Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2018 09:43

Müasir Azərbaycanın dövlətçilik memarı

Tarixin şanlı səhifələri maraqlı hadisələrlə, öyrənməli, ibrət götürməli görkəmli, dahi şəxsiyyətlərlə zəngindir. Bu zənginlik bizə çox şey verir, çox şey öyrədir. Öyrəndikcə də maraq dünyamız daha da genişlənir, zənginləşir. Tarixin səhifələrini vərəqlədikcə görürük ki, dünyada elə müdrik, elə uzaqgörən dövlət xadimləri olublar ki, onlar öz ölkəsinin, millətinin taleyində müstəsna və mühüm rol oynayaraq tarix yazıblar. Həmin böyük şəxsiyyətlər istedadları və bacarıqları ilə xalqın xilaskarı olublar. Adlarını tarixin səhifəsinə böyük hərflərlə yazıblar.
Müstəqil dövlətimizin memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının tarixində dərin iz qoymuş dahi şəxsiyyətlərdən biridir. Elə bir şəxsiyyət ki, adı həmişə qürurla, fəxrlə çəkilir. Böyük qətiyyət və iradə sahibi Ulu Öndərimiz ən mürəkkəb və ən çətin vəziyyətlərdə xalqımızın gələcəyi naminə gərəkli qərarlar çıxarırdı. Onu Ulu Öndər səviyyəsinə yüksəldən keyfiyyətlərdən birincisi doğma xalqına ürəkdən bağlılığı və möhkəm inamı idi. Xalq da öz liderinə sadiq idi, ona inanırdı.
Azərbaycanlı olmağı ilə daim fəxr edib öyünən ümummilli liderimiz Heydər Əliyev bütün şərəfli ömrünü Azərbaycanı dünyada tanıtmağa sərf etdi. Bütün gücünü, qüvvəsini dövlət quruculuğuna, dövlətçiliyimizi daha da möhkəmlətməyə yönəltdi. Ulu Öndərin xalqın yolunda çəkdiyi zəhmət hədər getmədi. Son nəticədə istəyinə, amalına və məqsədinə nail oldu. Güclü, qüdrətli və yenilməz bir dövlət qurdu, tarixin səhifələrində heç vaxt pozulmayacaq, zamanlara sinə gərəcək dərin izlər qoydu. Ulu öndər Heydər Əliyev xalqın böyük ehtiramını, hörmətini və sevgisini qazandı. Xalqımız daim özünün xilaskar oğlunu böyük hörmət və ehtiramla yad edir, dönə-dönə xatırlayır. Yaşadığımız zaman göstərdi ki, ümummilli liderimiz Heydər Əliyev bu ehtirama layiq olan böyük tarixi şəxsiyyətdir.
Müasir Azərbaycanın dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Keçdiyi şərəfli ömür yolu və siyasi fəaliyyəti ilə daha da yaxından tanış olduqca görürük ki, ötən əsrin 70-ci illərindən Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin yüksək təşəbbüskarlığı, müdrik siyasəti, səy və bacarığı sayəsində ölkəmiz, sözün həqiqi mənasında, intibah dövrünü yaşadı. Həmin illər Azərbaycanın yüksəliş dövrü kimi qiymətləndirilir. Bu, o vaxtlar idi ki, Azərbaycan Respublikası birbaşa Moskvadan - Kremldən idarə olunurdu. Lakin Heydər Əliyev ölkəmizin daim çiçəklənməsi və inkişafı naminə böyük çətinliklərlə də olsa, mərkəzin diqqətini, qayğısını məmləkətimizə yönəldə bildi.
Müəyyən məsələləri, problemləri həll etmək sarsılmaz iradə, qətiyyət və cəsarət, hər şeydən öncə isə böyük risk tələb edirdi.
Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən ulu öndər Heydər Əliyevi düşündürən əsas məqsəd və amallardan biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi məsələsi olmuşdur. Bildiyimiz kimi, həyatının bütün dövründə Heydər Əliyev öz taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edən gənclərə böyük hörmətlə yanaşmış və onların xidmətinə yüksək dəyər vermişdir. İndi həmin gənclər Ulu Öndəri xoş hisslərlə xatırlayırlar.
