Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2018 09:18

Cəbhədən cəbhəyə

Yayın yay günü yel gah əsir, gah kəsir...
Ürəyim məni səngərlərə çəkməkdədi. Əsgərlərimizlə söhbətləşmək istəyidi bu. Ona görə belə dönməzdi...
Yadıma Həsən Seyidbəylinin "Cəbhədən cəbhəyə" romanı düşür. Məkan eynidi - Azərbaycan, mahiyyət eynidi - tərxis olunmuş hərbi qulluqçunun müharibədən sonrakı xidməti, cəbhədən sonrakı cəbhə...
Müharibə qələbəmizlə başa çatacaq. Tərxis olunan əsgərlərimiz bu romanın qəhrəmanı kimi böyük vətəndaşlıq istəyiylə yeni cəbhəyə - quruculuq cəbhəsinə gedəcək. 
Ezamiyyətlərdə əsgərlərimizin işıqlı düşüncələrini dinləmək, eşitdiklərimin işığını düşüncələrimə köçürmək mənə qədərsiz könül xoşluğu verir. İllər (zaman) keçdikcə eşitdiklərinin həyatiliyinə, bəşəriliyinə heyrətlənirsən. Eşitdiklərin Vətənə ad olduğu üçün bu heyrət Vətənin üzərliyinə dönür. Bu səbəbdən əsgərlərimizlə səngərli söhbətləri - səngər söhbətlərini ömrümə qazanc bilirəm...
Səngərlərə - əsgərlərimizlə söhbətləşməyə gedirəm; zabitlərlə başlayacaq söhbəti əsgərlər davam etdirəcək. Tanıdığım-tanımadığım dostlarıma (əsgərlərə) yazılan, dostuma (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Yusif Mirzəyevə) ithaf olunan, dostumun (Şahin Musaoğlunun) yazdığı "İgid əsgər, möhkəm dayan!" mahnısının bənzərsiz ovqatı indi də yol yoldaşımdı...
Səngərdə Vətəndən, torpaqdan, elan edilmədən başlayan müharibədən, qəhrəmanlıqlardan, qəhrəmanlardan, ... danışacağıq.  Səmimi mükalimələşmə onların da ürəyincə olacaq, mənim də. Söz sözü çəkəcək. Tarixdən də danışacağıq...
Tarix tarixi hadisələr deməkdi. Müharibədə hər döyüş özlüyündə - ayrılıqda tarixdi. Böyük Qələbəylə nəticələnəcək sonrakı döyüşlərin (qələbələrin) başlanğıcı kimi dəyərləndirilən döyüşlər ordunun gücünün, qüdrətinin göstəricisi olub. 2016-cı ilin aprel döyüşləri tarixi hadisə kimi tarixləşdi, qüruru yaşanılmaqda, yaşadılmaqdadı...
Zaman baxımından 2 il böyük müddət deyil. Dönməz bir inam deyir ki, böyük olmayan bu müddətin sonu - başlanğıcı aprel zəfəri olan Böyük Qələbə yaxınlarda məmləkəti böyük coşqu ilə salamlayacaq. "Bu da işğalın sonu, bu da erməniliyin çilikləndiyi gün!" deyəcəyik. Qalib əsgərlərimizin dalğalandırdığı bayraqlarımıza baxıban "Bayrağım - varlığım, bəxtiyarlığım!" kəlmələriylə qoşa deyəcəyik; sabahın qalib əsgərləriylə kəlmələşməyə tələsirəm. 1992-ci ilin iyununda Şaumyan (kənd) rayonunda qaliblərlə yan-yana gəzişdiyim anlarda da, az sonra çaya çata-çatda torpağa döşəli qalmış erməni əsgərlərinin meyidlərini görəndə də, Yusif Mirzəyevin qoşa qolları  kürəyimdə çarpazlaşanda da, avtomatının qundağına sığal çəkən əsgərlərin baxışlarında çırpınan istəyin mahiyyətini anlayanda da,.. tarix yazanları bağrıma basmaq istəmişdim. Yayın yay günü bu biçim ünsiyyət yaşadığıma görə taleyimə şükürlər oxumuşdum: səngərlərə - məmləkətə bu şükranlığı yaşadacaq əsgərlərlə görüşə tələsirəm. Ürəyimi dalğalandıran istəkdən, niyyətdən xəbərsiz zaman elə bil ləngiyir...
Ruhuma ruh qardaşı bildiyim əsgərlərlə səngərdəyəm...
Müharibədə Vətənin başlanğıcı səngərdi, səngərin başlanğıcı - əsgər ürəyi. Səngərlərin, o üzünə Vətənin başlanğıcından baxacam, əsgərlərimizin ürəyinin gözləriylə baxacam. Səngərindən dikəlməyə cəsarət etməyənləri görəcəm, məğlubiyyət acısını döyüşlərdən əvvəl yaşayanları görəcəm. Məğlub olacaq düşmənin sığındığı cəsarətsizlik sipərini görəcəm. Gördüklərimi birər-birər düşüncələrimə köçürəcəm, dönüb görüşünə gəldiyim əsgərlərə baxacam. Qədərsiz inamla qədim oğuzlarda deyildiyi kimi "Qəzan (döyüşün - R.H.) mübarək!" - deyəcəm. Bu alğış əsgərlərin sayı qədərincə səslənəcək: "Qəzan mübarək!" Bu alğış əsən yellərə qarışacaq...
Ürəyim yenə tellənib. İllərdi əsgərlərimizlə söhbətləşmə ərəfəsində yaşadığım duyğular söhbətləşəndə ruhumun ruhuna dönür; "ruhumun ruhu" söz birləşməsinin mahiyyəti min illik (daha çox!) dövlətçilik tarixinə sədaqət deməkdi. Hamımız Vətən deyən, dövlət deyən məhəbbətin əsgəriyik, hamımız dövlətçilik tarixinə sədaqətin əsgəriyik...
Tanımadığımız əsgərlərlə tanışlarım, əzizlərim kimi görüşürük - səmimi görüş həmişə səmimi söhbətin başlanğıcı olur...
"Ermənilərin sığındığı o kəndimizi nə vaxt azad edəcəksiniz? Səngərləri sərhədlərə nə vaxt köçürəcəksiniz?" - soruşuram. Bu səmimi ərk əsgərlərimizin baxışlarını  dalğalandırır, baxışlar kükrəyir, kükrəyə-kükrəyə coşur. Bu kükrəyiş, bu coşqu polkovnik-leytenant Eldəniz İsmayılovun da qəlbini riqqətə gətirir:
- Ali Baş Komandanımız nə vaxt əmr verərsə!, - deyir. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olmuş zabitin qətiyyətlə dediyi bu gözəlim kəlmələrlə ifadə edilən  qətiyyətin, bu inamın 2016-cı ilin aprel döyüşlərinə söykəndiyini seçmək çətin deyil.
Qürurla aprel döyüşlərini xatırlayırıq. O döyüşlər milli-xəlqi ruhun işğalçılıqla döyüşüydü, vətənpərvərliyin qara niyyətlə döyüşüydü.. O qələbə ruhun qələbəsi oldu. Sülh danışıqları baş tutmasa, Ali Baş Komandan Azərbaycan Ordusuna döyüş əmri verəcək, döyüşlər qələbəylə tamamlanacaq, buna Böyük Qələbə deyəcəyik. "Siz qalib ordunun qalib əsgərləri olacaqsınız!" deyirəm. Gah qarşı yaxaya, gah əsgərlərinə baxan baş leytenant Elşən Cəfərlinin dediklərini hərbi hissənin şəxsi heyətinin hərbi xidmət amalı bilirəm:
- Hərbi and içmişik. Hərbi andın mətnində deyilənlərə əməl etmək hər birimizin vəzifə borcudur...
"Vəzifə borcu" ifadəsi mənə qüruru kövrəkliyindən çox olmaqla bir hadisəni xatırladır:
Tərtərdəydim. Vəzir Orucov əməliyyata gedəcəkdi, "atüstü söhbət" edirdik. "Müharibə başa çatınca hamı əsgər olmalıdı, əsgəri amalla, əsgəri inamla yaşamalıdı. Hərbi and Vətən andıdı, ona görə müqəddəsdi. Müqəddəs and günümüzün, ayımızın deyil, son nəfəsəcən yaşayacağımız anların andıdı...", - demişdim. Vəzir bir anlığa ayaq saxlamışdı, tündləşən baxışlarıyla Ağdərə səmtə baxmışdı və "And ömür deməkdi. Əli ömründən üzülənlər diriykən ölüdü...", - demişdi və gözdolusu kapitan Pənah Məmmədova - komandirinə, dostuna baxmışdı...
Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Vəzir Orucovun 26 il əvvəl dediyi kəlmələrin mahiyyəti baş leytenantı duyğulandırır:
- Hərbi and Vətənə sədaqət andıdı. Əsgərlərimizin Hərbi anda - Vətənə sədaqətinə bizim əmin olduğumuz qədər siz də əmin olun. Bu sədaqətlə xidmət edənlər tərxis olunduqdan sonra da bu əqidəylə yaşayacaqlar. Əminəm ki, müharibə şəraitində xidmət edənlər Hərbi andın tələblərinə mülki həyatda da əməl edəcəklər.
Zabitin fikirləri hərbi xidmətin həm də vətəndaşlıq məktəbi olduğunun təsdiqiydi.
Baş leytenant onu da deyir ki, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz düşmənin hər tərpənişinin qarşısını qətiyyətlə alırlar, qələbə əzmi ilə xidmət edirlər, hər biri Ali Baş Komandanın əmrinə hazırdı.
Əsgər Hüseyn Müslümovun dediklərini zabitin əminliyinin davamı bilirəm:
- Yaxşı vətəndaş olmayan çağırışçı yaxşı əsgər ola bilməz. Yaxşı əsgər olmayan mülki həyatda yaxşı vətəndaş olmayacaq.
Əsgərin qənaəti ürəyimi dağa döndərir. Mənə elə gəlir ki, müharibə qurtarıb, torpaqlarımız işğaldan tamamilə azad edilib. Cıdır düzündə qalib əsgərlərin əhatəsindəyəm. Son döyüşlərdən danışırıq. Əsgərlərin hər birini qəhrəman bilirəm, hər birinə gözdolusu baxıram, yerə-göyə sığmayan bənzərsiz şükranlığın işığına qarışan tonqallar Dədə Qorqud tonqallarıdı...   
Bu qənaətdə Cocuq Mərcanlıya qayıdışın eynini görürəm, ocağı sönmüşlərə ümid görürəm. Bu ümid işıqlı ümiddi, yaxınlarda gerçəkləşəcək ümiddi...
Əsgər Hüseyn Müslümov onu da deyir ki, çağırışçı hərbi xidmətə yaxşı vətəndaş kimi gəlməli, Nizamnamələrin tələblərinə ciddi əməl etməlidir ki, xarakteri formalaşsın...
Əsgərin işıqlı düşüncələrini düşüncələrimə necə köçürməyəydim? Bu düşüncələrin düşüncələrə hopmasını necə arzulamayaydım, necə? Bu "necə"lər nə qədər düşündürücü, nə qədər heysiyyətli "necə"lərdi!..
- Hər birimiz hərbi xidmətə gələnəcən tərxis olunanların söhbətlərini eşitmişik. Hərbi xidmətin onların xarakterini necə dəyişdiyini görmüşük, - hərbi xidmətə Masallı rayonundan çağırılmış İlkin Nəciyev belə deyir. - 8 aydı hərbi xidmətdəyəm. Hərbi xidmət bizə məsuliyyətli olmağı öyrədib, öyrədir. Hərbi xidmət bizi Vətən borcunu yerinə yetirə-yetirə mülki həyata hazırlayır.
