlətə və xalqa şərəfli xidmət nümunəsi göstərməkdən ibarətdir. Müdafiə naziri zabit və əsgərlərlə görüşlərində tövsiyə edir ki, dövlət rəhbərliyinin və xalqın etimadını layiqincə doğrultmaq əsas vəzifədir.
Bu vəzifə Konstitusiyamızda təsbit olunmuşdur.

 "Azərbaycan Ordusu"