Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2018 10:03

Jurnalistlər ekstremal şəraitdə də işləməyi öyrənirlər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə Milli təhlükəsizlik və müdafiə tələblərinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərdə hərbi sahəyə aid məxfi məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və kütləvi informasiya vasitələri nümayəndələrinin təcrübə və vərdişlərini formalaşdırmaqla hüquqi-maarifləndirmə biliklərini artırmaq məqsədilə "Dinc Dünya" Araşdırma Mərkəzinin icra etdiyi "Konflikt jurnalistikası məktəbi"nin növbəti təlim-tədris ilinin təşkili layihəsi çərçivəsində tədbir keçirildi.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin birgə təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi"nin "Çöl şəraitində sağ qalma prinsipləri" mövzusunda "Azərbaycan Ordusu" qəzeti redaksiyasında auditoriya təlimi keçirildi.
"Dinc Dünya" Araşdırma Mərkəzinin sədri Əlisafa Mehdiyev "Konflikt jurnalistikası məktəbi"ndən söz açaraq bildirdi ki, məqsəd müharibə şəraitində və döyüşlərdə vətəndaşlara baş verən hadisələr haqqında düzgün və dolğun informasiya çatdırmaqdır. "Müharibə şəraitində jurnalistlər ekstremal şəraitdə işləməli olurlar. Onların çoxunun belə şəraitdə fəaliyyət göstərmək üçün müvafiq təcrübəsi olmadığından, ötürülən informasiyalar bəzən düşmənin işinə yarayır. Həmçinin, döyüşlər zamanı təhlükəsizlik qaydalarına riayət etməmələri, diqqətsiz davranışları ağır nəticələrə gətirib çıxara bilər. Layihə ekstremal şəraitdə işləyən jurnalistlərin özünü qoruması, düzgün informasiya alıb cəmiyyətə çatdırılmasının öyrədilməsi məqsədini daşıyır. Jurnalistlərin bu istiqamətdə təcrübə toplaması olduqca vacibdir. Layihə müddətində onlar hərbi jurnalistikanın incəliklərini öyrənəcəklər. Eyni zamanda, məqsəd mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasıdır".
Təşkilat sədri onu da qeyd etdi ki, təlim zamanı jurnalistlərə düşmənlə təmas xətti ilə ümumi tanışlıq, döyüşən tərəflərin imkanları, tapşırıqları və fəaliyyət növləri, döyüş səhnəsində mümkün təhlükələr, ekstremal vəziyyətdə təhlükəsizlik tədbirləri, döyüş fəaliyyəti rayonunda hərəkət qaydaları, ərazinin relyefindən və fortifikasiya qurğularından istifadə, döyüşə hazırlıq və döyüşün gedişi zamanı müşahidə üsulları, informasiya toplayarkən müxbirin, reportyorun düzgün davranış normaları, snayperdən, imitasiya vasitələrindən, gözlənilməz xəsarətlərdən özünü qorumaqla döyüş prosesini izləmə və informasiya toplama, minalardan və əldə hazırlanmış partlayıcı qurğulardan mühafizə xüsusiyyətləri, gecə müşahidə təlimi, yaralanma, əzilmə, bədbəxt hadisəyə uğrama zamanı davranış qaydaları, ilk yardım məşqləri, səhra şəraitində qidalanma qaydaları öyrədiləcəkdir.
Əlisafa Mehdiyev onu da vurğuladı ki, "Konflikt jurnalistikası məktəbi"nin təlimləri 4-cü ildir keçirilir. "İlk illərdə jurnalistlərin hərb sahəsində psixoloji hazırlığına önəm verilirdi. Daha sonra səngərlərdə xidmət aparan əsgərlərlə yaxından tanışlığımız oldu. Bu il təlim-tədris proqramı 3 mərhələdən ibarətdir: Birinci mərhələdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin auditoriyasında jurnalistlər hərb sahəsi ilə yaxından tanış olaraq mütəxəssis və müəllimlər tərəfindən çöl şəraitində sağ qalmağın sirlərini, ikinci mərhələdə hadisə yerində davranış qaydalarını mənimsəyirlər. Üçüncü mərhələdə isə 10 gün ərzində toplanan informasiyaların yayılması zamanı dövlətimizin və xalqımızın mənafeyinin qorunması məsələsinə diqqət yetiriləcək.
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Əfqan Əliyev düşmənlə təmas xəttində baş verən hadisələrin ictimaiyyətə ilk mənbədən, dolğun və dəqiq çatdırmağın vacibliyini vurğuladı. Zabit onu da bildirdi ki, əvvəllər yaranmış problemlərə yol verməmək üçün jurnalistlərin hərbi biliklərinin artırılması və hərbi qulluqçuların KİV-lərlə işləməsi ilə bağlı təlimat hazırlanıb və hərbi hissələrə göndərilib. Zabit bildirdi ki, Müdafiə Nazirliyi informasiyanın mediaya ötürülməsi üçün zəruri işlər görülüb və jurnalistlər hərbi hissələrə getmək üçün qeydiyyatdan keçirilib.
Layihə rəhbərinin köməkçisi Teymur Zahidoğlu qeyd etdi ki, "Konflikt jurnalistikası məktəbi"nin yaradılması həm də Azərbaycan Respublikasının bugünkü dönəmində sosial sifariş olaraq da qəbul edilə bilər. "Birinci Qarabağ müharibəsindən sonra informasiya baxımından uduzmağımız, istər qarşı tərəflə, istərsə də dünya mediası ilə ayaqlaşa bilməməyimiz, eyni zamanda müasir dövrdə Qarabağ bölgəsində baş verən hadisələrdə Azərbaycan cəmiyyətinin informasiya tələbatının ödənilməsi və yaxud ötürülən informasiyanın yanlış olması "Konflikt jurnalistikası məktəbi"nin yaranmasının zərurətini ortaya çıxartdı. Bəzi kütləvi informasiya vasitələri cəbhə bölgəsinə əməkdaşlarını göndərmədən baş verən hadisələr haqqında xəbərlər yaymağa başladılar. Belə hərəkətlər qeyri-peşəkarlığın nəticəsiydi. İctimaiyyətin doğru informasiya ilə təmin edilməsi üçün peşəkar media nümayəndələrinə ehtiyac olacaqdır. "Konflikt jurnalistikası məktəbi"nin yaranmasının əsas məqsədlərindən biri də peşəkar media mənsublarının, stringerlərin, reportyorların yetişdirilməsidir. Onu da qeyd edim ki, hərbi sahədən yazan jurnalistlərin bəziləri hərb anlayışından məlumatsızdır. Ona görə də "Konflikt jurnalistikası məktəbi"nin təlimlərində, kurslarında, mühazirələrində iştirak edən hər bir həmkarımız yazacağı materiallara peşəkarcasına yanaşmanı öyrənəcəklər və nəticədə cəmiyyətə dolğun məlumat çatdıracaqlar".
Tədbir diskussiya ilə başa çatdı.

Ruslan HƏSƏNZADƏ, Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR