Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2018 10:21

Nəsillərə örnək şanlı döyüş yolları

Müsahibimiz Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında çəkilmiş "Təxəllüsü Mixaylo" sənədli filminin rejissoru Tahir Əliyevdir.
- Tahir müəllim, Mehdi Hüseynzadə haqqında sənədli film çəkmək ideyası necə yarandı?
- "Təxəllüsü Mixaylo" sənədli filmi Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında çəkilib. Mehdi haqqında müxtəlif vaxtlarda, müxtəlif filmlər lentə alınıb. Lakin həmin filmlərdə  bədiiliyə daha geniş yer verilib. Eyni zamanda, ssenari müəllifləri və rejissorlar Həsən Seyidbəyli və İmran Qasımovun ssenariliyi ilə çəkilən "Uzaq sahillərdə" bədii filmindən kənara çıxa bilməyiblər.  "Lider" televiziyasının hazırladığı "Uzaq sahillərin əfsanəsi"  filmində də bədiilik qabarıq verilib.  Ancaq "Uzaq sahillərdə" filmindən bir kadr, bir epizod  belə "Təxəllüsü Mixaylo" sənədli filmində yoxdur. Mehdi Hüseynzadə haqqında film çəkmək olduqca şərəfli işdir. Çəkilişə başlamazdan öncə filmin bədii rəhbəri Tofiq Məmmədovla Mehdi Hüseynzadə haqqında cəmiyyətin bilmədiklərini və naməlum həqiqətləri ortaya çıxarmaq qərarına gəldik. Ona görə də İkinci Dünya müharibəsində şanlı döyüş yolu keçmiş kəşfiyyatçı partizan haqqında böyük tədqiqatlar apardıq. Rusiya Dövlət Kino Arxivindən Mehdinin Sovet İttifaqı Qəhrəmanı  adı almasında rolu olan insanların və hadisələrin xroniki ardıcıllığını özündə əks etdirən materiallar əldə etdik. Daha sonra  filmin ssenari müəllifi İntiqam Qasımzadə ilə birgə işə başladıq. Təəssüf ki, Mehdi Hüseynzadə ilə birgə döyüşən azərbaycanlı partizanlardan heç kim sağ qalmamışdı. Cavad Həkimli, Cabbar Quliyev, Mirdamət Seyidov, Mikayıl Qulubəyov, Fərrux İsmayılov neçə illərdir ki, dünyalarını dəyişiblər.
- Bəs, "Mixaylo"nun Sloveniyadan olan partizan yoldaşlarından sağ qalan varmı?
- Biz filmi 2008-ci ildə  Mehdi Hüseynzadənin 90 illik yubileyi ilə əlaqədar çəkmişdik.  Həmin il Mehdinin 10 nəfərə yaxın sloven partizan yoldaşı ilə görüşdük. Artıq onların bir çoxu dünyalarını dəyişib. Onların hər birinin söhbətini kameranın yaddaşına köçürdük. Keçmiş partizanların söhbətləri Mehdi Hüseynzadənin əsl qəhrəman olduğunu təsdiqləyir. Mehdinin ən yaxın dostu, şəxsən onun dəfnində iştirak edən sloveniyalı Velikoniya ilə də görüşmək imkanı qazandıq. Cəbhə yoldaşı Çirilz Zupanasın Mehdi haqqında yazdığı, maraqlı xatirələrin əks olunduğu kitabı da əldə edə bildik. Bütün təşkilati məsələlərdə bizə yardımçı olduqlarına görə qəzetiniz vasitəsilə Avstriyadakı səfirliyimizin əməkdaşlarına təşəkkürümü bildirirəm. Filmin çəkilişlərini əsasən Avstriya, Sloveniya və İtaliyada apardıq. Sabiq partizanlar bizə "Uzaq sahillərdə" filmindən tanış olan Anjelikanın da sağ olduğunu söyləyəndə çox təəccübləndik.
- O zaman Anjelika ilə görüşə bildinizmi?
- Anjelika Mehdinin ən yaxın partizan silahdaşlarından biri olub. Onlar dəfələrlə uğurlu əməliyyatları birgə həyata keçiriblər. Çətin tapşırıqların yerinə yetirilməsinə birgə yollanıblar. Anjelika əslən sloveniyalıdır. Biz çox təkidlərdən sonra Anjelika xanımla görüşə bildik. Anjelika 1944-cü ildə Mehdi və partizan dostları ilə birlikdə çəkdirdiyi şəkli də bizə yadigar olaraq verdi. O zaman onun 84 yaşı var idi. O, bu yaşda da çox gözəl idi. Anjelika ilə bizim çəkiliş qrupu Mehdinin həlak olduğu yerdə görüşdü. Çox təsirli və yaddaqalan məqamlar idi. Anjelika "Mixaylo"nun məzarı önündə göz yaşlarını saxlaya bilmədi. Artıq o vaxtdan 10 il keçib. Yəqin o da dünyasını dəyişib.
- Sloveniyada "Mixaylo"nu xatırlayan varmı?
- Mehdini Sloveniyada hədsiz dərəcədə sevirlər. Onun qəhrəmanlığı yerli camaat tərəfindən əfsanələşib. Mehdi Hüseynzadə ilə yanaşı, Cavad Həkimli, Mirdamət Seyidov da əfsanəvi döyüşçülər kimi xatırlanır. Sloveniyalılar Mehdini sözün əsl mənasında əbədiləşdiriblər. Novoqoritsa şəhərinin girəcəyində və magistral yolun kənarında Mehdi Hüseynzadənin heykəli, həlak olduğu yerdə isə barelyefi qoyulub. Sloveniyada Azərbaycan adını eşidərkən hamı "Mixaylo"nu xatırlayır. Mehdi Hüseynzadə Azərbaycan xalqının oğlu, sloven xalqının isə qəhrəmanıdır.
- Araşdırmalar zamanı "Mixaylo"nun hansı şəraitdə həlak olmasını dəqiqləşdirə bildinizmi?
- Mehdi Hüseynzadə əməliyyatların birində qəhrəmancasına həlak olub. "Uzaq sahillərdə" filmindən tamaşaçıya tanış olan Mehdinin dostu Vasilinin əsl adı Sar olub. Mehdi onunla birgə əməliyyatdan qayıdarkən ikimərtəbəli evin çardağında gizlənirlər. Bu zaman xəbər gəlir ki, almanlar artıq Vitovli kəndinə hücum edib və onlar "Mixaylo"nun axtarışlarına başlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sar çardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən "Mixaylo" pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan "Mixaylo" kənddən çıxmağa müvəffəq olsa da, çoxlu qan itirdiyindən yoluna davam edə bilmir. "Mixaylo" dünyasını dəyişir. Almanlar nə qədər axtarsalar da, onun cəsədini tapa bilmirlər. Cəsur partizanın cəsədini 12 yaşlı bir qız Vitovli kəndindəki arxın kənarından tapır və "Mixaylo" nu orada dəfn edirlər. Həmin qızı da filmə çəkmişik. Üç gün sonra Cavad Həkimli "Mixaylo"nun cəsədini artıq burada saxlamağın mümkünsüzlüyünü və partizanlara almanların "Mixaylo"nun həlak olmasından xəbər tutduğunu deyir. Partizan dostları Mehdinin nəşini çıxarıb 30 kilometr kənarda yerləşən Çepovan kəndində Qardaşlıq qəbiristanlığında dəfn edirlər. Bu gün həmin qəbiristanlıqda birinci məzar Mehdi Hüseynzadənin məzarıdır. Mehdi 1944-cü il noyabrın 2-də qəhrəmancasına həlak olub. Onun qəbirüstü abidəsinin üzərinə  "Mehdi Mixaylo" sözləri həkk olunub.
- Mehdinin nəşinin Azərbaycana gətirilməsi nə dərəcədə realdır?
- Fikrimcə buna heç bir ehtiyac yoxdur. Avropada Azərbaycanın nə qədər nişanı olsa, bu, biz azərbaycanlılar üçün bir o qədər başucalığıdır. Mehdi Hüseynzadə onsuz da Azərbaycan xalqının igid oğludur. Qoy onun qəbri Sloveniyada qalsın. Orada olduğumuz bir həftə elə bil "Mixaylo" həftəsi idi. Bütün partizanlar, Vitovli, Çepovan qəsəbələri, Şenpas kəndi ayaq üstə idi. Biz ora gələndə bütün partizan yoldaşları iş-güclərini atıb "Mixaylo"nun abidəsinin ətrafına yığışmışdılar. Hər biri "Mixaylo"nu xatırlayır və onunla bağlı maraqlı xatirələrini danışırdılar. "Mixaylo" o insanların beyninə qəhrəman kimi həkk olunub. Biz orada "Mixaylo"nun rabitəçisi ilə də görüşdük. O zaman onun 90 yaşı var idi. Artıq o da dünyasını dəyişmiş olar. Bu gün slovenlər o torpaqda yaşadıqlarına  görə "Mixaylo"ya borcludurlar. Sloveniyada onu Mehdi Hüseynzadə kimi deyil, Mehdi Mixaylo kimi tanıyırlar. Sloveniyadan Mehdinin 9-a yaxın şeirini tapıb gətirmişəm. Mehdi Hüseynzadə "Qürbətzadə" ləqəbi ilə şeirlər yazıb. Bu insan təkcə döyüşçü yox,  həm  şair, həm də gözəl rəssam  olub.
- Sənədli filmdə hansı faktlar ilk dəfə təqdim olundu?
- Əvvəlcə onu qeyd edim ki, bizim filmimiz sırf arxiv sənədləri əsasında çəkilib. Yalnız filmin əvvəlində Mehdinin uşaqlıq illəri bədii xətt üzərində verilib. Çəkilişlərin bir hissəsi Novxanıda, Şüvəlanda baş tutdu. İtaliyada, Avstriyada, Sloveniyada çəkilişlər zamanı rast gəldiyimiz Avropa müqavimət hərəkatında iştirak edən 200 nəfərdən artıq azərbaycanlının məzarı da ilk dəfə bu filmdə təqdim olundu. Bundan başqa, filmdə əks olunan nadir şəkilləri Sloveniyadan Mehdinin cəbhə yoldaşlarından götürmüşdük. "Uzaq sahillərdə" filmi də çəkilməzdən əvvəl  rejissor Tofiq Tağızadə, operator Əlisəttar Atakişiyev Mehdinin vuruşduğu məkanlara getmişdi. Mehdinin adı ilə bağlı olan səhnələri görəndən sonra gəlib burada həmin dekorasiyaları yaratmışdılar. Biz isə tamaşaçıya orijinal, reallığı təqdim etdik. Biz orada Mehdinin partlatdığı kinoteatrı və kazino binasını da lentə aldıq. Bu kadrlar filmdə öz əksini tapır. Həmin binalar indi də qorunur. İtaliyanın Tries şəhərində Mixaylonun partlatdığı körpü də ilk dəfə lentə alınıb, tamaşaçılara təqdim olunub. Həmin şəhər o zaman Sloveniyanın  ərazisi olub. İndi isə şəhərin yarısı İtaliyanın, yarısı isə Sloveniyanın ərazisi sayılır.
- Mixaylo həm də legioner həyatı yaşayıb...
- Əldə etdiyimiz materiallardan belə məlum oldu ki,  Mehdi sonuncu məktubu Stalinqrad cəbhəsindən bacısına yazıb. O Stalinqrad uğrunda gedən döyüşlərin birində əsir düşüb. Onun əsir olarkən saxlandığı Avstriyanın Mauthauzen həbsxanasını da lentə aldıq. Həmin həbsxanada olarkən bizi vahimə basırdı. Bu həbs düşərgəsində insanlar diri-diri yandırılıb. Azərbaycanlı əsirlər həbsxanada olduğu müddətdə 160-cı alman diviziyasının komandiri polkovnik İsrafilbəy İsrafilbəyov olub. Həmin vaxt Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginski azərbaycanlı əsirlərlə görüşüblər. Onlar soydaşlarımızı ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparmağa səsləyiblər. Mehdi bir qrup azərbaycanlı əsirlə birgə bu təklifi qəbul edir. O, alman və italyan dillərini mükəmməl bildiyinə görə Düdənginskinin səyi nəticəsində Cavad Həkimli ilə birgə xüsusi məktəbdə təhsil alır.
