Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2018 09:39

Ordumuzda tibb xidməti yüksək səviyyədədir

Bu gün ordumuz döyüş hazırlığı, silah-sursatı ilə yanaşı, tibb xidməti ilə də gündəmdədir. Yeni salınan, həmçinin tam təmir olunan hərbi hissələrdə yaradılan şəraitə nəzər salsaq görərik ki, yeni istifadəyə verilən tibb məntəqələri müasir avadanlıqlarla təchiz olunub. Hər bir əsgərə qayğı və diqqət göstərilir. Bundan başqa 2013-cü ildən ordumuzda fəaliyyət göstərən Mobil Səhra Hospitalı da mövcuddur ki, təhvil verildiyi gündən indiyədək döyüş bölgələrində təyinatı üzrə fəaliyyət göstərib, yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə və idarəetmə işlərinin yüksək səviyyədə həyata keçirilməsinə yardımçı olub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu hərtərəfli təminata görə dünyanın aparıcı orduları sırasındadır.
Hərbi təbabətin xüsusiyyəti hərbi qulluqda olan vətəndaşın sağlamlığının qorunub saxlanılmasına qayğı göstərməkdir. Onun nəzəri əsası tibb elmi olsa da, qoşunların şəxsi heyətinin spesifik şəraiti, döyüş travmaları və müharibə dövrü xəstəliklərinin özünəməxsusluğu, eləcə də qoşunların təşkilati quruluşunun xüsusiyyətləri mülki səhiyyədəki qayda və tələblərdən tamamilə fərqlənir. Hərbi hissə həkimi müalicə-təxliyyə, sanitariya-gigiyenik və əks-epidemik tədbirləri eyni vaxtda yerinə yetirir və ondan yüksək peşəkarlıq tələb olunur.
"N" hərbi hissəsində ezamiyyətdə olarkən tibb məntəqəsinə də baş çəkdik. Səfərimiz bölmənin tibb heyətinin dərs prosesinə təsadüf etdiyindən praktiki dərsi izləmək imkanı qazanırıq. Burada həkim sanitarlarla və sanitar sürücü ilə birlikdə döyüş meydanında yaralanan əsgərə ilk tibbi yardım göstərmə və yaralının döyüş meydanından təxliyyə edilməsi məşq edilirdi. Dərsi izlədikcə gözümün önündə döyüşlər canlanırdı - kənarda hərbi tibbi yardım maşını, yaralı əsgər və ona kömək edən sanitarlar. Yaralanan əsgərə tibbi yardım göstərən həkim daha sonra sanitarların köməyi ilə onu döyüş meydanından çıxarır. Söhbət zamanı tibb xidməti leytenantı Şahmirzə Nemətov bildirir: "Qələbə itkisiz əldə edilmir. Amma vaxtında göstərilən hər bir yardım itkini azaldır. Döyüşdə elə anlar olur ki, insanı xilas etmək üçün tək bir kömək bəs edir. Yaralanan birini tibb məntəqəsinə və ya hospitala göndərməmişdən öncə gərək ona ilk tibbi yardım göstərəsən. Əgər bunu edə bilməsən, yaralı qan itirə və bu da onun həyatı bahasına başa gələ bilər. Bu gün praktiki dərs prosesində bunu əsgərlərimizə canlı göstəririk. Onlar artıq bu işdə peşəkarlaşıblar. İstənilən vəziyyətdən çıxış yolunu bilirlər."
Zabit həmçinin qeyd edir ki, ilk yardım göstərmək birinci mərhələdir. "İlk yardımı göstərdikdən sonra sanitarlar onu kənarda maskalanan maşına gətirirlər. Əsas iş bundan sonra başlayır. Sanitarlar həm yaralını, həm də özlərini müdafiə etməyi bacarmalıdırlar. Bildiyimiz kimi, həkimlərə yalnız özünü və yaralını müdafiə etdiyi zaman silah işlətməyə icazə verilir. Başqa hallarda qadağandır. Maşına qoyulan yaralı tez və təhlükəsiz qaydada döyüş meydanını tərk etməlidir və lazım olan ünvana çatdırılmalıdır."
Daha sonra sanitar sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüqar Abdullayevə yaxınlaşırıq. Goranboy rayonundan olan Vüqar bildirir ki, yaralı daşıyan sürücü gərək ehtiyatlı olsun. "Sürücü unutmamalıdır ki, maşında uzanan yaralıdır. Təhlükəsizlik qaydalarına riayət etməklə cəld və çevik şəkildə yaralını təxliyyə etməlidir. Unutmamaq lazımdır ki, döyüş meydanında hərəkət edərkən onu kənardan düşmən izləyir. Qısa və təhlükəsiz yolları tanımaq vacib şərtlərdən biridir."
Sanitar əsgərlər Daşqın Qarayev və Mirhüseyn Ədalətli bildirirlər ki, yaralanan hər kəsi döyüş meydanından çıxarmaq borcumuzdur. "Döyüşdə yaralanmaq təbii haldır. Bizim əsas borcumuz vəziyyəti orta və ya ağır olanları döyüş meydanından təxliyyə etməkdir. Çətin olsa da, məsuliyyətli işdir. Çünki həmin insanın yaşamağı səndən asılıdır. Bir anlıq gecikmək, vaxtında yardım göstərməmək yaxşı nəticə verməyə bilər. Ona görə də yaralı cəld sarğı olunduqdan sonra onu sanitar maşına mindirmək lazımdır. İş bununla bitmir. Maşın hərəkət edərkən ətrafı müşahidə etməlisən. Düşmən pusqu qura bilər. Hər an özün də döyüşməyə hazır olmalısan."
Dərs prosesini izlədikcə bir daha əmin oluram ki, həkimlərimiz də Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdırlar.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR