Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2018 15:49

“Konflikt jurnalistikası məktəbi”nin çöl təlimləri başa çatdı

Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə KİV nümayəndələrinin hərb sahəsində biliklərinin formalaşdırılması və artırılması məqsədilə "Dinc Dünya" Araşdırma Mərkəzinin icra etdiyi "Konflikt jurnalistikası məktəbi"nin təlimləri başa çatdı.
Təlim planına əsasən, hərb sahəsindən yazan jurnalistlərin dağlıq ərazidə hadisə yerinə irəlilədikləri zaman qarşılarına çıxan maneələri dəf etmək üçün ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri keçirildi. Təlim zamanı iştirakçılar sıldırım qayalıqlardan enərək su maneəsindən keçdilər. Dağdan enmə zamanı lazım olan avadanlıqlardan və vasitələrdən istifadə qaydaları təlimalanların nəzərinə çatdırıldı. Həmçinin iştirakçılar yüksəkliyə qalxarkən oksigen çatışmazlığı və digər problemlərlə üzləşməmək üçün qabaqlayıcı tədbirlər haqqında məlumatlandırıldılar. KİV nümayəndələrinə dağlıq ərazidə hərəkət edərək şərti düşmən mövqeyinin ələ keçirilməsi və yaxud qəfil basqına uğrayan zaman güllədən qorunması üçün düzgün yerlərin seçilməsi üsulları, çəkilişlərin aparılması qaydaları öyrədildi. 
Növbəti gün iştirakçılara Dağ Təlim Mərkəzində şərti düşmən kəşfiyyatçıları tərəfindən pusquya uğramaları praktiki olaraq nümayiş etdirildi. Jurnalistlər yaranmış vəziyyətdə sağ qalmaq üçün beynəlxalq hüquq normalarında qeyd olunmuş maddələrdən istifadə etdilər. Daha sonra jurnalistlərə informasiya ardınca yollanarkən, keçilməz ərazidə piyada hərəkət edərkən özünü qoruma üsulları başa salındı.
Vahid yüksəkliklərin ələ keçirilməsi haqqında məlumatı operativ şəkildə redaksiyaya ötürmək məqsədi ilə təlimalan jurnalistlər uzun müddət şərti düşmən qüvvələrinin arxasında çöl şəraitində qalmalı oldular. Bu müddət ərzində sutəmizləyici süzgəclərin, günəş kondensatorun düzəldilməsi və istifadə qaydaları təlimalanlara praktiki şəkildə nümayiş etdirildi. Dağlıq ərazidə hərəkət edən zaman səma cismlərinə, saata, kompasa və s. əsasən cəhətlərin müəyyən edilməsi təlimalanlara öyrədildi. Həmçinin bataqlıq ərazilərdə dincəlmək üçün mütəxəssislər tərəfindən jurnalistlərə daldalanacaqların, plaş-çadır vasitəsilə talvarların düzəldilməsi qaydaları göstərildi.
Təlimatçı zabit onu da qeyd etdi ki, heyvan və bitki mənşəlli müxtəlif ərzaq məhsullarından istifadə etdikdə insan orqanizminin zülallara, piylərə, karbohidrogen, vitamin və mineral maddələrə olan ehtiyacı tamamilə ödənilir. "Adətən kəşfiyyat zamanı şəxsi heyətə quru ərzaq payı verilir. Həmin paya daxil olan məhsullar insan orqanizminin sutkalıq təlabatını ödəmək üçün tamamilə kifayətdir. Hazır qidaların olmadığı halda vəhşi heyvanları ovlamaq üçün ən münasib vaxt səhər sübh tezdən, yaxud axşam hava qaralan vaxtıdır. Bu məqsədlə, maskalanma şəraiti imkan verirsə, odlu silahdan, yaxud müxtəlif tələ, cələ və ilgəklərdən istifadə etmək olar. Cələ və ilgəkləri heyvan yuvalarının girəcəyində, təbii maneələrin və heyvanların su içdiyi yerlərin yaxınlığındakı cığırlarda qurmaq məsləhətdir". Qabaqcadan tutulmuş qurbağaların, tısbağaların, dovşanların, ilanların və digər heyvanların çiy şəkildə istifadəsi qaydaları izah edildi.
- Qidanı qəbul etmək, qızınmaq və başqa ehtiyacları ödəmək üçün vaxtaşırı dincəlmək lazımdır. Bu halda, düşmən tərəfindən aşkar edilməmək və istirahətə şərait yaratmaqdan ötrü sığınacaqlar düzəltmək vacibdir. İsti rayonlarda plaş-çadırdan sadə talvar düzəltmək olar. Bu cür talvarlar günəşin qızmar şüalarından qorunmağa imkan verir. Meşədə istər qış, istərsə də  yay fəslində sığınacaq düzəltmək və onu maskalamaq çətin deyil. Budaqlardan, şüvüllərdən, yığılmış ağaclardan komalar, talvarlar və qazmalar düzəltmək olar.
İştirakçılara topoqrafik xəritələrin şərti işarələrindən istifadə qaydaları, yaralanma zamanı ilkin tibbi yardımın göstərilməsi, döyüş meydanından yaralıların təxliyə olunması, irəliləyərək sürünmə, düşmənlə əlbəyaxa zamanı özünü müdafiə, odlu və soyuq silahla silahlanmış düşməni zərərsizləşdirmə qaydaları və digər hərəkətlər praktiki olaraq nümayiş etdirildi.
Təlim planına əsasən "N" hərbi hissənin poliqonunda şəxsi heyət və zirehli texnikanın birgə iştirakı ilə döyüş səhnəsi nümayiş etdirildi. Artilleriya və güllə atəşi altında jurnalistlərə təhlükəsizliklərini qoruyaraq düzgün mövqedən informasiya əldə etmələri öyrədildi. Döyüş zamanı jurnalistlərin fərdi şəkildə topladıqları foto və video materiallar, bu zaman buraxılmış nöqsanlar müzakirə olundu.
Döyüş səhnəsi yekunlaşdıqdan sonra hər bir iştirakçı atıcı silahlardan 2-ci təlim atış çalışmasını yerinə yetirdilər. Çalışmanın nəticəsinin qiymətləndirilməsi aparıldı. Atış zamanı fərqlənənlər təlimin sonunda mükafatlandırıldı. Günün sonunda düşmənlə təmas xəttində yerləşən kəndlərin birində əhali ilə çay masası arxasında görüş keçirildi. Sakinlərlə ünsiyyət zamanı bölgədə baş verən hadisələr barəsində məlumatın toplanılması qaydaları öyrədilərək, yayılan informasiyanın dürüstlüyü və fəsadları ətrafında təlimalanlarla geniş müzakirə aparıldı.
Beləliklə, "Konflikt jurnalistikası məktəbi"nin ikinci mərhələsi sona çatdı. 
 
Ruslan HƏSƏNZADƏ, Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"