Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2018 09:48

“Mən də Vətən oğluyam”

Bilirəm ki, atam hər məktubumu səbirsizliklə gözləyir, anam isə yazdığım məktubları dəfələrlə oxuduqdan sonra saxlayır.
Ata, yadına gəlir xidmətə gəlməmişdən əvvəl öz xidmətindən mənə danışardın. Burada olduğum müddətdə komandirlər bizimlə söhbət zamanı bildirdilər ki, o zamanki ordumuzla indiki ordumuz arasında müqayisəolunmaz fərqlər var. Komandirlərimizə minnətdaram ki, onlar bizim hazırlıqlı əsgər kimi formalaşmamızda öz bilik və təcrübələrini əsirgəmirlər. Onların sayəsində biz hərbi biliklərimizi artırır və təlim meydanlarında təcrübə toplayırıq. Məqsəd Lələtəpə, Günnüt zəfərinin davamını gətirəcək əsgər kimi yetişməkdir. Bu gün güclü ordunun əsgəriyik biz. Güclü ordunun - Azərbaycan Ordusunun əsgəri olduğum üçün fəxarət hissi duyuram. Siz də fəxr edin - əsgər valideyni adını daşıdığınız üçün. Fəxr edin ki, əsgər anası və atasısınız. 
Ana, xidmətə gəldiyim ilk günlərdə bir az darıxsam da bu gün burada çoxlu dostlarım var. Tez-tez uşaqlıq xatirələrimizi bölüşürük. Hər birimiz hərbi biliklərimizi təkmilləşdirmək üçün daima öz üzərimizdə çalışırıq ki, xidmətimizlə valideynlərimizə və komandirlərimizə başucalığı gətirək.  Bu gün hər birimizin bir amalı var - torpaqlarımızı işğaldan azad etmək. "Vətən" sözünün incəliyini ön xətdə xidmət etdikdən sonra daha dərindən dərk edirik. Vətən dedikdə Anamızı, Ana dedikdə Vətənimizi anırıq. Bu iki məfhumu bir-birindən ayırmaq mümkünsüzdür. Anasını sevən Vətənini sevməyə borcludur. Hərbi xidmətə gələnə qədər bu fikri o qədər dərindən anlamasam da, bu sözün məsuliyyətini gün keçdikcə daha dərindən dərk edirəm.
Ana, indi bəlkə də fikirləşirsən "oğlumun şəraiti necədir?". Hərbi hissəmizdə bizə hər cür şərait yaradılıb. Müasir yataq dəstləri ilə təmin olunmuş yataqxanalarımız, isti və soyuq su ilə təchiz olunmuş yuyunma otaqlarımız var.
Ana, yadımdadır, hərbi xidmətə gəlməzdən əvvəl ən çox mənim yeməyi axıra kimi yeməməyimdən şikayətlənərdin. İndi də bəlkə fikirləşirsən ki, burada ümumiyyətlə yemək yemirəm?. Əsla belə deyil. Burada bişirilən yeməklər ana sevgisi ilə hazırlandığından sənin bişirdiyin xörəklərdən fərqlənmir. Bizə milli yeməklər verirlər.
Bu gün Azərbaycan Ordusunun tamhüquqlu əsgəri olaraq demək istərdim ki, siz təkcə mənim yox, bütün əsgər yoldaşlarımın valideyni, mən isə təkcə sizin yox, bütün əsgər valideynlərinin oğluyam - Vətənin oğluyam. Xidmətimlə həm sizə, həm də Vətənimiz Azərbaycana layiqli övlad olacam.

Əsgər  Mirilyas AĞAZADƏ, "N" hərbi hissəsi,
foto C.CƏFƏROVUNDUR