Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2018 10:11

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktları.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, hərbi qanunvericilik və dövlət təhlükəsizliyi ilə əlaqədar qanunvericilik aktlarından istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Azərbaycan Respublikasının hərbi quruculuq və dövlət təhlükəsizliyi  ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları.
2. Hərbi qulluqçuların hüquq və vəzifələri.

Azərbaycan Respublikasının hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə siyasi hakimiyyətin böhranlı hala düşməsi və müttəfiq respublikalarda milli-azadlıq hərəkatının genişlənməsi Azərbaycanda Müdafiə Nazirliyinin bərpası üçün real imkanlar açdı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti "Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qərar qəbul etdi. Həmin qərarın əsasında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 1991-ci il tarixli fərmanına əsasən Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlandı. 1991-ci il oktyabr ayının 9-da isə Respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun qəbul edildi. Bu qanun ölkəmizdə hərbi quruculuq prosesinin ilk qanunu idi.
1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Əsas Qanunu - Konstitusiyasında da Silahlı Qüvvələrlə və Vətəni müdafiə ilə bağlı maddələr öz əksini tapdı. Belə ki, 9-cu maddədə Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaratdığı, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu qeyd edilir.
Azərbaycan Respublikası Milli Məclisinin 10 iyun 1992-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanun ən mühüm qanunvericilik sənədlərindən biri oldu. Bu qanunla Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın, əsgəri vəzifənin əsasları, gənclərin hərbi xidmətə hazırlıq qaydaları, hərbi xidmətə çağırışın qaydaları və şərtləri, hərbi vəzifəlilərin və hərbi çağırışçıların hərbi uçot qaydaları, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsasları, həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadrlar hazırlamaq və Silahlı Qüvvələrin daimi döyüş və səfərbərlik hazırlığını saxlamaq məsələləri təsbit edilir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun yaradılmış digər qoşun birləşmələrində hərbi xidmət keçilməsinin qaydasını müəyyən edən "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunu 1992-ci il noyabrın 3-də Milli Məclis tərəfindən qəbul olundu. Həmin qanuna görə, hərbi qulluqçular və hərbi vəzifəli şəxslər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür.
Qanunda həqiqi hərbi xidmətin müddəti ali təhsili olan hərbi qulluqçular üçün 1 il,   əsgər və çavuşlar üçün 1 il 6 ay müəyyən edilir.
1993-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisi tərəfindən "Müdafiə haqqında" qanun qəbul edildi. Sənəddə Azərbaycan Respublikasının müdafiəsi dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və əhalinin təcavüzdən qorunmasının təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən siyasi, iqtisadi, hüquqi, hərbi və sosial tədbirlər sistemi kimi göstərilir. Eyni zamanda, qanunda dövlət orqanlarının müdafiə sahəsində səlahiyyətləri müəyyən olunur.
Bu qanunda Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin Ali Baş Komandanı olduğu təsbit edilib. Ali Baş Komandan Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində müvafiq orqanların müdafiə sahəsində səlahiyyətlərini, təşkilini və fəaliyyət qaydasını müəyyənləşdirir və onların fəaliyyətinə rəhbərlik edir.
"Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının qanunu 1994-cü il yanvarın 6-da Milli Məclis tərəfindən qəbul olundu. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, digər qanunlarına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyətin tətbiq edilməsinin əsaslarını, qaydalarını və hüquqi nəticələrini müəyyənləşdirir.
Hərbi vəziyyət Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərmanla tətbiq edilir. Prezident hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərmanı dərhal Azərbaycan Respublikası Milli Məclisinə təqdim edir və Milli Məclis 24 saat ərzində bu məsələyə dair qərar qəbul edir.
Müharibə vəziyyətinin elan olunması, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsinin olması, xarici dövlətin və ya dövlətlərin Azərbaycan Respublikasına müharibə elan etməsi, ölkə ərazisinin müəyyən hissəsinin faktiki işğalı Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyətin tətbiq edilməsi üçün əsas ola bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 may 2007-ci il  müvafiq sərəncamı ilə "Azərbaycan Resbublikasının milli təhlükəsizlik konsepsiyası" təsdiq olundu. Konsepsiyaya əsasən, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti deyildikdə, onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusu başa düşülür.
Bu konsepsiyasının həyata vəsiqə qazanması ölkənin Hərbi doktrinasının, xarici siyasət strategiyası, mədəniyyət, elm, təhsil, səhiyyə və nəqliyyat strategiyaları da daxil olmaqla, dövlət fəaliyyətinin müxtəlif sahələri ilə bağlı daha müfəssəl sənədlərin hazırlanmasını da  zərurətə çevirdi. 
Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 2010-cu il tarixli Qərarı ilə "Azərbaycan Respublikasının Hərbi doktrinası" təsdiq edildi.
Bu mühüm sənədin hüquqi bazasını Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları, Milli təhlükəsizlik konsepsiyası, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
Hərbi doktrina ərazilərimizin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması faktını Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təhdid kimi xarakterizə edir. Doktrinada  Azərbaycan Respublikasının müdafiə siyasətinin beynəlxalq hüququn norma və prinsipləri əsasında  formalaşdığı xüsusi qeyd olunur. Ermənistan Respublikasına və işğal etdiyi Azərbaycan ərazilərində qurduğu separatçı rejimə hər hansı siyasi, hərbi, iqtisadi və digər dəstək Azərbaycan Respublikasına qarşı əməl kimi qiymətləndirilir.
Doktrinada Silahlı Qüvvələrin quruculuğu sahəsində əsas prinsiplər də öz əksini tapıbdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi xüsusi qeyd olunub.
Ordunun daim döyüşə və səfərbərliyə hazır vəziyyətdə saxlanılması, struktur, döyüş heyətinin, say tərkibinin, texniki təchizatın və səfərbərlik resurslarının səmərəli yetərliyə uyğun olması, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrin strukturlarında qulluq edən mülki şəxslərin hüquq və azadlıqlarının təminatı, o cümlədən hərbi qulluqçuların ictimai-siyasi təşkilatların fəaliyyətində iştirakının yolverilməzliyi və s. Hərbi doktrinanın mühüm prinsiplərindəndir.

Hərbi qulluqçuların hüquq və vəzifələri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli sərəncamı ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq edildi. Bu Qanun Azərbaycan Resrublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir.
Hərbi qanunvericilik, şübhəsiz ki, həm də vacib tərbiyəedici rola malikdir. Normativ aktlarda hərbi quruculuğun ideya və prinsiplərinin əks olunması, bu normaların həyata keçirilməsinin təmin edilməsi hərbi qulluqçuların dünyagörüşünə, şüuruna və davranışına təsir göstərir, dövlətin müdafiə qüdrətinin gücləndirilməsində, hərbi hissə və gəmilərdə hüquq qaydalarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, hərbi qulluqçuların öz hüquq və vəzifələrini bilməsi, Azərbaycan hərbi qanunvericiliyinin müəyyən etdiyi qaydada xidmət etməsi, təminatlardan yararlanması üçün şərait yaradır. Bu baxımdan 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən qəbul edilmiş "Hərbi qulluqçuların statusu haqqında" qanun xüsusilə diqqəti cəlb edir. Hərbi qulluqçular bu qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar.
Qanuna əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının tələblərini rəhbər tuturlar və siyasi məqsədlər güdən siyasi partiyaların və kütləvi ictimai hərəkatların üzvü ola bilməzlər. Dövlət sirrini açmamaq şərtilə, hərbi qulluqçuların söz və mətbuat azadlığına, əqidə azadlığına, öz əqidəsini sərbəst ifadə etməsinə təminat verilir.
Hərbi qanunvericiliyə uyğun olaraq, hərbi qulluqçular Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağa, Hərbi and içməyə, Azərbaycan qanunlarına əməl etməyə, komandir və rəislərin əmrlərini qeyd-şərtsiz yerinə yetirməyə  borcludurlar.
Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçu, eyni zamanda seçkili dövlət orqanlarına seçmək və seçilmək, şəxsiyyət toxunulmazlığı, əmək, pul və maddi təminat, istirahət, təhsil, təklif, ərizə və şikayət hüquqlarına malikdir. Eyni zamanda, hərbi qulluqçuların mənzillə təmin olunmaq, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, ailələrinin sosial müdafiəsi, pensiya təminatı hüquqları vardır. Qanunla hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilir.
Hərbi qulluqçuların hüquq və vəzifələri eyni zamanda Silahlı Qüvvələrin nizamnamələrində öz əksini tapmışdır. Silahlı Qüvvələrin İntizam, Daxili Xidmət, Qarnizon və Qarovul Xidmətləri, Sıra nizamnamələri hərbi hissə və bölmələrdə hərbi intizamın yüksək səviyyədə saxlanılmasını təmin edir, hərbi qulluqçuların ümumi vəzifələrini, onların arasındakı qarşılıqlı münasibətləri, əsas vəzifəli şəxslərin xidmət vəzifələrini müəyyənləşdirir, qarovul və qarnizon xidmətlərinin təşkili və həyata keçirilməsi qaydalarını göstərir, sıra təliminin hərbi qulluqçuların qarşısında qoyduğu tələbləri, habelə döyüş meydanında yerdəyişmə üsullarını bildirir.
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələrinin qorunması, Azərbaycanın milli maraqlarına cavab verən addımların atılması, ölkənin istər beynəlxalq, istərsə də regionda  özünəxas imicinin formalaşması vacib və təxirəsalınmaz məsələlərdəndir.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi