Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2018 09:14

Torpağın göz yaşları...

Qəhər də göz yaşıdı, sevinc də. Qəhərin gözlərdən üzdüyü göz yaşları yanaqlarda közə dönür, sevincin üzdüyü dan üzü ləçək üstə şeh gözəlliyindədi. Torpaq da ağrıyır-ağlayır, sevinir-ağlayır. O göz yaşı başqadı, bu göz yaşı başqadı.
Döyüşlər gedəndə də, düşmən atəşkəsi pozanda da torpaq mərmilərlə, qəlpələrlə, güllələrlə yaralanır, torpağın ağrılarını ruhumuzla hiss edirik. Ön xətdə olanda bu ağrıların sızıltısı, giziltisi daha yaxından, daha həssaslıqla hiss olunur. 2015-ci ilin payızında torpağın göz yaşlarını Lələtəpənin bu üzündə görmüşdüm, o üzündə necəliyini güman etmişdim, - orada torpağın göz yaşlarını ruhumun gözləriylə görmüşdüm. Həm kövrək, həm də ağrılı anlar yaşamışdım.
Səttar Bəhlulzadə "Kəpəzin göz yaşları" tablosunu çəkəndə ermənilik baş qaldırmamışdı - hələ qınından çıxmamışdı. Böyük sənət əsəri olan həmin tablonun dediklərini o vaxtlar indiki duyğusallıqla dərk etməmişdim. Dağ da ağlayarmış, daş da, torpaq da. Müharibə başlayalı torpaqların yaralandığını görmüşəm, dağ sinəsi yaralanan - parçalanan dağlar görmüşəm, dağların, torpaqların göz yaşlarını hiss etmişəm; göz yaşlarımın ürəyimə axdığı vaxtlar da olub, üzümdə közə döndüyü vaxtlar da.
2016-ci ilin yazında Lələtəpədə - bu qürurumuzun yüksəkliyinin həndəvərlərində gördüyüm mərmi-qəlpə çuxurları ot göyərdib, otlara mətərislənən çiçəklər göyərdib. Çiçəklərin ahəstəcə titrəyən ləçəklərini şeh bürüyüb. Bu da torpağın göz yaşlarıdı. Çiçəklərin ləçəklərini, torpağın göz yaşlarını 2016-cı ilin aprelindən üzü bu yana Lələtəpədən əsən yellər oxşayır. Çiçəklərin ləçəkləri şehə, şehin mirvari damlalarına darlıq edir. Bir damla düşür, o bir damla düşən damlaya can atır. Sonra başqa biri, başqa biri,... Mənə elə gəlir ki, damlalar - torpağın göz yaşları çiçəklərin yaxasından yapışıb Lələtəpənin o üzünə çəkir. Azərbaycan əsgəri oraları da ermənisizləşdirsin deyə, orada da mərmilərin, qəlpələrin açdığı çuxurlarda da belə otlar, belə çiçəklər boy atsın deyə, torpağın göz yaşları oradakı çuxurlarda da ləçəkləri şeh dolu çiçəklər göyərtsin deyə...
Qıymasaq da, ruhumuzun sıxıntısına dönsə də, torpağın  belə göz yaşlarını elə arzulayırıq ki!
Müharibədə əsgərlər işğalı sona yetirmək üçün öz torpağını mərmilərlə, güllələrlə yaralamağa da məcburdu. O anlarda, el arasında deyildiyi kimi, mərmiləri, güllələri atan əsgərlər də, torpağın özü də bağrına daş basır. Doğma ocağından, isti bucağından perikənlərin məhrumiyyətlərini xatırlayan əsgərlər böyük amallarla xidmət etdiyinə görə bunun fərqinə varmır - təki düşmən dövlət sərhədlərimizin o üzünə çəkilsin. Çəkilsin ki, çiçəklərimiz öz nəfəsimizlə ləçəklənsin, ağaclarımız öz əhatəmizdə yarpaqlansın, bulaqlarımızın batmış səsi açılsın, ot basmış yollarımız yolçuların əllərindən yapışsın. Təki göy üzünün göylüyü üzə gülsün. Təki Cocuq Mərcanlılar kimi "Vətənə (doğma yurduma - R.H) gəldim, imana-dinə gəldim" deyənlərimizin şükranlığı gül kimi, çiçək kimi qalib əsgərlərimizin könül xoşluğuna qarışsın. Təki, şair demişkən, "bu Vətən torpağı başdan-başa bayraq olsun" - işğaldan azad edilən torpaqlarımızı qalib əsgərlərimizin qalibiyyətinin təntənəsi olan bayraqlarımız kölgələndirsin. Təki bu qalibiyyəti yaralarına məlhəm bilən torpaqlarımızın gözlərindən Böyük Qələbənin təntənə yaşı dərsin. Təki...
Cocuq Mərcanlıda bu günümüzdən sabahlarımıza düşən işığın rəngini görürəm - Qələbə rəngli işıqdı, hamımızın düşüncələrini nurlandıran, hamımızın könlünü telləndirən işıqdı.
Cocuq Mərcanlının göz doyduran, könül açan görkəmini gözlərimdən könlümə köçürməkdəykən Abdulla Qurbaninin sözlərinə yazılmış "Lələtəpə fatehləri" mahnısının çılğınlığını, bu çılğınlığın daşıyıcısı olan mətləbin söz-musiqi yozumunu eşidirəm. Ayaq saxlayıram. Bir qədər aralıda 70-80 yaşlı iki ağsaqqalın da ayaq saxladığı diqqətimdən yayınmır; bu bəstə, belə bəstənin ruhu olan şeir deyir ki, Azərbaycan əsgərinin gücü, qüdrəti ilahiliyə söykənir. Bu ilahilik milli-xəlqi ruhdu. Milli-xəlqi ruh isə yaşarıdı, yaşadandı, yaşadılandı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamıyla yenidən qurulan Cocuq Mərcanlının dünənini - 2015-ci ilin payızını xatırlayıram. Damsız evlərin, divarları uçub dağılmış evlərin, həyətlərində barı-bərəkəti sovulmuş evlərin görkəmi qəlbimi qana döndərmişdi. Lələtəpəyə sarı baxmışdım; marığa yatmış düşmənin qapqara niyyətinin vurnuxduğunu güman etmişdim. Bu ürkəcək gümanları əsgərlərimizin qətiyyətli baxışları çilikləmişdi. 2016-cı ilin aprelində bu baxışlarda Böyük Qələbənin işığını görmüşdüm. O işıq indi daha da gurlaşıb. İndi Cocuq Mərcanlının görkəmindən, Məmməd İlqar demişkən, nə göz doyur, nə könül əl çəkir...
Gələn gəlir, görür, inanır ki, işğalın son nəfəsidi! Ordumuz güclüdü, qüdrətlidi. Bu dönməz inam Azərbaycanımızın sabahlarına inamdı. Bu inam Azərbaycan əsgərinin vətənsevərliyinə inamıdı. Torpaqlarımızın alacağı mərmi, güllə yaralarına dözər, işğala dözə bilmir...
Cocuq Mərcanlıya bu bənzərsiz görkəmi 2016-cı ilin aprel döyüşləri, ümidi inama çevirən Qələbə adlı aprel zəfəri  verdi. O inam Böyük Qələbənin inamıdı. Belə düşüncələr işğaldan azad ediləcək şəhərlərimizdə, kəndlərimizdə də yaşanılacaq, yaxın vaxtlarda Azərbaycan əsgəri bizə Böyük Qələbənin sevincini yaşadacaq! Səngərlərin o üzündə qalan torpaqlarımızı mərmilərlə, qəlpələrlə yaralasa da yaşadacaq. Onda alacağı yaralar torpaqlarımızı zərrəcə incitməyəcək. Təzə yaralar köhnə yaraların məlhəmi olacaq...
Azərbaycan əsgəri Vətən sevgisiylə ruhumuza yeni bir tablo çəkəcək: "Torpağın göz yaşları". O tablo bəşəriliyin tablosu olacaq...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist