Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2018 09:42

İkiqat sevinc

1918-ci il mayın 28-də Şərqdə ilk Demokratik Respublika - Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cümhuriyyət öz müstəqilliyini Tiflisdə elan etdi. Lakin Gürcüstan hökumətinin tələbindən sonra Azərbaycan Xalq Cümhuriyyəti öz iqamətgahını Gəncəyə köçürtdü. Azərbaycan öz müstəqilliyini elan etdiyi ərəfədə torpaqlarımız yadelli işğalçıların - daşnakların, menşeviklərin, ingilislərin hücumuna məruz qalmışdı. Belə bir vaxtda gənc Cümhuriyyətin qarşısında duran əsas məsələlərdən biri də Bakının işğaldan azad edilməsi idi. Azərbaycana ilk dəstək qardaş Osmanlı İmperiyasından gəldi. 1918-ci il iyunun 4-də Batumidə imzalanan müqavilə ilə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə məhz Osmanlı İmperiyası oldu. Bu müqavilədə xüsusi bir maddə də yer aldı. Əgər ehtiyac yaranardısa, Osmanlı İmperiyası Azərbaycana hər cür hərbi və maddi yardım edəcəkdi. Məhz bu maddəni əsas götürən Milli Şuranın sədri M.Ə.Rəsulzadə Osmanlı İmperiyasından yardım istədi. Bundan sonra Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını düşmən işğalından azad etmək üçün Azərbaycan istiqamətində irəlilədi. Azərbaycanlıların və osmanlıların  birləşmiş qoşunları bir çox bölgələrdə bolşeviklərin və Bakı Xalq Komissarları Sovetinin bütün qüvvələrini darmadağın edərək Bakıya yaxınlaşdılar. Bakını sentyabrın 15-də düşmən işğalından azad etdilər. sentyabrın 17-də isə Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu. Bu il Bakının azad olunmasının 100 illiyi qeyd edilir. 15 sentyabr 2018-ci ildə keçirilən təntənəli paradda bütün ordu sahələri ilə yanaşı, C.Naxçıvanski adına Hərbi Liseyin kursantları da iştirak etdilər. Fəxrlə deyə bilərik ki, bu hərbi yürüş kursantların Vətənə olan sevgisini, humanizmini və xeyirxahlığını daha da artırdı.
Bu günə qədər torpaqlarımızın qorunması və geri alınması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən, şəhid olan oğullarımızın sırasında C.Naxçıvanski adına Hərbi Liseyin məzunları da var. Bu da sübut edir ki, C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alan gənclər həm hərbi biliklərə dərindən yiyələnir, həm də xalqımızın qəhrəmanlıq ənənəsini yaşatmağı bacarırlar. 
Təhsil və bilik insan həyatında ən vacib amillərdəndir. Belə ki, bilik insanın güclü, qüdrətli, müdrik bir şəxsiyyət kimi yetişməsində vacib rol oynayır. Elm, təhsil, eyni zamanda dünya və aləmi, onun əsrarəngiz çalarlarını dərk edib duymaq üçün bir meyardır.
Bilik dəyərli, qiymətli bir xəzinədir. Elm o qədər müqəddəsdir ki, o insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilir. Biliksiz həyat o qədər də mənalı deyil. O adam xoşbəxtdir ki, elmə yiyələnir. Yorulmadan bilikləri öyrənir, müdriklərin zənginliyindən və qabiliyyətindən bəhrələnir.
Biz müəllimlər də çalışırıq ki, əxz etdiklərimizdən kursantlarımıza da öyrədək. Yaşayaraq mənimsənilən bilik daş üzərinə həkk edilmiş yazıdır. Elm və bilik insan həyatını mənalandıran, onu zənginləşdirən işıqlı bir yoldur. Müəllimlər bu işıqlı yolu əsrlər boyu davam etdirirlər. Odur ki, həyatımızı daha mənalı etmək, səmərəli yaşamaq üçün daha çox təhsilə, savada yiyələnməliyik. Bilikli insanlar yaşadığı cəmiyyətin bütün keyfiyyətlərini, mənsub olduğu millətin zəngin mənəvi dəyərlərini, tarixi şəxsiyyətlərini tanıyır, dilini, dinini təbliğ edir. Bilikli insan zəngin olduğu üçün hər hansı bir çətin vəziyyətdən çox asanlıqla çıxa bilir. Belə insanlar ziyalılığın göstəricisi kimi, güclü ünsiyyət bacarığına da yiyələnmiş olur. Sirr deyil ki, dili, ünsiyyəti güclü olan insan malik olduğu bilik və bacarığını daha rahat, başa düşüləcək şəkildə ifadə etmək qabiliyyətindədir.
Elm öyrənmək böyük zəhmət, qabiliyyət və  zaman tələb edir. Kursantlarımız dərsə böyük diqqətlə yanaşır. Bu işdə bilikli, dünyagörüşlü, milli dəyərlərimizi ifadə edən müasir texnikaya, onun nailiyyətlərinə yiyələnmiş, vətənpərvər, fədakar müəllimlərimizin rolu da danılmazdır.
Torpaqlarımızın işğaldan azad edilməsi, millətimizin azad, firavan yaşaması üçün bütün bilik və bacarıqlara yiyələnən vətəndaşlarımıza böyük ehtiyac vardır. Bu vətəndaşların böyük bir hissəsini də kursantlarımız təşkil edirlər. Elmi biliklərə sahib olan bir xalqın gücü qüdrətli, yenilməz olur. Bilikdən güclü bir qüvvə yoxdur, biliklə silahlanan ölkə məğlubedilməzdir. "Bilik başa tac, var dövlət boyuna boyunduruqdur", - deyib atalar. Bütün gənclərimizin bəzəyinin daş-qaş, var-dövlət yox, bilik olmasını arzulayıram.


Gülsəda AMAN, C.Naxçıvanski adına Hərbi Liseyin müəllimi