Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2018 09:54

“Müxənnət” adlı filmin təqdimatı keçirildi

Sentyabrın 21-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin konsert zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Müdafiə Nazirliyinin və Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə çəkilən "Müxənnət" filminin təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov qonaqları salamladıqdan sonra filmlə bağlı qonaqlara qısa məlumat verdi. "Müxənnət filmi 1948-1953 və 1988-1989-cu illərdə azərbaycanlıların tarixən Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən  deportasiya olunmalarını əks etdirir."
Rizvan Hüseynov filmin nə üçün Müxənnət adlandırılması ilə bağlı fikrini bildirdi: "Tarixən erməni millətçiləri bizim xalqa qarşı müxənnət (satqın, xain) olmuşlar. Qədim torpaqlarımızda məskunlaşmaqları az deyilmiş kimi, həmyerlilərimizə qarşı hər zaman zorakı siyasət yürüdüblər. Həmin siyasətin nəticəsində ermənilər azərbaycanlıların yaşadıqları evlərə basqın edərək onları yurdlarından zorla qovublar. SSRİ rəhbərliyində oturan ermənilər və ermənipərəst qüvvələrin apardığı cinayətkar siyasətin nəticəsində xeyli sayda insan repressiya qurbanı olub".
Film başa çatdıqdan sonra çıxış üçün söz alan istefada olan general-mayor Kamil Məmmədov deportasiya dövrünü belə xatırladı. "1988-1989-cu illərdə erməni quldur dəstələri azərbaycanlıların evlərinə basqın edir və onlardan evlərini tərk etmələrini tələb edirdilər. Həmvətənlərimizə qarşı törədilən psixoloji terror, getdikcə fiziki terrora çevrilməyə başladı. Azərbaycanlılar fiziki təzyiqlərə məruz qalır, evləri yandırılırdı. Bir sözlə, vəziyyət dözülməz hal alırdı. Tarixən bizim olan torpaqlar zor gücü ilə "erməniləşdirilirdi". 1988-1989-cu illərdə 220 mindən çox azərbaycanlı verilən zülümlərə dözməyərək öz doğma yurdlarından didərgin düşdü."
Deportasiyaya məruz qalmış Adilə Əmirəliyeva o günlərdən danışdı. "İnsan ömrünün elə anları olur ki, onları xatirələrdən silmək çox çətindir. Deportasiyaya məruz qaldığımız günlər filmin vasitəsilə yenidən göz önümdə canlandı. 1988-1989-cu illərdə iki dəfə deportasiyaya məruz qalmışıq. İlk dəfə Mehridən, ikinci dəfə isə Stepanakertdən zorla qovulmuşuq. Bu gün torpaqlarımız erməni vandallarının tapdağındadır. Gün gələcək ədalət bərpa olunacaq, o tarixi torpaqlarda yenə həmvətənlərimiz yaşayacaq. İnanırıq ki,  son iki əsrdə xalqımızın başına gətirilən müsibətlərin cavabını Azərbaycan Ordusu artıqlamasıyla verəcək".
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndəsi, dövlət qulluqçusu Zümrüd Səmədova da filmi çox böyük maraqla izlədiyini bildirdi. "Müasir dövrdə tarix kitablarında əks olunan məlumatları film şəklində izləmək çox təqdirəlayiq haldır.  Tarixi görüntü şəklində izləmək onu daha yaddaqalan edir. Dinc insanların öz ata-baba yurdlarından didərgin salınmasına heç bir halda göz yumulmamalıdır. Azərbaycan Ordusu bu gün çox qısa müddətdə öz torpaqlarını azad etmək gücündədir".
İnnovativ Təşəbbüslər İctimai birliyinin sədri Əşrəf Əhmədov tədbirin baş tutduğu günün Beynəlxalq Sülh günü ilə eyni vaxta təsadüf etdiyindən həm filmlə bağlı təəssüratlarını bölüşdü, həm də bu günün özəlliyindən bəhs etdi. "Bu gün 21 sentyabr Beynəlxalq Sülh Günüdür. Ermənistan öz zorakı siyasətini qədim dövrlərdən bu günümüzə qədər davam etdirir. Azərbaycan hər zaman sülh istəyən ölkə olub. Bu gün "Müxənnət" filmində biz həmyerlilərimizə və torpaqlarımıza məkrli niyyəti olan ermənilərin iç üzünü bir daha gördük və bunu bütün düyaya çatdırmalıyıq".
Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi polkovnik-leytenant Zöhrab İmamquliyevin rəhbərliyi ilə hazırlanmış kompozisiyaları qonaqlara təqdim etdi.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"