Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2018 09:46

Ermənistanın yeni hakimiyyəti və dərinləşən böhran

Cənubi Qafqaz regionunun yarıtmaz daxili və xarici siyasəti ilə tanınan Ermənistan bu gün ciddi geosiyasi, hərbi və iqtisadi problemlərlə qarşı-qarşıyadır. Müstəqilliyi simvolik xarakter daşıyan, ölkəni xarici ianələr hesabına saxlayan, buna görə də faktiki olaraq kənardan idarə olunan Ermənistanda siyasi gərginliyin yeni müstəviyə yüksəlməsi qeyri-adi hal deyil. Ancaq Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə ölkədə iqtisadi-siyasi böhran daha da dərinləşib.
Analitik-icmalçı Ehtiram Aşırlı da mətbuatdakı çıxışlarında N.Paşinyanın fəaliyyətinin təhlilinə geniş yer ayırır.
N.Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərlə əməlləri arasında uçurumun yaranması da dərinləşən böhrana öz təsirini göstərməkdədir. Verilən vədlər arasında: korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsinin həlli, siyasi opponentlərə qarşı qərəzli davranmama, Rusiya ilə əlaqələrə zərər verməmə və s. kimi vədlərə əməl edilmir. Əksinə, Ermənistanın siyasi səhnəsində yerliçilik meyilləri güclənir, klanlar arasında mübarizə kəskinləşir, siyasi mövqeyinə görə təqiblər artır. Bütün bunlar iqtisadi durumun daha da ağırlaşmasına və xarici siyasətdə uğursuzluqların artmasına təsirsiz ötüşmür.
Bu gün Ermənistanda start götürən yeni siyasi mərhələnin xüsusiyyəti ondan ibarətdir ki, ölkədə qarşısı alınmaz proses ziddiyyətlərin kəskinləşməsinə doğru gedir və bunun fonunda regionda sabitliyin qorunması sual altındadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə sabitliyin təhlükə altında olmasının daha böyük göstəricisidir. Ölkədə hakimiyyətin dəyişməsinə baxmayaraq bu gün də Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi İrəvanın fəaliyyəti yarıtmazdır. Bununla yanaşı, Ermənistanın dövlət olaraq tənəzzülə uğraması və sonu görünməyən hakimiyyət uğrunda mübarizə isteriyası tamamilə fərqli psixoloji şərait yarada bilər. İndi siyasi səhnədə müşahidə edilən proseslərin analizi bu qənaətin doğruluğuna dəlalət edir. Dağlıq Qarabağ münaqişəsi ölkə daxilindəki fikirləri yayındırmaq, ictimai rəyi çaşdırmaq vasitəsinə də çevrilib.
Bu gün hakimiyyətin dəyişməsinə baxmayaraq Ermənistan yenə də bir işğalçı ölkə olduğunu nümayiş etdirir. Belə ki, Ermənistan həmişə olduğu kimi, yenidən insanlarda qorxu yaratmaq məqsədilə fikirləri Dağlıq Qarabağa, cəbhə bölgəsinə yönəltmək istəyir. Bununla da bir daha ictimai rəyi çaşdırmaq məqsədi güdür. Ancaq atılan istənilən addım Azərbaycanın siyasi mövqeyinə və imicinə, münaqişənin həlli ilə bağlı ortaya qoyulan iradəyə təsir etmək gücündə deyil. Ermənistan gözəl bilir ki, bu ölkə heç bir halda Azərbaycanla müharibə aparmaq gücündə deyil. Bu gün Ermənistanda hakimiyyətdə olan koalisiya çox dayanıqsızdır. Ölkədə müəyyən qüvvələrin əldə olunan razılığa yenidən baxmağa hazırlaşması da bunu deyir. Eyni zamanda daxili ziddiyyətlərin fonunda ölkədə siyasi güclərin palitrası və onlar arasındakı münasibətlərin