100 ildən artıqdır ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər hazırda da davam etdirilir.
"1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamında qeyd edilir ki, erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır. Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüf ki, bu işləri ölkəmizin bütün ərazilərində aparmaq mümkün deyil. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.
Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir.
Dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası da bu gün işğal altındadır. 1968-ci ildə həmin mağarada Məmmədəli Hüseynovun rəhbərliyi altında keçirilən arxeoloji qazıntılar zamanı "preneandertalise" məxsus olan aşağı çənənin fraqmenti tapılmış, bununla da dünya arxeoloji tarixinə unikal və əhəmiyyətli eksponat kimi daxil olmuşdur. Bu gün isə işğal altında olan Azıx mağarasında ermənilər tərəfindən bütün beynəlxalq hüququn norma va prinsiplərinə zidd olaraq arxeoloji qazıntılar həyata keçirilməkdədir. Həmin qazıntılarda beynəlxalq ekspertlər də iştirak edirlər.
İşğalçılar genişmiqyaslı arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar.
Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır.
Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınmışdır.
Şuşanın işğal edilməsi nəticəsinda 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni BüIbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Navabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir.
Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli və Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltaraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur. Şuşa, Laçın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltaraşlarının əsərlərindən ibarət fondları da dağıdılmışdır.
Erməni təcavüzkarları Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşud Banu Natavanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün mənəviyyat normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir.
Şuşa şəhəri ətrafındakı bürünc dövrünə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparmaqla beynəlxalq hüquq normalarına saymazyana münasibət nümayiş etdirilir. Ermənilər zəbt olunmuş Azərbaycan ərazilərində soydaşlarımızın məzarlarını, mərmər daşları, qəbirüstü abidələri qarət edirlər. İşğal zonasındakı meşələr talan olunur. Təbiətin incisi sayılan çinarlıqlar məhv edilir, bu ağaclar kütləvi şəkildə doğranıb aparılır.
Beləliklə, Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.
Bu dəhşətli faktları nəzərə alaraq, mədəni hüquqların və bütövlükdə mədəni irsin qorunması ölkəmizdə xüsusi əhəmiyyət kəsb edən sahələrdəndir. Belə ki, Azərbaycan Respublikası 1954-cü ildə Haaqa Konvensiyasına Birinci Protokola 1993-cü ildə və 2000-ci ildə İkinci Protokola qoşulub. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Eyni zamanda, konvensiyanın iştirakçıları özlərinin qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərini pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin.
Milli qanunvericiliyə gəldikdə isə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların vəzifələrinin sırasında tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı müddəaların olması, "Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur" ifadəsinin öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, xalqın milli sərvəti olan tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətlərin tənzimlənməsi hər bir dövlətin, o cümlədən beynəlxalq təşkilatların diqqət mərkəzində olan məsələlərdəndir.
Təsadüfi deyildir ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir. 16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, 14 may 1954-cü il tarixli "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası, 19 dekabr 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir.
Azərbaycan Respublikası müstəqil dövlət olaraq bir sıra beynəlxalq müqavilələrə, o cümlədən adları çəkilən konvensiyalara qoşulmuş, öz milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşdırmışdır. 10 aprel 1998-ci il tarixdə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Bu qanun tarix və mədəniyyət abidələrinin mühafizəsi, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.
Ermənistan Respublikasının Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmır, Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurur.
Ermənistanın silahlı təcavüzü və 20 faiz Azərbaycan ərazisinin işğalı nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, güllə və qəlpə yaraları nəticəsində müxtəlif dərəcəli əlilə çevrilmiş və şikəst olmuşdur. Bununla yanaşı, təcavüz nəticəsində yüz minlərlə vətəndaş doğma yurdundan didərgin düşərək öz hüquq və azadlıqlarından məhrum edilmiş, məcburi köçkün halına düşmüş, ölkədə fövqəladə humanitar vəziyyət yaranmış, minlərlə azərbaycanlı indiyədək hələ də itkin düşmüş hesab edilir. Təcavüzün nəticələri heç bir Azərbaycan ailəsindən təsirsiz ötüşməmiş, demək olar ki, hər bir Azərbaycan ailəsinin üzvü Dağlıq Qarabağ müharibəsinin qurbanına çevrilmişdir. Belə bir şəraitdə, ölkədə yaranmış psixoloji və mənəvi durumu hər hansı bir meyar ilə qiymətləndirmək qeyri-mümkündür.
1988-ci ildən bəri Ermənistanın silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən soyqırımları, cinayətlər və deportasiyalar ilə bağlı Respublika Prokurorluğunda 3 istiqamətdə istintaq aparılır:
1. Xocalı, Meşəli, Qaradağlı və s. yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilmiş cinayət əməlləri araşdırılır.
2. Ermənilər tərəfindən nəqliyyat vasitələrində, metrolarda və müxtəlif yerlərdə törədilmiş terror aktları ilə bağlı cinayət əməlləri araşdırılır.
3. Əsir və girov götürülmüş insanlara qarşı törədilmiş cinayətlər araşdırılır.
Bu günə qədər sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətmiş şəxslərdən Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanis-Ayrım soyqırımı üzrə 12, Meşəli soyqırımı üzrə 9, Kərkicahan soyqırımı üzrə 47, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3 nəfər, ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və digər cinayətlər törətmiş 133 nəfər, ümumilikdə isə 296 şəxsin Azərbaycan cinayət məcəlləsinin 103-cü (soyqırımı), 107-ci (deportasiya), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normaları pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirilmiş və onlar barəsində təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmələrinə dair qərarlar qəbul edilmişdir. Onlar barəsində həbs qəti imkan tədbiri seçilmiş, axtarışların təmin edilməsindən ötrü müvafiq sənədlər interpolun Azərbaycan milli bürosuna və Daxili İşlər nazirinə təqdim edilmişdir.
Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilmiş, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilmiş, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İşçi Qrupunun 2014-cü ilin əvvəlindən başladığı fəaliyyətin nəticəsi olaraq hazırlanan hesabat ermənilərin işğal etdiyi ərazilərimizdə ölkəmizə dəyən maddi-mənəvi ziyanın dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara çatdırılması üçün sübutdur. Hesabatda ətraf mühit, təbii sərvətlər, onların qiymətləndirilməsi üsulları, beynəlxalq hüquqda vurulmuş zərərlərin ödənilməsinin hüquqi şərtləri, zərər və itkilərin qiymətləndirilməsinin metodoloji əsasları haqqında aparılan araşdırmalar dəyən zərərin obyektiv, elmi əsaslarla qiymətləndirilməsinə dəlalət edir. Altı əsas sahə - faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxardılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoloji zərərlər qiymətləndirilmiş, 22 illik işğal dövrünü əhatə etməklə ümumilikdə Azərbaycana dəyən ziyan 285 milyard dollar çərçivəsində qiymətləndirilmişdir.
Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev demişdir: Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir.
Ermənistanın silahlı tacavüzü və işğalı nəticəsində Azərbaycana külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Bu zərərin miqdarının dəqiqləşdirilməsi və onun ödənilməsi probleminin həll edilməsi bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin mühüm aspektlərindən biridir.
Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.
Qeyd edilməlidir ki, müasir beynəlxalq hüquqda zərərin ödənilməsinin müəyyən formaları mövcuddur. Bu formalar bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsini, digər tərəfdən isə belə ödəmənin həyata keçirilməsi üsullarını əks etdirir. Bu məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsində göstərilmişdir. Sənədin 28-ci maddəsində qeyd edilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnamənin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir. Sənədin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, "beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər".
Bu müddəa, eyni zamanda, BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı "Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar" adlı qətnamə ilə bir daha təsdiq olunmuşdur. Bu qətnamənin "Vurulmuş zərərin ödənilməsi" adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın hüquqazidd əməli nəticəsində Azərbaycana vurulmuş zərərin restitusiya formasında ödənilməsi bütün işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması, əsirlikdə saxlanılan azərbaycanlıların azad edilməsi, onların insan hüquqlarından istifadə edə bilməsi, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıda bilməsi, əmlakının qaytarılması və s. deməkdir. Bundan əlavə, restitusiya Ermənistan tərəfinin Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi ilə bağlı Ali Sovetin qəbul etdiyi qərarın, Ermənistanın dövlət müstəqilliyi aktında Dağlıq Qarabağın bu dövlətin ərazisi elan edilməsi və digər qanunsuz qəbul edilmiş bütün normativ aktlarının ləğv edilməsini də özündə ehtiva edir. Eyni zamanda, işğal edilmiş Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfi ilə bağlanmış müqavilələr əsasında xarici şirkətlərin təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına qadağan qoyulması restitusiya çərçivəsində həyata keçirilən tədbirlərdən olmalıdır.
Kompensasiya beynəlxalq hüquqazidd əməl nəticəsində vurulmuş zərərin maliyyə şəkildə ödənilmə formasıdır. BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinə əlavənin 36-cı maddəsinə əsasən, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə kompensasiya yolu ilə ödəməyə borcludur. Kompensasiya əldən verilmiş gəlir də daxil olmaqla, belə zərərin ödənilməsinə yönəlib. Beləliklə, kompensasiya vurulmuş zərərin restitusiya ilə ödənilmədiyi halda tətbiq edilə bilər. Kompensasiya maliyyə baxımından qiymətləndirilə bilən hər bir zərəri, o cümlədən müəyyən edilə bilən əldən verilmiş mənfəət də daxil olmaqla, ödəmə formasıdır. O, vurulmuş zərərə görə tam ödəməni təmin etməyə yönəlməlidir və beynəlxalq praktikada zərərin ən çox rast gəlinən ödənilmə formasıdır. Bu müddəa müəyyən edir ki, kompensasiyanın miqdarı əmlaka zərərin vurulduğu vaxtdakı dəyəri deyil, onun kompensasiya ödənilməsi vaxtında olan qiyməti miqdarında ödənilməlidir.
Beləliklə, Azərbaycana vurulmuş maddi və mənəvi zərərin ödənilməsi problemi Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılmasının və bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin vacib aspektlərindən biridir.
Azərbaycan ərazisinin 20 faizinin işğal altında olmasına, bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkün statusunda qalmasına baxmayaraq, Azərbaycan dövləti iradə nümayiş etdirərək münaqişəni humanizm prinsipləri və beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çalışır. BMT Baş Assambleyasının 49-cu sessiyasında 29 sentyabr 1994-cü il tarixdə çıxış edərkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Azərbaycan Respublikasının mövqeyi həmişə əməli mövqe olmuşdur və sülhsevər xarakter daşıyır. Bizə vurulmuş ziyanlara baxmayaraq, biz beynəlxalq hüquq, ədalət və humanizm əsasında erməni tərəfinə sülh təklif edirik".
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət təcavüzkar Ermənistanı bir daha işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət edir. Lakin beynəlxalq təşkilatlar qarşısında bu proses daim təcavüzkar Ermənistan tərəfindən pozulur ki, bu da işğalçı dövlət kimi Ermənistanın qeyri-konstruktiv siyasətinə və hələ də beynəlxalq hüquqa heç bir məhəl qoymayaraq bu siyasətini davam etdirməsinə tam dəlalət edir. Prezident İlham Əliyev 17 oktyabr 2016-cı il tarixdə "Sputnik" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində xüsusi olaraq vurğulamışdır: "Əgər tarixi götürsək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həmişə belə olub. Biz erməni əhalinin İrandan, Şərqi Anadoludan bu torpaqlara kütləvi şəkildə köçürülməsinin tarixini bilirik. Bütün tarix, bütün toponimlər, o cümlədən Qarabağ sözünün özü də Azərbaycan mənşəlidir... Azərbaycanlıları əvvəlcə Dağlıq Qarabağdan qovdular. Sonra Azərbaycanın Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonunu işğal etdilər, həmin rayonlarda yalnız azərbaycanlı əhali yaşayırdı, orada hər şey dağıdıldı. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərdi, onların hesabatı lap dəhşətlidir: orada bircə bina da salamat qalmayıb, qəbiristanlıqlar, məscidlər hamısı yerlə-yeksan edilib... BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb edilir. Lakin 20 ildən çoxdur ki, bu qətnamələr icra edilmir... Münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur.... Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir .... Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz...”
2016-cı il aprelin əvvəllərində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla həlak olan şəhidlərimizin anaları ilə aprelin 7-də görüşü zamanı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva demişdir: "Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir. Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz sadəcə öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir.... Mən əminəm ki, ədalət bərpa olunacaq. Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar".
Polkovnik Telman ŞAHBAZOV
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun rəisi