Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2018 10:37

Azərbaycanda milli hərbi təhsilin yüz illik tarixi

Bakı Piyada Məktəbi 1917-ci ilin noyabrında "Qırmızı Komandirlər Kursu"nun əsasında yaradılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, iki ilə yaxın fəaliyyət göstərən ilk hərbi məktəbimiz 4 buraxılış keçirə bilmişdi.
Aprel işğalından sonra Müdafiə naziri Səməd bəy Mehmandarovun verdiyi 238 saylı 28 aprel 1920-ci il tarixli əmri ilə Cümhuriyyət Ordusu yeni yaranmış Azərbaycan Sovet Hökumətinə tabe edilir. Yeni qurulmuş hökumət ordunun adını dəyişib Azərbaycan Fəhlə-Kəndli Qırmızı Ordusu adlandırır. Müvafiq olaraq hərbi məktəbin də adı Yığma Qırmızı Komandir Heyəti Məktəbi olur və hərbi məktəb Bakı şəhəri Budyonovskaya 15 ünvanında fəaliyyətinə davam edir. 7 iyun 1920-ci il tarixli 161 saylı əmrlə Heydər Vəzirov məktəb rəisi təyin olunur.
1921-ci ilin mayında piyada, süvari, istehkamçı və pulemyot bölmələrindən ibarət Fəhlə-Kəndli Komandir Kursları yaradıldı. Sonra bu kurslar Azərbaycan Sovet Birləşdirilmiş Qırmızı Komandirlər Məktəbi adlandırıldı.
15 dekabr 1921-ci ildə ikinci pilləli Birinci Azərbaycan Hərbi Məktəbinin rəsmi açılışı oldu və məktəbə 137 nəfər qəbul edildi. Kursantların xahişləri nəzərə alınaraq məktəbə Əliheydər Qarayevin adı verildi. 1 aprel 1922-ci ildən məktəbin adı dəyişdirilərək 1-ci Qırmızı Kadet Korpusu, 14 sentyabr 1922-ci ildən 1-ci Azərbaycan Proletar Hərbi Məktəbi, 31 avqust 1923-cü ildən Fəhlə Kəndli Qırmızı Ordusunun (FKQO) Zaqafqaziya Proletar Hərbi Hazırlıq Məktəbi, 1 oktyabr 1924-cü ildən isə FKQO-nun Zaqafqaziya Hərbi Hazırlıq Məktəbi adlandırıldı. Bu təhsil ocağı Cənubi Qafqaz millətlərinin gənclərini hərbi məktəblərə hazırlamağa başladı.
8 fevral 1926-cı ildə Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinə Serqo Orconikidze adı verildi. Məktəbin birinci buraxılışı   6 avqust 1926-cı ildə olur. Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinin 31 oktyabr 1930-cu ilədək buraxılmış məzunlarının çoxu Sovet Ordusunun generalları və zabitləri kimi şərəfli döyüş yolu keçirlər.
1 noyabr 1930-cu ildə məktəb yenidən təşkilatlanaraq 3 illik təhsil müddətli orta təhsil müəssisəsi səviyyəsində formalaşdı və FKQO-nun komandir heyətinin S.Orconikidze adına Bakı Piyada Məktəbinə çevrildi.
Məktəb mayın 31-dən başlayaraq yay təlim dövründə düşərgəyə çıxmağa başladı. Kursantlar düşərgədə öz əlləri ilə tədris sinifləri, yeməkxana, klub, idman şəhərciyi və meydançalar, eyni zamanda zamanın tələblərinə görə (həmin illər üçün) ən müasir atış şəhərciyi yaratdılar.
1932-ci ilin yazında gənc komandirlərin növbədənkənar ikinci buraxılışı oldu, ordunun hərbi hissələrindən isə kiçik komandir heyəti tərkibindən yeni çağırış keçirildi, qısa müddətli tədris kursları təşkil edildi.
1932-ci ildə Bakı Piyada Məktəbi Azərbaycan SSRİ Mərkəzi İcra Komitəsi tərəfindən "Qırmızı Bayraq" ordeni ilə təltif olunur. 1933-cü ilin yeni tədris dövründə isə məktəb xüsusi tikilmiş hərbi şəhərciyə köçürülür.
1934-1935-ci ilin yay tədris mövsümündə birləşmiş kursant bölüyünün şəxsi heyəti dəniz səviyyəsindən 4250 metr hündürlükdə olan Şahdağ yüksəkliyini fəth edir.
8 aprel 1937-ci ildə FKQO-nun komandir heyətinin S.Orconikidze adına Bakı Piyada Məktəbi SSRİ Müdafiə Xalq Komissarının əmri ilə yenidən təşkilatlanaraq S.Orconikidze adına Bakı Piyada Məktəbi adlandırıldı. Birinci çağırışla məktəbə 440 kursant qəbul edildi.
Bakı Piyada Məktəbi 1939-cu ilin əvvəlində yeni quruluşa,  yeni ştata keçdi.
Bir kursant taboru əvəzinə, ikisi formalaşdırıldı, bundan başqa ehtiyatda olan komanda (komandir) heyətinin hazırlığı kursları yaradıldı.
1939-cu ildə ümumi hərbi mükəlləfiyyət haqqında yeni qanunun qəbul edilməsi qarışıq ərazi (milli) kadrlar hazırlığı prinsipinə son qoydu və yalnız ordunun təşkilatlanmasına əsasən kadrlarla komplektləşmə sisteminə keçirildi.
1939-1940-cı ildə hərbi məktəb ştatını iki dəfə artırdı: 1939-cu ildə 3-cü tabor, 1940-cı ildə isə 4-cü tabor formalaşdırıldı. Gənc komandirlərin sürətli buraxılışına başlandı. 4 ay ərzində sürətli buraxılışla (təlim proqramı ilə) 500 leytenant-taqım komandiri buraxıldı və ordunun komplektləşməsinə göndərildi.
23 iyun 1941-ci ildə SSRİ Müdafiə Xalq Komissarının əmri ilə məktəb sürətləndirilmiş 6 aylıq tədris proqramına keçdi. Kursantlar üçün 12 saatlıq iş rejimi müəyyənləşdirildi: 8 saat tədris məşğələləri, 4 saat müstəqil hazırlıq üçün.
Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq SSRİ Müdafiə Xalq Komissarının əmri ilə 7 iyul 1941-ci ildə məktəbin bazasında 2-ci və 3-cü Bakı Hərbi Piyada məktəbləri yaradıldı.
1942-ci ilin iyulunda məktəbdə leytenant və kiçik leytenantların yeni buraxılışı oldu. Onların yarıdan çoxu Cənub cəbhəsinə, qalanları isə Cənubi Qafqaz cəbhəsinin Şimal ordu qrupuna göndərildi.
1942-ci ilin avqustunda S.Orconikidze adına Bakı Piyada Məktəbinin sonuncu taqım komandirlərinin buraxılışı oldu. 10 avqust 1942-ci ildə piyada və pulemyot-minaatan hərbi məktəblərin yoxlama nəticələrinə görə S.Orconikidze adına 1-ci Bakı Piyada Məktəbinin komandir heyətinə SSRİ Müdafiə Xalq Komissarının müavini tərəfindən təşəkkür elan edildi.
16 sentyabr 1942-ci ildə S.Orconikidze adına 1-ci Bakı Piyada Məktəbi Cənubi Qafqaz cəbhəsinə göndərilərək 164-cü, 165-ci əlahiddə atıcı briqadaların tərkibinə daxil edildi.
25 oktyabr 1942-ci ildə şəxsi heyəti bütünlüklə cəbhəyə göndərilmiş hərbi məktəbin bazasına Duşeti şəhərində (indiki Çeçenistan) yerləşmiş 2-ci çağırış Qroznı Piyada Hərbi Məktəbi köçdü.
13 mart 1945-ci ildə Bakıda fəaliyyət göstərən 2-ci çağırış Qroznı Piyada Hərbi Məktəbinin  adı yenidən dəyişdirilərək Bakı Piyada Məktəbi adlandırıldı.
Zabit hazırlığının say tərkibi dəyişdirildi. 1945-ci ilin aprelində Bakı Piyada Məktəbində yeni ştat strukturu quruldu. Şəxsi heyətin sayı beş dəfə azaldıldı.
Zabit kadrların hərtərəfli hazırlanması üçün 1946-cı ilin iyulundan üç illik proqramla hazırlıq başlandı. 1947-ci ilin oktyabrında isə Bakı Piyada Məktəbi özünün müharibədən sonra ilk üç illik proqramla hazırlanmış kursantlarının buraxılışını keçirdi.
1958-ci ilin ortalarında SSRİ Nazirlər Sovetinin qərarına əsasən, hərbi məktəblər orta təhsil sistemindən ali təhsil sisteminə keçdi. 1 sentyabr 1958-ci ildə məktəb yeni tədris sisteminə böyük təntənə ilə başladı.
Bu təhsil ocağı 1966-cı ildən Azərbaycan Ali Soveti adına Bakı Ali Ümumqoşun Komanda Məktəbi adlandırıldı.
1973-cü il 7 apreldə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev məktəbi ziyarət etmişdir. Həmin dövrdə Heydər Əliyev mütəmadi olaraq məktəbin fəaliyyəti ilə maraqlanır və buraxılış günlərində məzunlarla bir yerdə olurdu. O zaman orduda azərbaycanlı zabit kadrlarının sayının artmasında Heydər Əliyevin böyük rolu olmuşdur.
1991-ci ildə SSRİ dağıldıqdan və Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Ali Soveti adına Bakı Ali Ümumqoşun Komanda Məktəbi yenidən formalaşdı. Nəticədə 1988, 1989, 1990-ci illərdə təhsil alan SSRİ ölkələrinin vətəndaşları olan kursantlar təhsillərini davam etdirmək üçün öz vətənlərinə və Rusiya Fedarasiyasının hərbi məktəblərinə köçürüldülər.
1992-ci ilin aprelindən məktəb Azərbaycan Respublikasının hüquqi tabeliyinə keçirildi. Məktəbin adından Azərbaycan Ali Soveti sözləri çıxarıldı. Motoatıcı qoşunlar üçün zabitlərdən başqa, məktəb 13 hərbi peşə üzrə zabitlər hazırlamağa başladı.
Bakı Ali Ümumqoşun Komanda Məktəbinin kursantları erməni təcavüzkarlarının törətdiyi Qarabağ müharibəsində, ərazi bütövlüyümüzün və suverenliyimizin qorunmasında fəal iştirak etdilər.
1992-ci ilin dekabrında ümumqoşun fakültəsinin birinci kursunun şəxsi heyətindən ibarət tabor yarandı və döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam bölgəsinə göndərildi. Gənc kursant taboru vətənpərvərlik və cəsurluq nümunələri göstərərək itkisiz döyüş tapşırığını yerinə yetirdi.
Eyni zamanda 1993-cü ilin fevralında ümumqoşun fakültəsinin ikinci kursundan 72 nəfərdən ibarət bölük yaradıldı, döyüş tapşırığını yerinə yetirmək üçün Ağdərə bölgəsinə göndərildi.
Məktəbin zabit və kursantları 1994-cü ilin qış və yaz döyüş kompaniyalarında Murovdağ istiqamətində erməni təcavüzünə sinə gərmiş, verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişlər.
Məktəbi bitirən yüzlərlə gənc zabit öz Hərbi andına sadiq qalaraq müstəqilliyimiz və dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət və igidlik göstərmişdir. Onlarla məzun Vətən naminə öz canlarını fəda etmiş və şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi igidliklərə görə məktəbimizin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür.
1997-ci ildə hərbi məktəb "Qırmızı Şərq" şəhərciyindən Zığdakı Dənizçilik Məktəbinin bazasına köçürüldü. Həmin bazada dənizçilik, təyyarəçilik və quru qoşunları hərbi məktəbləri birlikdə fəaliyyət göstərməyə başladı. Təlim prosesi müasir NATO standartlarına uyğunlaşdırıldı.
20 avqust 2001-ci ildə Azərbaycan Republikası Prezidentinin fərmanı ilə Bakı Ali Birləşmiş Ümumqoşun Komandirlər Məktəbinin adı dəyişdirilərək Azərbaycan Ali Hərbi Məktəbi oldu.
10 mart 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Ali Hərbi Məktəbi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyır.
2014-cü ildə məktəbin strukturu dəyişdirildi və tədris proqramı yeniləndi. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Quru Qoşunları, Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri ixtisasları üzrə üç fakültədən ibarət olub, bakalavr ali təhsil pilləli leytenantlar hazırlayır.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Azərbaycanda yaranmış, xüsusən də, Bakıda yerləşmiş və fəaliyyət göstərmiş bütün hərbi kursların, məktəblərin və ali təhsil müəssisələrinin hərbi ənənələrinin varisidir və davamçısıdır. 100 illik inkişaf və döyüş yolu olan tarixə malikdir.



Mirqiyas RÜSTƏMOV,
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin Humanitar və Sosial fənlər kafedrasının rəis müavini - Hərbi fənlər silsiləsinin rəisi