Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2018 16:27

Şair sözü yalan deyil

Söz peyğəmbərimizin - böyük Füzulimizin ruhu məni bağışlasın, "Aldanma ki, şair sözü əlbəttə yalandır" misrasına inanmıram...
Rəşid Faxralı jurnalistdi...
Rəşid Faxralı şairdi...
"Müharibə nə vaxt qurtaracaq?", "Zaman, biz və  kişiliyimiz", "Goranboy əməliyyatı", "Ömrün üfüqləri", "Könlüm cənnət qapısıdı", "Ömür düsturu", "Səngərdən əbədiyyətə", "Oğuz eli Faxralı", ... kitablarının, müxtəlif mətbu orqanlarında, bu sıradan "Azərbaycan Ordusu" qəzetində dərc edilən məqalələrinin zəmanətiylə qətiyyətlə deyirik ki, Rəşid Faxralı vətəndaş-jurnalistdi, vətəndaş şairdi - nə yazırsa ürəklə yazır,  ürəyini yazır. Nə yazırsa dövlətə, dövlətçiliyə, Vətənə sədaqətlə yazır;  Rəşid Faxralının yaradıcılığının qayəsi vətənpərvərlikdi...
Rəşid Faxralı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb...
2016-cı ilin aprel zəfəri ordumuzun gücünü təsdiqlədi,  ordu ilə xalqın birliyinin, milli-xəlqi ruhun qələbəsi kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qələbəni "Aprel zəfəri dərsliklərə salınmalıdır" - kimi dəyərləndirdi. Rəşid Faxralı bu zəfərdən iki kitab yazdı: " Lələtəpə", "Bayraqtəpə". Hər iki kitab bədii-publisistik və yüksək poetik dəyəri ilə səciyyəvidir, istər mövzu baxımından (tarixi qələbə haqqında yazılıb), istərsə də yaradıcılıq baxımından (yüksək publisistik və poetik səviyyədə yazılıb) dəyərlidir. Hər iki kitab aprel zəfərindən az sonra nəşr olunub, müxtəlif hərbi hissələrdə əsgərlərimizə təqdim edilib...
"N" hərbi hissəsində  şair-jurnalist Rəşid Faxralıyla əsgər və zabitlərin görüşünü vətənpərvərlik dərsi adlandırmaq mümkündür. Böyük səmimi  mükalimələşməydi...
Mayor Ramazan Orucov Rəşid Faxralını toplaşanlara təqdim edərək əsgərlərə bu sayğıya görə təşəkkürünü bildirdi: "Həqiqətən də, Səməd Vurğun demişkən, könüldən-könülə yollar həmişə olub, indi də var. Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin bütün əmr və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirən əsgərlərimizin hər biri Lələtəpə qələbəsini qazananların xidmət etdiyi hərbi hissədə xidmətlərindən qürur duyur.  Bu görüşü də unutmayacaqlar"...
Rəşid Faxralı nə dedi?
Siz xalqın əzizisiniz, hər biriniz hər birimizin əzizisiniz. Xalq sizi sevir, sizə güvənir. Bu sevgi, bu güvənc sizin Vətənə xidmətinizə verilən dəyərdi. On-on beş gün əvvəl dayanacaqda eşitdiklərim mənə bəşəri bir duyğu yaşatdı:
Orta yaşlı bir kişi istidən gileylənirdi. O yaşlarda başqa birisi onu qınadı:
- İstidən, bürküdən təntiyəndə sərinliyə çəkilirik. Bəs səngərdəkilər, döyüş növbətçiliyi aparanlar, torpaqlarımızı, səni, məni, bizi qoruyanlar neyləsin? Onları xatırlayın...
İkinci kişinin xalqı təmsil etdiyinə kimsə tərəddüd etməyəcək. Siz  belə bir sev-gi ilə əhatələnibsiniz, baxışlarınızdan oxunur ki, hərbi xidmətinizi həm də bu dönməz sevginin ödənci bilirsiniz.
Neçə il əvvəl ezamiyyətdə əsgərlərlə kəlmələşirdim. Söz sözə söykək olurdu, söz sözü çəkirdi. Vətəndən danışırdıq, Ermənistanın Azərbaycandan ərazi iddiasından, bu iddianın davamı kimi elan edilmədən başlayan müharibədən, qəhrəmanlarımızdan, şəhidlərimizdən, ... danışırdıq. Əsgərlərimizin dünyaduyumu, dumduru düşüncələri, Vətən sevgisi, qətiyyəti, bir də hər birinin kəlmələşə-kəlmələşə qarşı tərəfdən üzülməyən baxışları ürəyimi telləndirmişdi. Onda  yazmışdım ki,

Səngərlərdə oğul gördüm,
Özümə yazığım gəldi...

Bu duyğuları yaşadığına görə özünə yazığı gələnlərə yazığım gəlir. Sizin ürəyinizdən başlayan Vətənə  Vətən daşı olmaq üçün yaşamırıqmı?
Əsgərlər şair sözünü, jurnalist sözünü maraqla dinləyirdi. Mənə elə gəlirdi ki, əsgərlər şair sözünün yalan olmadığına əminliklə dinləyirdilər.
Rəşid Faxralı Bayraqtəpə qələbəsindən danışırdı, "Bayraqtəpə" kitabından danışdı:
- Bu kitabın müəllifi əsgərlərdi, zabitlərdi, mən sadəcə onu kağıza köçürmüşəm. Mənəvi borcödəmək kimi. Samidlərin, Raqufların,... ruhunun işığında. Onların amalının davamçıları sizsiniz. Başlanğıcı 2016-cı ilin aprel zəfəri olan Böyük Qələbəni siz qazanacaqsınız. "Lələtəpə" kitabım
Qürur zirvəsisən,
Lələtəpəmiz,
Sənu bayraq edən qollar
görünür.
Sağında, solunda
yollardı...
Burdan 
Şuşaya aparan yollar
görünür! -
misralarıyla tamamlanır. Bu yol Sizin yolunuz olacaq. Bu yola Zəfər yolu deyəcəyik. Böyük Qələbədən sonra yazacağım "Böyük Qələbə" kitabının qəhrəmanları siz olacaqsınız.
Nə dedi Rəşid Faxralı?
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev qətiyyətlə deyib: "Azərbaycan dövləti, xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək", "Azərbaycan xalqı bu işğalla barışmayacaq". Barışmazlıq Böyük Qələbəyə çağırışdı. Bu çağırışı siz gerçəkləşdirəcəksiniz. Siz - Mübarizləşən, Samidləşən, Raquflaşan, Çingizləşən əsgərlərimiz.
Bakıda ordumuzun 100 illiyinə həsr olunmuş parad da təsdiqlədi ki, Azərbaycan Ordusu güclü ordudu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadı. Siz bu ordunun əsgəri olmağınızla böyük qürur duyursunuz. Bu qürur qazanacağınız qələbənin stimuludu...
Şirin kəlam həmişə könül xoşluğu olub. Şirin kəlamların könül xoşluğu indi də hiss olunur: Bu anlar Azərbaycan Ordusunun qüdrətinə dönməz inamla yaşanılır...
Nə dedi Rəşid Faxralı?
Dövlət bayrağımız bütün vətənsevərlərin qürurudu, heysiyyətidi. Hər birinizin bayrağa sevgimiz Vətənə sevginizdir, dövlətə, dövlətçiliyə sevginizdir.

Əllərdə, könüllərdə və
dillərdə qərar tut,
Olsun bu Vətən torpağı
başdan-başa bayraq! -

misraları sizin də, sizə güvənən xalqın da amalıdır. Siz o bayrağın əsgərisiniz. Sizdən sonra sizin işğaldan azad edəcəyiniz torpaqlarda xidmət edən əsgərlər də bayrağın əsgəri olacaq.
Əsgərin ürəyindən keçənləri duymaq çətin deyildi: Bayrağımızı Şuşada mən dalğalandıracam!..
Rəşid Faxralı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan paradda dediklərini də xatırlatdı: "2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq, Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq."
Siz həm də bu inamın əsgərisiniz!..
"Bayraqtəpə" kitabına aprel döyüşləri haqqında məqalələr və "Zəfər sənin zəfərindir" poeması daxil edilib. Azərbaycan əsgərinə həsr olunan bu kitab sizin kitabınızdı. Poemanın sonluğunu  hər biriniz özünüzə aid edə bilərsiniz, qəhrəmanlarımızın yolunu Böyük Qələbə ilə tamamlayacaq əsgər kimi:

Tarixi bir ədalətin
var səsiylə vuruş, oğul!
Ucalığın yaraşığı
bayraq olub,
sən də bayraq sevgisiylə
vuruş oğul!

... Şair sözü yalan deyil, gerçək mətləbin gerçək ifadəsidi. Şair-jurnalist Rəşid Faxralının "N" hərbi hissəsində əsgərlərlə görüşündə bunun bir daha şahidi oldum...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR