Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2018 09:48

Bu sevginin qüdrətinə milyonlar şərik...

"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü ilə hərbçilərin əhatəsində məktəblilərin dövlət bayrağımıza and içməsi vətənpərvərliyi formalaşdırmaqdır, daha əhatəli formatda düşüncələrə hopdurulması baxımından dəyərləndirilməlidir; məktəblilər bayrağımızın müqəddəsliyinin cəfakeşi olacaqlarına, onu qoruyacaqlarına, yaşantılarının qüruru edəcəklərinə, son nəfəsinədək ürəklərində dalğalandıracaqlarına and içirlər.
Dövlət üçün, dövlətçilik üçün bu biçim tədbirlər vətənpərvərlikdi, belə vətənpərvərlik ordunun gücünün artacağına, qüdrətinin möhkəmlənəcəyinə zəmanət deməkdi; məktəblilər belə gəncləşir, gənclər ordu sıralarına bu ruhda gedir...
Azərbaycan əsgərinin hünər, cəsarət, sevgi yüksəkliyinin - Lələtəpənin ətəklərində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamıyla yeni yaşam verilmiş Cocuq Mərcanlıda bir qədər həyəcanla, bir qədər qürurla, bir ürək tutumunca sevgilərlə içilən and bu yaşda uşaqların vətənsevərlik odasıdı, şübhəsiz. Həmin tədbirdə çəkilən, bir anın yaddaşı olan,  hamının düşüncələrinin dan ulduzuna dönən bu şəklə baxdıqca baxırsan. Hər baxdıqca Vətənə ad olan bir mətləbin yeni çalarlarını görürsən...
7-8 yaşlı uşaqların Azərbaycan əsgərinə belə qədərsiz doğmalığı, Azərbaycan əsgərinin tanımadığı uşaqlara belə qədərsiz mehribanlığı gözlərimizdən könlümüzə süzülür, süzülə-süzülə ruhumuzun göyqurşağına dönür. Baxırsan, anladığın, dərk etdiyin mətləbləri anın - zamanın səxavəti kimi düşüncələrinə hopdurursan.
Bu ünsiyyət qarşılıqlı sevgidi...
Bu sevgi yaşarı, bəşəri sevgidi...
Bu sevgi Azərbaycan əsgərinin gücünün, xalqın güvəncinin söykəndiyi sevgidi. Ona görə belə bənzərsizdi, işıqlıdı, göz çəkəndi, könül açandı...
O uşaqlar bəlkə də Azərbaycan əsgəriylə heç zaman görüşməyib, ünsiyyətdə olmayıb. Bəlkə xəyallarında yaşatdıqlarıyla belə bir mehribanlığın əhatəsində olduqlarından təbəssüm çiçəkləyib "Aydan arı, sudan duru" baxışlarında? "Bəlkə"siz belədi...
Bir azdan Samidi soruşacaqlar, Raqufu soruşacaqlar, digər şəhidlərin qəhrəmanlıqlarından danışmasını istəyəcəklər. Döyüşlər gedən vaxtlarda orta məktəbdə oxuyan əsgər komandirlərindən, döyüşlərdə iştirak etmiş hərbi qulluqçulardan eşitdiklərini danışacaq. Deyəcək ki, biz həm də sizin bu bənzərsiz təbəssümünüzün əsgəriyik. Deyəcək ki, Azərbaycan əsgəri güclüdü, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdi. Deyəcək ki, Böyük Qələbə qazanılacaq. Biz də qalib əsgərlərin sırasında olmaq istəyirik. Qazanacağımız qələbəni biz yaşadacağıq, siz yaşadacaqsınız, sizdən sonra da qürurla, sevgilərlə yaşadılacaq. Qələbədən sonra hər Qələbə günündə, Bayraq bayramında uşaqlara Azərbaycan əsgərinin hünərindən danışacaqsınız. Uşaqlar tanımadıqları əsgərin, əsgərlərin boynuna sarılacaqlar. O şəkli görənlərin ürəyi tellənəcək, könül xoşluğu gətirən o şəkli şəhidlərin ruhuna gözaydınlığı biləcək. Həmin gün göy üzü elə gözəlləşəcək ki!
Bu şəklə günümüzün manifesti desəm, qınamayın məni. Baxın, bu şəklin ecazkarlığını siz də görəcəksiniz, siz də hiss edəcəksiniz, siz də duyacaqsınız, şəklin dediklərini dediklərimdən daha əhatəli, daha məzmunlu, daha duyğulu eşidəcəksiniz. Onda özünüzün də həmin duyğusal tədbirdə iştirak etdiyinizə zərrəcə şübhəniz qalmayacaq...
Bayraq sevgisinin, bayrağa sevginin şəklidi bu şəkil...
Bu uşaqlar sinif yoldaşlarına "Mən Cocuq Mərcanlıda olmuşam. Lələtəpəni görmüşəm. Əsgərlərlə söhbətləşmişik", - deyəcəklər. "Əsgərin adı nə idi?" soruşulanda qürurla "Azərbaycan əsgəri!" - deyəcəklər...
...İllər keçəcək, bu uşaqlar böyüyəcək, bu gün bu əsgər onları necə əzizləyirsə, Böyük Qələbənin hansı ildönümündəsə işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan bayraqlarımıza baxanları da elə əzizləyəcəklər. Onda da görəcəyik ki, həmin şəkil çəkilən anda yaşanılan sevincə, yaşanılan sevincin qüdrətinə  milyonlar şərikdi...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist