Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2018 09:45

“Vətən candan da şirindir!” və yaxud yovşan ətri

Qarışıq, izaholunmaz hisslər içindəyəm. Günəş bu gün çox səxavətlidir. Havadan torpaq qoxusu gəlir. İnsan torpağa aşiqdi. Yaradılışımız da torpaqdandı, sonumuz da torpaq olacaq.
Düşüncələrimi yol kənarındakı yovşan kolları daha da uzaqlara aparır, ətri başaçılmaz duyğuları dilləndirir. "Kitabi Dədə Qorqud" dastanını xatırlayıram. Beyrəyə sevib-seçdiyi Banuçiçək yovşan verib, əhd-peyman bağlamışdı. Yağı zindanlarında Beyrəyi bu rayihəmi saxlamışdı?! - yovşan ətri Beyrəyə Banuçiçəyindən öncə Vətəni, torpağı xatırladırdı. Görən, Elimdara yovşan ətri nəyi xatırladırmış?...
Aprel zəfərində şəhid olan gizir Elimdar Səfərovu yaxınlarının dilindən tanımağa, tanıtmağa tələsirəm.
Yolun kənarında döyüşdən qalib çıxan qəhrəman duruşlu şəkil: Elimdar Səfərov küçəsi...
Şəhidin bir vaxtlar yaşadığı evin qapısına sancılan üçrəngli bayrağımız, evin qarşısında Elimdarın və aprel şəhidlərinin şəkilləri olan foto-stend elə bir təəssürat yaradırdı, sanki, burada zaman donub dayanıb...
Məğrur görünüşlü Aminə ana bizi mehribanlıqla qarşıladı. 
- Əslimiz Yardımlıdandır.  Yardımlıda yaşayanda oğlum Elsevər faciəvi şəkildə vəfat etdi. Yoldaşım Səlimxan evdə rahatlıq tapa bilmirdi. Uşağın ölümündən sonra çox böyük sarsıntı keçirirdi. Neftçalaya köçdük, Aşağı Qaramanlı kəndində yurd saldıq. 2 oğlum, 4 qızım gəldi dunyaya. Çox mehriban bir ailəydik. Hələ kiçik yaşlarından övladlarımıza Vətənin, torpağın müqəddəs olduğunu öyrətdik.
Elimdar 2009-cu il oktyabrın 1-də əsgər gedib. Uşaqlıqdan hərbçi olmaq istəyirdi. Uşaqlığında yaşıdlarını toplayaraq taxtadan avtomat, tapança düzəldər, dava-dava oynayardılar. Onlara elə gələrdi ki, oyun-oyun böyüyəcəklər...
Vətənə, bayrağa, islami dəyərlərə çox bağlı idi. Namaz qılırdı, idmanın bir çox növü ilə məşğul olurdu. Tay-tuşlarına deyərmiş: "İnsan həyata bir dəfə gəlir. Düzgün və əməli saleh yaşamalıyıq. Bacarırsan yaxşılıq et, özündən gücsüzə, zəifə kömək ol". 
"Mənim də balamın ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunmasını, üçrəngli bayrağımızın Qarabağda dalğalanmasını görmək idi. Hərbi xidmətə 6 ay idi getmişdi. Bir gün zəng vurub dedi ki, işğal altında olan torpaqlarımızı azad edəcək hərbçilərin sıralarında qalmaq istəyir. Xidmətini gizir kimi davam etdirməsinə halallıq verməyimi istəyirdi. Ana ürəyidi, arzusuna qarşı gedə bilmədim. Xeyir-dua verdim ki, Vətənimiz üçün, elimiz üçün yenə əsgər olsun".
Xidmət yoldaşları deyirmişlər ki, Elimdar üçün dünyada anasının xeyir-duasından, alğışından böyük heç nə yox idi. Anasının xeyir-duasını alanda çox sevinmişdi. Daim düşünərdi ki, böyük xeyir-duası ilə görülən işin sonu xeyirli olur. Əsgəri xidmətindən sonrakı xidmətinə sonsuz sevgi-istəklə, arzularla başlamışdı. Xidməti müddətində fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdu.
Məzuniyyət və ya istirahət günləri olanda, evlərinə gələrmiş, evin çatışmazlıqlarını aradan qaldırarmış.
Qardaşı Elzibar da hərbi xidmətdədir.
2010-cu il mayın 3-də evdən zəng vurub  demişdilər ki, atası dünyasını dəyişib... Bu itkidən sonra Elimdar dostlarına deyirmiş ki, indi anasına daha yaxın olmalıdır. "Anamı hamımız üçün qorumalıyam".
Dərd önündə bir an belə olsun başını əyməyib dik tutan Aminə ana səsindəki hüznü də sanki gizlətməyə çalışaraq, - Elimdar mənim həyatımın Günəşi idi. Ondan nə qədər danışsam, yorulmaram. Bir də görürdün ki, 50 kiloluq un kisəsini alıb çiyninə gətirir. Deyirdim, ay bala, belin düşər, qabırğan yerindən oynayar... Boyu-buxunu qapıdan hündür idi balamın. Şirin-şirin xatirələri düşür yadıma... Hərdən vaxt eləyib gələndə, məni aparıb Neftçalada  dəniz qırağında gəzdirərdi. Elə bil ömrünün qısa olacağını duyurmuş. Bir dəfə ayaqlarım palçıqlı idi. Oturmaq istəmədim maşınına. Dedi ki, "Sənin ayaqqabılarının palçığına qurbanam. Nəinki maşın, dünyanın varı-dövləti sənə qurban olsun". Başımı xınasız görəndə bacılarını qınayırdı. Maaşını alan kimi mənə təzə pal-paltar alıb gətirirdi. Gözəl günlər yaşadırdı balam mənə...
Övlad itkisinin ağırlığını artıq bir dəfə yaşayan ana Elimdarın Vətən, torpaq, millət yolunda şəhid olması ilə təsəlli tapır, qəhrəmanlığıyla qürurlanır. 
Bacısının toyunda "Vətən oğlu" mahnısına oynayanda Aminə ana Elimdara deyib ki, "ay bala, heç olmasa bu gün bir şən mahnıya oynayaydın". Elimdar gülümsəyərək: "Vətən mənim hər şeyimdir!", - deyib. "Vətən candan da şirindir!" kəlamı Elimdarın dilinin əzbəriymiş.
- Qızımın uşağı olanda Ceyranbatana getmişdim. Martın 26-da. Dayanacaqda dayanmışdıq. Elimdar da gəlib çıxdı. Bir-birimizə körpənin gəlişi ilə gözaydınlığı verdik. Bir az söhbətləşdik. Baxdım ki, balamın halı-əhvalı həmişəki kimi deyil. Dedim nə olub ay bala, niyə kefsizsən? Gülümsədi. Balamın xırda gülüşləri var idi. Bu bənzərsiz gülüş elə yaraşırdı ki, üzünə. Gülümsünüb məni aldatdı: "Axşam gələcəyəm. Səninlə çoxlu söhbət edərik..."...
"Maşına oturub getdi... Bir də baxdım ki, pəncərədən mənə tərəf baxır... Balamın üzünə sanki nur çilənmişdi. Baxışı,  görüntüsü ürəyimi qürurlandırdı. Sən demə, balamın o xırda gülüşlərini son dəfə görürəmmiş, o mehriban səsini son dəfə eşidirəmmiş..."
Aprelin 1-də yaxınlarına sevinc içində zəng edərək deyir ki, "Hər şey yaxşı olacaq. Bizim üçün dua edin!"
"Aprelin 2-də sanki yerimə də, canıma da qor dolmuşdu. Heç cür sakitləşə bilmirdim. Səhəri diri gözlü açdım. O nə təlatüm idi, o nə ağrı idi?! Heç vaxt belə olmamışdım..."...
Aprelin 3-ü günortadan sonra, Bakıdakı qohumları Aminə ananı aldadırlar ki, Salyana gedirik, Elzibar zəng edib deyir, anam da gəlsin...
Evinə gəldikdə qapısına toplaşan insanları görəndə keçirdiyi hissləri hələ də ifadə etməkdə çətinlik çəkir ana...
Aprelin 2-dən-3-nə keçən gecə erməni təxribatının qarşısını alarkən Elimdar Səfərov qəhrəmanlıqlar göstərir. Ağır döyüşdə başından yaralanır. 24 yaşında şəhid olan qəhrəman  ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medala layiq görülür. İndi Elimdar təkcə doğulduğu ailənin deyil, bütün Azərbaycanın igid oğlu kimi könüllərdə yaşayır.
O ağır günlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Məscidində Vətən uğrunda şəhid olan hərbçilərimizə ehsan verdi. Şəhid anaları və yaxınlarının dərdinə şərik oldu, problemləri ilə maraqlandı. Mərasimdə iştirak edən Aminə ana deyir ki, Mehriban xanım şəhid analarına üzünü tutaraq belə igid oğullarla bütün Azərbaycan xalqının fəxr etdiyini qeyd edib, onları böyüdən analar qarşısında baş əyərək göz yaşlarını saxlaya bilməyib. Aminə ana "Mehriban xanım da anadır. Ananın halını, ananın nə çəkdiyini ana qədər heç kim dərindən anlaya bilməz", - deyir. 
Aminə ana dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından, bütün problemlərini həll edib, köməklik göstərməsindən söz açdı. Dövlətimizin qayğısını hər an öz üzərlərində hiss etdiklərini vurğuladı.
Uşaqlıq dostu Paşa Məmmədli deyir ki, Elimdar dostlarının, onu sevənlərin yaddaşında mərd, cəsarətli, dost yolunda canından da keçməyə hazır olan, vətənpərvər, dürüst bir hərbçi və insan kimi qalıb.
Bayaqdan nəzərlərini əmisinin şəklindən ayırmayan balaca Aysundan əmisi haqqında soruşanda "Mən əmimlə fəxr edirəm" dedi, ona həsr olunmuş şeiri söylədi:

Öz ömrünü ömürlərin xilasına vermisən,
Vətən üçün ürəklərdə qalan bir yol seçmisən.
Amalını, xəyalını yalnız Vətən bilmisən,
Həqiqət tək yaşayırsan ürəklərdə, Elimdar.
Halal sənə Vətən suyu, ana südü, Elimdar.

Aminə ana inanır ki, nəvələri Elimdarın yolunu davam etdirəcək. Kim bilir, bəlkə də əmisinin adını daşıyan balaca Elimdar davam etdirəcək bu yolu...
Yovşan ətri hiss edirəm... Vətənimin səmalarını da məskən tutan şəhid ruhlarını, igid oğullarımızı əzəli torpaqlarımıza uğurlayır bu qoxu... Yovşan qoxusudu bu... Yovşan... Vətən torpağının yovşanı... 

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"