Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2018 09:42

“Aktyor kinoda Mehdi obrazını əbədi yaşatmaq üçün yaşamışdı”

Müsahibimiz "Azərbaycan" jurnalının baş redaktoru, "Təxəllüsü  Mixaylo" sənədli filminin ssenari müəllifi İntiqam QASIMZADƏDİR.

- İntiqam müəllim, siz əfsanəvi partizan Mehdi Hüseynzadənin məzunu olduğu məktəbdə oxumusunuz. Bunun qəhrəmana sevginizi daha da artırdığını güman edirəm.
- 1950-ci ildə anam əlimdən tutub məni 19 saylı məktəbin 1-ci sinfinə apardı. 19 saylı məktəb o məktəb idi ki, burada vaxtilə Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə oxumuşdu. O zaman Karamelni fabrikinin indiki "Azad qadın" heykəlinin sağ tərəfində bizim evimiz, sol tərəfində isə Mehdigilin evi yerləşirdi. Tale də elə gətirib ki, biz eyni məktəbin məzunu olmuşuq. Oxuduğumuz bu  orta məktəb əvvəllər yeddiillik idi. Təhsil aldığım müddətdə əlaçı şagird olmuşam. Sinifdə bir Mehdi Hüseynzadə partası var idi. İndiki kimi yadımdadır, əlaçı uşaqlardan da məni seçmişdilər ki, o partanın arxasında oturum.
- Maraqlıdır, "Uzaq sahillərdə" filminin çəkiliş meydanlarında tamaşaçı kimi iştirak etmisiniz. Bəs, bu necə baş verdi?
- 8-ci sinifdə oxuyurdum. Bir gün gördük ki, Bakının küçələrində bir film çəkirlər. O zaman Bakı küçələrində film çəkiləndə hamı yığışardı çəkiliş  meydanına və orada baş verən hadisələrə tamaşa edərdi. Öyrəndim ki, bu məşhur "Uzaq sahillərdə" filminin çəkilişidir. Bu filmi tanınmış rejissor Tofiq Tağızadə çəkirdi. Tarqovı deyilən ərazidə, indiki Nizami küçəsində bir neçə yerdə Mehdi Hüseynzadənin alman zabiti formasında gəzintisi,  Anjelikanın faşistlər tərəfindən izlənilməsi və başqa səhnələr çəkilmişdi. Bütün bu səhnələr filmdə öz əksini gözəl tapıb. Filmdə bəzi epizodlar, kadrlar keçmiş Sovet İttifaqının bir neçə şəhərində, o cümlədən Riqa şəhərində də çəkilib. Hamının çox sevdiyi bu film təkcə Azərbaycanda deyil, keçmiş ittifaqın hər yerində rəğbətlə qarşılandı. "Uzaq sahillərdə"nin şöhrəti,  demək olar ki, dünyaya yayıldı. Rezonansı böyük oldu. "Uzaq sahillərdə" filminə qədər müharibə mövzusunda  çəkilən çox filmlər görmüşdüm. Lakin məhz bu filmdən sonra keçmiş SSRİ-də çoxlu sayda kəşfiyyatçıların həyatından bəhs edən filmlər hazırlandı.
Filmdən sonra məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Mehdi Hüseynzadəyə heykəl ucaldıldı. Ümummilli Liderimiz o heykəlin açılışında iştirak etmişdi. Bütün bunlar hamısı mənim gözümün önündədir. Sanki dünən olub...
- İntiqam müəllim, Mehdi Hüseynzadə sizin sevimli qəhrəmanınızdır...
- Bəli, Mehdi mənim çox sevdiyim qəhrəmanlardan biri olub. Təbii ki, bu sevginin içində məhəllə təəssübü də vardı. Biz fəxr edirdik ki, bir məhəllədə böyümüşük. Qeyd edim ki, o, bütün Azərbaycan xalqının,  böyükdən-kiçiyə hər kəsin sevimli qəhrəmanı olub. Nəsillər dəyişdikcə xalqımızın qəlbində əbədi yaşayır. Sizə bir sirr açım, həm də etiraf edim ki, kəşfiyyatçı-partizan Mehdi obrazını yaradan aktyor Nodar Şaşıqoğlunun da istər kinonun məşhurlaşmasında, istərsə də qəhrəmanın sevilməsində böyük rolu  olmuşdur. Onun qürurlu, vüqarlı görünüşü obrazı tamamlayır və hər bir tamaşaçıda  böyük rəğbət oyadırdı. Nodar Şaşıqoğlu olduqca istedadlı idi. Aktyor kinoda Mehdi obrazını əbədi yaşatmaq üçün yaşamışdı.
- "Uzaq sahillərdə" povesti filmdən öncə yazılıb. O povest tez bir zamanda sərhədləri aşdı. Özünə geniş oxucu kütləsi yığdı...
- Bununla bağlı bir xatirə danışım. 1960-cı illərin əvvəlləri idi, köhnə məhəllədə hələ ata-baba yurdunda yaşayırdıq. Poçtalyon bir bağlama verdi bizə. Bağlamanın içində 5 ədəd  kitab vardı. Kitab Çin dilində idi. Bağlamanı açanda məlum oldu ki,  o bağlama İmran Qasımova və Həsən Seyidbəyliyə göndərilib. Ünvan yerində İmran Qasımovun adı birinci yazıldığı üçün mənim atamın soyadı da Qasımov olduğundan poçtda səhv salıblar. Təsadüfə bir baxın. Atam Böyükağa Qasımzadə şair, yazıçı idi. O zaman da onun soyadı Qasımov kimi gedirdi. Ona görə də həmin bağlamanı ünvana düzgün gətirməmişdilər. Biz onu çətinliklə müəyyən edəndən sonra  bildik ki, bu kitab "Uzaq sahillərdə" povestinin Çin dilinə tərcümə olunmuş variantıdır. Atam o kitabları İmran Qasımova və Həsən Seyidbəyliyə çatdırmışdı. Onlar yoldaş, dost idilər. Görürsünüz,  artıq o vaxtlar Mehdi Hüseynzadənin həyat və döyüş yolundan bəhs edən "Uzaq sahillərdə" əsəri Azərbaycandan çox-çox uzaqlarda  Çin Xalq Respublikasında da məşhur idi.
- "Mixaylo" həyatınızın qəhrəmanı kimi yaradıcılığınızda da daim  yer alıb. Buna özünüz can atmısınız, yoxsa təsadüf elə gətirib?
- Mehdi Hüseynzadə hər zaman gözlərim önündə qəhrəmanlıq simvolu kimi canlanıb. Onu bugünkü, gələcək nəsillərə örnək kimi qiymətləndirirəm. O, vətənpərvər, Vətəni uğrunda özünü fəda edən bir qəhrəman kimi yaddaşlarda yaşayır və həmişə yaşayacaq. Mehdinin ölüm səhnəsini rejissor Tofiq Tağızadə çox təsirli çəkib. Həmin səhnəyə baxdıqca adamın ona ürəyi ağrıyır. Bu illər ərzində bəlkə 25-30 dəfə baxmışam o filmə. Hər dəfə Mehdini yenidən tanıyıram. Bu gün də onun haqqında çox bilgiləri öyrənmək istəyirəm.
Vaxtilə Azərbaycan Dövlət Televiziyasında həmkarımla birlikdə rus dilində veriliş aparırdım. Verilişlərin birində Mehdinin qəhrəmanlıq obrazı haqqında süjet hazırladıq. Verilişə onun silahdaşı Mirdamət Seyidovu dəvət etdik. Mirdamət "Uzaq sahillərdə" filmində partizan Vasilinin prototipidir. Onun söhbətlərindən və arxivindən gətirdiyi çoxlu sayda foto-şəkillərdən görünürdü ki, Həsən Seyidbəyli və İmran Qasımovun yazdığı əsər bir bədii əsər idi. Faktlara əsaslansalar da, onların təxəyyülünün və fantaziyasının məhsulu idi. O zaman filmin ssenari müəllifləri faşizmlə mübarizədə dünyanın sülhsevər xalqlarının nümayəndələrindən biri kimi sloveniyalı Vasilini seçmişdilər. O vaxt mənə aydın oldu ki, həyatda faktlar daha çox və daha zəngindir. Bəzi təhriflər də ola bilərdi bədii filmdə. Doğrudur, bədii film buna imkan verir. O rejissorun və müəlliflərin tam hüququdur. İstədikləri sərbəst əsərlərini yazıblar. Onlar Mehdi Hüseynzadənin qəhrəmanlıq dolu həyatını bədii fikrin gücü ilə əks etdiriblər.
- "Təxəllüsü Mixaylo" sənədli filminin müəllifliyinə necə razılıq verdiniz?
- Bir gün kinorejissor Tahir Əliyev mənə müraciət edib dedi ki, belə bir film çəkmək arzusundayam. İstəyirəm ki, ssenarini siz yazasınız. Əvvəllər kinostudiyada çalışmışdım və hər zaman da kino aləmi ilə əlaqələrim var idi. Sənədli filmlər ssenarisi yazırdım. Bu təklifi eşidəndə çox sevindim və Tahirə seçiminin düzgün olduğunu dedim. Rejissor çoxlu sayda arxiv materialları və sənədlər toplamışdı. Görünürdü ki, o, həqiqətən də, Mehdi Hüseynzadə haqqında filmin çəkilişinə çoxdan hazırlaşmışdı. Mən də böyük məmnuniyyətlə bu təklifi qəbul etdim və filmin ssenarisini yazdım. 
- Ssenarini yazanda hansı maraqlı məqamlar sizin diqqətinizi çəkdi?
- Sənədlərdən məlum olurdu ki, vaxtilə Mehdi obrazının, azərbaycanlı qəhrəmanın təsdiq olunması üçün çox axtarışlar aparılmışdır. Bilirsiniz ki, bir zamanlar Mehdi Hüseynzadəni xalq düşməni kimi təqib etmək istəyiblər. Axı o legionda olmuşdu. Legionda özü də təbliğatçı işləyib. Guya alman dilini bildiyi üçün oradakı legionerlər arasında alman rəhbərliyinin ideologiyasını həyata keçirirdi. Bu sənədlərlə tanış olduqdan sonra artıq Mehdinin kimliyi haqqında məndə bir təsəvvür yarandı. Mehdi Hüseynzadə xüsusi tapşırıqla işləmiş bir Sovet zabiti olub.  
- Əlinizdə tamamilə məxfi qrifli arxiv sənədləri də olub. Onlar hansı sənədlər idi?
- Ssenarini yazanda mənə o da bəlli oldu ki, 1947-ci ildə İtaliya partizanlarının rəhbəri P.Tolyati Stalinlə görüşür və söhbət əsnasında Mehdi Hüseynzadənin qəhrəmanlığından danışır. Onun Azərbaycandan olduğunu deyir və göstərdiyi qəhrəmanlıqlar, igidliklər barədə ölkəsində hələ də söhbətlər getdiyini qeyd edir. Keçmiş partizan Stalindən Mehdinin ailəsi haqqında soruşub. Sovet rəhbəri də ona deyib ki, biz Mehdi Hüseynzadə ilə maraqlanarıq.  Rəhbərlərin bu söhbətində Mikoyan da iştirak edib. Mikoyan burada həmin qafqazlı balasının erməni olduğunu iddia edir. Lakin onun bu hiyləsi həyata keçmir. Stalin Mehdi Hüseynzadə ilə bağlı məsələni Azərbaycan rəhbərliyinə tapşırır. Bu məsələnin dəqiq araşdırılması və Mehdi Hüseynzadə haqqında məlumatın toplanması o dövrdə dövlət təhlükəsizlik orqanlarında xüsusi şöbədə işləyən ulu öndər Heydər Əliyevə həvalə olunur. 
- Mehdigillə eyni məhəllədə yaşamışdınız. Onun ailə üzvlərindən kimisə tanıyırsınızmı?
- Mən Mehdi Hüseynzadənin bacısı oğlu Aqşin Əlizadə ilə yaxın dost idim. Allah ona rəhmət eləsin. Biz o filmdə Aqşin Əlizadənin  dayısı haqqında danışdığı xatirələrini də çəkmişik. Aqşin deyirdi ki, dayım mənim əlimdən tutub Oktyabr bayramına aparardı. Bacısı oğlanları Hənifəni və Mehdini də çox yaxşı tanıyıram. 
- Mehdi milli-mənəvi dəyərlərimizi qoruyub yaşadan xalqımızın qəhrəman bir oğlu idi...
- Bəli, Mehdidə milli xarakter üstünlük təşkil edirdi. Onun bədii filmdə də milli xarakteri açıq-aydın görünür və qabarıq verilir. Mehdinin əsl azərbaycanlı olmağı həm hərəkətində, həm əxlaqında, həm tərbiyəsində, həm də Vasilinin atasını öz atası bilib ona hansı tərzdə müraciətində də hiss olunur. Ağsaqqala hörmət milli xarakterdən irəli gəlir. Bütün bunlar bədii filmdə öz əksini tapıb. Mehdinin  hansısa tapşırığı yerinə yetirməyə gedəndə üzündəki ifadələr, qorxmazlığı, qürurlu görünüşü, əsl azərbaycanlı övladına xas xarakterlər özünü büruzə verir. Əslində, qəhrəmanlığın bir çox tərəflərinin olması onun hər addımında hiss olunur. Sənədli filmi də hazırlayarkən çalışdıq ki, Mehdini olduğu kimi tamaşaçıya təqdim edək. Tamaşaçı milli-mənəvi dəyərlərə bağlı olan Mixaylo haqqında yeni məlumat əldə etsin. O, gözəl rəssam idi. Həm də "Qürbətzadə" təxəllüsü ilə gözəl şeirlər yazırdı. Yaratdığı rəsm əsərləri də, yazdığı şeirlər də Mehdinin kimliyindən xəbər verir.
- İntiqam müəllim, sizcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı Mehdilərin qəhrəmanlığının davamı deyilmi?
- Ötən əsrin 80-ci illərinin sonlarında baş verən  faciələr, vaqeələr Azərbaycan xalqını böyük bir sınağa çəkdi. Sizin sualınıza cavab olaraq deyə bilərəm ki, yazıçı Aqil Abbasın "Dolu" əsərindəki erməni faşistlərinə qarşı döyüşən Azərbaycan oğullarının qəhrəmanlığı elə Mehdi Hüseynzadənin, Qafur Məmmədovun, Gəray Əsədovun qəhrəmanlıq nümunələrinin davamıdır. O nümunələri uzaq Triyestdə yox, Adriatik dənizinin sahilində yox, Azərbaycanda - öz doğma torpaqlarımız uğrunda gedən döyüşlərdə real təcəssümünü gördük. Mübariz İbrahimovun silahı götürüb düşmənlərin yuvasına təkbaşına  girməyi və şücaət göstərməyi əvəzsiz qəhrəmanlıq nümunəsidir. Əlbəttə, ədəbiyyatda belə nümunələr var, lakin azdır. Mübariz həlak oldu. O bu yola çıxanda bilirdi ki, bir daha geri qayıtmayacaq. Nə idi bu addımın hikməti? Bunun hikməti onda idi ki, Mübariz minlərlə azərbaycanlı əsgərinə örnək olan qəhrəmanlıq göstərdi. Vətən uğrunda canından keçdi, Mübarizin çıxdığı yol onun adını əbədiyyətə yazdıran yoldur. Bu gün Qarabağa gedən yolumuz da Mehdi Hüseynzadənin keçdiyi yolun davamıdır. Mehdinin, Həzinin, İsrafilin, Gərayın, Mübarizin, Muradın, Samidin davamçıları olan qəhrəman oğullarımızın sayəsində mütləq torpaqlarımızdan düşmən ayağı kəsiləcək. Biz öz doğma torpaqlarımıza qayıdacağıq. Zaman-zaman itirdiyimiz torpaqlarımıza - Zəngəzurumuza, Dərələyəzimizə, Göyçəmizə də qovuşacağıq.

Müsahibəni apardı:
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"