Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2018 09:36

“Konflikt jurnalistikası məktəbi”nin ikinci mərhələsi başladı

Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə “Milli təhlükəsizlik və müdafiə tələblərinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərdə hərbi sahəyə aid məxfi məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə düzgün, dövlətçilik baxımından yayılmasını təmin etmək, hərbi qulluqçuların və kütləvi informasiya vasitələri nümayəndələrinin təcrübə və vərdişlərini formalaşdırmaqla hüquqi-maarifləndirmə biliklərini artırmaq” məqsədilə "Dinc Dünya" Araşdırma Mərkəzinin icra etdiyi "Konflikt jurnalistikası məktəbi"nin  ikinci mərhələsi başladı.
Təsdiq edilmiş təlim-tədris planına əsasən, düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Hərbi hissənin zabiti polkovnik Babək Səmidli təlim müddətində təhlükəsizlik qaydaları haqqında məsləhətlərini verdikdən sonra təlimalanların hərbi hissələrin birində yerləşdirilməsi prosesi həyata keçirildi.
Təlimin ikinci günündə ön xətt bölmələrinin birində döyüş faktlarından yazan jurnalistlərə auditoriya təlimi keçirildi. "Konflikt jurnalistikası məktəbi"nin layihə rəhbərinin köməkçisi Teymur Zahidoğlu qaynar obyektlərə ezam olunan jurnalistlərin əməl etməli olduğu etik normalardan və fərdi situasiyalarda davranış qaydalarından geniş məlumat verdi. "İlk öncə aktiv döyüşlər gedən əraziyə ezam olunan jurnalistlərin xarakterik xüsusiyyətləri redaksiya rəhbərliyi tərəfindən müstəsna şəkildə qiymətləndirilərək fərdi keyfiyyətləri nəzərə alınmalıdır. Müxbir qəti olaraq bilməlidir ki, əldə etdiyi informasiyanı fərqli düşüncəsi olan auditoriyaya təqdim edir. Ona görə də öz mövqeyindən çıxış etməməli və informasiyanı olduğu kimi çatdırmalıdır. Həmçinin, hadisə yerində işləyənlərə mane olmamalı, onlara təsir etməməli, hərbi sirrin yayılmamasına ciddi riayət etməlidir. Jurnalist birinci ezam olunan qaynar nöqtəyə getməzdən öncə özlüyündə bir neçə sualı cavablandırmalıdır: Qoşunların təmas xəttində nələrlə rastlaşacam? İntensiv atəşə məruz qaldıqda hansı mövqedə təhlükəsiz dayanaraq çəkiliş aparacam? Düşmənə hücum zamanı hansı qərarı qəbul edəcəm? Psixoloji cəhətdən bu və ya digər suallara hazır olan müxbir düşmənlə təmas xəttindən informasiya toplayanda çətinlik çəkmir. Nəticədə hazırlıqlı jurnalist oxucularına dəqiq, qərəzsiz və dolğun məlumat verir".
Polkovnik Babək Səmidli jurnalistlərə dövlət və hərbi sirrin qorunması, informasiyanın ictimailəşdirilməsi məsələsinə toxunaraq bildirdi ki, dövlətin hərbi, xarici-siyasi, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan məlumatlar  mühafizə edilən və yayılması dövlətimizin təhlükəsizliyinə ziyan vuran məlumatlardır. "Hərbi sahədə dövlət sirri təşkil edən məlumatların yayılması qanunla qadağandır. Bu məlumatlar yayılarsa, düşmən kəşfiyyatı onların köməyi ilə bir sıra məxfi məlumatları çətinlik çəkmədən toplamaq imkanı əldə edir. Hərbi texnikaların hərəkət istiqaməti, dislokasiya yeri, şəxsi heyətin və silah-sursatın sayı, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri və texnologiyaları haqqında informasiyaları yaymaq qanunla qadağandır. Beləliklə, dövlət sirrinin mühafizəsi hərbi hissə komandirlərinin, qərargah rəislərinin, idarə və müəssisə rəhbərlərinin əsas fəaliyyət istiqamətlərindən biridir. Dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkilinə görə məsuliyyət onların üzərinə düşür. Bu səbəbdən mətbuat üçün hazırlanan materiallar qabaqcadan yuxarı komandanlıq ilə razılaşdırılır. Dövlət təhlükəsizliyinin təmin olunmasında hər bir vətəndaşın rolu vacibdir. Ona görə də hər bir vətəndaşın, əsasən də cəbhə bölgəsində yaşayanların dövlət sirri təşkil edən məlumatları yayan, həmin məlumatları xarici dövlətlərə, xarici təşkilatlara və ya onların nümayəndələrinə verən və yaxud vermək məqsədilə oğurlayan, toplayan və ya saxlayan şəxslər barədə yaxınlıqdakı hərbi hissələrə, yerli hüquq-mühafizə və təhlükəsizlik orqanlarına məlumat verməsi müqəddəs borcudur".
Təlimin üçüncü günü iştirakçılar döyüş imitasiyası şəraitində düşmən texnikasının pusquya salınması və canlı qüvvəsinin əsir götürülməsi zamanı peşə fəaliyyətini yerinə yetirdilər. Jurnalistlərə yaranan situasiyada hansı mövqedə dayanması və düzgün müşahidənin aparılması öyrədildi. Sonra  təlimalanlar zirehli texnikalarla və silahlarla tanış oldular, eyni zamanda onlara hərbi hissənin zabitlərinin köməkliyi ilə simulasiya qurğularında fərdi olaraq idarəetmə, zirehli texnika ilə davranma, hərbi texnikanın içindən-üstündən çəkiliş aparma, döyüş vaxtı texnikadan yararlanmanın qaydaları və informasiya əldə etmə üsulları izah edildi.
Praktiki hərəkətlər yerinə yetirildikdən sonra təlim taktiki sinifdə nəzəri məşğələlərin keçirilməsi ilə davam etdi. Hərbi hissənin zabiti polkovnik-leytenant Ramil Həsənov "İnformasiya texnologiyaları əsrində aparılan müharibələr" mövzusunda mühazirə oxudu. "Məhz virtual müharibələr yeni termin - "hibrid müharibə" anlayışının meydana gəlməsinə səbəb olub. Son dövrlərdə beynəlxalq müharibələrdə baş verən gərgin hadisələr, xüsusilə Ukrayna və Suriya ətrafında yaranmış böhranla əlaqədar "hibrid müharibə" termini siyasətçilərin nitqlərində, konseptual sənədlərdə öz əksini tapıb. Aparılan hibrid müharibələr tərəflərin informativ-psixoloji qarşıdurması olmaqla, informasiya məkanında başlayır, daha sonra ictimai rəyə psixoloji təsir göstərməklə davam edir. Bunun ardınca siyasi aksiyalar, xaos, "rəngli" inqilablar baş verir. Əgər bütün bunlar nəticə verməsə, Ukraynada olduğu kimi, özündə “hibrid müharibə”nin əlamətlərini ehtiva edən vətəndaş müharibəsi başlayır. Analitiklər gələcək müharibələrin məhz “hibrid müharibə” olacağını proqnozlaşdırırlar. “Hibrid müharibə”də nəzərə alınacaq tədbirlər bunlardan ibarətdir: Belə müharibədə xalqın dəstəyi tam olaraq nəzərə alınmalıdır; düşmən əsla zəif görünməməlidir; güclü kəşfiyyat şəbəkəsi qurulmalıdır; mülkilər zərər görməməlidir; mediadan aktiv şəkildə istifadə edilməlidir".
Kapitan Xəzər Rzayev hərbi sahədən yazan jurnalistlərin diqqətinə ordumuzda mövcud olan artilleriya silahları, onların istifadə qaydaları, taktiki-texniki xüsusiyyətləri haqqında məlumat çatdırdı.
Gündəlik təlim planına əsasən sonda təlimalanların dəyirmi masa ətrafında diskussiyası aparıldı.

Ruslan HƏSƏNZADƏ, Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"