Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2018 09:39

Azərbaycan Hərb Tarixi Muzeyində “15 sentyabr - Bakının işğaldan xilası günü”nə həsr edilmiş dəyirmi masa keçirildi

Azərbaycan Hərb Tarixi Muzeyində "15 sentyabr - Bakının işğaldan xilası günü"nə həsr edilmiş dəyirmi masa keçirildi.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə "15 sentyabr zəfəri Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, diplomatik və hərbi qələbəsidir" mövzusunda məruzə ilə çıxış etdi.
Natiq qeyd etdi ki, sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklardan azad edilməsinin 100-cü ili tamam oldu. "Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi. Bu, Bakının tarixində ən unudulmaz və şanlı səhifələrdən biri olmaqla, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisəyə çevrildi. Qələbə ilə həm Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə yaranacaq ciddi təhlükə aradan qalxmış oldu, həm də Bakı və ətraf rayonlarda erməni-bolşevik ağalığına son qoyuldu. Bakının azad edilməsinin o zaman böyük əhəmiyyəti vardı. Milli Şuranın rəhbəri Məmməd Əmin Rəsulzadə baş nazir Fətəli Xan Xoyskiyə yazırdı: "Bakı hökmən, hökmən və hökmən azad edilməlidir. Bakı hökmən indi azad olunmalıdır, indi azad olunmasa, sonra böyük çətinliklər qarşısında qala bilərik. Bakı azad olunmasa, əlvida Vətən, əlvida Azərbaycan". Möhtəşəm və tarixi qələbədən sonra - sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncə şəhərindən Bakıya köçürüldü. İki qardaş xalqın igid övladlarının qanları bahasına Bakı və digər rayonların azad edilməsi  ilə hökumət öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi."
Muzeyin elmi işlər üzrə rəis müavini Hacı Həsənov "Bakı 15 sentyabrdan sonra" məruzəsi ilə çıxış edərək bildirdi ki, türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. "Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Azərbaycan Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular."
"Azərbaycan və Osmanlı birləşmiş hərbi qüvvələrinin Bakı əməliyyatı" mövzusunda çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılov qeyd etdi ki, 15 sentyabr Azərbaycan xalqının tarixində 28 may qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu".
Natiq o zaman Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskinin Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazdığı məktubu da tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".
Muzeyin əməkdaşı Zəfər Kərimov "Bakının azad edilməsi ərəfəsində ictimai-siyasi durum" haqqında məlumat verdi.
Sonda mövzu ilə bağlı sənədli film nümayiş olundu.

Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"