Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2018 10:30

Dahi bəstəkarın xatirəsi anıldı

Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin adı xalqımızın tarixinə böyük hərflərlə yazılıb. Onun musiqisi daim ruhumuzu oxşayır, bizə zövq verir. Hər il sentyabrın 18-i professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə ölkəmizdə musiqi günü kimi qeyd edilir. Bu əlamətdar günlə bağlı Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində də silsilə tədbirlər keçirilir. Dahi bəstəkar hörmətlə anılır, xatirəsi ehtiramla yad edilir.
Dahi bəstəkarın 133-cü ildönümü münasibəti ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də təntənəli mərasim keçirildi. Mərasimi Hərbi liseyin hərbi orkestrinin rəis müavini leytenant Üzeyir İsmayılov açıq elan edərək dahi bəstəkar haqqında tədbir iştirakçılarına məlumat verdi:
- Hər birimizin adı ilə fəxr etdiyi və öyündüyü dahi bəstəkar Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədi rayonunda dünyaya göz açıb. Kiçik yaşlarından ailəsi Azərbaycanın musiqi beşiyi olan Şuşaya köçüb. Başqa sahələrlə yanaşı, Üzeyir bəy musiqiyə də həvəs göstərirdi. Tarda, skripkada və baritonda ifa etməyi bacarırdı. Qori seminariyasında təhsil alarkən Üzeyir Hacıbəyli Motsart, Bethoven, Şopen, Bax, Çaykovski və başqa  klassik bəstəkarların yaradıcılığı ilə yaxından tanış olur. Dahi bəstəkar jurnalist və tərcüməçi kimi də fəaliyyət göstərib, "Molla Nəsrəddin" jurnalına bir-birindən maraqlı məqalə və felyetonlar yazıb. Böyük rus yazıçısı N.Qoqolun "Şinel" və başqa hekayələrini dilimizə çevirib. Dahi bəstəkar "Leyli və Məcnun" operası ilə təkcə ölkəmizdə deyil, Şərqdə opera sənətinin əsasını qoyub. Üzeyir Hacıbəyli bunun ardınca "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Əsli və Kərəm", "Şah Abbas" və başqa operaları yazıb. "Ər və arvad", "Arşın mal alan" və "O olmasın, bu olsun" kimi musiqili komediyaların da müəllifi hamımızın sevimlisi Üzeyir Hacıbəylidir. Dahi bəstəkarın "Koroğlu" uvertürası isə bu gün hər birimizin böyük maraqla qulaq asdığı sənət əsəridir. Hər şeydən əvvəl isə Üzeyir Hacıbəyli Azərbaycan Respublikası Dövlət himninin bəstəkarıdır.
Çıxışlar başa çatdıqdan sonra C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri dahi bəstəkarın əsərlərini ifa etdi. Hərbi orkestrin rəisi ehtiyatda olan polkovnik-leytenant Böyükağa Məmmədovun rəhbərliyi altında ilk olaraq salonu "Koroğlu" uvertürasının sədaları doldurdu. Sonra "Leyli və Məcnun" operasından fraqmentlər, "O olmasın, bu olsun" komediyasından parçalar və başqa romanslarından hissələr səsləndirildi.
Mərasimin sonunda Hərbi lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini - şöbə rəisi polkovnik-leytenant Kamran Nəsibov çıxış edərək belə maraqlı musiqi proqramı hazırladıqlarına və səsləndirdiklərinə görə hərbi orkestrin rəhbərliyinə və üzvlərinə dərin minnətdarlığını bildirdi. 
C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti bir-birinin ardınca səslənən bu musiqilərdən mənəvi zövq aldı. Yəqin ki, bu mərasim uzun müddət iştirakçıların yaddaşından silinməyəcək.


Vahid MƏHƏRRƏMOV,
C.Naxçıvanski adına Hərbi Lisey