Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2018 10:05

“Azərbaycan Ordusu tezliklə Böyük Qələbəni qazanacaq”

Hazırda müharibə şəraitində yaşayan respublikamızda ordu quruculuğu ən prioritet məsələlərdən biridir və bu amil ölkə rəhbərliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Ordusu əsaslı inkişaf yolu keçib, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilib, döyüş qabiliyyəti artıb. Maddi-texniki bazası durmadan təkmilləşdirilən ordumuzun peşəkarlığı da artıb. Son illər ən müasir silahlarla - zirehli maşınlar, tanklar, artilleriya qurğuları və digər texnikalarla təchiz olunan Azərbaycan Ordusu düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.
Əvvəlcədən müəyyən edilmiş plana əsasən birlik, birləşmə, hissə və bölmələrin ərazi müdafiəsi çərçivəsində birgə döyüş tətbiqinin planlaşdırılması və qarşılıqlı əlaqənin təşkili üzrə müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi məqsədilə keçirilən təlimlər və şəxsi heyətin döyüş hazırlığı təcrübəsinin artırılmasına xidmət edən yarışlar da Azərbaycan Ordusunun gücünün, qüdrətinin sübutudur.
Bu qəbildən olan "Ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda keçirilən yarışlarda Azərbaycan Respublikası ərazisinin müdafiəsi və təcavüzkarın məğlubiyyətə uğradılması məqsədilə birlik və birləşmələrimizin birgə fəaliyyətinin planlaşdırılması və təşkili, hərbi qulluqçuların bilik və təcrübəsinin artırılması, ölkə ərazisinin mühafizəsi və müdafiəsi, əks-hücuma keçməklə təcavüzkarın əsas qüvvələrinin darmadağın edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində oldu. Yarış, həmçinin qarşıya qoyulan bir sıra məqsədlərin - şəxsi heyətin döyüş ustalığını artırmağa, ixtisas, taktiki, atəş və fiziki hazırlığı, nəzəri və praktiki vərdişlərini təkmilləşdirməyə, döyüş zamanı uzlaşma və yüksək idarəetmə qabiliyyətini formalaşdırmağa yardım etdi.
Azərbaycan Ordusunda "Ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda keçirilən yarışda fərqlənən bir bölmənin şəxsi heyəti ilə görüşmək imkanı qazanırıq. Şəxsi heyətlə görüşdükdən və hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra bir daha əmin olduq ki, qazanılan uğurun səbəbi maddi-texniki təminat, nizam-intizamın artırılması, döyüş qabiliyyətinin formalaşdırılması ilə yanaşı, dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və ordumuzda tətbiqi ilə də əlaqədardır.
Hərbi hissədə quraşdırılmış təlim-məşq qurğuları deməyə əsas verir ki, ordumuz ən müasir standartlar əsasında qurulub. Burada təlim-məşq qurğuları ilə keçirilən dərs prosesini izləyirik. Mayor Azad Cəfərov bildirdi ki, bu gün ordumuzda bütün istiqamətlərin inkişafına diqqət yüksək səviyyədə yerinə yetirilir. Ancaq nizam-intizamın və döyüş qabiliyyətinin artırılmasına xüsusi nəzarət edilir. Ordumuzun döyüş qabiliyyəti günü-gündən artır, güclənir. Bu gün ordumuz istənilən vəzifəni icra edə bilər. Təlim-məşq qurğuları da inkişafın bariz nümunəsidir. Ordumuzda dünyanın qabaqcıl təcrübəsinin və müasir döyüş taktikasının tətbiqi bizləri çox sevindirir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər - aprel qələbəsi, Günnüt zəfəri kimi uğurlar inkişafımızın nəticəsidir. Dünyanın qabaqcıl təcrübəsinə əsaslanan Azərbaycan Ordusu tezliklə Böyük Qələbəni qazanacaq.
Baş leytenant Fərid Əliyev bildirdi ki, təlim-məşq qurğusu özüyeriyən haubitsanın heyətinin döyüş işinə hazırlanması və onların bacarıqlarının təkmilləşməsi üçün nəzərdə tutulub. Artilleriya hazırlıq kursunun tələblərinə əsasən qurğu vasitəsilə örtülü atəş mövqeyindən düzünə tuşlama və elektron atəş metodu ilə virtual hədəflərə atəş aparmaq mümkündür. Gördüyünüz qurğu tuşlama mexanizmlərinin idarəetmə orqanlarının, nişangahların görmə sahəsinin və heyətin iş yerlərində fəaliyyətinin imitasiyasını təmin edir.
Baş leytenant Xaliq Əliyev isə qeyd etdi ki, mövcud qurğuda sürücülükdən başqa, heyətin bütün fəaliyyəti yerinə yetirilir. Praktiki atışı bu qurğu vasitəsilə yerinə yetirmək mümkündür. Texnikanın hazırlanması, döyüşə gətirilməsi, müəyyən edilmiş istiqamət üzrə tuşlanması, atış tapşırıqlarının yerinə yetirilməsi, hətta atəşin aparılması qurğu vasitəsilə həyata keçirilə bilir. Döyüş maşınlarında olduğu kimi, təlim qurğusuna da mərmi yükləmək və ondan atəş açmaq olur. Şəxsi heyətin qiymətləndirilməsi isə kompüter vasitəsilə yerinə yetirilir. Kompüter hər bir heyət nəfərinə və ümumilikdə şəxsi heyətə qiymət çıxardır. Nəticədə yanacaq işlətmədən, texnikanı istifadə etmədən təlim-məşq qurğusunda bütün fəaliyyəti yerinə yetiririk.
Top komandirlərinə müasir təlim-məşq qurğuları vasitəsilə dərs keçən kapitan Niyaməddin Məmmədov bildirdi ki, bu qurğu nəzərdə tutulan heyətin 1 və 2 saylı tapşırıqlarını yerinə yetirməsi və qiymətləndirilməsi üçün nəzərdə tutulub. Qurğu vasitəsilə hər həftə top komandirlərindən məqbullar qəbul olunur. Digər qurğularda olduğu kimi, burada da atəşi həyata keçirmək olur. Gördüyünüz kimi, hər bir heyət nəfərinin qarşısında monitor var. Nəzərdə tutulan təlim-məşq proqramı yerinə yetirildikdən sonra kompüter vasitəsilə şəxsi heyətin qiymətləndirilməsi aparılır.
Leytenant Oruc Məmmədov, gizirlər Faiq Gülmalıyev, Əşrəf Cəfərov, kiçik çavuş Əkrəm Nuriyev, əsgərlər Ruslan Salahov, Babək Baxşəliyev və Suracəddin Əzizov da qeyd etdilər ki, təlimlərdə və yarışlarda göstərilən peşəkarlıq, texniki imkanlar istənilən problemin həll edilməsinə şərait yaradır. Onu da vurğuladılar ki, Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır və qadirdir. "Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır. İşğal edilmiş torpaqlar ilk növbədə azad olunmalıdır. Azərbaycan bayrağı işğal edilmiş torpaqlarımızda  - Şuşada, Xankəndidə... qaldırılmalıdır və qaldırılacaqdır. Bugünkü təlimlər və yarışlar bir daha onu göstərir ki, biz hədəfimizə yaxınıq. Vacib olan məqamların biri də ondan ibarətdir ki, Azərbaycan xalqı öz ordusuna güvənir. Bu güvənə əsaslanan Azərbaycan Ordusu və onun şəxsi heyəti öz torpaqlarını müdafiə edir, bundan sonra da müdafiə edəcəkdir".


Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR