Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2018 10:42

Yaşayan, yaşadılan hikmət

Ziyarət müqəddəsliyə mənəvi borcödəmədi. Ömrünü müqəddəsliyin mühafizəsi  üçün yaşayanları xatırlamaq, nişanələri önündə sayğı duruşu, onlarla xəyalən kəlmələşmə, bəzən ürkəcək, bəzən duyğusal təmas o ömürlərin ölməzliyinin təsdiqidi...
Şəhidlik qəhrəmanlıqdı, şəhidlərin hamısı qəhrəmandı; qəhrəmanları ziyarət milli, milli-xəlqi ruhun yaşadılmasıdı. Hər birimiz bu ruhu yaşada-yaşada yaşa doluruq. O qəhrəmanlar - şəhidlər son nəfəsinin yaşında qalır. Oğul şəhid atasının yaşına çatır, oğul atayla yaşdaş olur. Amal yaşadılır - yaşlaşmır, qocalmır, qəhrəmanlıq yaşadılır - yaşlaşmır, qocalmır. Hər birimiz yaşlaşmayan, qocalmayan qəhrəmanlığı düşüncələrdə, söhbətlərdə, təəssüratlarda, Vətənə xidmətdə yaşatmalıyıq ki, xalqın yaşam fəlsəfəsinin üstündən zaman yelləri əsməsin...
Şəhidlər xiyabanında - ruhumuzun ziyarətgahında yenə bu düşüncələrlə baş-başa qalmışdım. Onların birində bir məqam çəkdi diqqətimi: ana azyaşlı uşağıyla şəhidlərin ziyarətindəydi. Kirpikləri daş baxışların örtüyünə dönmüşdü. Şəhidin bacısıdı. Qardaşı şəhid olanda uşağıymış. O vaxtdan üzü bu yana ildə neçə dəfə qardaşıyla ruhən, xəyalən burada kəlmələşir. Şəkil baxışların doğmalığını baxışlarıyla salamlayır. Kövrəlir. Hərdən göz yaşları yanağında közə dönür. Bu uşaq da böyüyəcək. O da hərdən anasıyla, hərdən tək gələcək dayısının ziyarətinə, dayısının şəhid qardaşlarının ziyarətinə. Bu ziyarəti həm də anasına könül ziyarəti biləcək. Bu uşaq böyüyəndə şəhidlərimizin ruhuna gözaydınlığı biləcəyimiz Böyük Qələbənin necə qazanıldığını ata-anasından öyrənəcək. Onda dayısının hansı amal naminə şəhid olduğunu daha əhatəli biləcək. Qardaşı hərbi xidmətə çağırılanda bura onunla gələcək. Qardaşının dayısına ruhən dediyi kəlmələri eşidəndə ürəyi dağa dönəcək. Bu kəlmələri anasının yaşatdığı qəhərə təsəlli biləcək: mən də əsgər gedirəm!
...Şəhidlər xiyabanındaydım. Qərənfilləri köksünə sıxmış 7-8 yaşlı uşaq bir-iki addım atıb dayanır, dönüb arxaya baxırdı; niyəsə tərəddüd edirdi. Onda ata qızının saçlarını oxşadı: "Hamısı sənin əmindi, quzum. Gülləri onlara gətiribsən. Yaxınlaş...". Bu kəlmələrin uşağın düşüncələrini bir mətləbə kökləyəcəyinə zərrəcə şübhə etmədim: şəhidlərin hamısı hamımızın əzizidi!..
Bu şəkil zamanı 13-14 ili qabaqlayan bir məqamın başlanğıcının şəklidi; tarixin şəklidi, tarixi şəkildi...
Ermənilər Ağdamda Əli ilə Bəxtiyarı qətlə yetirəndən üzü bu yana hər ailədə şəhidlikdən, şəhidlərdən danışılır. Körpələr bu söhbətlərin mahiyyətiylə yeniyetmələşir, yeniyetmələr bu söhbətlərin aşıladığı ehtiram işığında gəncləşir. Babası 1994-cü ildə, atası 2016-cı ilin aprelində şəhid olan körpənin dedikləri düşüncələrimi titrətmişdi: böyüyəndə babam kimi, atam kimi mən də əsgər olacam. O ananın oğlunun "Dayım kimi mən də əsgər olacam!" dediyinə zərrəcə şübhə etmirəm; bu yaşda uşaqların yaddaşına hopur belə ziyarətlər. Dayı ziyarətinə gəlirlər, böyüdükcə şəhidləri ziyarətə gələcəklər, kimləri ziyarət etdiklərini anlayacaqlar, bütün qətiyyətiylə əmin olacaqlar ki, şəhidlər əbədiyyətin cığırdaşıdı.
Şəhid analarının, bacılarının, uşaqlarının təsəllisi torpaqlarımızın işğaldan azad edilməsi olacaq. Onda bu ananın yanaqları  boyunca süzülən göz yaşlarını özü də, görənlər də şəhidlərin ruhuna gözaydınlığı biləcək...
Neçə il əvvəl bir kitabım nəşr olunmuşdu: "Ziyarətin hikməti". Aradan illər keçəndən sonra daha duyğusallıqla, daha dönməzliklə inanmışam ki, ziyarətin hikməti son nəfəsəcən yaşadılan yaşarı hikmətdi. Gənc dostum Natiq İsayevin Şəhidlər xiyabanında çəkdiyi bu şəkil də yaşarı hikmətin tarixi şəklidi.

Rəşid HÜSEYNOV, əməkdar jurnalist