Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2018 10:07

Minnətdarlıq və yaxud könül ziyarəti

Neçə müddətdi bir mətləb düşüncələrimi tərpətməkdədi: minnətdarlıq. İllərlə müxtəlif  vaxtlarda müxtəlif məqamlarda minnətdarlıq eşidəndə də, minnətdarlıq edəndə də xoş ovqat yaşamışıq. Belə xoş ovqatları yaşamaq da, yaşatmaq da həmin anları ömürləşdirməkdi. Minnətdarlıq bu qüdrətə malikdi. Hər ikisi, Musa Yaqub demişkən, dünyanın qara daşını göyərməyə qadir olan istəkdi, niyyətdi minnətdarlıq. Dədə Qorqud əyyamından bu yana belə istəyə, belə niyyətə muraz deyirlər. Hər birimiz bu murazın, niyyətin vətəndaşıyıq, hər birimiz Vətənləşən məhəbbətin vətəndaşıyıq. Muraz Vətənə bağlıdırsa, "mayəsi, qayəsi" (B.Vahabzadə) Vətəndirsə, daha möhtəşəm olur...
1992-ci ilin qışında Ağdam hospitalında bənzərsiz bir məqam yaşamışdıq. Xalq artisti Mələkxanım Əyyubovanın ifasında muğamlarımız, xalq havalarımız müalicə olunan  hərbi qulluqçularımıza məlhəmiydi elə bil. Heç kim təkəm-seyrək yağan qara məhəl qoymurdu. "Çahargah", "Osmanı",... uzaqlardan eşidilən atəş səslərini batırırdı. Bu ara ayağının birini itirmiş bir qazi meydana çıxmışdı. Bir qədər ərklə "Cəngi" çalınsın demişdi. Şərifin bir ayaqla rəqsi hamını riqqətləndirmişdi. Az sonra Mələkxanım Əyyubova da, Möhlət Müslümov da, Ədalət Vəzirov da Şərifi əhatələmişdi. Bu isti, bu səmimi münasibət minnətdarlığıydı. Bu minnətdarlıq keçmiş döyüşçüyə milli-xəlqi ruhun minnətdarlığıydı. Onda Şərif "Cıdır düzündə daha şövqlə rəqs edəcəyik..." demişdi. Bir daha əmin olmuşduq ki, xalq minnətdar olacağı hərbi qulluqçularla bir halayda birləşəcək.
2017-ci ilin mayında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş tədbirdə (Tovuz rayonu) 10-12 yaşlı uşağın çıxışını, şəhidlərə xitabən deyilən "Hər birimiz hər birimizə minnətdarıq" kəlmələrini unutmamışam, unutmaram. Bu kəlmələri "Sizin şəhidliyiniz dövlətçiliyimizin yaşaması deməkdir" - kimi qəbul etmişdim və bu minnətdarlığına görə məktəbliyə minnətdarlığımı bildirmişdim, əzizim kimi bağrıma basmışdım. Tarix mühafizəkardı, tarix heç nəyi unutmur. O məktəblinin düşüncələri də tarixin yaddaşından silinməyəcək. Onda tarix görmüşdü ki, xalq yaxşılıq etməyi də bacarır, bunu səmimiyyətlə dəyərləndirməyi də...
Azərbaycan həm də ona görə güclü, qüdrətli dövlətdir ki, onun Prezidenti Vətən naminə, dövlət, dövlətçilik naminə yaşayanların nə özünü unudur, nə sözünü, nə də Vətən borcunu necə yerinə yetirdiyini...
Tərtərin Çaylı kəndi Mübariz İbrahimovun qəhrəmanlığının ünvanı kimi tanındı.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yazdığı məktub da, məktubun mətni də hər birimizin  yaddaşındadı. Bu məktubu vətənsevərlik manifesti adlandırardım. Bu məktubun minlərlə çağırışçının hərbi xidmət andı olduğuna zərrəcə şübhəm yoxdu. O vaxtlar bir məktəblinin dedikləri indi də yaddaşımdadı: Biz əsgər olana qədər torpaqlarımız işğaldan azad ediləcək. Mübariz İbrahimovun qəhrəmanlığını göstərə bilməyəcəyik, ancaq Vətəni Mübariz İbrahimov kimi sevəcəyik...". Məktəblinin bu fikirlərini Mübariz İbrahimovun ruhuna minnətdarlıq bilmişdim. İllərdi belə eşidirik, illərlə belə eşidəcəyik...
Biləsuvar rayonunda Zəhmətabad-Bədilli-Xırmanlı-Əliabad avtomobil yolunun istifadəyə verilməsi tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı da tarixdi. Ölkə başçısının dedikləri minnətdarlıq idi: "...Bu gün bizim tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun  atası iştirak edir. Ona mən xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, onun ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıbdır. O bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq. Buna baxmayaraq canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı nəticəsində olmuşdur"...
Bu minnətdarlıq Ağakərim kişiyə, əliabadlılara, biləsuvarlılara minnətdarlıqdı.
Mübariz yazmışdı: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin"...
Bu, Azərbaycan hərbçisinin Vətən sevgisinin göstəricisi kimi əbədiyyən yaşayacaq, yaşadılacaq. Azərbaycan Respublikasının Prezidenti çıxışında bu məqamı da xatırladır: "...O bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq..." - qətiyyətini dövlət unutmur, unutmayacaq. Bu, Azərbaycan əsgərinin qəhrəmanlıq amalının davamıydı - Etibar İsmayılov özünü düşmən tankının altına atmışdı, Rasim İbrahimov əsir düşməmək üçün özünü qumbara ilə partlatmışdı, Qubadlının Qazançı kəndində leytenant Etibar Namazov və əsgərləri son nəfəsinədək döyüşmüşdü, Vəzir Orucov, Şirin Mirzəyev, Baloğlan Süleymanov,... yüzlərlə əsgərimiz, zabitimiz qəhrəmanlıqla şəhid olub. Mübariz İbrahimov onların amalının davamçısıydı, özünəməxsus qəhrəmanlıqla şəhid oldu. Ölkə başçısının Mübariz İbrahimovun atası Ağakərim kişiyə xüsusi minnətdarlığının çağırışçıların vətənsevərlik tərbiyəsində, xidmət edənlərin mənəvi-psixoloji hazırlığında olduqca təsirli olacağına əminik. Hamı bilir ki, Vətəni sevənlər, Vətən naminə şəhid olanlar unudulmur, unudulmayacaq. Azərbaycan həm də buna görə güclü, qüdrətli, bəşəri dövlətdi...
Hamımız qürurla deyirik ki, belə bir dövlətin vətəndaşı olmaq səadətdi. Bu səadəti dərk etmək, ömür payını bu səadətin işığında yaşamaq xoşbəxtlikdi...
Minnətdarıq. Türk şairi  demişkən, kimə, nəyə minnətdar olduğumuzu bilənlərə salam olsun. Bu salam da könül ziyarətidi...


Rəşid HÜSEYNOV, əməkdar jurnalist