Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2018 09:46

Tam artilleriya generalı Əlağa Şıxlinski və Azərbaycanda ilk milli hərbi təhsil

Azərbaycanın dövlətçilik tarixi min illərin o üzü ilə səsləşir. Azərbaycanın dövlət müstəqilliyi 1918-ci il mayın 28-də Gülüstan müqaviləsi imzalanandan 70 il sonra bərpa olundu. Azərbaycan Demokratik Cümhuriyyəti mühüm dövlətçilik atributlarından biri kimi yaradılan ordusunu hərb elminin tələbləri əsasında formalaşdırırdı.
İlkin mərhələdə ordunun zabit kadrları ilə komplektləşdirilməsi problemi həll edilməli idi. Həm kadr çatışmırdı, həm də zabitlər çar Rusiyası ordusundan gəlmişdi. Ünsiyyət baxımından müəyyən çətinliklər var idi. Əsgəri xidmətə çağırılanların böyük əksəriyyəti rus dilini bilmirdi, zabitlər uzun müddət çar ordusunda xidmət etdiyindən tabeçiliyində olanlarla rus dilində ünsiyyət saxlamışdı. Problem zabit-əsgər münasibətlərinin Azərbaycan dili müstəvisinə keçirilməsi idi. Bu baxımdan ordunun dövlət dili olan Azərbaycan dilində hərbi təhsil alan kadrlarla komplektləşdirilməsi zərurətə çevrilmişdi və bu proses dövlətin başlıca vəzifələrindən biri idi. Bu problem mərhələlərlə həll ediləcək, tarixin axarı arzulanan məcraya yönəldiləcək, Azərbaycan dünyəvi dövlət kimi yaşayacaqdı.
İlkin mərhələdə hərbi məktəb yaradılması ordunun formalaşdırılması üçün olduqca gərəkli idi. Zaman təsdiqlədi ki, yaradılan hərbi məktəb - Milli Hərbiyyə Məktəbi dövlətçilik üçün son dərəcə gərəkli olub. Bu da tam artilleriya generalı Əlağa Şıxlinskinin xidmətlərinin biri kimi dəyərləndirilməlidir.
Zabit kadrları hazırlanması üçün Müsəlman Korpusunun komandanlığı Bakıda Milli Hərbiyyə Məktəbinin açılmasına cəhd göstərmişdi. Müsəlman Korpusunun komandiri tam artilleriya generalı Əlağa Şıxlinski və qərargah rəisi polkovnik Mençukov 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsi qoşunlarının baş komandanına yazdığı raportda kiçik rütbəli milli zabitlərin çatışmadığını nəzərə alaraq Bakıda 1-ci Müsəlman diviziyasının nəzdində Milli Hərbiyyə Məktəbinin açılmasına razılıq verməsini xahiş etmişdilər. Cəbhə komandanı kifayət qədər məntiqlə yazılmış raporta razılıq vermişdi. Hərbi-siyasi vəziyyət Rusiyada da, Azərbaycanda da son dərəcədə gərginləşmişdi. Belə bir şəraitdə yeni hərbi qurumun yaradılması nəinki çətiniydi, bəlkə də mümkünsüzüydü. Məhz bu səbəblərdən təşkilati məsələlərin həlli, deməli, Milli Hərbiyyə Məktəbinin  fəaliyyətə başlaması ləngidi...
Belə bir şərait yarandı; tam artilleriya generalı Əlağa Şıxlinskinin dövlət naminə, dövlətçilik naminə arzuladığı hərbiyyə məktəbi fəaliyyətə başlayacaqdı. Bununla da Azərbaycanda milli hərbi təhsilin əsası qoyulacaqdı - müstəqil Azərbaycanın ilk hərbi məktəbi olacaqdı. Təbii ki, müəyyən çatışmazlıqlar mərhələlərlə aradan qaldırılacaqdı. Məktəbin ordu quruculuğu prinsipləri əsasında, hərb elminin tələblərinə müvafiq hazırlanmış əsasnaməsi də ünlü generalın hərbi təxəyyülünün məhsuludur. Əsasnamədə göstərilir ki, bu hərbi təhsil müəssisəsinin başlıca məqsədi ordunun hərbi hissələrinin bölüklərinin (rotalarının) nizami xidmətin tələblərini bilən, bölüyün işini və hesabatını aparmağı bacaran zabitlərlə komplektləşdirməkdir.
Məktəbə daxil olmaq üçün yaş həddi 18-25  müəyyənləşdirilmişdi və müsəlman uşaqları üçün nəzərdə tutulurdu. Müsəlman uşaqları ilə komplektləşdirmə mümkün olmadıqda burada Zaqafqaziyada yaşayan rusların uşaqları da təhsil ala bilərdi.
Məktəbə daxil olanlar yunker adlandırılacaqdı.
O illərdə müəyyən təhsil almış uşaqlar az olduğuna görə kontingent toplama problemini həll etmək məqsədilə yunker olmaq istəyənlərin ən azı dörd illik təhsilə malik olması şərt idi.
Məktəbə qəbul imtahanla deyil, seçmə (yoxlama) yolu ilə aparılacaqdı. Yunker olmaq istəyənlər hərbi həkim komissiyasından keçməli idi. Bu, yetərli deyildi. Hərbi təhsil sahəsində təcrübə olmasa da təxəyyül, orduya (deməli, dövlətə, dövlətçiliyə sevgi, bu sevgi əsasında formalaşmış sədaqət!) digər müəyyən tələblərə də əməl edilməsini zəruriləşdirmişdi - əqidə, xarakter, fərdi keyfiyyətlər, cinayət törətmişlərin, cinayətə meyillilərin gələcəkdə cinayət törədə biləcəyi ehtimalı da nəzərə alınırdı. Yeri gəlmişkən, bu və bu kimi amillər bu gün də aktuallığını saxlamaqdadır. Bunlar Milli Hərbiyyə Məktəbində yüksək mənəvi keyfiyyətlərə malik olan zabit kadrlarının hazırlanmasında mühüm əhəmiyyətə malik olacaqdı. Bu təklifin məhz tam artilleriya generalı Əlağa Şıxlinskiyə məxsus olduğunu güman edirik. Çar ordusunda uzunmüddətli xidmətində hansı zabitin daha yüksək məsuliyyətlə xidmət etdiyini yaxşı bilən general ordunun sağlam əqidəlilərdən təşkilini arzulayırdı.
Bütün proseslər general Əlağa Şıxlinskinin nəzarəti ilə aparılırdı. Böyük sərkərdənin tövsiyələri məktəbin fəaliyyətində əhəmiyyətli oldu.
100 nəfər yunker üçün nəzərdə tutulan məktəbdə təhsil müddəti 3 ay müəyyənləşdirilmişdi. Müddətin azlığı kadr hazırlığı prosesini tamlığıyla aparmağa mane ola bilməzdi; proqram materialları aşağı rütbəli zabit kadrları hazırlığına yetərli idi. Zabit kadrlarına olan ehtiyac nəzərə alınaraq məktəb rəisi bu və ya digər yunkerin vaxtından əvvəl imtahan verməsinə, müvəffəq qiymət alarsa məktəbi bitirməsinə dair vəsatət  qaldırmasına səlahiyyətli idi.
Məzunlara təzə zabit mundiri, paqon, eləcə də digər zəruri əşyaları alması üçün əlli rubl, revolver, qılınc, durbin və nizamnamələr veriləcəkdi...
1918-ci il martın 1-də poruçik Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi. Bakıda siyasi vəziyyət olduqca gərgin idi. Mart hadisələri Milli Hərbiyyə Məktəbinin Bakıda fəaliyyətini mümkünsüzləşdirmişdi. Nə etməli? - vəziyyət nəzərə alınaraq onun Yelizavetpola (indiki Gəncəyə) köçürülməsi qərara alındı. Və köçürüldü. Həm də qısa müddətdə - aprel ayının 2-də. Həm də tam tərkibdə, dəftərxanasıyla birlikdə. Tarix elmləri doktoru Mehman Süleymanov arxiv materiallarına istinadən yazır ki, Milli Hərbiyyə Məktəbi Yelizavetpolda dəmir yolu məktəbində məskunlaşıb, bir həftə sonra - Yelizavetpol sənət məktəbinə köçürülüb.
...Hacıqabul ətrafında olduqca ciddi döyüşlər olacağı ehtimal edilirdi. Sərkərdələr  bu döyüşləri Azərbaycanın qurtuluş döyüşü bilirdi; bolşevizmlə mübarizə, bolşevik-daşnak qüvvələriylə döyüşlər, əslində, Azərbaycanın müstəqilliyinin qorunması, saxlanması demək idi. Mehman Süleymanov qeyd edir ki, Hacıqabula polkovnik Maqalovun komandanlığıyla Zaqafqaziya Komissarlığının qoşunları göndərilmişdi.
Məktəb bağlandı, zabit heyəti Hacıqabul döyüşlərinə göndərildi. Yunkerlər döyüşlərdə könüllü iştirak edə bilərdilər.
Milli Hərbiyyə Məktəbinin fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyi bərpa edilənə kimi ləngidi.
Milli Hərbiyyə Məktəbinin ilk buraxılışı 1918-ci ilin oktyabrın 26-da oldu. Tarix elmləri doktoru Mehman Süleymanov arxiv sənədlərinə istinadən yazır ki, məktəbin rəisi Arif bəy Azərbaycan qolordusunun komandiri tam artilleriya generalı Əlağa Şıxlinskiyə buraxılış imtahanlarının başlanması haqqında məktubla məlumat verdi, generalın özünün, qolordunun qərargah rəisi Həbib bəy Səlimovun, 2-ci firqə komandiri Nazim bəyin imtahanda iştirakını arzuladığını bildirdi. Bu arzunun bir inama söykəndiyi şəksizdir; məktəbin rəisi yunkerlərin imtahana ciddi hazırlaşdığına əmin idi.
Buraxılış imtahanında tam artilleriya generalı Əlağa Şıxlinski, 2-ci firqə komandiri Nazim bəy, miralay Seyfulla Mirzə Qacar, Həbib bəy, Nuru paşanın atası Hacı Əhməd bəy, Maarif naziri Nəsib bəy Yusifbəyov da iştirak etdilər.
İmtahan oktyabrın 27-də təlim meydanının imtahan üçün məxsusi hazırlanmış (səngərlər, xəndəklər qazılmış, süni maneələr düzəldilmişdi) hissəsində davam etdirildi.
Azərbaycan qolordusunun komandiri tam artilleriya generalı Əlağa Şıxlinski nizami sırada düzülmüş yunkerləri salamladıqdan sonra imtahan başladı. Mehman Süleymanov qeyd edir ki, imtahanları müvəffəqiyyətlə verən yunkerlər xidmət üçün qoşunlara göndəriləcək, onlara zabit rütbəsi 6 aydan sonra veriləcəkdi...
Yunkerlər imtahanları müvəffəqiyyətlə verdilər...

Gülsurə HÜSEYNOVA, Hərbi Akademiyanın adyunktu