Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2018 09:49

Hərbi dənizçilərlə birgə tədbir keçirildi

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 100 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri düşmənlərin işğalından azad edib. Bununla həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil nazirliklərinin dəstəyi ilə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə 15 sentyabr - Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Müdafiə və Təhsil nazirliklərinin, "İnnovativ Təşəbbüslər" İctimai Birliyinin nümayəndələri, şəhid, hərbçi və aztəminatlı ailələrin övladları, istedadlı şagirdlər və valideynlər iştirak edirdilər.
Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndəsi,  dövlət qulluqçusu Zümrüd Səmədova açaraq bildirdi ki, Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklardan azad edilməsinin 100-cü ili tamam olur. "1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakının azad edilməsində böyük şücaətlər göstəriblər. Bu döyüşlərdə azərbaycanlılarla çiyin-çiyinə vuruşan mindən artıq türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.  Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi...".
Dövlət qulluqçusu qeyd etdi ki, qardaş Türkiyənin hərbi dəstəyilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününü yazdı. "Bu, eyni zamanda dahi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!" fikrinin əyani təsdiqi idi. Bakının azad edilməsindən iki gün sonra paytaxt Gəncədən Bakıya köçürüldü".
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin sədri Əşrəf Əhmədov iki dövlət arasındakı dostluqdan söz açaraq bildirdi ki, Azərbaycanla Türkiyə çətin məqamlarda bir-birinin köməyinə çatıb. “Bu, qardaşlıq missiyasıdı. 1918-ci ildə müstəqillik qazanan Azərbaycan Demokratik Respublikasını tanıyan ilk dövlət məhz Türkiyə oldu.”
Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi, tarixçi Rizvan Hüseynov bildirdi ki, Qafqaz İslam Ordusu Bakının mühasirəsini çox dəqiqliklə həyata keçirmişdi. "Hətta ingilis qoşunlarının komandanı Denstervil xatirələrində etiraf edirdi ki, türk topçuları çox dəqiqliklə atəş açırdılar. Onların atəşi Bakıdakı memarlıq abidələrinin heç birinə ziyan vurmadı".
Baş leytenant Arif Qəhrəmanov Bakının azad edilməsinin böyük əhəmiyyətindən, Azərbaycanı Bakısız təsəvvür etməyin mümkünsüzlüyündən söz açdı. 
Tədbirdə çıxış edənlər Bakının azad olunması üçün keçirilən hərbi əməliyyatlarda yüzlərlə türk əsgərinin şəhid olduğunu, türk şəhidlərinin məzarlarının indi də ehtiramla yad edildiyini, Bakıdakı Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə abidə ucaldıldığını bildirdilər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"