- Mixaylonun sonrakı taleyində hansı hadisələr baş verir?
Xüsusi kurs keçən Mehdi 162-ci piyada diviziyasında kəşfiyyat idarəsinin rəisi təyin edilir. Həmin  vaxt faşist Almaniyasının rəhbəri Adolf Hitlerin Azərbaycana müstəqillik vermək fikri yox idi, yalnız 1945-ci il martın 27-də almanlar Azərbaycanın müstəqilliyini tanıyırlar. 1944-cü ildə Böyük Vətən müharibəsində artıq hərbi və siyasi vəziyyət dəyişir. Müharibədən 70 ildən artıq zaman keçməsinə  baxmayaraq hələ də o dövrlə bağlı qaranlıq məqamlar qalmaqdadır. Gələcəkdə araşdırılması tələb olunan faktlardan biri də alman ordusunda qulluq edən azərbaycanlıların bir qisminin partizanların tərəfinə keçməsidir. 1945-ci ildə Stalin tərəfindən Mehdi Hüseynzadəyə və ümumən bütün əsirlərə ölüm hökmü kəsilir, onlar haqqında axtarış elan olunur.  Moskva o zaman "Mixaylo"nun həlak olduğunu bilmirdi. Həmin dövrdə onunla birgə Sloveniyada vuruşan azərbaycanlıların hamısı həbsxanada idilər. Əsirlikdən gələnlərin hamısını həbs etmişdilər. Yalnız İtaliya partizanlarının rəhbəri Palmiro Tolyati və Yuqoslaviya Kommunust Partiyasının lideri Broz Tito SSRİ-nin rəhbəri Stalinlə görüşüb keçmiş partizanların fəaliyyətini yüksək dəyərləndirdikdən sonra keçmiş əsirlərə münasibət yavaş-yavaş dəyişməyə başlayır. O cümlədən Sovet rəhbərliyinə Mehdi Hüseynzadənin  qəhrəmanlıqları haqqında da məlumat  çatdırılır. Mehdi Hüseynzadənin işi araşdırıldıqdan sonra onun haqqında bütün sənədlər toplanır. 1958-ci ildə əfsanəvi "Mixaylo" ya Sovet İttifaqı Qəhrəmanı adı verilir.
- Hərb tarixi mövzusu xüsusilə, Böyük Vətən müharibəsi mövzusu sizin yaradıcılığınızda xüsusi yer alır...
- Hərb tariximizin Böyük Vətən müharibəsi dövrü məni həmişə maraqlandırıb. Onu da deyim ki, "Təxəllüsü Mixaylo" filmindən sonra "9-cu korpus", "Unudulmuş partizan" filmlərini çəkdik. Ümumilikdə Böyük Vətən müharibəsi mövzusunda 9 filmin rejissoru olmuşam. "Təxəllüsü Mixaylo" filmimiz 5-ci beynəlxalq kino festivalında mükafata layiq görüldü. Qələbənin 70 illiyi ilə əlaqədar olaraq Böyük Vətən müharibəsi mövzusunda kinomateqrofiyaya verdiyim töhfələrə görə mənə Rusiya Prezidentinin mükafatı təqdim olundu.
- "Təxəllüsü Mixaylo" sənədli filmi ekranlarda nə zaman nümayiş olundu?
- 2008-ci ilin noyabrında Azərbaycan kino ittifaqında filmin təqdimatı keçirildi. 2009-cu ilin fevralında isə film ilk dəfə ekranlarda nümayiş olundu. Bir neçə il öncə Müdafiə Nazirliyinin hərbi hissələrində də hazırladığımız müharibə mövzusundakı filmlər, o cümlədən  "Təxəllüsü Mixaylo" filmi də geniş nümayiş olundu. Bu filmlərə hərbçilərimiz böyük maraqla baxırdılar. Hərbi vətənpərvərlik təbliğatı baxımından belə filmlərin şəxsi heyətə vaxtaşırı nümayişi zəruridir. Filmlərdəki qəhrəmanlarımız olan ata-babalarımızın şanlı döyüş yolları, şərəfli ömürləri ordumuzun əsgər və zabitlərinə örnəkdir.

Müsahibəni apardı:
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"