Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2018 09:32

Qoy “Sülh zəngi” əbədi səslənsin!

Ölkəmizdə həyata keçirilən sülh aylığı çərçivəsində Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, orduda da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Hərbi hissə və bölmələrdə şəxsi heyətə dövlətimizin sülhsevər siyasəti təbliğ olunur, 25 ildən artıqdır ki, üzləşdiyimiz münaqişənin müharibə yolu ilə deyil, dinc yolla, sülh yolu ilə həll edilməsi istiqamətində ölkə rəhbərliyinin uğurlu diplomatik səyləri geniş şəkildə izah olunur.
İllərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində, İsrail-Fələstin müharibəsində, son illərdə isə Suriya, Misir, Əfqanıstan, İraqda baş verən qanlı toqquşmalarda minlərlə dinc sakin - uşaq, qoca, qadın həlak olur, terrorun günahsız qurbanlarına çevrilir. Milyonlarla insan müharibə  və onun gətirdiyi faciələrdən əziyyət çəkir.  Suriyada günahsız körpələrin güllələnməsi, dağıntılar altında qalıb məhv olması günümüzün ürək dağlayan faktlarıdır. Dünyanın belə bölgələrində sülhün bərqərar edilməsi və silahlı qarşıdurmalara son qoyulması insanların ən böyük arzusudur. Bütün bəşəri faciələrin  qarşısının alınmasında sülhün rolu danılmazdır. Bir mahnıda deyildiyi kimi "Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar". Ən kiçik regional münaqişələrdən başlamış yüzillik müharibələrədək hər cür qarşıdurma yalnız sülhlə sona yetib. Buna görə də sülh bütün vasitələrdən güclüdür. Sülhə nail olmaq isə,  tərəflərin həqiqətləri düzgün dəyərləndirmələrindən çox asılıdır.  
Sülh - azadlıq, bərabərlik, ədalət, əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial-iqtisadi və mədəni inkişaf anlamını bizə təlqin edir. Dünyada sülhün ən böyük carçıları isə gələcəyimiz olan körpə fidanlardır. Uşaqlar daim açıq səma altında azad, sülh şəraitində atalı-analı yaşamaq arzusunda olurlar. Sülh bəşəri rəmzə çevrilərək insanların arzuladığı dəyərlərdən biri və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən məfhumdur. Ona görə də dünyanın 192 ölkəsinin yekdil olaraq səs verdiyi qərarı ilə Birləşmiş Millətlər Təşkilatı 21 sentyabr tarixini Beynəlxalq Sülh Günü kimi qeyd edir.  Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Dünyada ilk dəfə sülh günü 1981-ci ilin sentyabrında  keçirilib. Lakin 2002-ci ildə BMT sülh gününün qeyd edilməsi üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib. Beynəlxalq təşkilat 21 sentyabr tarixini ümumdünya atəşkəs günü elan edib. Bu o deməkdir ki, payızın ilk günündə hərbi  münaqişələrdə iştirak edən bütün dövlətlərə təklif olunur ki, silahı yerə qoyub hərbi əməliyyatları dayandırsınlar.
Beynəlxalq Sülh Günü  BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən "Sülh zəngi"nin səsləndirilməsi ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində "Yaşasın Mütləq Dünya Sülhü" sözləri yazılıb.
Beynəlxalq Sülh Günü dünyanın bütün ölkələrində təntənəli qeyd edilir,  insanlar dinc yanaşı yaşamaq və təhlükəsizlik arzularını ifadə edirlər.
Xalqımızın Beynəlxalq Sülh Gününü qeyd etməsinə gəlincə isə, təbii ki, bu hal Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Təəssüf ki, dünyanın sülhsevər və tolerant  ölkələrindən biri olan Azərbaycan  on illərdir Ermənistanın hərbi təcavüzü ilə üzləşib. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində ordumuzun əsgər və zabitləri həlak olur. Günahsız Aygünlər, Farizlər, körpə Zəhralar erməni faşizminin qurbanına çevrilirlər. İnsanlar illərlə qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum ediliblər. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll olunması istiqamətində mühüm addımlar atıb. Məhz ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra böyük uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı. 12 may 1994-cü ildə cəbhədə atəşkəs elan olundu. Bu dövlətimizin sülh arzusunun ifadəsi idi.
Bu il Azərbaycanla Ermənistan arasında atəşkəsin imzalanmasından 24 il keçir. Ermənistan  isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həlli, işğal edilmiş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma el-obalarına qayıtması  haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birini yerinə yetirmir. Atəşkəsin elan olunmasına baxmayaraq cəbhədə demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri tərəfindən açılan silah səsləri eşidilir.  
İnanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad ediləcək, ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız öz doğma el-obalarına qayıdacaq və ölkəmizdə, Qarabağımızda daimi sülh,  əmin-amanlıq təmin olunacaq.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"