Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2018 09:04

Şəxsi heyətin qida və əşya təminatında ciddi yeniliklər tətbiq olunur

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissələrində şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Göstərilən fəaliyyəti dəyərləndirmək, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin ölkəmizin qida təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirlər və bu istiqamətdə normativ-hüquqi aktların tələblərinə uyğun olaraq yeni inşa olunan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının açılışında iştirak etmək məqsədilə oktyabrın 10-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti adıçəkilən qurumda olub.
Görüşdə Müdafiə nazirinə məlumat verilib ki, ən müasir texniki avadanlıqlarla təchiz edilmiş laboratoriyada qida təhlükəsizliyinə nəzarət dövlət standartlarına, normativ texniki və digər rəhbəredici sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir. Laboratoriyada Azərbaycan Ordusunun şəxsi heyəti üçün tədarük edilən bitki, heyvan və qeyri-üzvi mənşəli ərzaq məsullarının müayinəsi aparılır. Xüsusi ayrılmış otaqlarda qida məhsullarının fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinəsi həyata keçirilir, ərzağın tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir.
Məruzə olunub ki, burada çalışan şəxsi heyətin normal fəaliyyəti və rahat istirahəti üçün də ərazidə şərait yaradılıb.
Sonra Müdafiə naziri Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarları ərazisində yeni inşa edilmiş saxlanclara da baxış keçirib. Qeyd edək ki, bu növ bazalar cəbhəboyu zonada da fəaliyyət göstərir və müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti üçün nəzərdə tutulmuş ərzaq və əşya əmlakının etalon nümunələrinə baxıb, burada nümayiş etdirilən məhsulların, eləcə də bütün növ geyim formalarının rahatlığı, keyfiyyəti və davamlığı ilə də maraqlanaraq müvafiq göstərişlər verib.
Müdafiə nazirinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasına səfərindən sonra burada həyata keçirilən işləri, yenilikləri öyrənmək məqsədilə adıçəkilən qurumda olduq. Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının rəisi mayor Anar Məmmədov bildirdi ki, qida təhlükəsizliyinə ciddi riayət olunması hərbi qulluqçularımızın sağlamlığı üçün zərərli olan bioloji, kimyəvi və fiziki təhlükəli amillərdən qorunmağa imkan verir. "Qidanın tərkibində təhlükəli maddələrin yaranması, sonradan yaranmaq və ya sonradan qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir. Laboratoriyamızda qida məhsullarının təhlükəlilik səviyyəsi onun tərkibində qalan təhlükəli faktorlarla ölçülür. Qeyd etmək istərdim ki, təhlükəli faktor üç qrupa bölünür - bioloji, kimyəvi və fiziki. Bioloji təhlükəli faktorlar qrupuna yoluxucu bakteriyalar, toksin ifraz edən orqanizmlər, parazitlər, viruslar və s. mikroorqanizmlər; kimyəvi təhlükəli faktorlar qrupuna təbii şəkildə yaranan toksinlər, qida əlavələri, pestisid qalıqları, baytarlıq preparatlarının qalıqları, ətraf mühit çirkləndiriciləri, kimyəvi çirkləndiricilər, allergenlər və s; fiziki təhlükəli faktorlar qrupuna isə metal qırıntıları, şüşə qırıntıları, istehsal prosesləri zamanı ərzaq məhsullarına düşmək ehtimalı olan əşyalar, daş, sümük qırıntıları və s. daxildir".
Zabit onu da qeyd etdi ki, qida məhsulunda təhlükəli faktorların yer alması ehtimalı istənilən mərhələdə yarana bilər. Onun sözlərinə görə, məhsul xammalın istehsalı, saxlanması, daşınması, emalı, qablaşdırılması, hazır məhsulun saxlanması və daşınması zamanı təhlükəli faktorların məhsulun tərkibinə düşmək ehtimalı istisna deyildir. 
- Əsas məqsədimiz şəxsi heyətin qidalanmasında olan bütün ərzaq növlərini dərindən yoxlamaqdır, - deyə zabit söhbətinə davam etdi. - Bütün bunları nəzərə alaraq yuxarı komandanlığın göstərişinə əsasən müasir tələblərə cavab verən, qabaqcıl ölkələrin istehsalı olan avadanlıqlarla təchiz edilən yeni laboratoriya tikilib. Laboratoriyamız 6 bölmədən ibarətdir. Qida məhsulları Mərkəzi Ərzaq Anbarına qəbul edilməzdən əvvəl mütəxəssislər tərəfindən onlardan lazımi nümunələr götürülürək, fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinə həyata keçirilir. Ərzaq ekspertiza bölməsində qida məhsullarının fiziki-kimyəvi müayinələri aparılır. Mütəxəssislərimiz tərəfindən məhsulların turşuluğu, yağlılığı, nəmliyi, ağır metalların və quru maddənin təyini aparılır. Bakterioloji bölməmizdə bütün ərzaq növlərinin bakterioloji və bakterioskopit müayinələri həyata keçirilir. Götürülmüş nümunələr əkilir, termostatda saxlanılır. Əldə etdiyimiz nəticələrdən sonra qida məhsulu haqqında rəy verilir. Radioloji və toksikoloji bölməmizdə isə məhsulların nitratı, pestisid qalıqları və radioktiv fon ölçülür. Növbəti serologiya bölməsində iri və xırda buynuzlu heyvanlardan qan və kal nümunələri götürülərək bakteriskopit müayinədən keçirilir. Bu proses heyvanlarda hər hansı bir xəstəliyin olmasını vaxtında aşkar etməyimiz üçün vacibdir. Xüsusi təmizləmə bölməmiz yardımçı təsərrüfatların və ərzaq saxlanılan obyektlərin, ərazilərin texniki və kimyəvi təmizlənməsini həyata keçirir. Müalicə-profilaktika bölməsində mütəxəssislərimiz kənd təsərrüfatı müəssisələrində iri və xırda buynuzlu heyvanların müayinəsi və müalicəsi ilə məşğuldur. Yeni tikilən laboratoriyamız bütün bu proseslərdə bizə geniş imkanlar verir. Əgər əvvəllər bir məhsulun keyfiyyəti bir neçə saata yoxlanılırdısa, indi həmin prosesə daha az vaxt sərf edirik. Bu da əsgərlərimizin sağlam mənşəli məhsullarla qidalanmasında böyük əhəmiyyət kəsb edir. Üzərimizə düşən vəzifələrin icrasında bir əsas məqsədimiz var: səngərdə mətinliklə duran əsgərlərimiz keyfiyyətli qidalarla təmin olunaraq sağlam və cəsur olsunlar. Axı onların da qarşısında çox mühüm və müqəddəs vəzifə dayanır - işğal edilmiş torpaqlarımızı düşmən tapdağından azad etmək!
Növbəti həmsöhbətimiz Mərkəzi Əşya Bazasının rəisi polkovnik-leytenant Şaiq Abbasov bildirdi ki, bazada müqavilələrə əsasən müəssisələrdən daxil olan əşya əmlaklarının keyfiyyəti, əvvəlcədən təyin olunmuş ölçülərə uyğun olaraq miqdarı və etalon nümunələrə uyğunluğu yoxlanılır, çeşidlərinə görə saxlanclarda yerləşdirilərək qorunub saxlanılır.
- Son illərdə Mərkəzi Əşya Bazasında əsaslı təmir-tikinti və yenidənqurma işləri mərhələli şəkildə planlaşdırılaraq həyata keçirilir, - zabit dedi. - 2014-cü və 2016-cı illərdə 2 bina yenidən tikilib, 2018-ci ildə isə 3 bina əsaslı təmir olunub. Ümumilikdə 6 saxlanc yenidən qurularaq əşya-əmlakların səliqəli və çeşidlərlə saxlanılması üçün hazır vəziyyətə gətirilib. Qeyd edim ki, əvvəl saxlanc binaları əşya-əmlakların mövcud  tələblərə uyğun saxlanılması üçün əlverişli deyildi. Bu isə qarşıya qoyulan vəzifələrin tam məsuliyyəti ilə icra edilməsinə maneçilik yaradırdı. Yeni inşa olunan saxlanc binaları isə müasir tələblərə tam cavab verir. Müəssisələr tərəfindən gətirilən əmlaklar ilk növbədə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin tabeliyində olan əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyasında yoxlanılır və yalnız müsbət rəylər alındıqdan sonra müvafiq qaydada Mərkəzi Əşya Bazasının tabeliyində fəaliyyət göstərən əşya əmlakının qəbulu bölməsinin nəzarəti altında saxlanclarda yerləşdirilir. Müayinə və keyfiyyətə nəzarət laboratoriyası yeni qurğu və avadanlıqlarla təchiz edilib.
Polkovnik-leytenant Şaiq Abbasov onu da bildirdi ki, Mərkəzi Əşya Bazası Müdafiə nazirinin müvafiq qərarını rəhbər tutaraq il ərzində 4 dəfədən az olmayaraq qoşun növlərini müxtəlif nəqliyyat vasitələri ilə əşya-əmlaklarla təmin edir. Şəxsi heyətin mütəmadi olaraq mövsümə uyğun əşya təminatı daim nəzarətdə saxlanılır. Qarşıda duran əsas vəzifələrdən biri sərt iqlimli, yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin təminatını həyata keçirməkdən ibarətdir. Ümumiyyətlə, ön xətt hərbi hissələrini zəruri olan əmlaklarla təmin etmək ən vacib vəzifələrimizdən biridir.
Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası, Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarları ərazisində yeni inşa edilmiş saxlanclarla tanış olduqdan sonra bir daha əmin oluruq ki, ordu sıralarında xidmət edən şəxsi heyətin təminatı tam ödənilir. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində apardığı uğurlu siyasətin bəhrəsini xalqımız aprel döyüşləri və Günnüt zəfərində qələbəmizlə dərindən hiss etdi. İnanırıq ki, bu siyasət ən qısa zamanda ərazi bütövlüyümüzün bərpası ilə nəticələnəcək, yurd-yuvalarından didərgin düşən həmyerlilərimiz öz doğma el-obalarına qayıdacaq, Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə və bütün işğaldan azad ediləcək ərazilərimizdə dalğalanacaqdır.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"