Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Oktyabr 2018 11:28

Xalq şairi Məmməd Araz: Vətən əsgəri adını şərəflə daşımaq hər igid əsgərin ən ülvi arzusu olmalıdır

Tarixi faktlar göstərir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə soy-kökə və tarixə dönüş, milli ədəbiyyatın və mədəniyyətin dövlət səviyyəsində himayə olunması xalqın maraqlarına köklənmiş söz sənətinin meydanını daha da genişləndirmişdir. Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsmayıl Şıxlı  və digər vətəndaş yazarların səmərəli fəaliyyəti Azərbaycan cəmiyyətində milli ədəbi-ictimai fikrin inkişafına güclü təkan vermiş, Azərbaycan ədəbiyyatında milli ruh və vətəndaşlıq mövqeyini gücləndirmişdir. Ədəbiyyatda başlanan və qüvvətlənən ümummilli ideyalar Azərbaycanda dövlət müstəqilliyinin bərpası ilə məqsədinə çatmışdır. Ədəbi prosesdə meydana çıxmış ciddi keyfiyyət dəyişikliyi ədəbi sözün missiyasını dəyişdirmiş, xalqın, insanın, gerçəkliyin əks etdirilməsində yeni münasibət, fərqli bədii düşüncə tərzi formalaşdırmağa başlamışdır. Ədəbiyyatda ana dili uğrunda mübarizə nəticə etibarı ilə ana Vətənin istiqlalı ideyasını əks etdirmişdir. 90-cı illərin əvvəllərində xalq şairi Məmməd Arazın "Qalx ayağa, Azərbaycan!" şeiri milli azadlıq himni kimi səslənmişdir.

Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Azərbaycanımızın ölməz xalq şairi Məmməd Arazın həyatı və yaradıcılıq yolu ilə yaxından tanış olduqca görürük ki, Məmməd Araz poeziyasının mayası vətənpərvərliklə yoğrulmuşdur.
"Vətən mənə oğul desə!" şeirindəki misralar öz Vətəninin layiqli övladı olmaq istəyən hər bir azərbaycanlının, Azərbaycan gəncinin ürək sözləridir.

Vətən mənə oğul desə, nə dərdim!
Mamır olub qayasında bitərdim.

Məmməd Arazın yaradıcılığı mərdanə bir poeziya kimi formalaşmışdır. Çünki Məmməd Arazı əhatə edən ana təbiətin saf və təmizliyi, ata ocağındakı halallıq  şairin formalaşmasında mühüm rol oynamışdır. Bədii yaradıcılığındakı səmimiyyət və kövrəkliyin əsas mənbəyi uşaq yaşlarında şifahi xalq yaradıcılığındakı zəngin nümunələrlə daha çox maraqlanması olmuşdur.
Zəngin qəhrəmanlıq nəğmələrimiz, dastanlarımız şairi Vətəninin əsl vətəndaşı kimi yetişdirmişdir.
Ölməz şair Məmməd Araz yaradıcılığında Qarabağa həsr olunmuş məqalələr və şeirlər Qarabağ simfoniyası kimi qəlblərə hopur. Qarabağa dəfələrlə səfər etmiş, hər dəfə gəldikdə isə "sanıram ki, bura ilk dəfə gəlirəm", - söyləmişdir. Ahıl vaxtlarında, səhhətinin o qədər də əlverişli olmadığı zamanlarda belə Qarabağ döyüşlərində iştirak edən əsgərlərimizlə dəfələrlə görüşmüş, erməni işğalçılarına qarşı mübarizədən bəhs edən şeirləri ilə Vətən oğullarına mənəvi dayaq olmuşdur.
XX əsrin başdan-başa fərqli ideoloji sistemlərində yaşayıb-yaratmasına baxmayaraq, böyük şair Məmməd Araz ədəbiyyatda və ictimai həyatda həmişə azərbaycançılıq mövqeyinin müdafiəçisi olmuşdur. Şairin vətəndaşlıq poeziyası indiki müstəqillik mərhələsində də millət və milli dövlət yolunda döyüş səngərindədir. Dahi şairin şeirlərini oxuyan istənilən gəncin vətənpərvərlik ruhu yüksəlir və qələbəyə, o cümlədən torpaqlarımızın azad olunmasına inamı artır.
Yaxşı xatırlayırıq, ölməz şairimiz bir neçə gün Murovdağ bölgəsinə səfər edərək soyuq səngərlərdə Vətənimizi qoruyan oğullarla görüşmüşdü. Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin təşkilatçılığı ilə həyata keçirilən bu səfər şairin yaddaşında dərin iz buraxır. Əsgərlərlə səmimi söhbət edən şair sonradan öz təəssüratlarında qeyd etmişdi ki, mən bu səfərdən bir əsgər əzmkarlığı ilə ayrıldım və burada xidmət edən hər kəsi bir qəhrəman sandım.
Əsgər nə istəyir? -
Bir təzə nəğmə
Nəğməsiz darıxır əsgər tüfəngi.
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir.


"Əsgər məktubu" şeirindən götürülmüş bu bənd bugünkü əsgərin tərcümeyi-halının əsas hissəsidir. Danılmaz bir faktdır ki, Xalq şairi Məmməd Arazın əksər lirik şeirlərinin ana xəttini vətənpərvərlik, qəhrəmanlıq motivləri təşkil edir.
Əsgər oğullarımızın vətənpərvərliyi, igidliyi, doğma yurdun müdafiəsinə qalxmağa hər an hazır olmaları şairin yaradıcılığında qüvvətli əks-səda doğurmuş, qəhrəmanlıq himni kimi səslənən əsərlərin yaranmasına səbəb olmuşdur.

Əsgər məktubunda torpaq göyərir,
Meşələr uzanır üfüqlərəcən.
Əsgər məktubunda bir dağ göyərir.
Ətək də Vətəndir, zirvə də Vətən.
"Əsgər məktubu" şeirində şair təkcə ürəyinin səsini deyil, gənc əsgərin munis duyğularını, hiss və düşüncələrini də misralara köçürmüşdür. Çox təravətli və gözəl bir şeir olan "Əsgər məktubu" bir nəfəsə oxunur.

Bir nəğmə əsgərin dodaqlarında,
Sərhəd küləyinə həmsöhbət olar.
Bir nəğmə əsgərin barmaqlarında,
Tətiyə söykənən cəsarət olar.

Əsgərlərimiz yurdumuza, yurdumuz isə əsgərlərimizə söykənmişdir. Yurda söykəli olan əsgər nə edir? Əsgər babaların məzarını, ataların vüqarını, körpələrin yuxusunu qoruyur. Odlar yurdu olan yurdunun odunu, "Vətən ölməz", "Hünər ölməz" nidasını qoruyur. Əsgərlərimiz son qələbə həddinəcən geri dönməyəcəklər. Yurdumuz yağıları süpürüb atmayınca əsgərin nəfəsi od püskürəcək.


Nakamların qəbri: Məşəl!
Qaliblərin qəlbi: Məşəl!
Məşəl! Məşəl!
Şah dağından qəlbi məşəl!...
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllimləri olaraq həm Ana dili, həm də ədəbiyyat dərslərində yaradıcılığı başdan-başa bir salnamə olan Məmməd Arazın vətənpərvərlik ruhlu şeirlərindən tez-tez nümunə kimi istifadə edirik.
Bu nümunələr gələcəyin zabitlərini gələcəyə kökləyir, Ana Vətəni göz bəbəyi kimi qorumağa səsləyir.
Unudulmaz şairimiz Məmməd Arazın anadan olmasının 85 ili bu günlərdə tamam olur. Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü Nizaməddin Şəmsizadənin təbirincə desək, "Tarix bizdən uzaqlaşdıqca, o bizə daha yaxınlaşacaq, daha əzəmətli görünəcək...". Öz növbəmizdə biz müəllimlər də böyük ədibi qürurla anmaqla onun qüdrətli yaradıcılıq yoluna bir daha nəzər salacaq, zəngin irsindən öyrənməyə çalışacağıq.

 

 

Peykər HƏBİBOVA

C.Naxçıvanski adına Hərbi Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi