Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2018 09:12

“Vətən sizin ürəyinizdən başlayır”

Hərbi hissələrdə şairlərlə əsgərlərin görüşü mənə həmişə könül xoşluğu verib. Eşitdiklərim öz yerində, gördüklərim də yaddaşıma- düşüncələrimə hopub. Şeir də düşüncədi. Bu düşüncə - əsgər üçün həmişə maraqlı olan şair düşüncəsi məfkurə zərrəsidi; kimi kövrəlir, kimi duyğulanır, kiminin qaşları çatılır, yumruqları düyünlənir...
Əsgər Vətənin, deməli, ruhumuzun keşiyindədi. Şeir ruhdan süzülür - əsgər həm də şair sözünün, poeziyamızın keşikçisidi. Şeirimizin keşiyini çəkənlər, təbii ki, şair üçün də əzizdi, doğmadı... Bu duyğunu dəfələrlə yaşamışam. "N" hərbi hissəsində həmin ovqatın əhatəsindəydim.
Əksər şairlərlə müqayisədə Rəşid Faxralı ruhən ordumuza doğma adamdı - ehtiyatda olan mayordu, ömrünün 27 ili ordumuzla bağlıdı, cəbhə bölgələrində ezamiyyətlərdə çox olub, əsgər xarakterinə yaxşı bələddi. Yaradıcılığının böyük bir hissəsi ordu ilə, ordu quruculuğu ilə, Böyük Qələbəyə bağlıdı - Böyük Qələbə ifadəsini ilk olaraq Rəşid Faxralının yazılarında gördük.
"N" hərbi hissəsində də əsgərlər Rəşid Faxralını maraqla dinləyirdi. Rəşid Faxralı Vətəndən danışırdı, torpaqdan danışırdı, Qələbə ruhundan danışırdı. Əsgərlərə xitabən "Vətən sizin ürəyinizdən başlayır", - deyirdi. "Bu yaxınlarda bir məqalə yazmışam: torpağın göz yaşları. Torpağın göz yaşlarını siz daha həssaslıqla duyursunuz, qaysaqlamayan o yaraları ürəyinizin gözüylə görürsünüz. Bilirsiniz ki, bu göz yaşlarına səbəb olan yaraların məlhəmi qələbədi..." Kəlmələr əsgərləri duyğulandırırdı. "Biz sözün əsgəriyik. Əsgər olmağı sizdən öyrənmişik, sizdən öyrənirik. Siz Ali Baş Komandan əmr verəndə döyüşəcəksiniz. Özümüz də sıranızda olacağıq, sözümüz də sıranızda olacaq. Qazanacağınız Qələbəni görmək üçün, hər birinizi ruh qardaşımız kimi bağrımıza basmaq üçün, hər birinizi qələbə bayrağı kimi başımız üstünə dikəltmək üçün, şücaətinizə, qəhrəmanlığınıza layiq nəsə yazmaq üçün..."
Səmimi söhbəti, səmimi kəlmələri əsgərlərin baxışları, onların ürəyindən keçənlər, açıqlanan mətləblər elə incəliklə tamamlayırdı ki!..
2016-cı ilin aprel döyüşləri heç zaman unudulmayacaq. Ruhumuzun qələbəsi kimi tarix yazıb, tarixləşən bu qələbə yaşadıla-yaşadıla yaşayacaq. Bu tarix qələbə tarixidi - Qələbənin tarixidi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Aprel döyüşləri dərsliklərə salınmalıdır" kimi dəyərləndirdiyi bu döyüşlər Azərbaycan Ordusunun yaxın vaxtlarda qazanacağı Böyük Qələbənin başlanğıcıdı. Rəşid Faxralı bu döyüşlərdən, döyüşənlərdən, qəhrəmanlardan, şəhidlərimizdən danışdı, "Lələtəpə" və "Bayraqtəpə" kitablarının bu döyüşlərə həsr olunduğunu qeyd etdi. "Bu qələbə azərbaycançılığın qələbəsidi...", - dedi.
"2016-cı ilin martında Cocuq Mərcanlıda ezamiyyətdəydim. Lələtəpə tərəfdən tərs yellər əsirdi. Arazın suları göz küsdürürdü. Döyüş növbətçiliyi aparan əsgərlərimizin qətiyyətini görmüşdüm, gördüyüm qətiyyətin zəmanətiylə pıçıldamışdım: Arazın suları durulacaq! Bir ay sonra Böyük Qələbənin sevincini yaşadıq. Aylar sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla yenidən qurulmuş Cocuq Mərcanlıdan qürurla Lələtəpədə dalğalanan bayrağımıza baxırdım. Diqqət yetirəndə mənə elə gəlmişdi ki, Arazın suları durulub; Arazın sularını aprel zəfəri durultmuşdu, bu zəfəri qazananların Vətən sevgisi durultmuşdu. O qalib əsgərlərin davamçıları siz olacaqsınız, Böyük Qələbəni siz qazanacaqsınız. Cıdır düzü sizə qoşa qollar açacaq. Şuşanın dağlarının dumanını siz dağıdacaqsınız", - kəlmələrin, kəlmələrin ifadə etdiyi mətləbin əsgərin ürəyini nəyə köklədiyini duymaq çətin deyildi.
Əsgərlərin Böyük Qələbənin yoluna çıxmağa hazır olduqlarını sezmək çətin deyildi; əsgərlərin umacaqlı baxışları mayor Fəxrəddin Əhmədovdan üzülmürdü. Bu baxışlar nə umurdu? - döyüş əmri...
Görüşdən sonra mayor Fəxrəddin Əhmədov deyəcəkdi ki, əsgərlərimiz yüksək mənəvi-psixoloji hazırlığa malikdir. Belə tədbirlər bu hazırlığın daha da möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir. Vətənpərvərliklə bağlı deyilən hər söz gərəklidir. Şair Rəşid Faxralının dediklərinin əsgərlərimizin düşüncələrinə hopacağına şübhəm yoxdu.
Əsgər Ülfət Əsgərov Milli Aviasiya Akademiyasının məzunudu. Özünəməxsus dünyagörüşü var:
- Şeir  dinləyəndə düşünürsən. Şeiri şairin özündən eşidəndə duyğulanırsan. Vətənə ithaf olunan şeirlərin əsgərlərə aşıladığı mətləb hərbi xidməti ruhən tamamlayır. Belə şeirləri oxumaq da, dinləmək də xoşdu. Bizim vətənsevərliyimiz də Vətən üçündü, şeir də Vətən üçündü. Sizin "Bayraqtəpə" kitabında yazdığınız kimi:

Əsgər balam, bayaqdan
dayanmışıq üz-üzə.
Söz sözün yedəkçisi,
Söykək olub söz-sözə.
Vətəndi daşlı səngər,
Sağ da, sol da Vətəndi,
Səngərdən Qələbəyə
Gedən yol da Vətəndi.
Qoyma orda bir daşı
Yad tərpədə, Vətəndi.
O təpə də Vətəndi,
Bu təpə də Vətəndi,
Hər kəlməmiz Vətəndi,
Söz-söz vətənləşmişik,
Od-od vətənləşmişik,
Köz-köz vətənləşmişik.
Vətən - qibləgahımız,
Qələbə harayına
Dönməlidi, dönəcək
Açılan sabahımız.

Əsgərin, əsgərlərin baxışlarında mayor Fəxrəddin Əhmədov da, mən də, Rəşid Faxralı da Mübarizlik, Çingizlik görürük. Əsgər Amid Hacımuradov hərbi xidmətə Qusar rayonundan çağırılıb. Qürurla dedi ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Çingiz Qurbanov da bu hərbi hissədə xidmətə başlayıb, burada Hərbi and içib. Hər birimiz onun vətənpərvərliyindən bəhrələnərək xidmət edirik, Vətəni onun sevdiyi qədər sevməyə çalışırıq.
- Qəhrəmanlıq örnəkdi. Çingiz Qurbanovun qəhrəmanlığının sizin döyüş əzminiz, qələbə ruhunuz olması sizə inananların, güvənənlərin ürəyini dağa döndərir. Bu inam, bu güvənc deyir ki, Böyük Qələbə ərəfəsindəyik. Özümü özünüz, sözümü - yazacaqlarımı sözünüz həmin möhtəşəmliyə kökləyib. Sizin əhatənizdə olmaq səadətini indi sözlə ifadə etmək çətindi..., - Rəşid Faxralı belə dedi.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"