Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2018 09:44

Hər bir zabitdə liderlik bacarığı olmalıdır

Bu gün Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir gənc doğma Vətənini, torpağını namusla, vicdanla qoruyacağına və zabit adını daim uca tutacağına and içib müqəddəs borcunu layiqincə yerinə yetirməyə hazırdır. Onlarda formalaşan torpaq, yurd heysiyyəti mənəvi dəyərlərimizə söykənən qəhrəmanlıq ənənələrinin yaşaması deməkdir. Bu günlərdə cəbhə bölgəsində ezamiyyətdə olarkən ordumuzun fədakar gənc zabitlərinin necə şərəflə xidmət apardıqlarının şahidi olduq. Doğma  Vətənimiz Azərbaycana xidmət amalı ilə yaşayan bir qrup hərbçimizlə görüşüb söhbətlərini, arzu və istəklərini qələmə aldıq.
Vətənimizin keşiyində dayanan oğullardan biri də leytenant Coşqun Rzayevdir. İllərdir təcavüzkar Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək istəyi  digər zabitlərimiz kimi Coşqunu da hərb peşəsinə gətirib.
- Hələ erkən yaşlarımdan müharibənin nə demək olduğunu anlayırdım. Evimizdə böyüklər həmişə danışırdı ki,  Qarabağ müharibəsi başlayanda erməni quldurları gecə-gündüz sərhəd kəndlərimizi atəşə tutur, dinc insanlarımızı öldürürdülər. Bu gün də ermənilər öz işğalçı əməllərindən əl çəkməyib kəndlərimizi atəşə tutur, günahsız insanların dinc yaşayışını pozurlar. Müharibə yeni başlayanda Vətənimizin qəhrəman oğulları yerli özünümüdafiə batalyonları yaradaraq sərhəd rayonlarımızda torpaqlarımızı qoruyublar. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda nə qədər igid oğlanlar şəhid və əlil olublar, eyni zamanda ən yüksək adlara layiq görülüblər. Onların yarımçıq qalmış arzularını həyata keçirmək amalı ilə yaşayırıq. 20 faiz torpaqları işğal altında olan, 25 ildən artıqdır Ermənistanın təcavüzünə məruz qalan ölkənin vətəndaşı olaraq hərb peşəsindən başqa digər peşəni seçə bilməzdim, - deyir Coşqun.
Həmsöhbətim yiyələndiyi hərb sənətinin özəl xüsusiyyətlərindən maraqla danışır:
- "Yaxşı yadımdadır. Müəllimlərimiz dərs zamanı deyirdi ki, ölkəmizdə müharibə gedir, Azərbaycan düşmən ölkə ilə həmsərhəddir. Hər gecə ermənilər təmas xəttində yerləşən kəndlərimizi atəşə tuturlar. Demək,  hər gün ermənilər dinc insanlarımızın sakit həyatını pozub onları daim təhlükədə saxlamağa çalışıblar. Sadaladığım faktlar peşə seçimimə təsirsiz ötüşmədi. Artıq 5-ci sinifdə oxuyarkən qərar vermişdim ki, hərb peşəsinə yiyələnəcəm, Azərbaycan Ordusunun zabiti kimi Vətənimi düşməndən qoruyacam, işğalda olan torpaqlarımızın azad edilməsi naminə xidmət edəcəm."
Lap kiçik yaşlarından hərbə böyük maraq göstərdiyini söyləyən Coşqun elə bu arzu, bu istəklə də 2011-2014-cü illərdə C.Naxçıvanski adına Hərbi Liseydə oxuyub. Sonra hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Hazırda cəbhə bölgəsində yerləşən "N" hərbi hissədə taqım komandiri kimi döyüş tapşırıqlarını layiqincə yerinə yetirir.
Bu gün Coşqun xidmət etdiyi hərbi hissədə vətənpərvər, özünə tələbkar, daim hərbi biliyini artırmağa can atan zabit kimi tanınır. O, tabeliyində olan əsgərlərə böyük qardaş kimi qayğısını əsirgəmir. Lakin bununla belə tələbkar olduğunu da deyir.
Əsgərlərlə daim fərdi söhbətlər apardığını bildirən gənc zabit C.Rzayev onu da vurğuladı ki, hər bir əsgərin özünəxas xarakteri olur. "Fərqli xarakterləri öyrənmək üçün gərək onlarla səmimi dialoq qurasan. Bax, bu amillər xidmətin uğurlu aparılmasına güclü təkan verir. Hər bir zabitdə liderlik bacarığı olmalıdır. Bu çox vacibdir. Tabeliyimdə olan şəxsi heyətə hərbi vərdişləri  həvəslə aşılayıram. Onları hər zaman torpaqlarımız uğrunda döyüşə hazır olmağa ruhlandırıram."
Xidmətə cəbhə bölgəsində başlayan gənc zabitin liderlik bacarığı, qorxmazlığı ona uğurlar qazandırıb. Bu gün düşmənlə təmas xəttində Vətən torpaqlarının müdafiəsində dayanan ordumuzun bu gənc vətənpərvər zabitinə müqəddəs xidmətində uğurlar diləyib, Vətəni qorumaq peşəsinin yeni zirvələrini fəth etməsini, qələbə müjdəli xəbərlərlə xalqımızı sevindirməyi arzulayırıq.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR