Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2018 10:05

Unudulmaz sərkərdə

Azərbaycan Prezidenti İlham ƏLİYEV:  "Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirəlayiqdir."

Kəngərlilər - Naxçıvanskilər nəsli də Əfşarlar, Qacarlar, Şıxlinskilər nəsli kimi Azərbaycanın sərkərdəlik tarixinə çoxlu sayda generallar bəxş edib.
Kəngərlilər nəslinin sonuncu generalı xan əsilli Cəmşid Naxçıvanski yunkerdən, sıravi əsgərdən sərkərdəliyədək yüksələrək ulu babalarının, atasının döyüş yolunu şərəflə, xüsusi hərbi istedad və bacarıqla davam etdirmişdir.
General Cəmşid Naxçıvanskinin anadan olmasının 123 ili tamam olur. Qırmızı terror qurbanının ölümündən isə 80 il ötür. Avqust ayı unudulmaz sərkərdənin taleyinə həm doğum, həm də ölüm tarixi kimi yazılıb. Bu da bir alın yazısı, bir taleyin qismətidir. O, 9 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olub, 26 avqust 1938-ci ildə Moskvada güllələnib.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli sərkərdə, Azərbaycanın ilk milli dağatıcı diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncamda onun bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçməsi və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr verməsi və onun ölkədə yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsindəki zəngin fəaliyyəti barədə fikirlər öz əksini tapmışdır.
Yaşadığı dövrün totalitar rejim qayda-qanunları general C.Naxçıvanskinin hərbi yaradıcılıqla dolu ömrünü yarıda qoydu... 43 illik həyatının 26 ilini hərb sənətinə həsr edən ölməz sərkərdə ömrünün ən parlaq çağında bolşevik terrorunun qurbanına çevrildi.
Kəngərlilər nəslinin tanınmış nümayəndəsi, Cümhuriyyət ordusunun alay, Sovet ordusunun diviziya komandiri C.Naxçıvanski nəsil şəcərəsində general-mayor II Kalbalı xanın oğlu Cəfərqulu xanın ailəsində dünyaya göz açmışdı. Qardaşları - III Ehsan xan, III Kalbalı xan, Davud xan, Teymur xan, bacısı Nazlı xanım Cəfərqulu xanın doğma övladları kimi şəcərədə yer alırlar. O dövrün adət-ənənələrinə uyğun olaraq, hərbi peşəyə yalnız zadəgan övladları cəlb olunurdular. Çünki onlarda sadiqlik, etibarlılıq göstəriciləri yüksək idi. Cəmşid də xan nəslinin nümayəndəsi, zadəgan övladı kimi  hərb elminin sirlərinə dərindən yiyələnir. O, 7 illik Tiflis kadet məktəbini başa vurduqdan sonra 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbinə daxil olur.
Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olan C.Naxçıvanski "Brusilov cəbhəsi"nin yarılmasında xidmətlərinə görə 4-cü dərəcəli "Müqəddəs George" ordeni ilə təltif olunur. Avstriya-Rumıniya cəbhəsində 3 dəfə yaralanan C.Naxçıvanski qəhrəman süvari zabiti kimi gümüş silahla mükafatlandırılır, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci dərəcəli Stanislav ordenlərinə layiq görülür.
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında görkəmli hərb xadimi C.Naxçıvanskinin də xidmətləri böyükdür. Rusiyada baş verən inqilablar orduya da təsirsiz ötüşmür. Cənub-Qərb cəbhəsinin dağılmasından sonra ştabrotmistr C.Naxçıvanski doğma Azərbaycana dönür və vətənpərvər zabit kimi müstəqilliyimiz uğrunda mübarizəyə qoşulur. Onun komandiri olduğu alay Gəncədə yerləşdirilir və Azərbaycan milli qoşun hissələrindən ibarət korpusa daxil edilir. Alay 1918-ci ilin yazında Kürdəmirdə gedən ağır döyüşlərdə və türk qoşun hissələri ilə birlikdə Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsində fəal iştirak edir. Sonralar C.Naxçıvanski öz tərcümeyi-halında bu barədə yazırdı: "Bakı Kommunasının əsgərləri gedəndən sonra şəhərə ingilislər və Sentrokaspinin qoşunları soxuldular. Mənim alayım ingilislərlə döyüşürdü. Hətta o vaxt 2 şotland rotasını əsir tutdum."
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmriylə 1-ci süvari tatar (azərbaycanlılar) alayının komandiri  podpolkovnik C.Naxçıvanski 2-ci Qarabağ süvari alayının komandiri təyin olunur. O, Qarabağda, Şuşada daşnaklara və daxili düşmənlərə qarşı əməliyyatlara rəhbərlik edir. Ölkənin daxili sabitliyinin qorunmasında xüsusi fəallıq göstərir. Əsgəran qalasının daşnak quldurlarından təmizlənməsində Cəmşid Naxçıvanski və onun əsgərləri qəhrəmanlıq nümunələri nümayiş etdirirlər.
Podpolkovnik C.Naxçıvanski xalqına və dövlətinə sədaqətlə xidmət edərək Cümhuriyyət ordusunda milli qoşun hissələrinin yaradılması üçün bilik və təcrübəsini əsirgəmədi.
1920-ci il 28 aprel bolşevik işğalından sonra istedadlı sərkərdənin hərbi fəaliyyəti daim nəzarətdə saxlanılır və izlənilir. Yüksək hərbi biliyə  malik olan gənc zabit Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun təklifini qəbul edərək xarici ölkələrə mühacirət etmir. Doğma Vətəni Azərbaycanı və onun ayrılmaz hissəsi Naxçıvanı dünyalar qədər sevdiyindən hərbi fəaliyyətini öz ölkəsində davam etdirir. Məktəb rəisinin köməkçisi və milli dağatıcı diviziyasının komandiri vəzifəsində xidmət edərkən də o, milli hərbçi kadrların hazırlanmasında bilik və bacarığını, zəngin döyüş və nəzəri təcrübəsini əsirgəmir. Daim hərbi təcrübəsini artırmağa çalışan gənc komandirin sərkərdə kimi püxtələşməsində məşhur generallar Səməd bəy Mehmandarovun və Əlağa Şıxlinskinin böyük rolu olur. Məhz böyük sərkərdələrimizin köməyi ilə Azərbaycan dağatıcı diviziyası Zaqafqaziya ordusunun taktiki-təlim məşqlərində birinci yer tutur. Üç müxtəlif quruluşda hərbi xidmət keçən, mərdliklə döyüşən, hərbi ordenlər, mükafatlar alan, milli diviziya yaradan istedadlı sərkərdənin fəaliyyəti yüksək qiymətləndirilir.  Azərbaycan SSR-in “Qırmızı Bayraq”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenləri ilə təltif olunur.
Lakin qırmızı terrorun qara kölgələri - bolşevik cəlladları Mircəfər Bağırov, Lavrenti Beriya Cəmşidi izləyirdi... Xan nəslindən olduğuna görə daim təqib olunan Cəmşid Moskvaya dinləyici kimi M.V.Frunze adına Hərbi Akademiyaya göndərilir və kursu bitirdikdən sonra akademiyada müəllim olaraq saxlanılır. Əvvəlcə kurs rəisi, sonra isə ümumi taktika kafedrasının müdiri təyin olunan Naxçıvanski general-mayor hərbi rütbəsinə layiq görülür.
Aprel işğalından sonra bolşevizmin təqiblərinə məruz qalan, müxtəlif vaxtlarda həbs edilən C.Naxçıvanski, 43 yaşında 1938-ci ilin mayın 20-də Lefortova zindanına atılır. Ağlasığmaz işgəncələrə böyük iradəsi ilə dözən C.Naxçıvanski 26 avqust 1938-ci ildə qapalı keçən hərbi məhkəmənin qərarı ilə güllələnir.
Ümummilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində yaratdığı hərbi məktəbə qırmızı terrorun qurbanı olmuş xalqımızın sərkərdə oğlu C.Naxçıvanskinin adını verməklə onu yenidən yaşatdı. Birinci Dünya müharibəsi cəbhələrində qəhrəmanlıqlar göstərmiş, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun yaradıcılarından biri, milli dağatıcı diviziyasının komandiri olmuş general  C.Naxçıvanskinin şərəfli ömür yolu Azərbaycan Ordusunun əsgər və zabitlərinə, bütün gənclərə hər zaman örnəkdir.
 
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"