Zamanın nəbzini tutan Ulu Öndər artıq hiss edirdi ki, azərbaycanlı gəncləri ali hərbi məktəblərə hazırlamaq məqsədilə respublikada hərbi təyinatlı orta internat məktəbini yaratmağın vaxtı yetişib. Ona görə də ulu öndər Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması təşəbbüsü ilə çıxış etdi. Belə bir məktəbin yaradılması Azərbaycanın gələcəyi üçün çox mühüm hadisə olacaqdı. Burada azərbaycanlı gənclər həm rus dilini mükəmməl öyrənə, həm də ibtidai hərbi biliklərə yiyələnərək asanlıqla istədikləri ali hərbi məktəblərə daxil ola bilərdilər. Hətta ulu öndər Heydər Əliyev həmin məktəbin necə olacağını, fəaliyyətinin əsas  xüsusiyyətləri barədə də fikirlərini bildirmiş və tez bir zamanda bu istiqamətdə müvafiq işlərin görülməsi üçün Maarif nazirinə tapşırıqlar, göstərişlər də vermişdi. Moskvanın buna müdaxilə etməməsi üçün təşəbbüsün Maarif Nazirliyindən gəlməsinə şərait yaratmışdı. Cəmşid Naxçıvanski adına Hərbi Lisey kimi bir təhsil ocağının yaranmasına zəmin hazırlamışdı.
Ulu öndər Heydər Əliyev xalqımızın böyük sərkərdəsi, Azərbaycan milli diviziyasının ilk komandiri olmuş general Cəmşid Naxçıvanskinin anadan olmasının 75 illiyi ilə əlaqədar Respublika Hərbi  Komissarlığı tərəfindən Mərkəzi Komitəyə müraciət etməyi tapşırmışdı. Sonra həmin müraciətə əsasən Azərbaycan Kommunist Partiyası, Mərkəzi Komitəsi bürosunun "Partiya, Sovet, komsomol təşkilatlarının və respublika hərbi komissarlıqlarının gənclərin ordu sıralarında xidmətə hazırlanması və hərbi məktəblərin komplektləşdirilməsi haqqında" qərarı ilə 23 iyul 1971-ci ildə Bakı şəhəri, Zığ qəsəbəsi 2 nömrəli 8 illik internat məktəbinin bazasında hərbi təyinatlı orta internat məktəbi yaradıldı və bu təhsil ocağına görkəmli hərbi xadim general Cəmşid Naxçıvanskinin adı verildi.
1971-ci ildə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində böyük əziyyətlər bahasına tarixi addım atıldı. Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Bu hərbi məktəbdə yüzlərlə, minlərlə azərbaycanlı gənc təhsil aldı. Cəmşid Naxçıvanski adına Hərbi Lisey milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rol oynadı. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Onlar Qarabağ müharibəsində, həmçinin 2016-cı ildə aprel döyüşlərində böyük hünər və rəşadət göstərdilər. Bu gün də ulu öndərimiz Heydər Əliyevin yaratdığı Hərbi liseydə yüzlərlə gənc böyük həvəslə hərbi təhsil almaqda davam edir.
Sovetlər Birliyi dağılandan sonra Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdi. Həmin günlərdə ölkəmiz Ermənistanla müharibə vəziyyətində idi. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək ölkəni təhdid edən təhlükələrdən xilas etmək qabiliyyəti olan güclü və qüdrətli Silahlı Qüvvələr yarada bilmədilər. Bunun isə nəticələri çox ağrılı və sıxıntılı oldu. Yaranmış vəziyyətdən istifadə edən erməni qəsbkarları torpaqlarımızı zəbt etməyə başladılar.
1991-ci il oktyabrın 18-də Ali Sovetdə (Milli Məclisdə) Müstəqillik Aktı qəbul olundu. Xalqımıza bir əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurmaq nəsib oldu. Başımızın üstündə üçrəngli bayrağımız dalğalandı.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə ictimai-siyasi vəziyyət çox gərgin idi.
O zamankı iqtidarın ölkədə yaratdığı xaos və cəmiyyətdə hökm sürən özbaşınalıq ordu quruculuğuna da mənfi təsir göstərirdi. Silahlı Qüvvələrin quruculuğu istiqamətində irəliyə doğru heç bir uğurlu addım atılmırdı. O dövrdə hakimiyyətdə olanların dövlətçilik təcrübəsi, ölkəni idarə etmək qabiliyyəti yox idi. Bundan istifadə edən məkrli düşmən - erməni işğalçıları addım-addım torpaqlarımızı ələ keçirirdilər. Erməni qəsbkarları torpaqlarımızın işğalını davam etdirdiyi bir vaxtda yaradılmış silahlı birləşmələr dövlətə, hakimiyyətə yox, ayrı-ayrı adamlara, fərdlərə tabe idi. Onların məkrli planlarına xidmət edirdi. Yeni qurulmağa başlayan orduda baş alıb gedən bu özbaşınalıq, nizam-intizamsızlıq, vahid komandanlığın olmaması torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox vətəndaşımızın ata-baba yurdundan didərgin düşməsi ilə nəticələndi.
Demək olar ki, hər gün cəbhədən, ölkənin ayrı-ayrı bölgələrindən ağır, üzücü xəbərlər gəlirdi. Getdikcə vəziyyət gərginləşir, böhran dərinləşirdi.  1993-cü ilin iyununda isə ölkədə vəziyyət çox gərgin xarakter aldı. Yenicə müstəqillik qazanmış Azərbaycan dövləti dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı.
Belə bir vaxtda xalq bütün ümidini Naxçıvana - Heydər Əliyevə dikmişdi. Azərbaycanın məhv olmaq və parçalanmaq ərəfəsində xalqımız dahi şəxsiyyət, böyük dövlətçilik təcrübəsi olan siyasi xadim Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Həmin günlərdə ölkədə, qarışıqlıq və xaos hökm sürürdü. Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu ağır gündə hadisələrə kənardan baxa bilməzdi. Ümummilli Liderimiz xalqın dəvətini qəbul edərək 9 iyun 1993-cü ildə ölkəmizin paytaxtı olan Bakı şəhərinə gələrək dövlətçiliyimizin xilasına atıldı. Böyük xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət dövlətçiliyimizin qorunub saxlanılması naminə həyatını təhlükə altında qoyaraq dövlətçilik əleyhinə qiyamın qaldırıldığı şəhərə - Gəncəyə getdi. Ulu öndər Heydər Əliyevin Gəncə şəhərinə tarixi səfəri hər şeydən əvvəl vətəndaş qarşıdurmasının genişlənməsinin, qardaş qanının tökülməsinin qarşısını aldı. Çox keçmədi ki, ölkə daxilində kükrəyən atəş səsləri kəsildi, silahlar susdu.
Ulu Öndərin hakimiyyətə qayıdışı və dövlətçiliyimizi inkişaf etdirməsi ölkəmizin hər bir vətəndaşını sevindirdi. Bütövlükdə isə Azərbaycan xalqı bu tarixi qayıdışı böyük ümidlə, inamla qarşıladı. Bununla da Azərbaycan xalqının dövlətçiliyinin bərpası yolunda çox böyük önəmli və uğurlu dönüş yarandı. Görkəmli alman filosofu Georq Vilhelm Hegel tarixdə şəxsiyyətlərin rolu ilə bağlı yazırdı: "Sürətlə siyasi tənəzzülə yaxınlaşan xalqların taleyini yalnız dahilər xilas edə bilərlər." Filosofun düşüncələri bir daha həyatda öz təsdiqini tapdı. Ümummilli Liderimiz xalqımız üçün çətin olan bir vaxtda hakimiyyətə gəldi və ölkəni real təhlükələrdən xilas etdi. Həmin gərgin günlərdə baş vermiş hadisələri çox düzgün qiymətləndirən və böyük siyasi iradə nümayiş etdirən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində tədricən ölkədə sabitlik, əmin-amanlıq yarandı, xaos, özbaşınalıq aradan qaldırıldı. Getdikcə həyat öz axarına düşdü.
Azərbaycan dövlətçiliyi ona qarşı yönəldilmiş qəsdlərdən uğurla, üzüağ çıxdı. Ümummilli Liderin qətiyyəti, möhkəm siyasi iradəsi xalqa ruh yüksəkliyi gətirdi, gələcəyə inamını artırdı. Xalqın itirilmiş inamları özünə qaytarıldı. Ölkədə və cəmiyyətdə sabitlik hökm sürməyə başladı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil, demokratik inkişaf yolu ilə irəli gedərək böyük, yaddaqalan uğurlar qazandı. Ulu Öndərin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu. Xalqımız Ulu Öndərimizin bu xidmətlərini heç vaxt unutmur və unutmayacaqdır.   
Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gələrkən "Bundan sonrakı ömrümü də xalqıma bağışlayıram və onun xoşbəxt gələcəyi uğrunda həyatımı fəda etməyə hazıram" - dediyi sözlərə sadiq qaldı. Məhz Ulu Öndərin atdığı uğurlu addımlar, apardığı düzgün siyasət Azərbaycan dövlətini və dövlətçiliyini təhlükədən xilas etdi. Ölkəmizin başının üstünü almış qara buludlar dağıldı. Hakimiyyətə qayıdandan sonra heyrətamiz iradə, qətiyyət, güc nümayiş etdirən Ümummilli Liderimiz ölkəni düşdüyü fəlakətdən qurtarmağa müvəffəq oldu. Ulu Öndər hakimiyyətə qayıdan kimi gərgin və səmərəli islahatlara başladı. İstər hüquqi dövlət quruculuğu istiqamətində, istər iqtisadiyyatın dirçəldilməsi yolunda, istərsə də ordu quruculuğu istiqamətində çox inamlı addımlar atılmağa başlandı. Silahlı Qüvvələrin yaradılması və yeniləşdirilməsi istiqamətində böyük işlər görüldü. Xalqın müstəqilliyə olan inamı daha da gücləndi...

Vahid MƏHƏRRƏMOV