Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2018 09:40

“Ürək deyir yaşa hələ!..”


Payız hökmünü göstərməkdədi. Ağacların yarpaqları saralıb, saralır. Düzü-dünyanı sarılıq tutub. Sarı bənizli payızda saralmış yarpaqlar budağından üzülür, əsən külək yarpaqları yola sərir, izə sərir. Ömrü boyu harasa tələsən itiyerişli kişi  addımlarını yavaşıdır, dayanır, ağacların yan-yörəsinə səpələnmiş sarıca yarpaqlara baxır. Kövrəlir. Bu qəfil kövrəklik təbiətin fəlsəfəsinə etiraz deyil, gileydi...
Cabir Novruzun bəşərə xitabən yazdığı bir misranı xatırlayır: "... bir-birinizin ürəyini qoruyun". Onda ömür dediyimiz karvan yolu mənzilinə çatacaq...", - pıçıldadı. Bu bənzərsiz pıçıltını özündən savayı kimsə eşitmədi, eşidə bilməzdi - özüydü, yarpaqları saralan ağaclarıydı,  həzin-həzin əsən payız mehiydi, əbədiyyət qədər uzaqlarda dolaşan seyrək buludlarıydı...
Son vaxtlarda kürlük edən ürəyi gizildədi; ürəyinə çarə üçün gəldiyi məkanın - Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həyətində ürəyinə yük edirdi gördüklərini, gördükləri düşüncələrinin nizamını pozurdu....
Ürəyi ağrıyırdı. Ovunmaq bilməyən bu ağrılar neçə illərdi Abdulla Novruz oğlunun ömürdaşıydı. "Ağrı-acıları səngərdə, əsgərlərin əhatəsində unuduram...", - belə deyirdi. Bu səmimi etirafın işığının bir əlinin səngərlərin yaxasından yapışdığını duymaq çətin deyildi. "Dərdinin adı Meşəli, Ağdaban, Xocalı faciələri, Şuşanın, Laçının, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın işğalı olanların, dərdinin məlhəmi Böyük Qələbə olanların sırasındadı Novruz oğlu Abdulla, Abdulla Qurbani", - düşünənlərin sırasında mən də varam...
Zamanında Şərur rayon Mədəniyyət şöbəsinin müdiriydi. Ayrı-ayrı rayonlarda neçə-neçə məhsul bayramlarının senari müəllifi, rejissoru olmuşdu, bir kütləvi tədbirlə Örənqalanı, digərində Oğlanqalanı tarixin yaddaş tozluğundan çıxartmışdı...
Əsgər olaraq ordu sıralarına gəlmişdi. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdi. "Murovun qəm karvanı"nı, "Ana,  Murovdan gəlirəm"i yazmışdı - yaşadığı anları misralaşdırmışdı, dərdini-qəhərini, sevincini, qürurunu  şeirləşdirmişdi; şair idi Abdulla Novruz oğlu, ədəbiyyatımızın Abdulla Qurbanisi...
27 il ömürdən necə keçdi? - polkovnikiydi. Səngərlərdə əsgərlərin əhatəsində Vətən, Dövlət, Torpaq, Qələbə kəlmələri daha möhtəşəmliklə səslənirdi. Bu səsləniş əsgərlərin döyüş ruhuydu, Qələbə əzmiydi. Neçə-neçə kütləvi vətənpərvərlik tədbirinin ideya və senari müəllifi, rejissoru olmuşdu. "Qarabağa yaz gələcək!", "Cənnət Qarabağa səfərimiz var!"  - inamıyla keçirilirdi bu tədbirlər, "Sənə inanırıq, ölkə  rəhbəri, Sənə güvənirik, Vətən əsgəri!"  - etirafıyla, sevgisiylə keçirilirdi. Minlərin əhatəsində əsgərlərin "Yol gedirik Qarabağa!" - harayı göy üzünün göylüyünü sürmələyirdi...
"Meşəli ağrılarını yaşamışdı - "Meşəli od içində"ni yazmışdı...
Bağanıs Ayrım, Ağdaban, Xocalı faciələri ürəyinə yük olmuşdu...
Neçə-neçə yaralının harayına getmişdi...
Şəhidə qardaş kimi getmişdi ailələrinə...
Hər birini ağrı biçimində ürəyinə köçürmüş. Vətənə, dövlətə, dövlətçiliyə ad olan ağrıların giziltisi ovunmur - ürək neyləsin bunca dərdə, ağrı-acılara, ana fəryadına, bacı naləsinə, körpə hayqırtısına?!..
2016-cı ilin aprel döyüşləri. Qurbani də ön səngərdə idi. O döyüşlərdə şəhid olanlarımızın son nəfəsinə qardaş təəssüfü - ürək neyləsin? Sevinc də ürəyi coşdurur, kükrədir - aprel döyüşlərində qazanılan Qələbənin  sevincini döyüşlərin içində yaşamaq da ürəyin ürəkliyinə təsirsiz ötüşmür; ürəyinin şıltaqlığına məhəl  qoymamışdı...
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbanini Hospitalın kardiologiya bölməsinin rəisi tibb xidməti mayoru Səməd Səmədli müayinə edib. Müəyyənləşdirib ki, Abdulla Qurbaninin şah damarı genişlənib, ürəyin qapaqcıqlarında olduqca ciddi problemlər var, ürəyini qidalandıran damar da, digər bir damar da onun kimi; Abdulla birazdan  əməliyyat olunacaqdı...

Ürəyimi aç həkim,
Gör ki, orda nələr var?
Qaysaqlamış yaralar,
Pas atmış qəlpələr var.
Orda Xocalı dərdi,
Kəlbəcər harayı var.
Orda Laçın həsrəti,
Qırxqızın ah-vayı var.
Qana boyanmış beşik,
Səfil-sənkərdan ellər,
Nakam qızlar, gəlinlər.
Tonqallara qalanan
Dil-ağızsız körpələr,
Fəryad, qışqırıq səsi,
Qarabağ şikəstəsi...

“Bu misraları mən də oxumuşam, duyğulanmışam. İndi bu misraları  yazan şairin ürəyini təşrih etməliyəm - açıq ürək əməliyyatı aparmalıyam, onun ürəyinə yaşam verməliyəm...", -  Baş Klinik Hospitalın ürək-damar cərrahiyəsi şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Anar Əmrah düşünürdü; "Hər səngərdə hər kəlməsi Vətən deyən, dövlət deyən, bayraq deyən, torpaq deyən şairin ömrünə çökən dumanı, çəni-çiskini dağıdacam. O ürək yenə döyünəcək, o ürəyin döyüntüləri Vətən deyənlərin, Böyük Qələbə amalıyla xidmət edənlərin ürəyiylə eyni ahəngdə döyünəcək!", - dedi və gözucu pəncərədən göy üzünə baxdı.
Hər biri ayrılıqda ağır əməliyyatdı, çətin əməliyyatıydı. Eyni ürəkdə eyni vaxtda dörd ağır əməliyyat aparılacaqdı. Bu rəqəm məsuliyyətin, cərrah riskinin misilləriydi. Bu rəqəm gündən-günə əzazilləşən, çılğınlaşan, dönməzləşən ağrıların şaxələriydi. Hər birinin, eyni anda hər dördünün ömrü uzman-cərrah Anar Əmrahın əlləriylə tükənəcəkdi...
Bir az əməliyyatın ağırlığı, bir az məsuliyyət, bir az ordumuzun yüksək rütbəli zabitinin həm özünə, həm sözünə ehtiram...
Bir azdan əməliyyata başlayacaqdı. Nələri xatırlayırdı, cərrah Anar Əmrah? - Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan paradı, Bakının azad edilməsinin 100 illiyinə həsr olunan paradı. Hər ikisinin aparıcısı, özünün  dediyi kimi, təqdimatçısı Əməkdar incəsənət xadimi, Prezidentin  fərdi təqaüdçüsü  Abdulla Qurbaniydi. Milyonların  sevgiylə, qürurla, ehtiramla izlədiyi paradların möhtəşəmliyini yaşayanlardan biri kimi bu ürəyin yaşadığı, yaşatdığı duyğuları kəlmə-kəlmə o da könlünə köçürmüşdü.  Bir azdan o ürəyin yaşamına görə çətin, çox çətin əməliyyata başlayacaqdı. Bu əməliyyat  uzman-cərrah Anar Əmrahın  daha bir möhtəşəm əsəri olacaqdı - 7 saatdan sonra baxışlarını bürüyən təbəssüm olacaqdı bu  miqyasda riskli əməliyyatın sonluğu...
"Bir ürəkdə bu qədər problemi müşahidə edəndə büruzə verməsəm də, ürəyim sancdı. Vətəndaş kimi, zabit kimi ürəyin sağlamlıq durumu olduqca gərgin idi. Bu gərginliyi açıq ürək əməliyyatıyla Anar Əmrah aradan qaldıra bilərdi. Qaldırdı da", - əməliyyatdan sonra tibb xidməti mayoru Səməd Səmədli belə dedi; yadıma bir el məsəli düşdü: "Təbib qarşı gələr, xəstə sağalsa"...
Bu əməliyyat  "Vətən, sənin şəhidlərin!" harayını sıxıntılardan xilas edəcək  əməliyyatıydı...
Bu əməliyyat "Çingiz dastanı"nın,  "Lələtəpə fatehləri"nin süzülüb gəldiyi ürəyin əməliyyatıydı...
Məsum Zəhranın torpağı qurumamış yazılan "Elegiya"nın nənnisini yaşatma əməliyyatıydı...
Neçə-neçə Vətən, torpaq ünvanlı arzunun, niyyətin, murazın yaşam əməliyyatıydı...
Ömrünü Anar Əmraha etibar edən Abdulla Qurbaninin ürəyinin əməliyyatıydı...
...Əməliyyatdan sonra hərbi tibbimizin  Anarıyla  görüşə bildim. Baxışlarında şükranlıq vardı - qalib əsgər şükranlığı...
Hospitalda general-mayor Rasim  Əliyevin dediyi "Böyük Qələbə ərəfəsində kütləvi vətənpərvərlik tədbirləri keçirəcəksən. Anar Əmrahın yaşam verdiyi ürəyini buna köklə" kəlmələri Abdulla Qurbaniyə də, Anar Əmraha da könül xoşluğu verdi...
...Əməliyyatdan sonra Abdulla Qurbaniyə baş çəkməyə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral da gəlmişdi. Səmimiyyətlə hal-əhval tutdu, Azərbaycan Ordusunun zabitinə, həm də şair, publisist zabitinə şəfalar dilədi. Səfir Erkan Özoralın dedikləri məni də duyğulandırdı:
- Azərbaycanda hərbi təbabətin inkişaf səviyyəsindən heyrətlənirəm, uzman sənədini Türkiyədə almış həkimlərin belə məsul vəzifələrdə xidmət etməsindən qürurlanıram. Belə yüksək şəraitə görə, belə uzmanlara görə sevinirəm.
Onda Abdulla məndən bir bayatı istədi. Dedim:

...görkü gör,
Görk bildiyin börkü gör.
Unut ağrı-acını,
Bu yana bax, türkü gör!..

Xoş misralar hər ikisinin, hər ikisinin əhatəsində Anar Əmrahın da,  Səməd Səmədlinin də könül xoşluğuna döndü...
...Abdulla Qurbani səngərlərdən, səngərlərdə döyüş növbətçiliyi aparan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda dediyi "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək" - kəlamını gerçəkləşdirəcək əsgərlərdən danışdı.
- Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq  keçirilən kütləvi vətənpərvərlik tədbirlərinin birindən yazdığım reportajı - "Horadiz halayından Qələbə halayına" - xatırlayırsanmı? O halayı yazmağa hazırlaş. O halayı sızıntılı ürəklə yazmışdın, bu halayı sağlam ürəklə yazacaqsan, - dedim. Gülümsündük. İkimiz də Anar Əmraha, Səməd Səmədliyə baxdıq - qədərsiz minnətdarlıqla.
- Ürəyin dedi ki, deyir ki, uzun illər deyəcək ki, yaşa. Ağrı-acısız illərdə də coşquyla, sevgiylə, ehtiramla, hərdən çılğınlıqla, hərdən kövrəkliklə əsgərlərimizin əhatəsində xalq şairi Vaqif Səmədoğlunun təbirincə desək, "Mən burdayam!, - de. "Lələtəpə fatehləri"nin, "Bayraqtəpə qartalları"nın coşqusundan coşsun Anar Əmrahın yeni yaşam verdiyi ürəyin... Yaxın vaxtlarda Böyük Qələbə münasibətilə Şuşada, Cıdır düzündə kütləvi vətənpərvərlik tədbiri keçirəcəksən!..
Dediklərin yaddaşımdadı: - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham  Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət və qayğısı  nəticəsində hərbi tibb sahəsi də bu dərəcədə qurulub. Bununla bir zabit kimi mən də fəxr edirəm. Burada belə ağır əməliyyatların keçirilməsi üçün yüksək şərait yaradılıb. Mənim ürəyimdə aparılan uğurlu əməliyyata görə Ali Baş Komandana, Müdafiə nazirinə, hospitalın ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Anar Əmraha və şöbənin bütün əməkdaşlarına minnətdaram. Söz adamı olsam da, bu məqamda təşəkkürümü ifadə etməyə söz tapa bilmirəm...
Anar Əmrah sənin ürəyinə dedi ki, yaşa, ürək. Ürəyin deyir ki, yaşa Novruz oğlu Abdulla, yaşa Abdulla Qurbani. Səndən hələ neçə-neçə əsərlər gözləyirik, yazacağın şeirlər, poemalar Azərbaycan əsgərinin döyüş ruhunu kükrədəcək!..
Bu əməliyyat "Həvəs yaşamın nəfəsidi, yoxsa nəfəs yaşam həvəsidi? Hər ikisi ürəklə bağlıdı, hər ikisi üçün nəticə ürəyi irili-xırdalı ağrılardan xilas etməkdi", - əməliyyatları bu təbiblik fəlsəfəsinin işığında aparan Anar Əmrahın daha bir möhtəşəm əsəridi...
...Xanəndə, xalq artisti Əlibaba Məmmədovun ifasında "ürək deyir yaşa hələ" mahnısını dinləmək istəyirəm. Mənə elə gəlir ki, bu gözəlim mahnı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin də, tibb xidməti polkovnik-leytenantı uzman-cərrah Anar Əmrahın da könlünə yatır. İndi onu daha duyğusallıqla dinləyərlər...


Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
foto Namiq PƏNAHOVUNDUR