Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2018 09:47

“Öyrədiblər, öyrədirik”

Ön xətdə yerləşən "N" hərbi hissəsindəyik. Burada şəxsi heyətin günün nizam qaydasına necə riayət etməsinin şahidi oluruq. Hərbi hissə ilə tanışlıq zamanı sıra meydanında keçirilən dərs diqqətimizi çəkir. Dərsi həm yaxından izləmək, həm də müəyyən qeydlər götürmək üçün onlara yaxınlaşıram.
İlk növbədə zabitlə həmsöhbət oluruq. Öyrənirəm ki, leytenant Nihad Heydərov Bakı Dövlət Universitetinin məzunudur. Müddətli həqiqi hərbi xidmətini bitirib tərxis olan Nihad yenidən ordu sıralarına qayıtmaq istəyi ilə sənədlərini toplayaraq ehtiyat zabit hazırlıq kursuna təqdim edib. 2016-cı ildə kursu bitirərək xidmətə yollanıb. "Aprel döyüşlərində qələbə qazanan ordumuzun gücü məni qürurlandırdı. Heç düşünmədən zabit olacağıma qərar verdim. Düzdür, döyüşlərdə iştirak edə bilmədim. Ancaq hər an ehtiyatda olan bir əsgər kimi geri çağırılmağa və vuruşmağa hazır idim. İndi zabitəm. Həm də qalib ordunun zabiti", - deyə leytenant Nihad Heydərov söhbətə başlayır.
Zabit, həmçinin onu da bildirdi ki, bu gün öyrənilən hər mövzu sabahkı döyüşlərdə lazım olacaq. "Əsgərlərlə döyüş hazırlığının bütün növləri ilə məşğul oluruq. Taktiki, atəş, mühəndis hazırlıqları ilə yanaşı, sıra hazırlığı da vacibdir. Çünki intizamsız bölmə heç vaxt döyüşdə qalib gələ bilməz. Onlar sıra hazırlığında sıra duruşları ilə, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməklə hər zaman döyüşə hazır olduqlarını bildirirlər. Hər birimiz üçün nizam-intizam sıradan başlayır. Bugünkü məşğələmizdə hərbi salam vermə qaydaları, rəisə yaxınlaşma, yerində sağa-sola dönmələr və başqa hərəkətləri yerinə yetiririk."
Sıra nizamnaməsinin tələb etdiyi qaydada düzülən əsgərlərə yaxınlaşıram.
Masallı rayonundan hərbi xidmətə çağırılan əsgər Ə.Mehrəliyev dərslərin yüksək səviyyədə keçirildiyini qeyd edir.
- Komandirlərimiz bizə bütün mövzularda dərslər keçirlər. Bütün məşğələlər maraqlıdır, amma sıra hazırlığı mənə xüsusilə maraqlı gəlir. Çünki Hərbi andı qəbul etdiyimiz gün valideynlərin həvəslə gözlədiyi an bizlərin sıra addımlarıyla tribunanın qarşısından keçdiyimiz andır. Həmin gün yaddaşımda silinməz izlər buraxıb. Sıra yerişi istənilən bölmənin nizam-intizamının əsas göstəricilərindəndir.
Əsgərlərdən Sənan Məmmədli, Sərxan Xəlilov, Veyis Əliyev də fikirlərini bölüşərək qeyd etdilər ki, ordumuz istər döyüş hazırlığı, istərsə də intizam baxımından dünyanın aparıcı orduları sırasındadır.
Bəli, hər bir bölmənin intizamı ilk növbədə sıra hazırlığından başlayır. Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda sübut etdi ki, ordumuz nizam-intizamlı, güclü, qarşıya qoyulan istənilən tapşırığı icra etməyə qadir olan ordudur.
   
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto  Namiq PƏNAHOVUNDUR