Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2018 10:17

Qurtuluş tarixinin qələbə günü

Ötən əsrin əvvəllərində dünyanın bir çox ölkələri, o cümlədən Türkiyə ətrafında cərəyan edən mürəkkəb siyasi hadisələr 1914-cü ildə Birinci Dünya müharibəsinin başlamasına və milli azadlıq hərəkatının vüsət almasına səbəb oldu. Zamanın bu dönəmi Türkiyə tarixinə də qurtuluş savaşları, milli mübarizə illəri kimi yazıldı. Nəhayət, Osmanlı Türkiyəsi də bütün qüvvələrini səfərbər edib dünya müharibəsinə qoşuldu. Bu müharibədə Türkiyə məğlub oldu. Antanta dövlətləri Osmanlı Türkiyəsini ağır məğlubiyyətə uğratdı. Müharibənin sonunda 1918-ci il oktyabrın 30-da qalib dövlətlərlə Türkiyə arasında "Mudros" adlı təslimçi barışıq müqaviləsi imzalandı. Bu barışıq sazişinə əsasən, Osmanlı Türkiyəsi parçalanmalı idi və bununla da işğalçı ölkələr burada istədiyi şəkildə hegemonluq edə bilərdi. Ölkənin Şərqində Ermənistan dövlətinin yaradılması da bu planın tərkib hissəsinə daxil idi.
Tarixə nəzər salaq: 1919-cu il mayın 15-də yunan qoşunları  dünyanın imperialist dövlətlərinin dəstəyi ilə İzmiri ələ keçirdi. İzmirin işğalından sonra təcavüzkar dövlətlərin Türkiyəni parçalamaq siyasətinə qarşı ölkədə milli azadlıq hərəkatı baş qaldırdı. Birinci Dünya müharibəsi cəbhələrində döyüşərək yorğun düşən Osmanlı türkləri yenidən özlərində güc taparaq düşmənə qarşı müqavimət aparırdı, ancaq bu hərəkat kiçik dəstələr halında həyata keçirildiyi üçün nəticəsiz qalırdı. Türk xalqının böyük öndəri Mustafa Kamal Paşa məhz belə bir ağır məqamda 1919-cu il mayın   19-da Samsuna gələrək, xalqı birliyə çağırdı, millətin başladığı milli azadlıq hərəkatının başına keçdi və rəhbərliyi öz üzərinə götürdü.
Mustafa Kamal Paşa Birinci Dünya müharibəsində bir çox uğurlu hərbi əməliyyatlara nail olmuşdu. Osmanlı ordusunun ən istedadlı və ən bacarıqlı generallarından sayılırdı. Təslimçiliyi qəbul etməyən müqavimət qüvvələri 1920-ci il aprelin      23-də Ankarada Türkiyə Böyük Millət Məclisinə toplanır. Mustafa Kamal Paşa bu məclisə sədr seçilir. Bundan sonra parlament milli qurtuluş müharibəsinə başlamağın vaxtı çatdığını elan edir. Ölkənin bu ağır və çətin günlərində səfərbərlik elan edilir. Qadın, gənc, uşaq, yaşlı demədən hər kəs orduya yazılır, böyük Türkiyəni xilas etməyə can atır.
1922-ci il avqustun 6-da orduya gizli olaraq müharibəyə hazırlıq tapşırığı verilir. Bu tapşırıqdan sonra Mustafa Kamal Paşa Akşehirə gələrək ordu komandanlarını bir araya toplayır. Bu toplantıda müharibənin başlanması tarixi avqustun 26-na təyin edilir. Qərara alınır ki, müharibə Afyonun Cənubundan Dumlupınar istiqamətinə doğru hücum halında başlayacaq və sonra meydan müharibəsinə çevrilərək düşmən qüvvələri tamamilə məhv ediləcək.
26 avqust 1922-ci il tarixdə səhər sübh tezdən topçuların atəşi ilə Kocatəpədən meydan müharibəsi başlayır... Döyüşü Baş Komandan Mustafa Kamal Paşa idarə edirdi. Qəhrəman Türk ordusu Cənub, Şimal istiqamətlərindən hərəkət edərək sürətlə irəliləyir, yunanların müdafiə xəttini yarmağa müvəffəq olur və 26-27 avqust gecəsi yunanların silah-sursatını ələ keçirir. Bir neçə gündən sonra Afyon işğaldan tamamilə azad olunur, Dumlupınara doğru geri çəkilən bütün yunan ordusu məğlub edilir. Ölkəsinin azadlığı naminə düşmən üzərinə gedən türk övladı şəhid düşdüyü yeri tapdaq etmədi, özünə Vətən etdi. Öküz arabalarında silah-sursat, əsgərlərə su, çörək daşıyan ayaqyalın türk qadını isti havalarda bu ağır yükün altına girir, ac-susuz döyüşən oğullarına yardım göstərirdi və isti adyalı qucağındakı körpəsinin deyil, yaralı əsgərin üstünə sərirdi. Beləcə, uca türk milləti əzmlə, inamla döyüşdü və zəfər qazandı. Müharibənin sonlarında yunanların komandanı Trikopis əsir alınır. Bu arada Kutahya da düşməndən tamamilə təmizlənir. Bu müharibə Türkiyə tarixinə "Meydan Müharibəsi" kimi düşür. Minlərlə türk əsgəri, gənci, qadını, qocası şəhid oldu bu müharibədə. Lakin bir qarış torpaq belə düşmənə güzəşt edilmədi.
Azərbaycan o çətin sınaq illərində maddi və mənəvi yardımını qardaş Türkiyədən əsirgəmədi. Tədqiqatçı Hüseyn Adıgözəl yazırdı ki, Mustafa Kamal Paşa 1921-ci il martın 17-də, yəni 2-ci İnönü müharibəsindən əvvəl Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub göndərərək maliyyə dəstəyinə böyük ehtiyac duyulduğunu bildirmişdi. N.Nərimanov dərhal büdcədə olan 500 kiloqram qızılı Ankaraya, xeyli miqdarda silah-sursatı da Anadoluya göndərmişdi.
Bütün bunlar qardaşın-qardaşa köməyi, vəfa borcu idi. Bunun ən gözəl izahını biz N.Nərimanovun 1921-ci il martın       23-də Mustafa Kamal Paşaya yazdığı məktubunda görə bilərik. Türkiyə tərəfinin borcları necə qaytaracağı barədə narahatlıq keçirdiyi bir zamanda N.Nərimanov yazırdı: "Paşam, türk millətinin bir ənənəsi vardır - qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar, biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın başqa bir qardaşı üçün etmək istədiyindən başqa bir şey deyil."
Beləliklə, böyük Türkiyənin Qurtuluş Müharibəsi 1922-ci il avqustun 30-da türk xalqının tam qələbəsiylə sona çatdı. 30 avqust tarixi Türkiyə tarixində möhtəşəm gündür.
1923-cü il oktyabrın 13-də Ankara Türkiyə Cümhuriyyətinin paytaxtı elan olundu. Oktyabrın 29-da isə Böyük Millət Məclisi Türkiyə Cümhuriyyətinin rəsmən elan edilməsi haqqında qərar imzaladı.
Dünya tarixindən bəllidir ki, Lozanna sülh konfrasında uzun sürən müzakirələrdən sonra Türkiyə Cümhuriyyətinin mövcud sərhədləri böyük dövlətlər tərəfindən tanındı. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamal Paşaya rəsmi olaraq "Atatürk" soyadını verdi.
Tarixin müxtəlif mərhələlərində - çətin, ağır dönəmlərində Türkiyə və Azərbaycan hər zaman biri-birinə arxa dayaq olub. Qardaş Türkiyə dövləti ilə münasibətlərə xüsusi önəm verən ulu öndər Heydər Əliyev Türkiyə Böyük Millət Məclisinin kürsüsündən çıxış edərək deyirdi: "Türkiyə Böyük Millət Məclisi böyük öndər Mustafa Kamal Atatürkün, onun silahdaşlarının, həmkarlarının səyləri nəticəsində, o dövrdə Türkiyə xalqını daha da irəli aparmaq, mədəniyyətə, demokratiyaya qovuşdurmaq istəyən mütəfəkkir adamların səyləri nəticəsində yaranmışdır...".
İki böyük öndər - "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" söyləyən Atatürk və "Bir millət, iki dövlət" deyən ümummilli lider Heydər Əliyev türk dünyasının dahi şəxsiyyətləridir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"