Baş leytenant Elşən Cəfərli deyir ki, əsgərin döyüş və mənəvi-psixoloji hazırlığı bu məsuliyyətlə bağlıdı, bu məsuliyyət ordunun güc amillərindəndir...
Əsgərlərin baxışlarında istək görürəm, qətiyyət görürəm. Bu istək, bu qətiyyət 2016-cı ilin martında  Cocuq Mərcanlıda gördüklərimin eynidi. Görəsən gah əsən, gah əsə-əsə harasa tələsən, gah kəsən yellərin bu istəkdən xəbəri varmı?
Bu ilin mayında Cocuq Mərcanlıdaydım. Əsgərlərdən biri demişdi ki, torpaqlarımızı işğaldan azad edəcəyik, tərxis olunduqdan sonra kəndlərimizi yenidən quranların sırasında olacağıq. O da bir cəbhədi - quruculuq cəbhəsi. Quruculuq işləri başa çatana kimi əsgərik.
Bu gözəl niyyətə görə mənim əlim əsgərin bir çiyninə, komandirin əli əsgərin o biri çiyninə enmişdi. Bu təmaslar ehtiramın, minnətdarlığın ifadəsiydi. Əsgərlərə bunu da deyirəm. Sanılı saniyələr ötüncə əsgərlərdən biri (az sonra öyrənəcəm ki, Kənan Əkbərlidi) qətiyyətlə, inamla deyir:
- Laçındanam, Laçını görməmişəm. Laçını atamın söhbətlərindən tanıyıram, o söhbətlərdən sevmişəm. Görmədiyim Laçınımı quranların sırasında mən də olacam. Bunu  Vətən qarşısında yerinə yetirməli olduğum borc biləcəm...
Əsgər Nasih İsayev əsgər yoldaşının (bəlkə dostunun!) dediklərindən duyğulanır:
- Laçın hamımızın Laçınımızdı, Kənan. Mən Zaqataladanam. İşğalda olan torpaqlarımız mənə Zaqatala qədər doğmadı. İşğaldan azad edəcəyimiz torpaqlarımızda quruculuq işlərində mən də iştirak edəcəm. Səninlə çiyin-çiyinə, Laçında. Laçını təsəvvüründəki Laçın edəcəyik...
"Sizin əsgər qardaşlarınız digər ərazilərdə quruculuq işlərində iştirak edəcəklər" demək istəyirdim ki, bayaqdan bəri döyüş növbətçiliyinə getməyə hazırlaşan əsgərlərə tövsiyələr verən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rövşən Məmmədov söhbətimizə qoşulur:
- Qələbə qazanacağımıza varlığımla əminəm. Qələbədən sonra əsgərlərimiz tərxis olunacaqlar, azad edəcəyimiz torpaqlarda quruculuq işlərində əsgəri məsuliyyətlə işləyəcəklər. Hamımız Laçınlıyıq, Kəlbəcərliyik, Ağdamlıyıq, Füzuliliyik, Cəbrayıllıyıq, Qubadlılıyıq, Zəngilanlıyıq...
Bu qənaət azərbaycançılıqdır; Əsgər ürəyindən başlayan Vətənin hər tərəfi hər birimiz üçün əzizdi, doğmadı. Bu doğmalığı hərbçilər daha həssaslıqla yaşadır...  
Ürəyim bu biçim niyyətin, murazın sevincinə dar gəlir. Var səsimlə qışqırmaq keçir könlümdən: Azərbaycan əsgəri torpaqlarımızı işğaldan tamamilə azad edəcək, bu əsgərləri işğaldan azad olunan kəndlərin Cocuq Mərcanlı kimi yenidən qurulmasında iştirak edənlərin sırasında görəcəyik! Azərbaycan əsgəri səngərdən döyüşə, döyüşdən qələbəyə, qələbədən quruculuq cəbhəsinə uğur üstədi!..
...Görəsən, ilin-günün bu vaxtı gah əsən, gah kəsən yellər ürəyimizdən keçənləri bilsəydi, əsərdimi, kəsərdimi?!..
 

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR