Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2018 10:27

“Beynəlxalq Ordu Oyunları-2018” yarışlarında milli-mənəvi dəyərlərimiz layiqincə təmsil olundu

Dövlətlərarası münasibətlər həm də müxtəlif beynəlxalq tədbirlərlə möhkəmlənir. Belə tədbirlərdən biri də ənənəvi keçirilən "Beynəlxalq Ordu Oyunları"dır. “Beynəlxalq Ordu Oyunları-2018” yarışları çoxtərəfli hərbi əməkdaşlıq baxımından dəyərlidir. Bu yarışlar Silahlı Qüvvələr arasında qarşılıqlı etimadın, dostluq və rəqabət duyğularının daha da artırılmasını təmin edir. Bu tədbir həm də iştirakçı dövlətin ordusu haqqında təəssüratları zənginləşdirir.
"Beynəlxalq Ordu Oyunları-2018" yarışları haqqında geniş məlumat almaq məqsədilə polkovnik Etibar Əliyevlə və polkovnik-leytenant Eldar Sadıqovla görüşdük. Hər məqama aydınlıq gətirən söhbətləri bir həqiqətin təsdiqi bildim: Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır, Azərbaycan mətbəxi, Azərbaycan musiqisi həmişə öncüllər sırasında olub...
- Rusiya dövlətinin dəvəti ilə ölkəmiz bu beynəlxalq yarışlarda layiqincə təmsil olunur, - polkovnik Etibar Əliyev bildirdi. - Bizim milli-mənəvi dəyərlərimizi əks etdirən stend 32 dövlət arasında ən çox izlənilən və iştirakçılar tərəfindən böyük maraqla qarşılanan sərgilər arasında yer tutdu.
Burada ilk olaraq dövlətimizin adı, atributlarımız - bayrağımız və gerbimiz, ölkə sərhədlərimiz, keçmişlə müasirliyi özündə birləşdirən Bakının foto-şəkilləri əks olunmuşdu. "Beynəlxalq Ordu Oyunları-2018" yarışlarının və Müdafiə Nazirliyinin məxsusi nişanları da eksponatlar sırasındaydı. İnsanın ruhunu dincəldən Xəzər dənizinin qoynunda möhtəşəm neft-qaz yatağı güclü iqtisadiyyatımız haqqında təəssürat yaradır. Gələnlər tarixi sərkərdələrimizin - Koroğlunun, Cavanşirin, Babəkin, Şah İsmayıl Xətainin, Səməd bəy Mehmandarovun, Həzi Aslanovun, xalqımızın qürur duyulan keçmişində böyük əməyi olan şəxsiyyətlərin rəsmlərinə də maraqla baxırdı, tanımadıqlarını da tanıyırdılar. Müasir Azərbaycanın dövlətçilik memarı, ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmləri, Ulu Öndərə, Sovet İtifaqı Qəhrəmanı Həzi Aslanova və başqalarına həsr olunan kitablar xüsusilə diqqəti cəlb edirdi. Müdafiə Sənayesi Nazirliyində istehsal olunan milli silahlarımız da maraq doğururdu.
Polkovnik Etibar Əliyev onu da qeyd etdi ki, bütün stendlərdə  Vətənimizin aydın səmaları təsvir olunur. "Aydın səmalar bizim güclü ordumuzun sayəsində mövcuddur. Belə oyunlar ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəlməsində də xüsusi rol oynayır. Qəzet vasitəsi ilə ordumuzun ölkə xaricində yüksək səviyyədə təmsil olunduğunu görən əsgər Vətən keşiyində daha ayıq-sayıq dayanır. Düşünür ki, hamı Vətənimizin parlaq gələcəyi üçün üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidir".
Polkovnik-leytenant Eldar Sadıqov dedi ki, tarixi incilərimiz sırasında Qız qalasının, Şirvanşahlar sarayının xüsusi yeri var. "Stendlərimizdə  klassiklərimizdən Nizami Gəncəvinin, Xəqani Şirvaninin, Nəsrəddin Tusinin, İmadəddin Nəsiminin və Məhəmməd Füzulinin  portretləri ilə yanaşı, Azərbaycanın tolerant ölkə olduğunu ifadə edən nişan da yer almışdı. Torpaqları işğal altında olan ölkədə bu hal maraqla qarşılanırdı.  Qobustan qayaüstü rəsmləri, Atəşgah, Əlincə, Mərdəkan, Şuşa və Əsgəran qalaları çox qədim tariximizin nişanələridir. Neft estakadasını - Neft daşları şəhərini, tarixin irəliləyən mərhələlərini, milli xörəklərimizin - dolmanın, pitinin, kababların, təndir çörəyinin və s. şəkillərini də sərgidə yerləşdirmişdik."
Stenddə, həmçinin əl işi  və fabrikdə toxunan xalçalarda butalar, ornamentli görüntülər də diqqət çəkirdi. Milli musiqi alətlərimiz haqqında müfəssəl məlumat verilirdi. Balabanın IV əsrə, saz və kamançanın XVI əsrə, tarın XVII əsrə, qavalın orta əsrlərə aid olduğu, zurnanın üç min illik tarixi də  stenddə öz əksini tapmışdı. Üç dildə dərc olunan "Azərbaycanın musiqi alətləri" kitabı da sərgiyə gələnlərin diqqətini çəkirdi. Çövkən oyunu haqqında geniş məlumat, müxtəlif ornamentli əşyalar da sərgiləndi.
Quraşdırılmış monitorda yayımlanan tanıtma çarxında ölkəmiz haqqında geniş məlumat, tarixi abidələrimiz, turizm zonalarımız, bu il 100 illiyini qeyd etdiyimiz ordumuz və yaddaşlarda məxsusi iz buraxan, qürurlandığımız hərbi parad, “Dəniz Kuboku-2018” beynəlxalq yarış haqqında məlumatlar bir-birini tamamlayırdı. 
Milli mətbəximizin şirniyyatlarından - Gəncə və Şəki paxlavası, şəkərbura, bal və Azərbaycan çayı qonaqlara ikram edilirdi. Şirniyyatları dadanlar maraq və heyranlıqlarını bildirirdi: Azərbaycanın şirniyyyatları əvəzedilməzdir. 
Polkovnik Etibar Əliyev onu da bildirdi ki, beynəlxalq yarışların keçirildiyi günlərdə Rusiya Müdafiə naziri Sergey Şoyqu və müavinləri Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan "Dostluq Evi"nə baş çəkiblər.  Nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, məişətinə aid eksponatlarla yaxından tanış olublar. Stenddə əks olunanlarla ən incə detalına kimi maraqlanıblar, məlumatları diqqətlə dinləyiblər. Rusiya Müdafiə naziri Sergey Şoyquya milli xalq çalğı alətlərindən ibarət suvenir hədiyyə olunub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov da sərgi ilə yaxından tanış oldu və öz razılığını bildirdi.
Polkovnik-leytenant Eldar Sadıqov qürurla qeyd etdi ki, ötən illərdən bizim stendlə yaxından tanış olan iştirakçılar "Azərbaycan həmişə olduğu kimi, bu dəfə də hamıdan yaxşıdır", "Yenə də Azərbaycan" deyirdilər.
Polkovnik Etibar Əliyev və polkovnik-leytenant Eldar Sadıqov yüksək professionallıq və təşkilatçılıq qabiliyyətlərinə görə Beynəlxalq Ordu Oyunları Assosiasiyasının Prezidenti, Rusiya Quru Qoşunları Komandanı general-polkovnik O.Salyukov tərəfindən təşəkkür məktubu ilə təltif olunublar. Bu, qürurvericidir...
Sərgidə klassik estrada janrında ifaçılar arasında Xəyyam Mustafazadə birinci yerə layiq görüldü.
Beynəlxalq yarışlar boyu müxtəlif dövlətləri təmsil edən iştirakçılar xatirə dəftərinə təəssüratlarını yazıblar. Hər qeyddə Azərbaycana ehtiram, sevgi...
 
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"