Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2018 09:22

Sülh və insan azadlığı

Sülh - azadlıq, ədalət, bərabərlik...
Sülh - hər bir cəmiyyətin, bütövlükdə bəşəriyyətin arzuladığı dəyər...
Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurulması, bir-birinin milli maraqlarını uzlaşdırması deməkdir. Sülh şəraitini müharibə pozur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün deyil.
İnsanlar bəşəri rəmzə çevrilən sülhə can atır. Ona görə  də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Bu günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır.
Sülh  bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitədir. Sülh naminə aparılan fəaliyyət həyati əhəmiyyət kəsb etsə də, təəssüflər olsun ki, heç də hər yerdə qorunmur, müdafiə edilmir, zorakılıqlar, milli münaqişələr daha da qloballaşır, fiziki coğrafiyası genişlənir.
BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə dünya xalqlarına müraciətlərində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır.
Xalqımızın Beynəlxalq Sülh Gününü tam mənası ilə qeyd etməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının hələ ki, səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də,  təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. 1994-cü ildən atəşkəs rejimi elan olunsa da, Ermənistan buna əməl etmir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələbləri  yerinə yetirilmir. Bu isə nüfuzlu beynəlxalq təşkilatların sülhün və təhlükəsizliyin bərpası istiqamətində apardığı siyasətə kölgə salır, onlara inamı azaldır.
Azərbaycan tolerant dövlətdir. Tolerantlıq milli-mənəvi dəyərlərlə bir sırada tutulur. Tolerantlıq sülhə, əmin-amanlığa çağırışdır. Azərbaycanda heç bir ayrı-seçkiliyə yol verilmir, insan hüquq və azadlıqları hamı üçün bərabər şəkildə təmin olunur. Əhali polietnik, çoxmillətlidi. Ölkədə 80-dən çox etnos münaqişələr müşahidə olunmadan, mehribançılıq və əməkdaşlıq şəraitində yaşayır. Bu faktlar ölkəmizdə azsaylı xalqların və etnik qrupların inkişafı üçün lazımi şəraitin yaradılmasını bir daha sübut edir.
Tarixən ölkəmizdə yaşayan insanlar arasında milli, dini ayrı-seçkilik qoyulmayıb, bu gün də qoyulmur. Tolerantlıq, milli-etnik dözümlülük, sıx əməkdaşlıq, bərabər imkanlarla iştirak milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Yüzilliklər boyunca Azərbaycanda müxtəlif xalqlar vahid və mehriban bir ailə kimi yaşayaraq bir-birinin dininə, inanc hisslərinə, ibadətgahlarına hörmətlə yanaşıb, zəngin mədəni müxtəlifliyini qoruyub saxlayıb.
Ordumuzun şəxsi heyəti ilə keçirilən kütləvi-tərbiyəvi iş və hüquq saatlarında dövlətimizin insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xüsusi önəm verməsi şəxsi heyətə çatdırılır, xüsusi təyinatlı tədris müəssisələrində "Sülh və insan hüquqları", "İnsan hüquq və azadlıqları", "Beynəlxalq humanitar hüquq" mövzusunda dərslər tədris olunmaqdadır.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülhlə sonuclanması üçün danışıqlar aparır. Bu, dövlət olaraq bizim sülh istəyimizdir. Azərbaycan Ordusu danışıqlar getdiyi bu müddətdə də döyüşlərə tam hazırdır - danışıqlar baş tutmasa, ordumuz torpaqlarımızı işğaldan döyüşlə azad edəcək.
Milli-mənəvi dəyərlərimiz də zorakılığı, qəddarlığı qəbul etmir. Ancaq Vətənlə, torpaqla bağlı olan istənilən məsələdə milli mentalitetimiz vətəndaşları dövlətin dayağı olan ordunun sırasına çəkir - cəmiyyət ordu ilə bir sırada olur. Sülh istəyən dövlət başqasının torpağına tamah salmaz. Torpaqlarımıza tamah salanları işğalçılıq niyyətindən ordumuzun yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimizin döyüş əzmi və qələbə ruhu ilə daşındıracağıq. Bu da sülhsevərlikdir...

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"