Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2018 09:41

“Yel əsər, dağıdar dağda dumanı”

"Yenilməz batalyon" bədii filmində belə bir mahnı səsləndirilir. Sevdiyimiz filmdi, sevdiyimiz mahnıdı. Hər dəfə dağlara, dağlıq əraziyə gələndə bu filmi, bu mahnını xatırlayıram. Dumanı qara niyyətin,  əsən yeli qara niyyəti dağıdanların qətiyyətinin rəmzi bilib xatırlayıram. Qara buluda dönüb torpaqlarımıza çökməyə həvəsiyən ermənilik qara niyyətdi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir". Bu ciddi bəyanat işğalçıları işğal niyyətindən uzaqlaşdırmalıydı. Yadıma bir atalar sözü düşür: "Sirkə nə qədər tünd olsa, öz qabını çatladar". O qab çatlayıb...
Səngərdəyəm. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığına güvəndiyim əsgərlərin əhatəsində bir daha əmin oluram ki, işğalın sonuna az qalıb. Mayor Ramin İbrahimov ürəyimdən keçənləri duyubmuş kimi deyir:
- Ordunun gücü əsgərin yüksək döyüş və mənəvi-psixoloji hazırlığıyla bağlıdır. Əsgər hərbi hissəyə müəyyən hazırlıqla gəlir, biz bu hazırlığı genişləndiririk. İstər zabitlərimiz, istərsə də təcrübəli əsgərlərimiz onların hərbi biliklərə yiyələnməsini, təcrübi vərdişlərinin daha geniş səviyyədə artırılmasını təmin edir. Son vaxtlar keçirilən genişmiqyaslı təlimlər təsdiqlədi ki, Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş qabiliyyətinə malikdir, Ali Baş Komandanın əmrini yerinə yetirməyə qadirdir.
Mayor fikrinin təsdiqi kimi yaxın keçmişi - 2016-cı ilin aprelini xatırlayır:
- O döyüşlər Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu da təsdiqlədi; ordu ilə xalqın birliyini də.
Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən "Xalq ordunun, ordu xalqın dayağı" kütləvi vətənpərvərlik tədbirini xatırlayırıq. O tədbir bu vəhdətin təsdiqi kimi izlənilmişdi və təbii ki, istər ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında, istərsə də ictimaiyyətin orduya münasibətində əhəmiyyətli rol oynamışdı. İllər bu vəhdəti daha da dönməzləşdirir: Ordunun gücünün, qüdrətinin artması xalqın inamının artması deməkdir; xalqımız ordumuzun gücünə inanır, qüdrətinə güvənir...
Hələ səngərə gəlməmiş polkovnik-leytenant Rüstəm Məmmədov demişdi:
- Hərbi hissəmizdə xidmət edən gənc zabitlər 2016-cı ilin aprel döyüşlərində kursant idilər. Onların əksəriyyəti döyüşlərə getmək istəyib. Təbii ki, buna ehtiyac yox idi və icazə verməyiblər. O döyüşlər qələbə ruhunu səfərbər etmişdi. Həmin kursantlar indi zabitdirlər. Həmin ruhla xidmət edirlər, əsgərlər həmin zabitlərdən çox şey öyrənirlər, bu sıradan vətənpərvərliyi.
- Gənc əsgərlərin vətənpərvərlik ruhunda formalaşmasında müəyyən xidmət yolu olan zabitlərin söhbətləri də əhəmiyyətlidir, - mayor Dəyanət Musayev belə demişdi.
Öyrənirəm ki, mayor Dəyanət Musayev 1991-1994-cü illərdə əsgər kimi həqiqi hərbi xidmətdə olub. Füzuli, Qubadlı, Laçın, Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Qubadlıda yaralanıb, müalicə olunub, xidmətini davam etdirib. 1994-1998-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Müxtəlif hərbi hissələrdə xidmət edib. Hərbi xidmətə əsgər kimi başlayan mayorun söhbətləri təbii ki, əsgərlərə gərəkli olur.
Onu da öyrənirəm ki, zabitlərdən biri Ağdamdandır. Bakıda anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Ağdamı görməyib:
- Atamın söhbətləri, xatirələri məni çox düşündürürdü. Bu düşüncələr peşə seçimimin axarını hərbi xidmətə, hərbçi peşəsinə yönəltdi. Öyrəndiklərimizi əsgərlərimizə öyrədirik. İyunda Bakıda keçirilən hərbi paradı biz də izlədik. Nümayiş etdirilən texnikalar ordumuzun göstəricisiydi, paradda iştirak edənlərin keçidi - şəxsi heyətin Sıra Nizamnaməsinin necə icra etməsinin, bu baxımdan mənəvi-psixoloji hazırlığının səviyyəsinin.
"Paradda iştirak edənlərin dalğalandırdığı bayraqlar döyüşlərdən çıxmış bayraqlarıydı. Lələtəpə, Bayraqtəpə istiqamətində gedən döyüşlərdə iştirak edənlərimizin, qələbə qazananlarımızın döyüş bayraqlarıydı. O bayraqlar hamıya böyük qürur yaşatdı. Biz o qüruru indi də yaşayırıq", - əsgər Nurlan Ağayev belə deyir. Əsgərlərin baxışlarında məmnunluq görürəm. Bu məmnunluq həm deyilənlərə şərikliyin, həm də dostluğun məmnunluğudu. Əsgərlərdən Nurlan Əliyevi də, Rəşid Şəmilovu da tanıyıram. Andiçmə mərasimində söhbətləşmişdik. Onda demişdilər ki, biz də ön xətdə xidmət etmək istərdik. "Ön xətt sərhədlərimizə daha yaxındı..." - əsgər yoldaşlarımın da baxışlarında qələbəyə köklənmiş, kökləyən bu istəyin doğmalığını görmüşdüm. O məqamı xatırladıram. Gülümsünürlər. Səngərdaşlarına baxırlar və "O günə az qalıb. Ali Baş Komandanın əmrinə hazırıq", - deyirlər.
İntizar ürəyə yükdü. Sənə elə gəlir ki, intizardan qurtaracağın vaxt ləng ötüşür; əsgərlər intizarın sonunun tezləşməsinə tələsir. Bu tələsmə anlaşılandı - hamısı Böyük Qələbənin əsgəri olmaq istəyir.
Əsgərlərin baxışlarında səngərə gələnəcən düşündüklərimin, qənaətimin eynini görürəm, sənə doğma, mənə doğma baxışlarda o qənaətin eynini eşidirəm: işğalın buludlarını dağıdacağıq! Bu, Azərbaycan əsgərinin qətiyyətidi! Bu, Azərbaycan əsgərinin döyüş əzminin ifadəsi olan qələbə ruhudu.
Hərbi hissələrin birində asudə vaxtda əsgərlərin aprel döyüşlərində iştirak etmiş zabitlə söhbətləşdiyini xatırlayıram. Əsgərlərin taqım komandirinə sorğularını da, cavabları da yaddaşlarına köçürə-köçürə onun tabeçiliyində olan, döyüşlərdə iştirak edən əsgərlərə həsəd apardığını sezmək çətin deyildi. Əsgərlərdən biri demişdi:
- Onlar qələbənin nə olduğunu görüblər, biz eşitmişik, eşidirik. Qələbə qazanan əsgərin sevincini biz də yaşamaq istəyirik, komandir...
Mənə belə gəlir ki, o əsgərdən eşitdiklərimin eynini eşidəcəm. Bu qənaətlə əsgərlərə baxıram. Və o kəlmələrə yaxın kəlmələr eşidirəm:
- Qalib əsgər kimi tərxis olunmaq istəyirik...
Söz sözü çəkir. Şəhidlikdən, şəhidlərdən danışırıq.
"Ermənistanın elan etmədən başladığı bu müharibə vətənsevərliyin işğalçılığa qarşı müharibəsidi. Biz ədalətli müharibə aparırıq. Müharibədə hər iki tərəfin itkiləri olur. Ordumuzun əsgər və zabitləri mərdliklə döyüşür. Cəsarət qələbədə mühüm amillərdəndir. Şəhidlər də olur...", - deyirəm. Mayor Ramin İbrahimov deyir ki, şəhidlik döyüş əzmindən rişələnir, bu məqam öz əksini Hərbi andda da tapıb. Hərbi qulluqçu, bu sıradan əsgər Hərbi and içəndə "lazım gələrsə, canımı-qanımı əsirgəməyəcəm!", - deyir. Qəhrəmanlarımız, şəhidlərimiz əsgərlərimiz üçün örnəkdir. İnanıram ki, Ali Baş Komandan əmr verəndə onlar da cəsarətlə döyüşəcəklər. Əmr qələbə ilə tamamlanacaqdır.
- Mübariz İbrahimovun, Çingiz Qurbanovun qəhrəmanlığı fərqli qəhrəmanlıqdı. Onların qəhrəmanlığı düşmənə anlatdı ki, Azərbaycan əsgəri belə əsgərdi.
- Dediyim kimi, əsgərlərimiz yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdirlər. Mən də, komandirlərimiz də onların timsalında Mübarizin, Çingizin ruhunun eynini görürük, - mayor Ramin İbrahimovun bu sözləri də əsgərə inamdır, sevgidir. Bu inam, bu sevgi qarşılıqlıdır.
- Mübarizləşmə, Çingizləşmə ifadələrini Mübarizin, Çingizin qəhrəmanlığı yaradıb.
Mayor Ramin İbrahimov deyir ki, Ali Baş Komandan döyüş əmri verəndən sonra ordumuzun şəxsi heyətinin sayı qədər qəhrəmanlıq nümunəsi olacaq. Azərbaycan Ordusu kifayət qədər müasir döyüş texnikalarıyla təmin olunub. İrimiqyaslı təlimlərdə təsdiqləndi ki, Azərbaycan əsgəri bu texnikaların istismarını yüksək səviyyədə mənimsəyib...
Narın-narın yağış yağdığını bayaqdan bəri hiss etməmişik. Qarşı tərəfdə dolaşan buludlar çəkir diqqətimi: boz buludlar qarala-qarala vurnuxur...
Səngərdən "Yel əsəcək, dağlarda dumanı dağıdacaq" inamıyla qayıdıram...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"