məzmunu gərginliyin artması ehtimalını xeyli yüksəldir. Görünən odur ki, N.Paşinyanın hakimiyyətə gəlişi ilə sürətlə erməni siyasi mühiti həm parçalandı, həm də ziddiyyətlərin sayı artdı. Bu onu göstərir ki, cəmiyyətdə uzun müddət siyasi ziddiyyətlər mövcud olub və onları yalnız süni yolla ört-basdır etməyə çalışıblar. Erməni cəmiyyətinin fərqli siyasi düşərgələrə bölünməsi də qaçılmazdır. Buna görə də N.Paşinyan öz hakimiyyətini saxlamaq və sərt addımlar atmaq üçün xalqın etimadını qazanmaq istəyir. Lakin o, son anda cəmiyyətin bu kimi qeyri-populyar addımları dəstəkləyəcəyinə inanmır. Buna görə də əlavə siyasi baza yaratmağa çalışır. N.Paşinyanın komandasının monolit olmaması onun bu addımı atmasının qarşısını alır. Eyni zamanda N.Paşinyanın öz tərəfdarları arasında qeyri-sağlam rəqabət mühitinin yaranması da gözlənilən nəticənin əldə olunmayacağından xəbər verir. N.Paşinyan tərəfdarlarının arasında müşahidə edilən "mərkəzdənqaçma" halları isə uğursuz daxili və xarici siyasətdən irəli gəlir. O, hakimiyyətə gələndə verdiyi sözlərə əməl edə bilmir. Cəmiyyət artıq əmindir ki, N.Paşinyan korrupsiyaya qarşı səmimi mübarizə aparmır. Bu, daha çox simvolik xarakter daşıyır, bir çox hallarda isə uğursuz olur. Ermənistan cəmiyyətində "Qarabağ klanı" ilə mübarizə adı altında fəaliyyət də cəmiyyəti faktiki olaraq yerliçilik prinsipi üzrə iki düşərgəyə bölüb.
N.Paşinyanın mövqeyini laxladan digər faktor xarici siyasətdə getdikcə daha çox hiss edilən qeyri-müəyyənlikdir. Ən çox diqqət çəkən məqam regionda nüfuzu olan bir dövlətin yeni hakimiyyətdən narazı olmasıdır. Digər tərəfdən, aparıcı Qərb dövlətləri də regionda baş verən qlobal geosiyasi proseslərdə fəallığını artırmağa çalışır. Təbii ki, həmin hegemon dövlət özünün ənənəvi nüfuz məkanında başqa bir güclü oyunçunu görmək istəməz.
Bütün bunlardan aydın olur ki, Ermənistanın siyasi səhnəsi qarşıdurmalarla zəngindir. Belə proqnozlaşdırılır ki, bütün bu məqamlar daha kəskin şəkildə özünü göstərə bilər. Bu zaman N.Paşinyan öz hakimiyyətini legitimləşdirsə, koalisiya və prezidentlə münasibətləri balanslaşdırsa belə, o, çoxlu sayda güzəştlərə getməlidir. Görən, N.Paşinyan hakimiyyəti cəmiyyətin gözlədiyi güzəştlərə getmək iqtidarındadır? Hesab edirik ki, geosiyasi mübarizənin daha da gücləndiyi bir mərhələdə Ermənistan hakimiyyəti buna hazır deyil və bu vəziyyət Ermənistana ciddi problemlər yarada bilər.
Sadalanan amillər əsasında Ermənistanın yaxın zamanlarda siyasi palitrasının ciddi surətdə yeniləşməsini proqnozlaşdırmaq olar. Onun əsas əlaməti parçalanma tendensiyasının dərinləşməsindən ibarət olacaq. Hesab etmək olar ki, Ermənistanın müasir tarixində bu, gələcəyə ciddi təsir edəcək prosesdir. Ancaq bir məsələ aydındır ki, Ermənistanda cərəyan edən istənilən proses Dağlıq Qarabağ münaqişəsinin həllini sual altında qoyacaq imkanında deyil. Tezliklə Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında bütün suallara aydınlıq gətirəcək!


Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"